Məhkəmə qərarları › İş №2(105)-615/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-615/2022

06.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-615/2022 06.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(012)-4335/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(012)-4335/2021 nömrəli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı Cavabdeh qarşı evə köçürülmə və istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneçilik törədilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilib, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsində yerləşən 80 nömrəli evə köçürülməsi və həmin evdən istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneəçiliyin törədilməməsinin Cavabdeh üzərinə qoyulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(012)-4335/2021 nömrəli qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə və istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneçilik törədilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib, onun Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsində yerləşən 80 nömrəli evə köçürülməsi və istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneəçilik törədilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 15 noyabr 2005-ci ildə Cavabdeh ilə “Səadət Sarayı”nda (Bakı nikah evi) rəsmi nikaha daxil olmaqla ailə qurmuş və Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsi, ev 80 ünvanına gəlin köçmüşdür. Cehiz əmlakı toydan əvvəl həmin mənzilə yerləşdirilmiş və bugünkü günə kimi də oradadır. Birgə nikahdan 19 noyabr 2006-cü il tarixdə Zeynəb və 06 fevral 2008-ci il tarixdə Hüseyn adlı iki nəfər uşaqları doğulmuşdur. Həmin mənzilə gəlin gəldiyi müddətdən pasport qeydiyyatına alınmış, uşağı ilə birlikdə orada yaşayaraq həmin mənzildə birgə təsərrüfat aparmışlar. Gəlin köçdüyü və hazırki vaxta kimi qeydiyyatda olmaqla yaşadığı evin ikinci mərtəbəsini gəlin gələndən sonra cavabdeh ilə nikah dövründə birgə inşa etmişdir. Ona məlum olmayan səbəblərdən son vaxtlar ailə daxili münasibətləri pozulmuş, cavabdeh nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh onu evdən qovmuş, evə gəlməyə icazə vermir və məcbur olaraq anasının yanında müvəqqəti olaraq qalır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 17 noyabr 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci maddələrinin, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin və prosessual hüquq normalarının tələbləri pozulmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2(012)-371/2021 nömrəli qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında Səadət Sarayında (Bakı Nikah Evi) bağlanmış 15 noyabr 2005-ci il tarixli, 3297 nömrəli nikah pozulmuş, nikah pozulduqdan sonra 19 noyabr 2006-cı il təvəllüdlü X5 və 06 fevral 2008-ci il təvəllüdlü X2 ataları Cavabdeh himayəsində qalması, İddiaçı Cavabdehyla birgə nikahlarından olan övladları 19 noyabr 2006-cı il təvəllüdlü X5 və 06 fevral 2008-ci il təvəllüdlü X2 onun yanında qalmaları və yetkinlik yaşına çatanadək saxlanılmaları üçün dövlət tərəfindən müəyyən edilən yaşayış minimumunun məbləğindən az olmayan məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 02.07.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. ASAN-Sumqayıt tərəfindən 30.01.2018-ci il tarixdə verilmiş AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. DƏDRX-nın 4 saylı Abşeron Ərazi İdarəsinin 04.11.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olur ki, İddiaçı Cavabdeh ilə 15.11.2005-ci il tarixdə “Səadət Sarayı”nda (Bakı nikah evi) rəsmi olaraq nikaha girməklə ailə qurmuşlar. Həmin tarixdən iddiaçı cehiz əşyaları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsində yerləşən 80 nömrəli evə gəlin köçmüşdür. Birgə nikahlarından 19 noyabr 2006-cı il təvəllüdlü X5 və 06 fevral 2008-ci il təvəllüdlü X7 anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2(012)-371/2021 nömrəli qətnaməsi ilə nikahları pozulmuş və uşaqlar atanın himayəsinə verilmişdir. İddiaçı həmin ünvana pasport qeydiyyatına alınmışdır. Həmin ev özbaşına tikilidir. Tərəflər arasında münasibət pozulduğundan iddiaçı həmin evi tərk etmiş və hazırda iddiaçı evə köçürülmə və istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneçilik törədilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasındakı mübahisəli hüquq münasibəti 2005-ci ildə yaranmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə tərəflər arasında mövcud mübahisəyə hüquqi qiymət verilməsi üçün yaşayış sahəsinin statusunu müəyyən etmək zəruridir ki, bu hal iş üzrə yekun nəticəyə gəlinməsi üçün xüsusi önəm kəsb edir. Belə ki, iddiaçının mübahisələndirdiyi yaşayış sahəsi və həmin tikilinin yerləşdiyi torpaq sahəsi rəsmi olaraq dövlət qeydiyatından keçmədiyindən həmin yaşayış evinə hər hansı bir hüququn yaranması mümkün deyildir. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 14.1 və 14.3-cü maddələri) Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (Mülki Məcəllənin 139.1, 139.3-cü maddələri). Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. İşin faktiki hallarından görünür ki, mübahisə predmeti olan qanunsuz tikili, həm də onun yerləşdiyi torpaq sahəsi rəsmi olaraq dövlət qeydiyyatına alınmamışdır. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, cavabdehin istifadəsində olmaqla faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunmuşdur. Tərəflər həmin yaşayış evinin ikinci mərtəbəsini birgə nikah dövründə inşa edərək orada yaşamışlar. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşamış İddiaçı da həmin şərtlər daxilində bu evdə yaşamalıdır. İddiaçı evə köçürülməklə, orada yaşayan şəxsin yaşamış olduğu şərtlər daxilindən yaşamaq imkanına malikdir. Özbaşına inşa edilmiş mübahisəli ev tərəflərin birgə yaşayış yeri olduğuna görə iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur və iddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin O.ROUK Birləşmiş Krallığa qarşı işi barədə qərarında (ərizə 46934/99, Avropa İnsan Hüquqları Məhkəməsinin 2000-X) və X1rşı iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi yuxarıda adı çəkilən Gillounun işinə dair qərarında xatırlatmışdır ki, Gillounun işində ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mübahisəli evdə cavabdehlə bərabər surətdə həmin evdə istifadə hüququna malik olduğundan onun həmin evdə yaşamasına məhdudiyyətlər yaradılması və iradəsinin ziddinə olaraq yaşayış hüquqlarından məhrum edilməsi Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirilərək pozulmuş hüququ bərpa edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3-cü bəndinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da MPM-nin 384.0.1-ci maddəsinə görə apellyasiya qaydasında dəyişdirilmədən və apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(012)-4335/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar