Məhkəmə qərarları › İş №2(105)-619/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-619/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-619/2024 02.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli e-2(012)-1240/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 09 mart 2020-ci il tarixli, 11 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı və Cavabdeh2 Əvəz oğlu arasında alqı-satqı müqaviləsi bağlanmış və cavabdehə 12 ay müddətinə 1824 (bir min səkkiz yüz iyirmi dörd) manat məbləğində kredit üsulu ilə hər ay 127 manat ödəməklə kondisioner satılmışdır.

2. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 09 mart 2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, 09 mart 2020-ci il tarixli, 11 saylı alqı-satqı müqaviləsinin təminat üsulu kimi Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır.

3. 13 mart 2020-ci il tarixli, 12 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 Əvəz oğlu arasında alqı-satqı müqaviləsi bağlanmış və cavabdehə 12 ay müddətinə 3595 (üş min beş yüz doxsan beş) manat məbləğində kredit üsulu ilə hər ay 300 manat ödəməklə “Samsung” markalı televizor satılmışdır

4. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 13 mart 2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, 13 mart 2020-ci il tarixli, 12 saylı alqı-satqı müqaviləsinin təminat üsulu kimi Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır.

5. xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, 13 mart 2020-ci il tarixli 12 saylı saylı alqı-satqı müqaviləsi üzrə 3595 manat əsas borc və 1805 manat cərimə borcu olmaqla, cəmi 5400 manat borcu və 09 mart 2020-ci il tarixli 11 saylı saylı alqı-satqı müqaviləsi üzrə 1524 manat əsas borc və 750 manat cərimə borcu olmaqla, cəmi 2280 manat borcu müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 mart 2020-ci il tarixli 12 saylı alqı-satqı müqaviləsi üzrə 3595 manat əsas borc və 1805 manat cərimə borcu və 09 mart 2020-ci il tarixli 11 saylı saylı alqı-satqı müqaviləsi üzrə 1524 manat əsas borc və 750 manat cərimə borcu olmaqla cəmi hər iki müqavilə üzrə 7674 manat və 97 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və X1 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh2 arasında bağlanmış 09 mart 2020-ci il tarixli 11 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 1824 (bir min səkkiz yüz iyirmi dörd) manat məbləğində kredit üsulu ilə hər ay 127 manat ödəməklə kondisioner satılmışdır. İddiaçı ilə Cavabdeh2 bağlanmış 30 mart 2020-ci il tarixli 12 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 3595 (üç min beş yüz doxsan beş) manat məbləğində kredit üsulu ilə hər ay 300 manat ödəməklə “Samsung” markalı televizor satılmışdır. Eyni zamanda qeyd olunan müqavilələr üzrə Cavabdeh2 öhdəliklərini təmin etmək məqsədi ilə Cavabdeh1 ilə xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh2 müqavilələr üzrə borcları ödəməmiş və bunun nəticəsində onun 13 mart 2020-ci il tarixli 12 saylı saylı alqısatqı müqaviləsi üzrə 3595 manat əsas borc və 1805 manat cərimə borcu, 09 mart 2020-ci il tarixli 11 saylı saylı alqı-satqı müqaviləsi üzrə 1524 manat əsas borc və 750 manat cərimə borcu olmaqla cəmi hər iki müqavilə üzrə 7674 manat borcu yaranmışdır. Borcun qaytarılması barədə cavabdəhlərə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış cərimələr qaytarılmamışdır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 sentyabr 2023-cü il tarixli, 4/1145 №-li ekspert rəyindən görünür ki, mülki işin 9-cu vərəqəsində olan xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsində “zamin Cavabdeh1 imza” qrafasındakı imza Cavabdeh1 tərəfindən icra edilmişdir.

9. Cavabdeh X3 iddia ərizəsinə yazılı etiraz verərək göstərmişdir ki, onunla bağlanmış zaminlik müqaviləsinə xitam verilməlidir ona görə ki, iddiaçının istinad etdiyi 9 mart 2020-ci il tarixli və 13 mart 2020-ci il tarixli hər iki zaminlik müqaviləsinin 1.2.2-ci bəndində həmin zaminlik müqavilələri ilə təminat verilən kreditin qaytarılma tarixi “imzalandığı tarixdən 12 ay müddətinədək” formasında müəyyən olunmuşdur. Əsas öhdəlik qismində istinad olunan alqı-satqı müqavilələrinin tarixi göstərilməmişdir. Lakin hər bir halda alqı-satqı müqavilələrinin tarixini müvafiq zaminlik müqavilələri ilə eyni tarix olaraq nəzərə alsaq, belə nəticəyə gəlmək olar ki, zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı müvafiq olaraq 9 mart 2021-ci il və 13 mart 2021-ci il tarixlərində başa çatmışdır. Belə olan halda hər iki zaminliyə müvafiq olaraq 9 mart 2022-ci il və 13 mart 2022-ci il tarixlərində xitam verilmişdir. Müvafiq tələblə bağlı iddia müddəti ötürülmüşdür və bu səbəbdən İddiaçı ona qarşı irəli sürdüyü iddialar əhəmiyyətsizdir.

10. Abşeron Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli e-2(012)-1240/2023 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia qismən təmin edilərək, 09 mart 2020-ci il tarixli 11 saylı saylı alqı-satqı müqaviləsi üzrə 1524 manat əsas borc, 20 manat cərimə və 13 mart 2020-ci il tarixli 12 saylı alqı-satqı müqaviləsi üzrə 3595 manat əsas borc, 30 manat cərimə borcu olmaqla, cəmi hər iki müqavilə üzrə 5169 manat borc və 65,35 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və X1 İddiaçı xeyrinə tutulması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 12 sentyabr 2023-cü il tarixli, 4/1145 saylı məhkəmə-xətşünaslıq rəyinin verilməsinə görə 110 manat ekspertiza xərcinin cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq hesabına keçirilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında 09 mart 2020-ci il tarixli, 11 saylı alqı-satqı müqaviləsi və müqaviləsinin təminatı olaraq 09 mart 2020-ci il tarixli zaminlik müqaviləsi, 13 mart 2020-ci il tarixli, 12 saylı alqı-satqı müqaviləsi və müqaviləsinin təminatı olaraq 13 mart 2020-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir.

12. Birinci instansiya məhkəməsi iddia ərizəsinin zamin - Cavabdeh1 münasibətdə tutulması ilə bağlı nəticəyə gəldikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, Cavabdeh2 09 mart 2020-ci il tarixli, 11 saylı alqı-satq müqaviləsindən və 13 mart 2020-ci il tarixli, 12 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün İddiaçı həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan Cavabdeh1 öz öhdəliklərinin icrasını tələb etmək hüququ vardır. Cavabdeh (zamin) Cavabdeh1 məhkəmə iclasında zaminlik müqaviləsinin müddətinin bitməsini bildirsə də, bu məhkəmədə öz təsdiqini tapmamış, zaminlik müqaviləsinə xitam verilməsi üçün əsaslar mövcud olmadığından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 sentyabr 2023-cü il tarixli, 4/1145 №-li ekspert rəyi zaminlik müqaviləsindəki imza ona aid olduğunundan iddia bu hissədə də əsaslıdır.

13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 445.1, 445.2.1, 462.1, 472.1, 472.2, 472.3, 601.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin ona aid hissədə təmin edilməməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən guya “zamin Cavabdeh1 imza” qrafasındakı imza Cavabdeh1 tərəfindən icra edilmişdir. Məhkəmə tərəfindən isə iş üzrə bütün hallar nəzərə alınmamış və yalnız ekspert rəyinə istinad edilərək qətnamə qəbul edilmişdir. Halbuki, İddiaçı istinad etdiyi 9 mart 2020-ci il tarixli və 13 mart 2020-ci il tarixli zaminlik müqavilələrinin heç birində olan imza ona məxsus deyil. Bu müqavilələri imzalamamışdır və bu öhdəlikləri üzərinə götürməmişdir. Sözsüz, müqavilələrdə olan imza ona aid olmadığından və həmin müqavilələr üzrə onun öhdəliyi yaranmadığından bu öhdəliyə görə ondan borc məbləği tələb oluna bilməz. Belə olan halda ekspert rəyinin əsaslılığı ciddi şübhə doğurur. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əhəmiyyət kəsb edən hallar obyektiv və hərtərəfli araşdırılmamış, maddi və prosessual pozuntulara yol verilmişdir. Nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddiaçı istinad etdiyi 9 mart 2020-ci il tarixli və 13 mart 2020-ci il tarixli zaminlik müqavilələrinin hər ikisində əsas öhdəlik olaraq “alqı-satqı müqaviləsi” və “kredit” ifadələri işlənsə də, nə müvafiq alqı-satqı müqaviləsi və kredit öhdəliyi üzrə borclunun adı çəkilmiş, nə müvafiq alqı-satqı müqaviləsi və kredit öhdəliyinin tarixi, nə də nömrəsi göstərilmişdir. Həmçinin iddiaçının istinad etdiyi 9 mart 2020-ci il tarixli və 13 mart 2020-ci il tarixli zaminlik müqavilələrində həm borclunun adı yoxdur, həm də borclunun təsdiqini və ya digər formada iradəsini əks etdirən imzası yoxdur. Müqavilədə əsas öhdəliyə istinad edilmədiyi üçün zaminliyin özü etibarsızdır. Bu səbəbdən 9 mart 2020-ci il tarixli və 13 mart 2020-ci il tarixli zaminlik müqavilələri etibarsız hesab olunmalıdır. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə ki, iddiaçının istinad etdiyi 9 mart 2020-ci il tarixli və 13 mart 2020-ci il tarixli hər iki zaminlik müqaviləsinin 1.1-ci bəndində təminat verilən əsas öhdəlik qismində hansısa alqı-satqı müqaviləsinə istinad olunmuşdur. Hər iki zaminlik müqaviləsinin 1.2.2-ci bəndində həmin zaminlik müqavilələri ilə təminat verilən kreditin qaytarılma tarixi “imzalandığı tarixdən 12 ay müddətinədək” formasında müəyyən olunmuşdur. Əsas öhdəlik qismində istinad olunan alqı-satqı müqavilələrinin tarixi göstərilməmişdir. Lakin hər bir halda alqı-satqı müqavilələrinin tarixini müvafiq zaminlik müqavilələri ilə eyni tarix olaraq nəzərə alarsaq, belə nəticəyə gəlmək olar ki, zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı müvafiq olaraq 9 mart 2021-ci il və 13 mart 2021-ci il tarixlərində başa çatmışdır. Belə olan halda hər iki zaminliyə müvafiq olaraq 9 mart 2022-ci il və 13 mart 2022-ci il tarixlərində xitam verilmişdir. Müvafiq tələblə bağlı iddia müddəti ötürülmüşdür və bu səbəbdən İddiaçı ona qarşı irəli sürdüyü iddialar əhəmiyyətsizdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

18. İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edib, təmin edilməməsini xahiş etdi.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri (...) Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

21. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)

24. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)

25. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (...)

26. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

27. Maddə 477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

28. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

28. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

30. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

31. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

34. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

35. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

36. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – 09 mart 2020-ci il tarixli 11 saylı saylı alqı-satqı müqaviləsi üzrə 1524 manat əsas borc, 20 manat cərimə və 13 mart 2020-ci il tarixli 12 saylı alqı-satqı müqaviləsi üzrə 3595 manat əsas borc, 30 manat cərimə borcu olmaqla, cəmi hər iki müqavilə üzrə 5169 manat borc və 65,35 manat məbləğində dövlət rüsumunun cavabdeh X1 İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi həmin hissədə təmin edilməməlidir.

38. Belə ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 09 mart 2020-ci il tarixli 11 saylı və 13 mart 2020-ci il tarixli 12 saylı alqı-satqı müqavilələri üzrə ümumilikdə 7674 manat məbləğində borcun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

39. Birinci instansiya məhkəməsi iddia tələbini cavabdehlər Cavabdeh2 və X2 münasibətə təmin etmiş, gəldiyi nəticəni qətnamənin 11 – 12-ci abzaslarında göstərilən nəticə ilə əsaslandırmışdır.

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini cavabdeh (zamin) X2 münasibətdə təmin etməklə düzgün nəticəyə gəlməmişdir.

41. İşdən görünür ki, cavabdeh X3 iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, onunla bağlanmış zaminlik müqaviləsinə xitam verilməlidir ona görə ki, iddiaçının istinad etdiyi 9 mart 2020-ci il tarixli və 13 mart 2020-ci il tarixli hər iki zaminlik müqaviləsinin 1.2.2-ci bəndində həmin zaminlik müqavilələri ilə təminat verilən kreditin qaytarılma tarixi “imzalandığı tarixdən 12 ay müddətinədək” formasında müəyyən olunmuşdur. Əsas öhdəlik qismində istinad olunan alqı-satqı müqavilələrinin tarixi göstərilməmişdir. Lakin hər bir halda alqı-satqı müqavilələrinin tarixini müvafiq zaminlik müqavilələri ilə eyni tarix olaraq nəzərə alsaq, belə nəticəyə gəlmək olar ki, zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı müvafiq olaraq 9 mart 2021-ci il və 13 mart 2021-ci il tarixlərində başa çatmışdır. Belə olan halda hər iki zaminliyə müvafiq olaraq 9 mart 2022-ci il və 13 mart 2022-ci il tarixlərində xitam verilmişdir. Müvafiq tələblə bağlı iddia müddəti ötürülmüşdür və bu səbəbdən İddiaçı ona qarşı irəli sürdüyü iddialar əhəmiyyətsizdir.

42. Birinci instansiya məhkəməsi iddia tələbinin zamin Cavabdeh1 münasibətdə təmin edilməsi ilə bağlı nəticəyə gəldikdə hesab etmişdir ki, Cavabdeh2 09 mart 2020-ci il tarixli, 11 saylı alqı-satq müqaviləsindən və 13 mart 2020-ci il tarixli, 12 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün İddiaçı həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan Cavabdeh1 öz öhdəliklərinin icrasını tələb etmək hüququ vardır. Cavabdeh (zamin) Cavabdeh1 məhkəmə iclasında zaminlik müqaviləsinin müddətinin bitməsini bildirsə də, bu məhkəmədə öz təsdiqini tapmamış, zaminlik müqaviləsinə xitam verilməsi üçün əsaslar mövcud deyildir.

43. İşdən görünür ki, İddiaçı və Cavabdeh2 Əvəz oğlu arasında 12 ay müddətində bağlanmış 09 mart 2020-ci il tarixli 11 saylı və 13 mart 2020-ci il tarixli 12 saylı alqı-satqı müqavilələri bağlanan zaman İddiaçı və Cavabdeh1r oğlu arasında eyni tarixli zaminlik müqavilələri bağlanmışdır.

44. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı zaminə qarşı tələbini 12 ay müddətinə bağlanmış 09 mart 2020-ci il tarixli 11 saylı və 13 mart 2020-ci il tarixli 12 saylı alğı-satqı müqavilələri üzrə öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində irəli sürməmiş, mövcud tələblə məhkəməyə 12 yanvar 2023-cü il tarixdə müraciət etmişdir. Bu hal isə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə xitam verilməsi üçün əsasdır.

45. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

46. Göründüyü kimi hər iki alğı-satqı müqaviləsi üzrə öhdəliyin icrası vaxtı 12 ay sonra müvafiq olaraq 09 mart 2021-ci il və 13 mart 2021-ci il tarixdə başa çatmış, həmin gündən bir il ərzində iddiaçı zaminə qarşı iddia irəli sürməmiş, yalnız 12 yanvar 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı zaminə qarşı Mülki Məcəllənin 477.0.4cü maddəsində nəzərdə tutulmuş müddət ötürülməklə məhkəməyə müraciət etdiyindən və zaminliyə xitam verilməli olduğundan, iddia tələbinin cavabdeh X2 (zamin) münasibətdə təmin edilməsi əsassız olmuşdur. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin zaminliklə bağlı iş üzrə gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab etmir.

48. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

49. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli e-2(012)-1240/2023 nömrəli qətnaməsi qismən – 09 mart 2020-ci il tarixli 11 saylı saylı alqı-satqı müqaviləsi üzrə 1524 manat əsas borc, 20 manat cərimə və 13 mart 2020-ci il tarixli 12 saylı alqısatqı müqaviləsi üzrə 3595 manat əsas borc, 30 manat cərimə borcu olmaqla, cəmi hər iki müqavilə üzrə 5169 manat borc və 65,35 manat məbləğində dövlət rüsumunun cavabdeh X1 İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi cavabdeh X2 münsibətdə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar