Məhkəmə qərarları › İş №2(105)-620/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-620/2025

04.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-620/2025 04.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın etibarsız hesab edilməsi, onların hüquqi nəticələrinin ləğv edilməsi və mirasın qəbul edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X41 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh və müstəqil tələb sürməyən üçüncü şəxs X6 iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1967/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın etibarsız hesab edilməsi, onların hüquqi nəticələrinin ləğv edilməsi və mirasın qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən, mərhum X3 miras qalmış daşınmaz əmlaka Cavabdeh adına Xaçmaz rayon 1 saylı Notariat tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2V-1430 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 27 dekabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi, mərhum X3 miras qalmış Xaçmaz şəhəri, Nəsimi küçəsi, 15 ünvanında yerləşən daşınmaz əmlaka (torpaq sahəsi və ev) münasibətdə mirasın tərəflərindən qəbul edilməsi faktını müəyyən etməklə, mirasdan payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, valideynləri X10 və X24 03 fevral 1947-ci ildə rəsmi nikah əsasında evlənmişlər. Birgə nikahlarından xx.xx.1962-ci ildə doğulmuşdur. X2 xx.xx.1975-ci ildə, anası X24 isə xx.xx.2007-ci ildə vəfat etmişlər. Onların birgə nikahlarından 6 övladları olmuşdur. ünvan 3 ünvanında yerləşən mülk xx.xx.2023- cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mərhum anası X14 adına qeydiyyata alınmışdır. Anasının ölümündən sonra həmin mülkdə ailəsi ilə bərabər yaşamış, habelə həmin mülkdə mərhum qardaşı xx.xx.2022-ci ildə vəfat etmiş X15 da öz ailəsi ilə birgə yaşamışdır. O, özü işi ilə əlaqədar Rusiya Federasiyasına gedərək bir müddət orada yaşamışdır. X1 xx.xx.2022-ci ildə vəfat etdikdən sonra ailəsi həmin evdə yaşamaqda davam etmiş, sonradan müvəqqəti olaraq Bakı şəhərinə gedərək kirayədə yaşamaqdadırlar. Bu yaxınlarda Xaçmaza qayıtdıqdan sonra məlum olmuşdur ki, iş üzrə Cavabdeh onun və qardaşının ailəsinin daimi pasport qeydiyyatında olduğu anasından miras qalmış yaşayış evini sökdürmüşdür. Bundan sonra vəkil sorğusu vasitəsi ilə DƏDKR-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilmiş və məlum olmuşdur ki, cavabdeh xx.xx.2023-cü il tarixdə mərhum anaları adına ********** qeydiyyat nömrəli çıxarış almış, özünün yeganə vərəsə olması barədə notariat orqanına yalan məlumat verməklə xx.xx.2023-cü il tarixli, 2V-1430 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmiş və qeyd olunan əmlaka öz adına 27 dekabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əldə etmişdir. Çıxarışı əldə etdikdən sonra anasından miras qalmış yaşayış evini sökməklə vərəsə olaraq ona və digərlərinə külli miqdarda maddi ziyan vurmaqla hüquqlarını kobudcasına pozmuşdur. Qeyd edir ki, valideynlərinin vəfatından sonra, o cümlədən anası X14 xx.xx.2007-ci il tarixdə vəfatından sonra Cavabdeh ümumiyyətlə bu evdə yaşamamış, mirası qəbul etməmişdir. O, hələ 1970-ci illərdə ailə quraraq Bakı şəhərinə köçmüş və həmin vaxtdan Bakı şəhərində yaşayır. Anasının ölümündən sonra miras evdə o, öz ailəsi ilə və mərhum qardaşı Firudin öz ailəsi ilə birgə yaşamışdır. Birinci növbəli vərəsə olaraq miras əmlakda onun da payı vardır. Ona görə də cavabdehin adına alınmış qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməli və onların hüquqi nəticələri ləğv edilməlidir.

3. İddiaçı iddia tələbinin həcmini azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz şəhəri, Nəsimi küçəsi, 15 ünvanda yerləşən, mərhum X3 miras qalmış daşınmaz əmlaka dair Cavabdeh adına Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2V-1430 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və 27 dekabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi, habelə onun hüquqi nəticələrinin ləğv edilməsi, mərhum X3 miras qalmış Xaçmaz şəhəri, Nəsimi küçəsi, 15 ünvanda yerləşən daşınmaz əmlaka (torpaq sahəsi və ev) münasibətdə mirasın tərəfindən qəbul edilməsi faktını müəyyən edilməsini xahiş etmişdir.

4. Cavabdeh iddia tələbinə qarşı etiraz ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, iddiaçı ilə doğma bacı-qardaşdırlar. İddiaçının özü, o, digər bacı və qardaşları ilə yanaşı qanun üzrə bərabər hüquqlu vərəsə olduğu doğrudur. Lakin miras əmlakına vərəsəliyinin rəsmiləşdirilməsini bilmədiyi, miras qalmış evin sökülməsindən xəbəri olmadığı, analarının sağlığında həmin evdə yaşadığı ilə bağlı göstərdikləri doğru deyildir və hazırkı iddia tələbində haqsızdır. Belə ki, valideyinlərinin 6 övladı olmuşdur. Atası 1975-ci ildə, anası isə 2007-ci ildə vəfat etmişdir. Valideyinlərindən sonra iki qardaşı da vəfat etmişdir. Sağ qalan o, bacısı və qardaşı iddiaçıdır. Qardaşı iddiaçı uzun illərdir ki, Rusiyada yaşayır və uzun müddətdir ki, vətənə gəlməmişdir. Bütün bu müddətlər ərzində onunla yalnız telefonla əlaqə saxlamışlar. Analarının vəfatında belə gəlməmişdir. Valideyinlərindən miras qalmış əmlakda son olaraq, qardaşı mərhum X15 yaşamışdır. O, da 2022-ci ildə vəfat etmişdir. Onun ailəsi isə hələ qardaşının sağlığında Türkiyəyə köçmüşdürlər. Analarından miras qalmış adı çəkilən əmlak köhnə bir fərdi yaşayış evi olmuşdur. Həmin evi atası hələ sağlığında 1953-cü illərdə tikdirmişdir. Son olaraq həmin evdə yaşayan qardaşı xəstə olduğundan, evə baxa bilməmiş, baxımsızlıqdan yararsız hala gəlmişdir. Onun vəfatından sonra da tam şəkildə bərbad vəziyyətə düşmüşdür. Ata yurdu xarabaya çevrilməsin deyə kənddə yaşayan bacısı hamısına - ona, həmçinin iddiaçı olan qardaşına, o biri qardaşının uşaqlarına, kimin imkanı varsa evi təmir etmələrini və ata mülkünə sahib durmasını təklif etdir. Özünün buna maddi imkanı olmadığından, kim sahib durarsa payını ona güzəşt edəcəyini bildirmişdir. Hər kəs, həmçinin iddiaçı da ata mülkünə (mirasa) sahib durmağı rədd etmiş və onlara lazım olmadığını bildirmişlər. O, buna razılığını vermiş və hər kəs bunu bilmişdir və etiraz edən olmamışdır. Yalnız bundan sonra bacısı ilə birlikdə vərəsəliklə bağlı müraciət etmişlər və bacısı da payını ona bağışlamışdır. Adına vərəsəlik şəhadətnaməsi və çıxarış alandan sonra, onsuzda yarı dağılmış şəkildə olan evi sökdürüb, həyəti təmizlətdirmiş və yerində yeni ev tikməyə başlamışıdır. Bundan bir neçə ay əvvəl iddiaçı vətənə gəlmiş və köhnə yararsız evin yerində yeni ev tikilməyə başladığını görəndə, iştahası artmış, nəfsi ona iki il bundan əvvəl ona ev lazım deyil, sökülmüş evin bərpa etmək fikrində olmadığı deməsini unutmuşdur. İddianı məhkəməyə verəndən sonra da geri Rusiya Federasiyasına qayıtmışdır. Analarından qalmış miras kütləsi və onun vəziyyəti barədə hər bir qanun üzrə vərəsənin məlumatı olmuşdur. Nəinki faktiki qəbul etməyə, hər kəs uzaqdadır deyə rəsmiləşdirməyə gəlməyə belə həvəs göstərməmişlər. Əksinə yararsız vəziyyətdə olan köhnə daxmanın onlara lazım olmadığını söyləmişlər. Faktiki olaraq etiraz etmədiklərindən, miras əmlakı qəbul etməyinə və rəsmiləşdirməyə razılıqlarını bildirmişlər. Göründüyü kimi hazırda mübahisələndirilən vərəsəlik şəhadətnaməsini gizlin deyil, bütün vərəsələrin məlumatı olmaqla, aşkar şəkildə əldə edilmiş və buna heç bir vərəsənin etirazı olmamışdır. Əgər belə bir etiraz və ya miras əmlakdan pay tələbi olmuş olsaydı, bu anasının vəfat etdiyi 2007-ci ildən sonra ötmüş 17 il müddətində edilərdi. Ona görə də iddia ərizəsinə baxılarkən qeyd edilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

5. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1967/2024 nömrəli qətnaməsi ilə (hakim Nərmin Abiyeva) iddia təmin edilmiş, Cavabdeh adına verilmiş Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 14 dekabr 2023-cü il tarixli, reyestrdə 2V-1430 nömrə ilə qeyd edilmiş şəhadətnamə və həmin şəhadətnamə əsasında Cavabdeh adına verilmiş 27 dekabr 2023ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, İddiaçı tərəfindən miras qoyan – X3 qalan mirasın (ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən 25 oktyabr 2023-cü il tarixdə X20 verilmiş **********17-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 53.60 kv/m, yaşayış sahəsi 53.60 kv/m, 4 otaqlı olan fərdi yaşayış evi və ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən 25 oktyabr 2023cü il tarixdə X20 verilmiş **********17-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.02813 ha olan torpaq sahəsi) qəbul olunmuş hesab edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, miras qoyanın - X14 digər birinci növbəli vərəsələri X21 (2018-ci ildə), X23 və X15 (2022-ci ildə) vəfat etmişlər. Sonuncuların ailə üzvləri (həyat yoldaşları, uşaqları, nəvələri) mübahisəli miras əmlakdan üç ay ərzində imtina etməmişlər və Cavabdeh mirası bölüşdürmək niyyəti barəsində onlara bildiriş göndərməmişdir. Belə olan halda onların valideynləri (birinci növbəli vərəsələr - X21, X23 və X15) mirasın qəbulundan imtina etmədiklərindən, onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras almalıdırlar. Xaçmaz rayon Notariat Ofisi tərəfindən Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiyin tələblərinə uyğun tərtib olunmamışdır. Belə ki, notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini yoxlamamışdır. Xaçmaz rayon 1 saylı Notariat Ofisindən məhkəməyə daxil olmuş 2V-1430 nömrəli vərəsəlik şəhadətnaməsinə dair notariat işinin materiallarına əlavə edilmiş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 11 iyul 2023-cü il tarixli, 82 saylı arayışında miras qoyanın ailə üzvlərinin – vərəsələrinin sayı düzgün göstərilməmiş, 6 nəfər vərəsəsi olduğu halda, 3 nəfər qeyd edilmişdir. Notarius da düzgün olmayan arayışa əsaslanaraq, mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini yoxlmayaraq mirası arayışda göstərilən 3 nəfər ailə üzvünə münasibətdə bölərək, qanun üzrə vərəsəlik şəhadətnaməsi tərtib etmiş və təsdiqləmişdir. Bununla da digər birinci dərəcəli vərəsələrin hüquqlarını pozmuşdur. Miras qoyanın birinci dərəcəli vərəsəsi İddiaçı sözügedən mübahisəli evdə doğulmuş və 2022-ci ilə qədər həmin evdə yaşamışdır. Bu işə üçüncü şəxslərin izahatları və “Azemis” Elektron məhkəmə informasiya sistemində qeydə alınmış sərhədkeçmə məlumatları ilə öz təsdiqini tapır. Bununla da görünür ki, İddiaçı anası X24 vəfat etdikdən (2007-ci il) sonra da həmin evdə yaşamışdır. Habelə İddiaçı X3 qalan mirasdan üç ay ərzində imtina etməmişdir. Miras qoyanın - X14 digər birinci növbəli vərəsəsi X16 isə ona çatası mirasdan bacısı Cavabdeh xeyrinə imtina etmişdir (08 dekabr 2023-cü il tarixli miras payın bağışlanması müqavilə). Beləliklə, İddiaçı və vəfat etmiş digər birinci dərəcəli vərəslər X8, X11 və X7 ailə üzvlərinin mirasdan qanun üzrə pay almaq hüquqları vardır. Cavabdeh 08 dekabr 2024-cü il tarixdə X3 qalan mirası qəbul etmiş və 14 dekabr 2023-cü il tarixdə öz adına Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 2V-1430 nömrə ilə qeyd edilmiş şəhadətnamə almışdır. Bundan sonra həmin şəhadətnamə əsasında adına 27 dekabr 2023-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 14 may 2024-cü il tarixli, 321-3-34/2-5174/2024 saylı məktubu). Məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək və işin hallarını araşdıraraq Cavabdeh adına verilmiş Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 14 dekabr 2023-cü il tarixli, reyestrdə 2V-1430 nömrə ilə qeyd edilmiş şəhadətnamənin və onun əsasında Cavabdeh adına verilmiş 27 dekabr 2023-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.1, 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1, 1151.2, 1159.1, 1159.2, 1159.3, 1159.4, 1159.5, 1243.2, 1243.3, 1301.1, 1301.2, 1301.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(067)-1967/2024 nömrəli iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə qeyd edilmişdir ki, “Azemis” Elektron məhkəmə informasiya sistemində qeydə alınmış sərhədkeçmə məlumatlarından müəyyən olunur ki, İddiaçı 12 yanvar 2022-ci il tarixdə ölkədən çıxmışdır. Lakin, qətnamədə olan məlumatın səhv olduğu yeni şəxsiyyət vəsiqəsinin surətinə baxanda müəyyən olunur. O, xx.xx.2022-ci il tarixdə ölkədə olmuşdur. 869889 saylı etibarnamədən görünür ki, 24 noyabr 2022-ci il tarixdə ölkədə olmuşdur. İddiaçı qeydiyyatı Xaçmaz rayonu, Nəsimi küçəsi, ev 15 ünvana olmasına baxmayaraq o, daim Rusiya Federasiyasının Kemerovo vilayəti-Kuzbass, Kemerovo şəhəri, Rekordnaya küçəsi, 6 saylı evin 9 saylı mənzilində yaşayır, Xaçmaz rayonuna gələndə isə ailəsi ilə birlikdə İzmaylovka qəsəbəsi Vəli Məmmədov küçəsi, ev 4 ünvanında 1-2 həftə qonaq kimi qalmışdır. İddiaçı heç vaxt ata-ana yurduna sahiblik etməmişdir. Rəhmətlik qardaşı Firuddin Cəbrayılovun ailəsi ilə birlikdə yaşadığı ana evində kommunal borclar yığılıb qalmış, ailəsi onu sağ ikən 2021-ci ildə yarasız evdə tək qoyub özlərinə aid ev əşyalarını sataraq Türkiyəyə gedmişlər. Nə ona, nə də ki, evə sahib çıxmamışlar. Firuddin Cəbrayılovun ölüm yatağında olanda onun ailəsini vidalaşmaq üçün çağırsalar da onlardan yalnız həyat yoldaşı Zenfira gəlmiş (oda müəyyən təzyiq və töhmətlər olandan sonra məcbur qalıb gəlmişdi), övladları Türkiyə Respublikasından qayıtmamış, onunla vidalaşmağa belə gəlməmişdilər. Qardaşı xx.xx.2022-ci ildə vəfat etdikdən və dəfn olunduqdan sonra övladları gəlmiş və qardaşının qırx mərasiminə kimi onlar anaları ilə birlikdə yenidən Türkiyəyə qayıtmış, həmin evdə yaşamamışlar. Ev boş qalmış, divarları sıçanlar deşik-deşik etmiş, həyəti ot, zibil basmış, kommunal borclara görə işığın, suyun verilməsi dayandırılmış, daha da yararsız vəziyyətə gəlmişdir. Qardaşları düzgün həyat tərzi yaşamayıb, anasına qarşı vəfasız və biganə olublar. Anası öləndə qardaşı Firuddinin imkanı olmadığına görə anasını o, dəfn etmiş, qardaşları laqeyidsiz yanaşıblar, nə ölən qardaşı Şıxlar, nə də Ərəstun Rusiyadan heç dəfnə də gəlməyiblər. Nəsimi 15 ünvanda yerləşən fərdi yaşayış evə dair heç bir sənəd olmamış, sənədlərin surəti arxivdən onun tərəfindən alındıqdan sonra xx.xx.2023-cü il tarixli texniki pasport və xx.xx.2023-ü il tarixli çıxarış anası X4 adına onun tərəfindən ödənişləri edilərək alınmışdır. Bundan başqa Nəsimi 15 ünvanda yerləşən fərdi yaşayış evin kommunal borcları da onun tərəfindən ödənilmişdir. Evə sahibliyi yalnız o, etmiş və miras əmlakı fakitiki o, qəbul etmişdir. İddiaçının özü, o, digər bacı və qardaşları ilə yanaşı qanun üzrə bərabər hüquqlu vərəsə olduğu doğrudur. Lakin miras əmlakına vərəsəliyinin rəsmiləşdirilməsini bilmədiyi, miras qalmış evin sökülməsindən xəbəri olmadığı, anasının sağlığında həmin evdə yaşadığı ilə bağlı göstərdikləri doğru deyildir və hazırkı iddia tələbində haqsızdır. Belə ki, valideyinlərinin 6 övladı olmuşdur. Atası 1975-ci ildə, anası isə 2007-ci ildə vəfat etmişdir. Valideyinlərindən sonra iki qardaşı da vəfat etmişdir. Sağ qalan o, bacısı və qardaşı iddiaçıdır. Qardaşı iddiaçı uzun illərdir ki, Rusiyada yaşayır və uzun müddətdir ki, vətənə gəlməmişdir. Bütün bu müddətlər ərzində onunla yalnız telefonla əlaqə saxlamışlar. Anasının vəfatında belə gəlməmişdir. Valideyinlərdən miras qalmış əmlakda son olaraq, qardaşı mərhum X15 yaşamışdır. O, da 2022-ci ildə vəfat etmişdir. Onun ailəsi isə hələ qardaşının sağlığında Türkiyəyə köçmüşdülər. Anasından miras qalmış adı çəkilən əmlak köhnə bir fərdi yaşayış evi olmuşdur. Həmin evi atası hələ sağlığında 1953-cü illərdə tikdirmişdir. Son olaraq həmin evdə yaşayan qardaşı xəstə olduğundan, evə baxa bilməmiş, baxımsızlıqdan yararsız hala gəlmişdir. Onun vəfatından sonra da tam şəkildə bərbad vəziyyətə düşmüşdür. Ata yurdu xarabaya çevrilməsin deyə kənddə yaşayan bacısı ona, həmçinin iddiaçı olan qardaşına, o biri qardaşının uşaqlarına, kimin imkanı varsa evi təmir etmələrini və ata mülkünə sahib durmasını təklif etmişdir. Özünün buna maddi imkanı olmadığından, kim sahib durarsa payını ona güzəşt edəcəyini bildirmişdir. Hər kəs, həmçinin iddiaçı da ata mülkünə (mirasa) sahib durmağı rədd etmiş və onlara lazım olmadığını bildirmişlər. O, buna razılığını vermiş və hər kəs bunu bilmiş və etiraz edən olmamışdır. Yalnız bundan sonra bacısı ilə birlikdə vərəsəliklə bağlı müraciət etmiş və bacısı da payını ona bağışlamışdır. X3 miras qalan Xaçmaz şəhəri, Nəsimi küç, ev 15 ünvanında yerləşən fərdi yaşayış evini və 0.02813 hektar torpaq sahəsini qəbul etmiş və mirasın tərkibinə daxil olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və 0.02813 hektar torpaq sahəsindən ona çatası 2/3 hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmiş, digər 1/3 hissə açıq saxlanılmışdır. Vərəsəlik şəhadətnaməsi əsasında ona 27 dekabr 2023-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Çıxarışı aldıqdan sonra çıxarışda səhvə yol verildiyini görmüşdür. Belə ki, həmin çıxarışda onun payının tam olaraq göstərilmişdir. Bundan sonra o, DƏDKR və Reyestri publik hüquqi şəxsə ərizə ilə müraciət edərək adına verilmiş çıxarışda səhvə yol verildiyin və çıxarşın ləğv edilərək yeni sözü gedən əmlaka 2/3 payına dair çıxarışın verilməsini tələb etmişdir. xx.xx.2024-cü il tarixdə ********* qeydiyyat nömrəsi ilə yeni çıxarış verilmiş, miras əmlaka 2/3 pay hüququ tanınmış, digər 1/3 hissə açıq saxlanılmışdır. Məhkəmə qətnamə qəbul edilənədək mübahisə predmeti olan çıxarış ləğv edilmişdir. Yenidən həmin çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılması absurddur. Adına vərəsəlik şəhadətnaməsi və çıxarış alandan sonra, onsuzda yarı dağılmış şəkildə olan evi sökdürüb, həyəti təmizlətdirmiş və yerində yeni ev tikməyə başlamışdır. Bundan bir neçə ay əvvəl iddiaçı vətənə gəlmiş və köhnə yararsız evin yerində yeni ev tikilməyə başladığını görəndə, iştahası artmış, nəfsi ona iki il bundan əvvəl ona ev lazım deyil, sökülmüş evin bərpa etmək fikrində olmadığı deməsini unutmuşdur. İddianı məhkəməyə verəndən sonra da geri Rusiya Federasiyasına qayıtmışdır. Analarından qalmış miras kütləsi və onun vəziyyəti barədə hər bir qanun üzrə vərəsənin məlumatı olmuşdur. Nəinki faktiki qəbul etməyə, hər kəs uzaqdadır deyə rəsmiləşdirməyə gəlməyə belə həvəs göstərməmişlər. Əksinə yararsız vəziyyətdə olan köhnə daxmanın onlara lazım olmadığını söyləmişlər. Faktiki olaraq, etiraz etmədiklərindən, miras əmlakı qəbul etməyinə və rəsmiləşdirməyə razılıqlarını bildirmişlər. Göründüyü kimi hazırda mübahisələndirilən vərəsəlik şəhadətnaməsini gizlin deyil, bütün vərəsələrin məlumatı olmaqla, aşkar şəkildə əldə edilmişdir və buna heç bir vərəsənin etirazı olmamışdır. Əgər belə bir etiraz və ya miras əmlakdan pay tələbi olmuş olsaydı, bu anasının vəfat etdiyi 2007-ci ildən sonra ötmüş 17 il müddətində edilərdi.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında cavabdeh Hüseynov Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, mübahisəli fərdi yaşayış evini sökdürmüş, orada ev tikdirmək istəyir. Həmin sahə hazırda boşdur, videogörüntülər var. Miras əmlakdan 2/3 pay ona məxsusdur, bacısı payından onun xeyrinə imtina edib. Həmin evdə qardaşı Firudin yaşayıb, xəstə olanda ona baxmış, öləndə o, dəfn etdirmişdir. Ərəstunla telefon əlaqəsi saxlamış, qardaşına evin qəzalı vəziyyətdə olduğunu, onu sökərək yerində yeni ev tikmək istədiyini bildirmiş, iddiaçı isə öz razılığını ifadə etmişdir. Ev söküləndən sonra isə iddia qaldırıb, iddia qaldırmasının səbəbi məlum deyil. İddiaçı həmin evdə yaşamır, 40 ildir Rusiya Federasiyasında yaşayır, ailəsi isə İzmayılovka qəsəbəsində yaşayır. Həmin evdə qardaşı, anası yaşamış, həmin evəd gedib-gəlmiş, anasına baxmışdır. Anası öldükdən sonra o evdə yaşamış, təmir etdirmiş, kommunal xərcləri ödəmişdir. Qardaşı xəstə olub ona baxmışdır. Xanəhməd atası xəstə olduğu halda çıxıb Türkiyəyə getmişdir. 2007-ci ildən 2022-ci ilədə evdə yaşamasa da gedib-gəlmiş, qardaşına baxmışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X17 bildirdi ki, birinci instansiya məhkəməsinin qərarı ilə razıdır. İddianı əmisi qaldırıb, o, da üçüncü şəxs qismində cəlb olunmuşur. Atası 2022-ci ildə, nənəsi isə 2007-ci ildə ölmüş, 2007-ci ildən 2022-ci ilə qədər atası ilə həmin evdə yaşamışlar. 2007-ci ildə nənəsi öləndə əmisi Ərəstan orada yaşamamışdır. Nənəsi öldükdən sonra əmisi Ərəstan arada İzmayılovkaya ailəsinin yanına gedib-gəlimişdir. Ərəstan həmin evdə onlarla yaşamayıb. Vərəsəlik şəhadətnaməsini mübahisələndirməsə də payını istəyir. Əmisi Ərəstan birinci instansiya məhkəməsində bildirib ki, payını ona verəcək. Ev söküləndə xəbəri olmayıb, əmisi Rusiyadan gələndə öyrənib və onlara deyib. Məhkəmədə iddia qaldırmağa, vəkillə müqavilə bağlamağa imkanı olmadığından onların yerinə əmisi iddia qaldırıb, onu da üçüncü şəxs kimi cəlb edib. Miras əmlakın 3/1-nin onlara verilməsini, həmçinin sökülmüş tikiliyə və əşyalara görə kompensasiya tələb edir. Apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

13. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək hazırda Rusiya Federasiyasında yaşadığını, səhhəti və ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə üçüncü şəxslər Xaçmaz rayon 1 saylı notariat ofisinin və DƏDKR publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasında gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

15. AZ-İİ seriyalı, 344634 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 12 iyun 1975-ci ildə vəfat etmişdir. AZ-İİ seriyalı, 322624 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X24 18 iyun 2007-ci ildə vəfat etmişdir. AZ-İİ seriyalı, 274724 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X21 07 noyabr 2018-ci ildə vəfat etmişdir. AZ-İİ seriyalı, 262254 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 19 mart 2022-ci ildə vəfat etmişdir.

16. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 11 iyul 2023-cü il tarixli, 82 saylı arayışının surətindən müəyyən olunur ki, ünvan 9 ünvanda yaşamış və xx.xx.2007-ci il tarixdə vəfat etmiş X14 nümayəndəlikdə olan məlumata görə aşağıdakı ailə üzvləri vardır: 1. X18, 2. X16, 3. İddiaçı.

17. 25 oktyabr 2023-cü il qeydiyyat tarixli, **********17-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən 0.028130 ha torpaq sahəsinin və onun üzərində olan ümumi sahəsi 53.60 kv/m, yaşayış sahəsi 53.6 kv/m, 4 otaqlı olan fərdi yaşayış evinin hüquqi mülkiyyətçisi X22r.

18. Cavabdeh Xaçmaz rayon 1 saylı Notariat Ofisində təsdiq olunmuş 08 dekabr 2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, ünvan 3 ünvanında yaşamış, 2007 ildə vəfat etmiş X3 miras qalan Xaçmaz şəhəri, Nəsimi küç, ev 15 ünvanında yerləşən fərdi yaşayış evini və 0.02813 hektar torpaq sahəsini qəbul etmiş və mirasın tərkibinə daxil olan Xaçmaz şəhəri, Nəsimi küç, ev 15 ünvanında yerləşən fərdi yaşayış evindən və 0.02813 hektar torpaq sahəsindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir.

19. 08 dekabr 2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən müəyyən olunur ki, X19 18 iyun 2007-ci il tarixdə ölmüş anası X5 ona miras qalmış payını bacısı Cavabdeh bağışlamışdır.

20. Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 14 dekabr 2023-cü il tarixli, reyestrdə 2V-1430 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətindən müəyyən olunur ki, 18 iyun 2007-ci il tarixdə vəfat etmiş X14 vərəsəsi Bakı şəhəri, Naxçıvanski küçəsi, ev 57A, mən.25 ünvanında qeydiyyatda olan Cavabdehdır və o, miras əmlakdan 2/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən 25 oktyabr 2023cü il tarixdə X20 verilmiş **********17-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 53.60 kv/m, yaşayış sahəsi 53.6 kv/m, 4 otaqlı olan fərdi yaşayış evindən və ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən 25 oktyabr 2023-cü il tarixdə X20 verilmiş **********17-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.02813 ha olan torpaq sahəsindən ibarətdir. QEYD: İddiaçı çatan 1/3 hissə pay açıq saxlanılmışdır.

21. 26 iyun 2024-cü il qeydiyyat tarixli, **********17-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən 0.0281 ha torpaq sahəsinin və onun üzərində olan ümumi sahəsi 53.60 kv/m fərdi yaşayış evinin 2/3 hissə üzrə mülkiyyətçisini Cavabdehdır, həmin əmlakın 1/3 hissəsi üzərində isə mülkiyyət hüququ açıq saxlanılmışdır.

22. Xaçmaz rayon X36 rayon Məhkəməsinə ünvalanmış 11 oktyabr 2024-cü il tarixli, 3-16-5/8-549/2024 saylı məktubundan müəyyən olunur ki, X24 ilə Cəbrayılov Bəyəhməd oğlunun birgə nikahlarından doğulmuş övladları barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onların 6 (altı) övladları olması barədə məlumat aşkar olunmuşdur. 1. X21, 2. X18, 3. X23,

4. X16, 5. İddiaçı, 6. X15.

23. X13 tərəfindən 25 noyabr 2024-cü il tarixdə Xaçmaz rayon Məhkəməsinə daxil olmuş teleqramın məzmunundan müəyyən olunur ki, X13 anasından ona miras qalmış payından bacısı Cavabdeh xeyrinə imtina etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiya)

152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1325. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 iyul 2021-ci il tarixli qərarı.

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı.

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

28. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1967/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)- 1967/2024 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.

30. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X24 18 iyun 2007-ci ildə vəfat etmiş və ondan ünvan 5 ünvanında 0.028130 ha torpaq sahəsin və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Cavabdeh 08 dekabr 2023-cü il tarixdə notariat orqanına müraciət edib, anasından miras qalmış əmlakı qəbul etdiyini bildirmişdir. Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 11 iyul 2023-cü il tarixli, 82 saylı arayışında isə X14 vərəsələrinin X18, X16 və İddiaçı ibarət olması qeyd olunduğundan və 08 dekabr 2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən isə X19 anası X5 ona miras qalmış payını bacısı Cavabdeh bağışladığından Xaçmaz rayon Notariat Ofisi tərəfindən Qanun üzrə vərəsəlik hüququ haqqında 14 dekabr 2023-cü il tarixli, reyestrdə 2V-1430 nömrə ilə qeyd edilmiş şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən X9 miras qalmış əmlak üzərində Cavabdeh 2/3 hissədə pay almışdır. Həmçinin, həmin şəhadətnamədə İddiaçı çatan 1/3 hissə payın isə açıq saxlanılması qeyd olunmuşdur.

31. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol verərək nəzərə almamışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında göstərilən hüquqi mövqe həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil edilmişdir. Hərçənd ki, iş materialları ilə iddiaçının mirası faktiki olaraq qəbul etməsi, o cümlədən miras açıldığı zaman qüvvədə olan mülki qanunvericiliyin normalarına əsasən qanunla müəyyən edilmiş müddət ərzində mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməkə qəbul etməsi sübut olunmamaqdadır. Qeyd edilən hal onun tərəfində olan müstəqil tələb sürməyən üçüncü şəxs X6 izahatı ilə də təsdiq olunmaqdadır. Birinci instansiya məhkəməsi isə İddiaçı əsasız olaraq 2022-ci ilə qədər həmin evdə yaşaması qənaətinə gəlməklə, bu halın “Azemis” Elektron məhkəmə informasiya sistemində qeydə alınmış sərhədkeçmə məlumatları ilə öz təsdiqini tapdığını qeyd etmişdir. Sərhədkeçmə məlumatları şəxin məhz Azərbaycan Respublikasına gəldiyi halda miras qalmış əmlakda yaşamasını və ya onu idarə etməsini təsdiq etmir. Hərçənd ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikasındakı faktiki yaşayış yeri ünvan 12 ünvanı olmuş, o Rusiya Federasiyasından gəldikdə həmin evdə ailəsi ilə birlikdə yaşamışdır. Bu fakt onun tərəfində olan müstəqil tələb sürməyən üçüncü şəxs X6 izahatı ilə də təsdiq olunmuşdur. Məhkəmə kollegiyası nəzərə almışdır ki, həm iddiaçı, həm də cavabdeh mirası faktiki olaraq, digər qardaşları müstəqil tələb sürməyən üçüncü şəxs X6 atası olmuş X15 tərəfindən qəbul edildiyini bildirmişlər. X6 isə atasından miras qalmış əmlakı qəbul edib-etməməsi isə hazırkı mübahisənin predmeti olmamaqla yanaşı, bu fakta istinad etməklə, iddiaçı və cavabdehə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirməmiş, yəni mirasın qəbuluna dair mübahisə açmamışdır. Hərçənd ki, məhkəmə kollegyiasının iclasında üçüncü şəxs X17 izahatında bildirmişdir ki, məhkəmədə iddia qaldırmağa, vəkillə müqavilə bağlamağa imkanı olmadığından onların yerinə əmisi iddia qaldırmış və payını ona verəcəyini bildirmişdir.

32. Məhkəmə kollegiyası hesab edir ki, mirası faktiki və ya notariat orqanına ərizə verməkə qəbul etməmiş vərəsənin, yəni hazırkı iş üzrə İddiaçı Xaçmaz rayon Notariat Ofisi tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında 14 dekabr 2023-cü il tarixli şəhadətnamədə miras qalmış əmlakda payının 1/3 hissə ilə müəyyən edilərək payının açıq saxlanılması faktı, yuxarıda istinad olunan Mülki Məcəllənin 1291,1321, 1325-ci maddələrinin tələbinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 iyul 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən, İddiaçı Cavabdeh miras əmlakı qəbul etməsinə dair Qanun üzrə vərəsəlik hüququ haqqında 14 dekabr 2023-cü il tarixli şəhadətnaməni və onun əsasında verilmiş mülkiyyət hüququna dair qeydi mübahisələndirmək üçün subyektiv hüquq verməməkdədir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşə baxan birinci instansiya məhkəməsi isə iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olubolmamasını müəyyən etmədən işə baxmış və düzgün olmayan nəticəyə gəlmişdir.

32. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılmayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1967/2024 nömrəli qətnaməsi ləğv edlməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1967/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar