Məhkəmə qərarları › İş №2(105)-633/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-633/2025

25.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-633/2025 25.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-1565/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-1565/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir (hakim Rahim Həsənov). Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X7 İdarəsinin (RQİİ-nin) Quba Xidmət Sahəsinin (XS-nin) əməkdaşları tərəfindən tərtib edilən 6 yanvar 2023-cü il tarixli, ******* saylı AKT əsasında hesablanmış 4147,20 manat borcun onun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşları 06 yanvar 2023-cü il tarixdə yaşadığı Quba rayonu, Zərdabi qəsəbəsindəki fərdi yaşayış evinə gələn qaz xəttinə baxış keçirmiş, yoxlama aparmış və nəticədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib etmişlər. Aktda “Abonent sayğacdankənar təbii qazdan qeyri-qanuni istifadə edir” qeydi yazılmışdır. Həmin akt əsasında onun abonent kodu üzərinə 4147,20 manat borc hesablanmışdır. Eyni zamanda aktda qeyd olunur ki, ona məxsus evdə ZENNER G; SMART tipli qaz sayğacından istifadə olunur. Həmin qaz sayğacı 2021-ci ilin avqust ayında quraşdırılmış və hal-hazıradək işlək vəziyyətdədir. Aktda qeyd edilənin əksinə olaraq o, kənar xətdən istifadə etmir, sayğacı vardır. Bundan əlavə, iddia ərizəsinə əlavə etdiyi abonent saldosunda işlətdiyi təbii qazın sərfi və sərfin məbləği göstərilmişdir. 2021-ci ilin beş ayı ərzində 210,20 manat, 2022-ci il (tam bir il) ərzində isə 441,20 manat dəyərində təbii qazdan istifadə etmişdir. Amma 06 yanvar 2023-cü il tarixli ******* saylı aktda bir il üçün sərfiyyatın miqdarı 34560 kub.m, sərfiyyatın dəyəri isə 4147,20 manat götürülmüşdür. Hesablanmış məbləğlə faktiki istifadə etdiyi qazın dəyəri arasında 10 dəfə fərq vardır. Odur ki, onun abonent koduna əsassız olaraq hesablanmış 4147,20 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş edir. İş üzrə yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)- 1565/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir... Cavabdeh İB guya onun tərəfindən qaz xəttinə qanunsuz qoşulma olduğunu bildirsə də, lakin məhkəməyə bunu təsdiq edən sübutlar və onun təqsirli olması barədə müvafiq orqanın qərarını təqdim etməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir ki, bu da məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilməsinə baxmayaraq onlar (onları təmsil edən nümayəndələr) məhkəmə iclasına gəlməmişdir. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, MPM-in 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdırıb, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-1565/2023 nömrəli qətnaməsi qismən ləğv edilməli və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İş materiallarında olan 6 yanvar 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, abonentin (İddiaçı) Quba rayonu Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən qaz xəttinə sayğacdan kənar qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə olunduğu aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü il üzrə 4163,64 manat məbləğində borcu vardır. Bundan 4147,20 manat məbləği akt əsasında hesablanmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə iclasında iş materiallarına əlavə edilmiş DVD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə İddiaçı Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman qaz xəttinə sayğacdan kənar qoşulma yolu ilə təbii qazdan qeyriqanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 31 yanvar 2023-cü il tarixli təlabnamənin surətindən görünür ki, İddiaçı abonent olduğu Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evinə 06 yanvar 2023-cü il tarixli ******* saylı akt əsasında cəmi 34560 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan **********00690 saylı Abonent saldosundan məlum olur ki, Quba rayonu, Zərdabi qəsəbəsi üzrə İddiaçı adına olan həmin abonent saldosuna akta əsasən itirilmiş qazın bərpası üçün 34560 m3 həcmdə qaz sərfiyyatı, buna uyğun olaraq 4147, 20 manat məbləğdə borc hesablanmışdır. Cavabdeh iddia tələbinə etiraz ərizəsində bildirmişdir ki, Quba rayonunun Zərdabi qəsəbəsində yaşayan İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt üzrə onun abonent hesabına əsassız yazılmış 4147.20 manat borc pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, abonentin qaz xətlərinə, qaz sayğacına və qaz işlədici cihazlarına 06 yanvar 2023-cü il tarixdə Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin və Quba xidmət sahəsinin satış xidmətinin işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış Zenner-SMART tipli, G-4 markalı **********837 nömrəli sayğacdan əvvəl maskirovkalanmış vəziyyətdə xəttə qoşulmuş rezin boru vasitəsi ilə evinə qaz xətti aparıldığı və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar olunmuşdur. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır (disk etiraza əlavə edilir). İddiaçı fərdi yaşayış evində sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-ci il tarixli ******* saylı akt tərtib edilmiş, abonentin qaz sayğacının keçiricilik qabiliyyətinə uyğun olaraq İddiaçı üçün 34560 m3 və ya hər kubmetr qaz üçün 12 qəpik hesabı ilə 4147.20 manat itirilmiş qazın ziyanı hesablanaraq bazadakı koduna işlənilmişdir. İddiaçı akt tərtib olunan vaxt sayğacdan kənar, qanunsuz yolla təbii qazdan istifadə etdiyini etiraf etsə də, lakin akta imza etməkdən imtina etmişdir. Həmin vaxt İddiaçı iddia ərizəsində də sayğacdan kənar qaz xətti vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etməsini etiraf etmiş, lakin itirilmiş qazın bərpası üçün onun koduna hesablanmış qazın həcmindən və məbləğindən narazı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin hesablanmasına dair Təlimat”ın 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, qaz xətlərinin etibarlılığının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanmalıdır. İddiaçının evinin qaz xəttində quraşdırılmış qaz sayğacı G-4 tipli olduğu üçün onun nominal qaz sərfi 4 m3, orta günlük işləmə rejimi 24 saat və hesabat müddəti 360 gün (12 aydan çox olmayan müddət) qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Təlimata uyğun olaraq 4m3 x 24 saat x 360 gün = 34560 m3 itirilmiş qaz həcmi hesablanmışdır ki, bu da hər m3 üçün 12 qəpikdən 4147,20 manat təşkil edir. Göründüyü kimi, İddiaçı üçün sayğacdan kənar xətlə qanunsuz təbii qazdan istifadəyə görə ziyan Təlimata tam uyğun hesablanmışdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə gəldiyi nəticəni belə ifadə etmişdir ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunmuşdur ki, İddiaçı Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna 4147,20 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. İddiaçı onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməməsini, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməməsini qeyd etsə də, DVD diskə baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edildiyi müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tamamilə əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2022-ci il mayın 1-dən qüvvəyə minmiş 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahıyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir... Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qaydaların 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Qaydaların 6.6-cı bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə kollegiyası işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, 06 yanvar 2023-cü il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar olunmuş İddiaçı qaz xəttinə sayğacdan kənar qoşulma yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsi faktı hazırkı işin təkzibolunmaz halıdır. Həmin faktla bağlı tərtib edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı akt və digər materiallar “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin tələbinə uyğun olaraq Energetika Nazirliyinin Enerji X1 Xaçmaz filialına göndərilmiş, adı çəkilən qurum tərəfindən İddiaçı barəsində İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2023-cü il tarixli, MN-0358266 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Enerji X1 Xaçmaz filialının rəisi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərara əsasən İddiaçı İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinsə də, lakin bu Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə müddəti keçdiyinə (ötürüldüyünə) görə onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, İddiaçı qazın talanmasında təqsirli olması müvafiq orqanın qərarı ilə müəyyən edildiyindən Cavabdeh İB ondan vurulmuş zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Lakin Cavabdeh İB tərəfindən dəymiş zərərin hesablanması “Qazdan istifadə Qaydaları”nın 6.5-1 və 6.5-3-cü bəndlərinin tələblərinə uyğun aparılmamışdır. Xüsusən də, qanunsuz qoşulma halında qazdan gündəlik istifadə vaxtı məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı götürülməli olduğu halda Cavabdeh İB həmin vaxtı 24 saatdan götürmüş, nəticədə dəymiş zərər ikiqat həcmdə hesablanmışdır. İstinad edilən normalara uyğun qaydada hesablandığı təqdirdə zərərin miqdarı 4147,20 manat deyil, onun yarısı qədər, yəni 2073,60 manat təşkil edir. Birinci instansiya məhkəməsi isə zərərin miqdarını cavabdehin hesabladığı 4147,20 manat məbləğində qəbul edərək həmin məbləğin abonent kodundan silinməsi barədə iddianı tamamilə rədd etmişdir. Halbuki, qeyd edilən məbləğin yarısı (2073,60 manatı) qanunsuz hesablanmış qaz sərfiyyatının dəyərini təşkil edir və bu məbləğ abonent borcundan silinməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməməsi nəticəsində iddia tələbi əsassız olaraq tamamilə rədd edilmişdir. Maddi hüquq norması düzgün tətbiq edildiyi halda isə iddia tələbi qismən təmin edilməli, iddiaçının abonent koduna talanmış qaza görə hesablanan borcun yarısının (2073,60 manat məbləğin) silinməsi və qalan yarısına (2073,60 manat məbləğə) aid hissədə iddianın təmin edilməməsi qət edilməli idi. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının (və ya prosessual hüquq normalarının) pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, istehlakçı tərəfindən qaz xəttinə sayğacdan kənar qoşulma halında qanunsuz istifadə olunmuş (talanmış) qazın dəyərinin bərpası üçün qanunvericiliyə əsasən müəyyən olunmuş hesablama qaydası qazpaylayıcıya dəyən zərərin ödətdirilməsi ilə yanaşı, həm də tənbeh (cərimə) xarakteri daşıyır, yəni istehlakçıları qayda pozuntularından, xüsusən də talamadan çəkindirən təsir tədbiri kimi çıxış edir. Bu baxımdan qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpası qaydasında hesablanan qaz sərfiyyatının və zərər məbləğinin yüksək olması, bu zaman normativ hesablama aparılmaqla qanunsuz istifadə müddətinin 1 il, qaz işlədicilərinin iş rejiminin isə gün ərzində 12 saat götürülməsi təbiidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qismən ləğv edilməli və həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməli, Quba rayonu Zərdabi qəsəbəsində yaşayan İddiaçı adına olan təbii qaz abonenti koduna (**********00690 nömrəli) xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında itirilmiş qazın bərpası üçün hesablanmış borc məbləğinin 2073,60 manatının silinməsi qət edilməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 402.1-ci maddəsinə müvafiq olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-1565/2023 nömrəli qətnaməsi qismən, yəni təmin edilməmiş iddia məbləğinin yarısı hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilsin: Quba rayonu, Zərdabi qəsəbəsində yaşayan İddiaçı adına olan **********00690 nömrəli abonent koduna Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında itirilmiş qazın bərpası üçün hesablanmış borcun 2073,60 manat (iki min yetmiş üç manat 60 qəpik) məbləği silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Hazırkı qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar