Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-639/2024 01.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasın qəbulu müddətinin uzadılması, hüquq barədə mübahisə, iddianın yolverilməzliyi X2 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə məhkəmə iclas katibi X3 Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3, onların nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(060)- 5321/2023 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. AZ-İ № 247442 saylı, xx.xx.2007-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.2007-ci il tarixdə ölmüşdür.
2. İİ-JQ № 274724 saylı, xx.xx.1979-cu il tarixli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 ilə X5 arasında olan nikah Sumqayıt şəhər Qeydiyyat şöbəsində 02 yanvar 1979-cu il tarixdə bağlanmışdır.
3. Vİ-JQ № 336010 saylı, xx.xx.1979-cu il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Sumqayıt şəhərində dogulmuş, ata qrafasında X10, ana qrafasında X11 qeyd edilmişdir.
4. V-JQ № 274435 saylı, xx.xx.1997-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.1997-ci il tarixdə ölmüşdür.
5. İş materiallarında olan Bağ sahəsinin uzun müddətli icarəyə verilməsi üçün 4148 nömrəli, xx.xx.1992-ci il tarixli müqavilənin surətindən görünür ki, Novxanı bağ masivi, 4952a ünvanında yerləşən və sahəsi 0,12 ha olan bağ sahəsi X7 icarəsinə verilmişdir.
6. Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mirasın qəbul edildiyi müddəti buraxdığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən, müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür.
7. Məhkəmədə şahid Maraqlı şəxs2 bildirdi ki, iddiaçı onun qardaşıdır. Ataları dünyasınə dəyişəndən sonra torpaq qardaşına qalmışdır. Hazırda atalarından qalmış torpaq sahəsinin qardaşının adına keçirtmək istəyirlər.
8. Məhkəmədə şahid Maraqlı şəxs3 bildirdi ki, iddiaçı onun qardaşıdır. Atalarına məxsus olan torpaq sahəsinin qardaşının adına keçməsini istəyir. Bu barədə heç bir iddia tələbi də yoxdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras kütləsinə daxil olan və xx.xx.2007-ci ildə vəfat etmiş X6 miras qalan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4952a saylı bağın miras qoyanın qanun üzrə birinci növbə vərəsəsi kimi onun tərəfdən qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun atası X10 xx.xx.2007-ci ildə dünyasını dəyişmişdir. Atasından miras kimi Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4952a ünvanında yerləşən və sahəsi 0,12 ha olan bağ evi miras qalmışdır. X1 xx.xx.1997-ci ildə vəfat etmişdir. Qeyd edilən bağ sahəsi 14 dekabr 1992-ci il tarixdə mərhum atasında Sumqayıt şəhər XDS İK-nin Bağ təsərrüfatı İdarəsi ilə atası arasında bağlanmış icarə müqaviləsinə əsasən atasının icarəsinə verilmiş və həmin icarə müqaviləsinə onun ailə üzvü kimi onun da adı daxil edilmişdir. Atasının vəfatından sonra o, digər qanun üzrə birinci növbə vərəsələrin razılığı əsasında atasından miras qalan bu əmlakı qəbul etməklə bağa baxmış və xx.xx.2012-ci ildə bu torpaq sahəsinə dair ləğv edilmiş DT və XK-dən Torpağın plan və ölçüsünü almışdır. Torpaq sahəsi istifadəsində olduğu üçün onun adına texniki pasport da verilmiş, torpağın bütün vergi və rüsumları onun tərəfindən ödənilmişdir. O, bu sənədlər əsasında qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı AR İN ƏM DX DƏDKR 2 saylı Sumqayıt ərazi idarəsinə müraciət etmiş və ona bildirilmişdir ki, o, mərhumun vərəsəsi kimi müraciət etdikdən sonra bu məsələyə baxıla bilər. Bundan sonra o, Cavabdehnə müraciət etmiş və ona izah olunmuşdur ki, mirasın qəbulu ilə bağlı müddət tərəfindən ötürülmüşdür və bu müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət etməlidir. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
11. Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(060)-5321/2023 nömrəli qətnaməsi ilə (G.Tağızadə) iddia təmin edilmiş, İddiaçı mərhum xx.xx.2007-ci il tarixdə ölmüş X6 miras qalmış Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4952a saylı bağın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi üzrlü hesab edilərək müddətin uzadılması bərpa edilmişdir.
12. Məhkəmə iş materiallarının araşdırılmasına əsasən hesab edib ki, X7 05 aprel 2007-ci ildə vəfat etməsi ilə ona icarə müqaviləsi əsasında məxsus olan Sumqayıt şəhəri, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4952a saylı bağa dair miras açılmışdır. Lakin İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə mirası qəbul etməmiş, nəticədə bunun üçün müəyyən olunmuş müddəti ötürmüşdür. Lakin iddiaçının mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürməsi üzrlü olduğundan məhkəmə bu müddətin uzadılması qənaətinə gəlmişdir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini İnsan Hüquqlarının və X4 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134, 1145, 1146, 1159.1.1, 1243, 1246, 1248.1, 1274, 1291-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 233, 311, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
14. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan maraqlarına toxunan şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1 və Maraqlı şəxs3 apellyasiya şikayəti vermişlər.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamış, tətbiq edilməli olan maddi və prosessual hüquq normaları tətbiq edilməmişdir. Maraqlı şəxs1 iş üzrə maraqlı şəxs olmasına yəni qanun üzrə birinci növbə vərəsə olmasına baxmayaraq, onun adı vərəsələr sırasından çıxarılmış və qətnamədə onunla bağlı heç bir müddəa öz əksini tapmamışdır. Halbuki mülki qanunvericiliyə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. İşə baxan məhkəmə işi dərindən araşdırmamış, Maraqlı şəxs1 birinci növbə vərəsə olmasına baxmayaraq, onun maraqları kənarda qalmış və faktiki olaraq miras əmlakdan məhrum olmuşdur. Birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozaraq, mülki iş üzrə maraqlı şəxslər olan Maraqlı şəxs2 və Maraqlı şəxs3 şahid qismində dindirmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən, şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağırılan şəxsdir. Şahidin işin nəticəsində marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri xidməti asılılıq, qohumluq, dostluq və s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneə deyildir, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir. İddiaçı ilə bacıları Maraqlı şəxs2 və Maraqlı şəxs3 arasında şifahi razılaşma olmuş və həmin razılaşmaya əsasən, xx.xx.2007-ci ildə vəfat etmiş ataları X6 miras qalan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4952a saylı bağın miras qoyanın qanun üzrə birinci növbə vərəsəsi kimi Rəhim Əliyev tərəfdən qəbul edilməsi müddətinin uzadılması barədə məhkəmədə şahid qismində razılıq veridkləri təqdirdə həmin əmlakı satıb onların da payını vermə öhdəliyini üzərinə götürmüşdür. Lakin sonradan İddiaçı şifahi olaraq verdiyi vədə əməl etməyərək, qanun üzrə birinci növbə vərəsə olan Maraqlı şəxs2 və Maraqlı şəxs3 heç bir əmlak verməyəcəyini bildirmişdir. Bu səbəbdən onlar qətnamədən apellyasiya şikayəti vermək qənaətinə gəlmişlər. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 hər biri ayrı-ayrılıqda verdikləri izahatlarında apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, əlavə olaraq bildirdi ki, miras qalmış torpaq sahəsinə dair icarə müqaviləsində Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs1 adları keçir. Hüquqlarını təmsil etdiyi şəxslər miras qalmış torpaq sahəsinin qardaşları olan iddiaçının adına keçirilməsinə ona görə razılıq veriblər ki, iddiaçı torpaq sahəsi adına keçəndən sonra əmlakı satıb onların hər birinin payını versin. Lakin qətnamə qəbul edildikdən sonra iddiaçı bacılarına əmlak verməyəcəyini bildirmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
19. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə iddiaçı və Cavabdeh nümayəndəsi səbəbini bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
20. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;
1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). Maddə 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 1248.1-ci maddəsinin dispozisiya şərtlərinə əsasən bu cür iddianın təmin olunması üçün vərəsə tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ötürülməli və bu gecikdirmə üzürlü səbəbdən baş verməlidir. Bu baxımdan istinad olunan maddənin tətbiqi zamanı məhkəmə miras əmlakın iddiaçı tərəfindən həqiqətən müddəti ötürməklə qəbul edilib-edilmədiyini, müddətin nə qədər ötürüldüyünü və bunun səbəblərinin üzrlü olub-olmadığını müəyyən etməlidir 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26d ekabr 2023-cü il tarixli qərarı.
23. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: ...259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa... Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30- 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Maddə 306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. 384.0.4-cü maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(060)-5321/2023 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə tam və hərtərəfli araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(060)-5321/2023 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.
27. Baxılan iş üzrə iddia tələbi mirasın qəbul edilməsi müddətinin üzrlü sayılaraq uzadılması barədədir.
28. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, ona görə ki, iddiaçının mirasın qəbul müddətinin uzadılması və vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edibetməməsi əsasında hüquqi qiymət verilməlidir.
29. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir.
31. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”.
32. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıdakı hüquqi mövqelərin davamı olaraq, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır ...vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. ...mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur
33. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır.
34. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur.
35. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. ...miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. ...mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir ... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir”.
36. Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
37. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmədə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci maddələri)
38. Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
39. İddia icraatı qaydasında tələb irəli sürmüş iddiaçı öz tələbinin uğurlu olmasını təmin etmək üçün həmin faktın mövcud olduğunu, baş verdiyini sübuta yetirməlidir. Aparılan icraat nəticəsində işin həmin halı müəyyən edildiyi və iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olduğu halda isə bu iddianın məhkəmə tərəfindən təmin olunması üçün əsasdır.
40. Əks yanaşma yuxarıda sadalanan mülki prosessual normalara uyğun olmamaqla, istənilən faktın (işin halının) müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil iddia tələbinin irəli sürülməsinin mümkün olması mənasını verə bilər. Halbuki belə bir yanaşma mülki işlər üzrə məhkəmə icraatının məqsəd və vəzifələrinə ziddir.
41. Məhkəmə kollegiyası MPM-in yuxarıda sadalanan müddəalarına əsasən hesab edir ki, belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir.
42. Baxılan iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd edir ki, hazırki iş üzrə məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması müəyyən edilməmiş, mübahisəsigedən miras əmlaka dair iddiaçı tərəfindən hər hansı hüquq müəyyənedici sənəd təqdim edilməmiş, təqdim olunmuş sənəd ilkin plan və ölçü sənədi olmuşdur.
43. Göstərilənləri ümumiləşdirən kollegiya belə qənaətə gəlir ki, iş üzrə birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma yuxarıda göstərilən hüquqi mövqelərə və qanunvericiliyə uyğun olmadığından, qətnamə ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 384.0.4., 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Qətnamə ilə maraqlarına toxunan şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(060)-5321/2023 nömrəli nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərаrdаddan tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verə bilər.