Məhkəmə qərarları › İş №2(105)-634/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-634/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-634/2023 28.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-ninnümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Qubadlı Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli e-2(028)-482/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a)Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MMC məhkəməyə müraciət edərək, Cavabdeh ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (Nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 324 manat əsas borc, 48,6 manat cərimə, ümumilikdə 372,6 manat borc və 30 manat ödənilmiş dövlət rüsümunun "xxxx" MMC-in xeyrinə tutulmasına dair qətnamə çıxarılmasına xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən Cavabdeh aldığı “Canon” markalı printerə görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 33 manat olmaqla cəmi 389,9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2021-ci il tarixində 33 manat ödəniş etdikdən sonra heç bir ödəniş etməmiş və qalıq qalmış 324 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nisyə alğı-satq müqaviləsinin şərtlərinə əsasən gecikdirilən aylıg borc məbləğinə hər gün üçün bir faiz cərimə ödənilməlidir. Cərimə faizləri əşyanın dəyərini qaytarmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Bununla da xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci tarixədək qalıq qalmış borc məbləğinə gündəlik bir faizlə hesablanmış cərimə məbləği 486 manat təşkil edir.Həmin cərimə məbləğinin 90 % qüzəşt edilmiş və cavabdeh cəmi 48,6 manat cəriməni iddiaçıya ödəməlidir. Nəticədə cavabdehin Cəmiyyətə xx.xx.2022-ci il tarixədək 324 manat əsas, 48,6 manat cərimə borcu olmaqla cəmi 372.6 manat borcu yaranmışdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək tələbə etiraz etmiş, Qubadlı Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qərardadına əsasən sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilmişdir. Qubadlı Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli e-2(028)-482/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (Nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 324 manat əsas borc, 48,6 manat cərimə, ümumilikdə 372,6 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir (hakim Vladimir Ruvinov). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn “Canon Pixma TS6340 (İRK76131) printeri cavabdehə vermiş və cavabdeh aldığı printerindən şikayətçi deyil. Cavabdeh kartriclərin birdəfəlik istifadə üçün nəzərdə tutulduğundan narazıdır. Lakin cavabdeh alğı-satqı müqaviləsini bağlayaraq “Canon Pixma TS6340 (İRK76131) printerin texniki şərtləri ilə tanış olmalı idi. Belə olan halda məhkəmə cavabdehin əşya qüsurlu olduğundan müqavilə üzrə borcun ödənilməsindən yayınmasını tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun hesab etmir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 445.2.1, 448-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli e-2(028)-482/2022 saylı qətnaməsinin ləğv edilməsi,iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(028)-482/2022 saylı qətnaməsi əsassızdır və işə baxılarkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulduğundan ləğv edilməlidir. Belə ki, "xxxx" MMC-dən ********* saylı xx.xx.2021-ci il tarixli (nisyə) alğı-satqı müqaviləsinə əsasən qızının işlədiyi məktəbdə istifadə etmək məqsədi ilə iddiaçıdan 1 ədəd “Canon” printer aparatı almış, mağazada printer aparatı məktəbdə istifadə edəcəyini bildirərək printer aparatının katriclərin doldurulmasının ucuz başa gələni, katriclərin doldurulmasının mütləqliyini bildirərək satıcının məsləhətinə uyğun olaraq ona “Canon” printer aparatın olduqca sərfəli olduğu və katriclərinin doldurulmasının ucuz başa gəldiyini bildirilmiş, 12 aylıq ayda 33 manat olmaqla printer götürmüşdür. 2 ay ərzində 66 manat ödəniş etmişdir. On gün işlədikdən sonra printer aparatının rəngi qurtardıqdan sonra katricin doldurulması üçün bir neçə servisə müraciət etsə də onlar həmin katricin doldurulmasının mümkünsüz olduğunu bildirmişlər. Katriclərin birdəfəlik istifadə üçün nəzərdə tutulduğunu, printerin 5 katricinin bir ədədi 75 manat ümumilikdə bir dəfə üçün printer aparatının qiyməti 390 manat olduğu halda bir dəfə katriclərin dəyişdirilməsi 375 manata başa gəldiyi və əvvəlki kimi iş keyfiyyətinin olmayacağı məlum oldu. Ona görə dəistehlakçı kimi hüquqlarının "xxxx" MMC tərəfindən pozulduğunu bilib bununla əlaqədar olaraq həmin şirkətə dəfələrlə müraciətlər etmiş, sonra isə xx.xx.2021-ci il tarixdə printeri rəsmi sənəd əsasında geri qaytararaq ödədiyi pulu tələb etmişdir. Aldığı printeri geri qaytarmaqda məqsədi ondan ibarət olmuşdur ki, satış zamanı printerin iş keyfiyyətləri və texniki xüsusiyyətləri iddiaçısatıcı tərəfindən ona düzgün izah edilməyərək onun istehlakçı kimi hüquqlarını pozmuşlar. Bununla əlaqədar olaraq o, müxtəlif qurumlara və şirkətə rəsmi ərizələrlə müraciət etmişdir. İddiaçı tərəfindən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində nəzərdə tutulan hüquqları pozulmuşdur. Belə ki, həmin maddəyə əsasən malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyim satıcı tərəfindən ona izah edilməmişdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən istehlakı satıcıdan (istehsalçıdan,icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Odur ki, bu printerləri alarkən satıcı tərəfindən aldadılaraq onun texniki xüsusiyyətləri izah edilməmişdir. Malı aldıqdan sonra ona məlum olmuşdur ki, bu printer istədiyi texniki xüsusiyyətlərə malik deyildir. Bununla əlaqədar olaraq istehlakçı kimi pozulmuş hüquqlarıı bərpa etmək məqsədi ilə mağazaya müraciət etmiş və qarşı tərəfin təklifi ilə həmin printer rəsmi sənəd əsasında təhvil verilmişdir. Lakin məhkəmə tərəfindən işə baxılarkən bu hala araşdırılaraq düzgün hüquqi qiymət verilməmişdir. Prionteri qaytardığından həmin printerin dəyərinin ondan tutuılması qanuna uyğun deyildir. Qanunun 6.3-cü maddəsinə əsasən istehlakçı satıcı (istehsalçı, icraçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, AR-nın MM-i ilə müəyyən edilmiş müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz ərizəsi verilməmişdir. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçıdan müəllim işləyən qızı üçün printer alıb. Printer 2000-dən yuxarı şagird heyəti olan məktəb üçün nəzərdə tutulmuşdu. Mağazada işləyən şəxslərin tövsiyyəsi ilə printeri alıb. Ayda 33 manat ödənişdən 2 ay pul ödəyib. 10-15 gün istifadədən sonra printerin mürəkkəbi bitdi, doldurmaq üçün müraciət edəndə ona bildirildi ki, bu katriclər sadəcə bir dəfəlik istifadə üçün nəzərdə tutulub və təkrar doldurulması mümkün deyil. Bu səbəbdən malı gətirib aldığı mağazaya təhvil verib. Mağaza qarşısında öhdəliyi yoxdur. Malı təhvil verib, hələ 66 manat da pul ödəyib. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Qubadlı Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli e2(028)-482/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iş materiallarından da görünür ki, printer servisə təqdim olunub. Məhsul nəzərdən keçirilib və heç bir qüsur aşkarlanmayıb. Müştəri katricin doldurulmamasından narazı olub. Amma bildirilir ki, doldurula bilməyən katric yoxdur. Doldurulmasa belə, bu qüsur hesab olunmur. Lazer printerin katrici gec bitsə də rəngli printerlərdə katric daha tez-tez dəyişdirilməlidir. Məhsul 2021-ci ilin dekabr ayından təşkilatın servisindədir. Məhsulu cavabdehə təqdim etməyə etirazı yoxdur. Çünki məhsulun texniki şərtləri var. İş materiallarında mütəxəssislərin verdiyi rəy var. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Qubadlı Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli e2(028)-482/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli e2(028)- 482/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci tarixli müqavilə üzrə 324 manat əsas borc, 486 manat cərimə borcu, cəmi 810 manat borcu vardır.66 manat ödəmişdir. İş materiallarında olan və DiVi Servis Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nəticədən görünür ki, CANON şirkətinin Azərbaycanda səlahiyyətli servis mərkəzi olan “DİVİ service center” (model: Canon Pixma TS6340 seriya nömrəsi AFRN04803 ) diaqnostika üçün sifariş alıb. Aparata xarici baxış və diaqnostika nəticəsi:Printer işə düşür, Windows tərəfindən təyin olunur.Sadəcə kartriclər boş olduğundan çap başlığını və çap mexanizmi yoxlamaq mümkün olmadı. İş materiallarından görünür ki, "xxxx" MMC cavabdehə göndərilmiş xəbərdarlıqda göstərilir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh həmin müqavilədə müəyyən edilmiş əşyanı iddiaçıdan almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında onun dəyərini iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilə əsasında iddiaçıdan müqavilə predmetini almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Məhkəmə kollegiaysı birinci instansiya məhkəməsinin gəldiyi nəticəilə razılaşmayaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, cavabdeh iddiaçı təşkilatdan printer almış, iki ay 33 manat olmaqla 66 manat ödəniş etmiş, 10-15 gün istifadədən sonra printerin mürəkkəbi bitdiyindən doldurmaq üçün müraciət edəndə ona bildirilmişdir ki, bu katriclər sadəcə bir dəfəlik istifadə üçün nəzərdə tutulub və təkrar doldurulması mümkün deyil. Bu səbəbdən malı mağazaya təhvil vermişdir. İddiaçı isə məhsulun qaytarılmasından 7-8 ay sonra məhkəməyə müraciət edərək, məhsulun dəyərini cavabdehdən tələb etmişdir. Məhsulun mağazaya qaytarılması halını iddiaçının nümayəndəsi də məhkəmə iclasıdna təsdiq etmişdir. Belə olan halda cavabdehdən onda olmayan bir məhsulun dəyərinin tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. İşdən göründüyü kimi cavabdeh aldığı printer üçün 2 ay 33 manatdan 66 manat ödəniş etsə də, sonradan printer geri qaytarmışdır və etdiyi ödənişləri geri tələb etməmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd edilən hallara əsasən hesab edir ki, bir halda ki, cavabdeh aldığı printerə görə ümumilikdə 66 manat ödəniş etmiş və ödənişi geri almadan printer işlək vəziyyətdə geri qaytarmış, belə olan halda həmin printerə görə cavabdehdən pul tələb edilməsi əsaslı ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə işn hallarını tam araşdırmamış, aldığı printer geri qaytarmasına baxmayaraq onda olmayan əşyaya görə cavabdehdən həmin əşyanın dəyərini tutulması nəticəsinə gəlməkdə qanunvericilik normalarını pozmuşdur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, hüquq normalarını düzgün tətbiq etməməklə səhv qətnamə çıxarmışdır. Bu da Mülki-Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli e-2(028)-482/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. İddia ərizəsiin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar