Məhkəmə qərarları › İş №2(105)-629/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-629/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-629/2022 27.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 13.08.2021-ci il tarixli, 2(060)-4978/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yazılı icraatda yoxlayıb MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 13.08.2021-ci il tarixli, 2(060)-4978/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elmir Hüseynov) İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, Cavabdeh1 iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13.08.2021-ci il tarixli, 2(060)-4978/2021 saylı qətnaməsindən apellyasiya şikayəti versə də, apellyasiya şikayətinin xahiş etdi hissəsində qətnamənin qəbul edilmə tarixini göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 361.1.3-cü maddəsinə əsasən apellyasiya şikayətində barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı göstərilməlidir. Bundan başqa, Cavabdeh1 qətnaməsindən verdiyi apellyasiya şikayətinə əlavə edilmiş qəbzdən görünür ki, cavabdeh tərəfindən 15 manat dövlət rüsumu ödənilmiş, qəbzdə rüsumun hansı məhkəməyə ödənilməsi qeyd edilmişdir (İ/v-157). Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş həmin məbləğ hazırki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilməsi üçün ödənilməsi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 108.1.7-ci maddəsinə görə apellyasiya şikayəti verildikdə, dövlət rüsumu ödənilir. Həmin qanunun 8.6-cı maddəsində göstərilir ki, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi dövlət rüsumu tutulur. Cavabdeh1 iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13.08.2021-ci il tarixli, 2(060)- 4978/2021 saylı qətnaməsindən apellyasiya şikayəti versə də, apellyasiya şikayətinə birinci instansiya məhkəməsinə müraciət edilərkən müəyyən edilmiş məbləğin 50 faizi miqdarında dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən yuxarıda qeyd edilən hallara əhəmiyyət verməmiş, apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, cavabdehin apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə, apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş göstərilən mülki prosessual pozuntunun aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 13.08.2021-ci il tarixli, 2(060)-4978/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar