Məhkəmə qərarları › İş №2(105)-631/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-631/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-631/2023 27.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə borc tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X3 ibarət tərkibdə məhkəmə iclas katibi X1 İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2022-ciil tarixli, 2(060)-6168/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyasının iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən MMC cavabdehə “X9 A 7” markalı telefon, “Samsung Galaxy A02s” markalı telefon və “X10 2” satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür.

2. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 62 manat iddiaçıya ödəməli idi.

3. 31.08.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdeh alqısatqı qiyməti 1148 manat olan “X9 A 7” markalı telefon, “Samsung Galaxy A02s” markalı telefon və “Elari KidPhone 2” üçün 77 manat ödəniş etmişdir. Cavabdehin 1071 manat borcu qalmışdır.

4. xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktlarına əsasən cavabdeh tərəfindən “X9 A 7” markalı telefon, “Samsung Galaxy A02s” markalı telefon və “Elari KidPhone 2” məhsullarını iddiaçıdan tam qüsursuz halda təhvil alınmışdır.

5. Zəmanət talonundan görünür ki, iddiaçı cavabdehə satdığı məhsullar üçün 1 il zəmanət müddəti müəyyən etmiş və həmin müddət ərzində məhsullarda yaranan istehsalçı qüsurlarının yexniki servis tərəfindən aradan qaldırılmasına zəmanət vermişdir.

6. MMC-nin texniki servisi tərəfindən verilmiş aparılmış işlər barədə xx.xx.2021ci il tarixli arayışlarda “X9 A 7” markalı telefon və “Elari KidPhone 2” markalı saatda qüsur aşkar edilmədiyi göstərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək 1071 manat borcun və 30,71 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli nisiyə alqı-satqı müqaviləsinə əsasən MMC, imei kodu **********24835 “X9 A7” markalı telefon, imei kodu **********36646 “Samsung galaxy A02s” markalı telefon və “Elari KidPhone 2” əşyalanı cavabdehə satmış və nəticədə sonuncunun 1071 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi 77 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.

9. Cavabdehin iddia ərizəsinə qarşı etirazı daxil olmuşdur.

10. Etiraz ərizəsində göstərilir ki, o, xx.xx.2021-ci il tarixində Sumqayıt şəhəri, 2ci mikrorayon, Sülh küçəsi yaxınlığında yerləşən “Kontakt Home" mağazasından “X9 A 7” markalı telefon, “Samsung Galaxy A02s” markalı telefon və “Elari KidPhone 2” mallarını kreditlə almışdır. Nəticədə onun mağazaya 1071 manat borcu yaranmışdır. “Elari KidPhone 2” adlı malın istifadəsində nasazlıqlar yaranmış, “X9 A7” markalı telefonda bir neçə gün qızmalar müşahidə olunmuş, xx.xx.2021-ci tarixində isə telefon istifadə zamanı tamamilə sönmüşdür. Batareya problemi olduğunu düşünüb telefonu şarja taxsa da, telefon açılmamışdır. Bir neçə gün sonra hər iki malla mağazaya yaxınlaşmışdır. Ona bildirilmişdir ki, texniki servis mərkəzinə yaxınlaşsın və şikayəti varsa, qaynar xəttə bildirsin. Mayın 19-u qızı ilə birgə texniki servisə yaxınlaşsa da, orada qalmaqallı hadisələr yaşandığı və qızı qorxduğu üçün məhsulları yoxlatmadan çıxmış və yenidən mağazaya yaxınlaşaraq direktorun qəbulunda olmuşdur. Direktorun göstərişi ilə işçilərdən biri hər iki malı yoxlamaq məqsədi ilə aparmış, qayıdanda bildirmişdir ki, mal qüsurludur, texniki servisə göstərilməlidir. O, məhsulları mağazada qoyaraq çıxmışdır. Bundan 2 gün sonra o, baş ofisə getmiş, onu hüquqşünasın yanına göndərmişlər. Dəfələrlə hüquqşünasın qəbulunda olub, qaynar xətlə əlaqə saxlasa da, onun müraciətinə etinasız yanaşmışlar. Daha sonra ödənişini etdiyi “Samsung Galaxy A02s” markalı telefonun istifadəsinə məhdudiyyət qoyulmuşdur. Halbuki o, telefonun aylıq ödənişini edirdi. Mağazaya yaxınlaşaraq həmin telefonu da mağazaya təhvil vermişdir. Ona direktor və hüquqşünaslıq tərəfindən bildirilmişdir ki, ya ödəniş etməlidir, ya da məhsulları texniki servisdə yoxladıb ikinci əl mağazaya təhvil verməlidir ki, qiymətləndirmə olacaq. Texniki servisə yaxınlaşanda ona bildirmişlər ki, hər iki mal işləyir, amma bununla bağlı ona heç bir sübut təqdim etməmişlər. Ona ödəniş edə bilməməsi ilə bağlı sənəd imzalatmışlar. Servisdə bildirmişdir ki, ödəniş etməməyinə səbəb maddi sıxıntı yox, malların qüsurlu olmasıdır. Ancaq texniki servis işçiləri bildirmişlər ki, o, sənədi imzalamalıdır, çünki məsələnin başqa həll yolu yoxdur. Daha sonra sənədlərlə və mallarla birgə ikinci əl mağazaya yaxınlaşmış, ona bildirilmişdir ki, mallar işləyir. “Samsung Galaxy A02s” markalı 290 manatlıq telefon 144 manata, “X9 A7” markalı 450 manatlıq telefon 240 manata, “Elari KidPhone 2” markalı 100 manatlıq saat 32 manat qiymətləndirilmiş və toplam məbləği ödəməli olduğu bildirilmiş, bununla razılaşmamışdır. Hüquqşünas qəbulunda olarkən ona bildirilmişdir ki, digər şöbələrdən üzrxahlıq edib 350 manat ödəsin və məsələ bağlansın, buna etiraz edib otaqdan çıxmışdır.

11. Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2022-ciil tarixli, 2(060)-6168/2022 nömrəli qətnaməsi ilə (hakim E.Abdullayev) iddia təmin edilərək xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1071 (min yetmiş bir) manat ödənilməmiş hissə və 30 (otuz) manat 71 (yetmiş bir) qəpik dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mülki Məcəllədə göstərilmişdir ki, əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyriərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər (623.1.). Göründüyü kimi cavabdeh iddiaçıdan məhsulları xx.xx.2021-ci ildə almış, malların qaytarılması üçün isə özünün də bildirdiyi kimi xx.xx.2021-ci il tarixində iddiaçıya müraciət etmişdir. Bununla da o, məhsulların dəyişidirilməsi və ya qaytarılması üçün qanunla müəyyən edilmiş müddət ötürmüşdür. Qanunun qeyd edilən müddəalarından göründüyü kimi satılmış məhsulda olan qüsurların aradan qaldırılması mümkün olmadıqda satıcı malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. Hazırkı işdən görünür ki, cavabdeh aldığı malların təmir edilməsi ilə razılaşmamış və onları iddiaçıya məxsus mağazada qoyaraq getmişdir.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 445.2.1, 427, 567, 600.1, 600.2, 624.1, 624.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 284-1, 284-5, 284-5.1, 284-5.2, 284-5.3 və 284-6.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir.

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(060)-6168/2022 nömrəli qətnaməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. MPM-in 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

17. Kollegiya apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, tərəflərə bu barədə məlumat verməklə işə məhkəmə iclasında baxılması məqsədə müvafiq hesab etmişdir.

18. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Sumqayıt şəhərində yerləşən “Kontakt Home" mağazasından nisyə qaydada 3 ədəd əşya almışdır. Nəticədə onun mağazaya 1071 manat borcu yaranmışdır. Aldığı mallardan “Elari KidPhone 2” adlı malın istifadəsində nasazlıqlar yaranmış, “X9 A7” markalı telefonda bir neçə gün qızmalar müşahidə olunmuş, sonra isə tamamilə sönmüşdür. Batareya problemi olduğunu düşünüb telefonu şarja taxsa da, telefon açılmamışdır. Bir neçə gün sonra hər iki malla mağazaya yaxınlaşmışdır. Ona bildirilmişdir ki, texniki servis mərkəzinə yaxınlaşsın və şikayəti varsa, qaynar xəttə bildirsin. Mayın 19u qızı ilə birgə texniki servisə yaxınlaşsa da, orada qalmaqallı hadisələr yaşandığı və qızı qorxduğu üçün məhsulları yoxlatmadan çıxmış və yenidən mağazaya yaxınlaşaraq direktorun qəbulunda olmuşdur. O, məhsulları mağazada qoyaraq çıxmışdır. Texniki servisə yaxınlaşanda ona bildirmişlər ki, hər iki mal işləyir, amma bununla bağlı ona heç bir sübut təqdim etməmişlər. Ona ödəniş edə bilməməsi ilə bağlı sənəd imzalatmışlar. Servisdə bildirmişdir ki, ödəniş etməməyinə səbəb maddi sıxıntı yox, malların qüsurlu olmasıdır. Hesab edir ki, birinci instansiya məhkəməsi işi tam və obyektiv araşdırmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

19. Məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli nisiyə alqı-satqı müqaviləsinə əsasən 3 ədəd əşya cavabdehə satmış və nəticədə sonuncunun 1071 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi 77 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Hazırda həmin əşyalar tam işlək vəziyyətdədir. Lakin cavabdeh öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Hesab edir ki, apellyasiya şikayətinin dəlilləri tam əsassızdır, ona görə də şikayətin təmin olunmamasını xahiş edir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllədə göstərilmişdir ki, əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcıilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər (623.1.). Mülki Məcəllədə həmçinin qeyd olunur ki, alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; alış qiyməti mütənasib surətdə azaldılsın; malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin (624.1.). Malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər (624.3.).

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 394-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3-cü maddəsinə görə apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4-cü maddəsinə görə iş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayəti qətnamənin tam ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(060)-6168/2022 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Belə ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin mövcud olması işin mübahisəsiz halıdır (cavabdeh də həmin halı etiraf etmişdir). Mübahisəli məsələ cavabdehin iddiaçıya olan borcun məbləğidir

26. İddiaçı tələbinin faktiki əsasını onunla əsaslandırır ki, xx.xx.2021-ci il tarixli nisiyə alqı-satqı müqavilələrinə əsasən MMC, imei kodu **********24835 “X9 A7” markalı telefon, imei kodu **********36646 “Samsung galaxy A02s” markalı telefon və “Elari KidPhone 2” əşyaları tam və qüsursuz şəkildə cavabdehə satmış və cavabdeh də təhvil almışdır. Lakin sonuncu cəmi borcundan 77 manat ödəniş etsə də, sonda 1071 manat borcu qalmışdır.

27. Cavabdeh isə iddiaya etiraz edərək göstərilən tarixdə qeyd olunan məhsulları cavabdehdən nisyə aldığını və mağazaya 1071 manat borcunun olduğunu bildirsə də, malın nasaz və qüsurlu olduğunu bəyan edir.

28. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarını araşdırmaqla məhsulların qüsurlu və ya nasaz olmasını sübut edilməsi vəzifəsini cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh isə bu hallarla bağlı hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.

29. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

30. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

31. Belə ki, zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir.

32. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

33. Əşyaların nisyə satışı, satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər (mülki Məcəllənin 600-cü maddəsi).

34. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə nisiyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən MMC imei kodu **********24835 “X9 A7” markalı telefon, imei kodu **********36646 “Samsung galaxy A02s” markalı telefon və “Elari KidPhone 2” əşyaları nisyə qaydada cavabdehə satmış və sonuncu da müqavilə şərtləri daxilində borcunu iddiaçıya ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh keçən müddət ərzində qeyd edilən pulu iddiaçıya qaytarmamışdır

35. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh mülki qanunvericiliyin istinad edilən normalarını, habelə aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsinin şərtlərini pozmuş və bu səbəbdən iddiaçının yaranmış borcu tələb etmək hüququ yaranmışdır.

36. Apellyasiya şikayətinin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin yalnız iddiaçının təqdim etdiyi və heç bir hüquqi əsası olmayan sübutlara qiymət verməklə qanunsuz qətnamə çıxarmasını bildirsə də, öz etirazının hüquqi əsası kimi heç bir mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir.

37. Beləliklə də qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

38. Kollegiya belə qənaətə gəlir ki, iddia tələbi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci, 394-1.3, 372-376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2022-ciil tarixli, 2(060)-6168/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar