Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-643/2022 02.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(012)-1877/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia ərizəsinin qismən təmin edilməsi, X1 təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.02.2019-cu il tarixli ******* saylı aktına əsasən Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 799.2 manat pul məbləğində dəymiş ziyan və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 819.20 manat məbləğində pul vəsaitinin X1 xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1877/2021 saylı qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə ərizə vermişdir. Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərardadı ilə müddətin bərpasından imtina edilməsi, Abşeron rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1877/2021 saylı qətnaməsindən iddiaçı X1 verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(012)-1877/2021 saylı qərardadından iddiaçı X2 tərəfindən verilmiş şikayət əsassız hesab edilərək baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi Abşeron Rayon Məhkəməsinin 2(012)-1877/2021 saylı, 02.06.2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmişdir. İddiaçı çıxarılmış həmin qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)- 1877/2021 saylı, 11.08.2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən qeyd olunan qətnamədən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə 11.08.2021-ci il tarixli qərardadı qəbul edərkən mübahisələndirilən qətnamənin iddiaçı tərəfindən 05.07.2021-ci il tarixində rəsmi qaydada aldığına, qətnamədən apellyasiya şikayəti vermə müddətinin 05.08.2021-ci il tarixində qurtarmasına baxmayaraq, həmin qətnamədən verilmiş apellyasiya şikayətinin 06.08.2021-ci il tarixində Azəri Express sürətli poçt daşıma xidmətinə təqdim edilməsinə əsaslanmışdır. Göründüyü kimi, iddiaçı apellyasiya şikayətini çox hesab olunmayan müddətin, yəni 1 (bir) gün ötürülməsi ilə vermişdir. İddiaçı tərəfindən əsaslandırılan müddətin bərpasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etməsinə baxmayaraq, həmin məhkəmənin 20.10.2021-ci il tarixli, 2(012)-1877/2021 saylı qərardadı ilə müddətin bərpasından imtina edilməsi qərara alınmışdır. 20.10.2021-ci il tarixli qərardadı əsassız, hüquqları pozan qərardad kimi qəbul edilir və hesab edilir ki, həmin qərardad ləğv edilməli, mübahisəli qətnamədən verilmiş apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilməlidir. Məhkəmələrdə həm iddiaçı kimi, həm də cavabdeh kimi tərəf olaraq iştirak edilən işlərin çox olması səbəbi ilə (Məhkəmələrə bu hal bəllidir) apellyasiya şikayəti çox hesab olunmayan 1 (bir) gün müddətin ötürülməsi verilmişdir. Digər tərəfdən, mübahisələndirilən qətnamə həm maddi hüquq normalarının, həm də prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən iddiaçı kimi qanunvericiliklə qorunan hüquqların pozulmasına səbəb olmuşdur. Belə olan halda məhkəmə buraxılmış prosessual müddətin bərpasından imtina etmişdir. Hesab edir ki, Abşeron Rayon Məhkəməsi qanunsuz hesab edilən qətnamənin apellyasiya instansiya məhkəməsində mübahisələndirilməsindən çəkinərək apelyasiya şikayəti vermə müddətinin bərpasından imtina etmişdir. Mübahisələndirilən qərardad 04.11.2021-ci il tarixdə məhkəmə qəbzinə qol çəkərək əldə edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini ərizədə qeyd olunan xüsusatların apellyasiya şikayətinin müddətinin ötürülməsinin üzrlü hesab edilməsinə dəlalət verən hallar olmaması, apelyasiya şikayətinin verilməsi üçün üzrlü sayılmasına əsas olan sənədlərin məhkəməyə təqdim olunmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Mülki Prosessual Məcəllənin 133.2. maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərəsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilməsi barədə sübut təqdim etmədiyindən ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli və onunla bağlı 10 noyabr 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-643/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-643/2022
02.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver