Məhkəmə qərarları › İş №2(105)-620/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-620/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-620/2024 17.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarş mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-4093/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2021-ci il tarixli saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən “Samsung” markalı soyuducunu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

2. 17 iyul 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Samsung” markalı soyuducuya görə Cavabdeh "xxxx" MMC-yə 1984,34 manat ödənilməmiş hissə, 198,66 manat cərimə olmaqla ümumilikdə 2183 manat borcu vardır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" MMC kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə “Samsung” markalı soyuducu üçün 1984,34 manat ödənilməmiş hissə, 198,66 manat cərimə olmaqla, ümumilikdə 2183 manat borc və 41,83 manat dövlət rüsumunun əvəzinin alınaraq MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Samsung” markalı soyuducu almış və 2183 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və alqı-satqı qiyməti 3584,34 manat, “Samsung” markalı soyuducu üçün 1984,34 manat ödənilməmiş hissə, 198,66 manat cərimə olmaqla ümumilikdə 2183 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1600 manat təşkil edir. Bunlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-4093/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə Soyuducu Samsung üçün 1984,34 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, ümumilikdə 1994,34 manat manat borcun və dövlət rüsumuna görə ödənilmiş 41,83 manatın alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyət Cəmiyyətinə ödənilməsi qət edilmişdir (hakim Elman Məmmədov).

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 462.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.3, 218.3 və 284-5.3-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-4093/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:

8. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya müqaviləyə uyğun gələn əşya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Yuxarıda da göstərilənlərdən aydın olduğu kimi iddiaçı "xxxx" MMC ona qüsurlu mal satmış, bununla da müqavilə üzrə öhdəliklərini kobud şəkildə pozmuşdur. Belə ki, o, xx.xx.2021-ci il tarixində soyuducu almaq üçün "xxxx"a yaxınlaşmış və “Samsung” markalı dəyəri 3200 manat olan məhsulu almışdır. Həmçinin üç illik zəmanət üçün 384 manat əlavə hesablanaraq məhsulunun ümumi dəyəri 3584 manat olmuşdur. Onlar isə mal qüsurlu olduqda nə edəcəklərini soruşduqda, o, bizə məhsulda heç bir qüsur çıxmayacağına dair təminat vermiş, belə bir hal baş versə belə, rahatlıqla gəlib qaytara və yaxud da dəyişdirə biləcəklərini söyləmişdir. O, satıcının sözlərinə etimad göstərmiş və məhsulu alaraq "xxxx" ilə onun arasında xx.xx.2021-ci il tarixli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən “Samsung” markalı soyuducu üçün 3584 manat məbləğində (18 ay x 199.13 manat +0 manat ilkin ödəniş) ödəniş etməyi öhdələrinə götürmüşlər. Onlar məhsulu aldıqdan sonra soyuducuda texniki problem yarandığından "xxxx" MMC-yə məlumat verdilər. Daha sonra servisdən ustalar gələrək soyuducunu 24 saat ərzində işə salmamağı, söndürməklərini istədilər. Lakin bu heç bir nəticə vermədi. Əksinə soyuducunu 24 saat ərzində istifadə etmədikləri üçün içərisindədki məhsullarda xarab olmuşdur. Bu barədə yenidən "xxxx" MMC-yə məlumat verdi və yenidən servisdən ustalar evə gələrək soyuducuya baxış keçirtdilər. Bu zaman ona bir neçə detalın dəyişməli olduğunu deyərək getmiş, bir müddət sonar dəyişməli olan detalı gətirsələr də, heç bir nəticə olmamışdır. Bunu rəhbərliyə məruzə edəcəklərini bildirmişdirlər. Daha sonar yenidən servisdən ustalar gəldilər. Onlar problemin tam olaraq nə olduqlarını bilmədikləri üçün soyuducunu sökməli olduqlarını dedikdə buna etiraz etmiş, qızıl zəmanət üçün əlavə olaraq 384 manat pul ödədiyini, soyuducunun təmir olunmadığı müddətdə dəyişdirilməli olduqlarını dedi. Lakin buna məhəl qoyulmadı. Belə olduğu təqdirdə aylıq ödənişi dayandıracağını bildirdi. İddiaçı "xxxx" MMC tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş keyfiyyətdə məhsul verilməmiş, bununla da müqavilə üzrə öhdəliyini icra etmədiyindən, qanunvericiliklə alıcı kimi müqavilə üzrə ödəniş etmək öhdəliyi mövcud deyildir. Məhz bu səbəbdən də, iddiaçının xx.xx.2021ci il tarixli müqavilə üzrə Soyuducu Samsung üçün 1984,34 manat ödənilməmiş hissə, 198,66 manat cərimə olmaqla, ümumilikdə 2183 manat borc və 41,83 manat dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə tələbi əsassızdır. Ona məhkəmə tərəfindən heç bir bildiriş göndərilməmişdir. Bütün bu baş verənlərdən sonra isə ona icradan icra haqqında qərar göndərildiyi zaman barəsində iddia tələbinin olduğunu və onun əsasında Abşeron Rayon Məhkəməsinin e-2(012)-4093/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunduğunu, ondan xx.xx.2021-ci il tarixli müqavilə üzrə Soyuducu Samsung üçün 1984,34 manat ödənilməmiş hissə,10 manat cərimə olmaqla, ümumilikdə 1994,34 manat borc və dövlət rüsumuna görə ödənilmiş 41,83 manat alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmasının qət edildiyi məlum olmuşdur. Həmin ana qədər ona məhkəmədən ona belə bir işin olduğu ilə bağlı heç bir bildiriş gəlməmişdir. İcradan ona məktub gəldikdən sonra Abşeron Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixində qətnaməni rəsmi surətdə əldə etmişdir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. O, Abşeron Rayon Məhkəməsinin e-2(012)-4093/2023 nömrəli, xx.xx.2023-cü i l tarixli qətnaməsini xx.xx.2023-cü il tarixində rəsmi surətdə əldə etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

12. Maddə 600. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

13. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

16. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

19. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

20. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər.

21. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

22. Maddə 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz.

23. Maddə Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-4093/2023 nömrəli qətnaməsinin ləğv olunması və iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında müqavilə bağlanmış və cavabdeh malı qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə 17 iyul 2023cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən soyuducu üçün Cavabdeh MMC-yə 1984,34 manat ödənilməmiş hissə, 198,66 manat cərimə olmaqla ümumilikdə 2183 manat borcu vardır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə aldığı mallar üçün 1984,34 manat borcu yaranmışdır.

31. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh həmin müqavilə üzrə iddiaçıdan əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə ilə müəyyən edilmiş məbləği iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur.

32. Cavabdeh müqavilə əsasında iddiaçıdan göstərilən əşyanın almasına dair hüququndan istifadə etmiş, lakin vəsaitin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir.

33. Cavabdehin iddiaçı qarşısında öhdəliyi yarandığından o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya müqavilədəki öhdəlikləri yerinə yetirmədiyinə görə 1984,34 manat borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, maliyyə arayışı ilə təsdiq olunur.

34. Apellyasiya şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı cavabdehə qüsurlu soyuducu təhvil vermişdir ve cavabdehə məhkəmə tərəfindən bildiriş göndərilməmişdir.

35. Kollegiya ilk öncə cavabdehə məhkəmə tərəfindən bildirişin göndərilməməsi ilə bağlı qeyd edir ki, hazırkı mülki işə şifahi iclas keçirilmədən kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxıldığından, qeyd olunan dəlil əsaslı hesab edilə bilməz.

36. Apellyasiya şikayətinin digər dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 581.2-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur.

37. Kollegiya cavabdehə izah edir ki, cavabdeh ona lazımi keyfiyyətli olmayan əşyanın verildiyini sübut etdiyi təqdirdə ixtiyarı var ki, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını və əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. Digər tərəfdən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. (MM-nin 587.1-587.2-ci maddələri)

38. Lakin cavabdeh apellyasiya şikayətində soyuducunun qüsurlu olmasını göstərsə də, tərəflər arasında xx.xx.2021-ci il tarixli müqavilənin bağlanmasından 2 ilə yaxın müddətin (iddia xx.xx.2023-cü i tarixində verilmişdir) keçməsinə baxmayaraq, bu günə qədər qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməmişdir. Odur ki, müqavilə halhazırda qüvvədə olduğundan və ləğv edilmədiyindən, apellyasiya şikayəti təmin oluna bilməz.

39. Belə ki, MM-nin 587.5-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göründüyü kimi, alıcı soyuducunun qüsurlu olmasını göstərsə də, həmin əşyanı satıcıya qaytarmamışdır.

40. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" MMC öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, lakin cavabdeh apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.

41. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

42. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-4093/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 394-1.3 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-4093/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar