Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-643/2023 07.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsinə qarşı, (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə) qarşı mülki iş üzrə (Açar sözlər: qanunsuz hərəkətlərə son qoyulması, maneələrin aradan qaldırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 İddiaçı nümayəndəsi Nümayəndə2 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il il tarixli, 2(012)-3333/2022 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları Müəyən etdi İşin halları
1. RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 80.4 kv.m fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir və Daşınmaz Əmlakın Dövlət Reyestrində 173 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən 31 oktyabr 2022-ci il tarixli, 10/6693 №-li rəydən müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********26 nömrəli mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinin 0,0373 ha hissəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsinin həmin ərazidən keçən yeraltı magistral neft kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir.
3. Ekspert rəyinə əlavə edilmiş görüntü-sxemdən mühafizə zonasına düşən torpaq sahəsində hər hansı tikinti yoxdur, boş torpaq sahəsidir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 10/1549 №-li ekspert rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi plan-cizgi sxeminin hüdudları daxilində yerləşir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsinə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi cavabdehlərə qanunsuz hərəkətlərin qadağan edilməsi tələbinə dair iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyət hüququ üzrə ona məxsus torpaq sahəsində tikinti işləri aparılması ilə bağlı SOCAR-ın Təhlükəsizlik İdarəsi və SOCAR-ın Neft Kəmərləri idarəsinin əsassız müdaxiləsinin qanunsuz hesab edilməsi və belə hərəkətlərin gələcəkdə cavabdehlərə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində üzərində ümumi sahəsi 80.4 kv.metr daşınmaz əmlak olan məqsədli təyinatı yaşayış məntəqələrinin torpaqları kateqoriyasına daxil 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə onun adına qeydiyyatdan keçmişdir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX seriyalı, ******* nömrəli qeydiyyat nömrəsi ********** olan Çıxarış verilmişdir. Bununla yanaşı, ona fərdi yaşayış evinin texniki pasportu da verilmişdir ki, həmin texniki pasportda da torpaq sahəsinin və evin planı öz əksini tapmışdır. Sözügedən texniki pasportdan görünür ki, torpaq sahəsinin ölçüləri 18 metr x 33.3 metr nisbətindədir. Həmin torpaq sahəsini 2014-cü ildə onlardan əvvəlki mülkiyyətçiyə dəyərini ödəyib Azərbaycan Respublikasının qanunlarına uyğun şəkildə notariusda alqı-satqı edərək almış, daha sonra isə onun adına rəsmiləşdirmişlər. Həyat yoldaşı Nümayəndə2 1-ci Qarabağ müharibəsi qazisidir və səhhətinə görə heç yerdə işləmir. Ailələrini dolandırmaq məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsini təyinatına uyğun olaraq texniki pasportunda göstərilən ölçülərdə uzunluğu 33.3 metr, eni 18 metr olan sərhədlərini daş hasara alaraq sərhədləri daxilində təsərrüfat otaqları tikərək təsərrüfatla məşğul olmaq istəyirlər. Lakin, SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları tikinti işləri aparmaqlarına mane olurlar. Belə ki, SOCAR-ın Neft Kəmərləri İdarəsinin sifarişi tapşırığına əsasən SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları səlahiyyətlərindən suiistifadə edərək Azərbaycan Respublikası Konstitusiyasında göstərilən qanunları, İnsan Hüquq və Azadlıqlarını kobud şəkildə pozaraq heç bır qanuni əsas olmadan xüsusi mülkiyyətə müdaxilə edərək X10 Kəməri üçün tətbiq edilən Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 167 №-li Qərarına istinad edərək guya xüsusi mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsinin yaxınlığındakı ərazidən yeraltı keçən və X10 X7-Sumqayıt Kəmərinin 33.3 metrliyində yerləşdiyini və mühafizə zonasına düşdüyünü iddia edərək, tikinti işləri aparmağına mane olurlar. SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşlarına həmin torpaq sahəsinin xüsusi mülkiyyətlə mənə məxsus olduğunu sübut edən Dövlət Əmlak Komitəsinin verdiyi Çıxarışı və texniki pasportu təqdim etsə də, onlar belə sənədi qəbul etmədiklərini və tanımadığını bildirərək tikintiyə mane oldular. Bundan sonra, o Çıxarış və texniki pasport ilə SOCAR-ın Baş İdarəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq SOCAR-ın ona göndərdiyi xx.xx.2021-ci il tarixli məktubda da guya onun torpaq sahəsinin mühafizə zonasına düşdüyünü iddia edərək, tikinti işləri aparmağının qadağan olduğunu bildirdilər. Mehdiabad qəsəbəsi ərazisindən keçən SOCAR-ın 50 metr mühafizə zonası iddia və tələb etdiyi kəmərlərin 20-25 metrliyində 2004-cıı ildən sonra yüzlərlə evlər və obyektlər inşa edilmiş, hətta bəziləri heç bir qanuni hüquqi sənədi olmayan zəbt edilmiş torpaq sahələrində tikilmişdir. Nədənsə SOCAR onlara heç bir müdaxilə etməmişdir, əgər etmiş olsaydı o zaman həmin evlər və obyektlər tikilə bilməzdi. Həmin obyektlərdən biri Binəqədi-Balaxanı yolunda Böyükşor-Sumqayıt Kəmərinin 30-35 metrliyində Çıxarışlı torpaq sahəsində 2021-ci ildə tikilən “Ay Yıldız" obyektidir. Digəri heç bir qanuni hüquqi sənədi olmadan zəbt edilmiş torpaq sahəsində SOCAR-ın 50 metrlik mühafizə zonası tələb etdiyi yüksək təzyiqli yeraltı və yerüstü kəmərlərinin 30-35 metrliyində tikilən “Baxçasaray" otelidir. Nədənsə SOCAR bu obyektlərin tikilməsinə müdaxilə etməmişdir. SOCAR-ın əməkdaşlarının bu hərəkətlərindən sonra Dövlət Əmlak Komitəsinin 4 saylı Ərazi İdarəsinin məlumat şöbəsinə yaxınlaşıb SOCAR-ın qanunsuz hərəkətləri barədə onlara da məlumat vermişdir. Əmlak Komitəsindən ona bildirmişdilər ki, ona məxsus torpaq sahəsi mühafizə zonasına düşmüş olsaydı, o zaman həmin torpaq sahəsinə xüsusi mülkiyyəti bildirən Çıxarış verilməzdi, ona SOCAR-ın qanunsuz hərəkətlərindən məhkəməyə müraciət etməsi bildirilmişdir.
7. Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il il tarixli, 2(012)-3333/2022 nömrəli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia təmin edilərək İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsində tikinti işləri aparılması ilə bağlı SOCAR-ın Təhlükəsizlik İdarəsi və SOCAR-ın Neft Kəmərləri idarəsinin müdaxiləsi qanunsuz hesab edimiş və belə hərəkətlərin cavabdehlərə qadağan olunması, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumuna görə pul, mütəxəssis rəyi alınması üçün ödənilmiş 95 manat məhkəmə xərcinin cavabdehlərdən bərabər qaydada SOCAR-ın Təhlükəsizlik İdarəsindən 97,5 manat və SOCAR-ın Neft Kəmərləri idarəsindən 97,5 manat olmaqla tutulub İddiaçı ödənilməsi, məhkəmə xərci olaraq tikintitexniki ekspertizası üçün 50 manat pulun cavabdehlərdən SOCAR-ın Təhlükəsizlik İdarəsindən 25 manat və SOCAR-ın Neft Kəmərləri idarəsindən 25 manatın tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X3nin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən hesab etmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 80.4 kv.m fərdi yaşayış evi dövlət reyestrindən verilən xx.xx.2017-ci il tarixli Çıxarışla İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsi qaz boru kəmərlərinin və neft boru kəmərinin mühafizə zonasında yerləşdiyindən iddiaçının orada tikinti işləri aparmasına cavabdeh hüquqi şəxslər icazə vermir. Həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına edilən müdaxilənin cavabdehlərə qadağan edilməsi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı mülkiyyət hüququ ilə özünə məxsus torpaq sahəsində təyinatına uyğun olmaqla və qanunvericiliyin tələblərini gözləməklə müvafiq tikinti işləri aparmaq istəyir. Cavabdehlərin qeyd edilən hərəkətləri isə mülkiyyətçinin öz mülkiyyətindən sərbəst istifadə hüququnu məhdudlaşdırır.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəllənin 152.1, 157.4, 157.9-cu maddələri, Torpaq Məcəlləsinin 84.1-ci maddəsi və Mülki Prosessual Məcəllənin 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi apellyasiya şikayəti Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il il tarixli, 2(012)-3333/2022 nömrəli qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyektiv və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqaladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Bu halda məhkəmənin heç bir hüquq normasına istinad etmədən qərar qəbul etməsi qanunsuz və əsassızdır, boş mülahizələrə istinad edilən sözügedən qətnamə ləğv edilməlidir. Belə ki, RX seriyalı, ******* №-li Çıxarışla İddiaçı istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsi 80,4 kv.metr daşınmaz əmlak olan məqsədli təyinatı yaşayış məntəqələrinin torpaqları kateqoriyasına daxil 0,06 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyatdan keçmişdir. SOCAR Cavabdeh1 istismarında olan Böyük-Şor Sumqayıt Dş 700 magistral neft kəmərinin (1983-cü ildən istismara verilib) 11.38-ci km-də mühafizə zonası daxilində yerləşir. Qeyd olunan torpaq sahəsi ilə neft kəməri arasındakı məsəfə 33.30 metr təşkil edir. Eyni zamanda sözügedən torpaq sahəsindən 200 m məsafədə Binəqədi yatağında qazılmış 217057 saylı neft-qaz quyusu mövcuddur. Beləliklə İddiaçı 0,11 ha torpaq sahəsinə mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməklə, bilavasitə iddiaçının özünün sağlamlığının qorunmasına xidmət edir və bu məhdudlaşdırma mütənasib olmaqla, onun konstitusion mülkiyyət hüququnun mahiyyətini dəyişdirmir. Göründüyü kimi, iddiaçının mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən müdaxilə qanuni olub, ədalətli balans prinsipi gözlənilib və iddiaçının yuxarıda göstərilən qaydalara zidd olaraq inşa edəcəyi tikili fiziki şəxslərin həyatı və sağlamlığı üçün real təhlükədir. Sözügedən tədbirlər tətbiq edilərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsədlər arasında ağlabatan mütənasiblik olub. Bu da qeyd olunan hüquq normasının tələblərinin kobud şəkildə pozulması ilə yanaşı, əlavə olaraq inzibati məsuliyyətə səbəb olur. Lakin məhkəmə qeyd olunan normaya heç bir münasibət bildirməmişdir. İşin mübahisəsiz halı bundan ibarətdir ki, həmin torpaq sahəsi neft kəmərinin mühafizə zonasının və təhlükəsizlik zonasının daxilindədir. Belə ki, sənəd üzrə torpaq sahəsinin 0.0373 ha hissəsi Neft Kəmərləri İdarəsinin istismarında olan Böyük-Şor-Sumqayıt Dş-700 magistral neft kəmərinin mühafizə zonasına düşür. Abşeron rayon, Mehdiabad qəsəbəsində Böyükşor Sumqayıt Dş-700 mm-lik yerüstü neft kəmərinin 11.38-ci km-də, kəmərdən 33.30 metr məsafədə, eni 18 m olan sərhədlərini xüsusi mülkiyyətində olan torpaq sahəsində İddiaçı tərəfindən daş hasara alaraq , həmin torpaq sahəsində hasarlama işlərini aparmaq məqsədilə müvafiq tikinti materialları alıb və tikinti işləri (hasarlama) aparmağa başlayıb. Lakin, cavabdehin əməkdaşları tərəfindən apardığı tikinti işləri sökülmüşdür, buna əsas kimi aparılan tikinti işlərinin qaz kəmərinin və magistral neft kəmərinin mühafizə zonasına düşməsi göstərilmişdir. Belə olan halda, iddiaçının mülkiyyət hüququ dövlət tərəfindən tanınmasına baxmayaraq onun mülkiyyətində olan torpaq ərazisinin müəyyən hissəsi neftqaz kəmərinin mühafizə zonasına düşdüyündən, insan həyatının təhlükəsizliyi mülkiyyət hüququndan daha üstün hüquq olduğundan iddiaçının mülkiyyətindən maneəsiz istifadə hüququ cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməklə məhdudlaşdırılması qanuna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X10 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” qaydalarının 4.1-ci bəndinə əsasən, X10 Kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə İNBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılaraq mühafizə zonaları müəyyənləşdirilir. Az DTN 2.9-2 magistral Boru Kəmərləri Layihələndirmə Normalarının tələblərinə görə diametri 300 mm və aşağı olan neft kəməri üçün təhlükəsizlik zonası 75 metrdir. Göründüyü kimi, cavabdeh həmin tikilini neft kəmərinin həm mühafizə zonası, həm də təhlükəsizlik zonası daxilində inşa edir. Həmin tikili yüksək təziqli qaz kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. İşə baxan birinci instansiya məhkəməsi isə qətnamə çıxararkən qeyd edilən bu halların heç birini nəzərə almamış və iddia tələbini təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Buna görə də həmin qətnamə qanuni və əsaslı sayıla bilməz.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə qanunsuz və əsassızdır. Belə ki, işə baxan məhkəmə iddiaçının mülkiyyət hüququnun cavabdeh tərəfindən qanunsuz şəkildə məhdudlaşdırıldığı qənaətinə gəlmişdir ki, məhkəmənin bu mövqeyi ədalətli hesab edilə bilməz. Belə ki, iddiaçıya məxsus olan torpaq sahəsi SOCAR Cavabdeh1 istismarında olan Böyük-Şor Sumqayıt Dş 700 magistral neft kəmərinin 11.38-ci km-də mühafizə zonası daxilində yerləşir. Bu fakt məhkəmə tikinti texniki ekspertizasının rəyi ilə də sübut olunur. Neft boru kəmərlərinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqaladə halların baş verməsi qaçınılmazdır və bu hallar əhalinin sağlamlığına xələl gətirə bilər. Cavabdeh tərəfindən iddiaçının torpaq sahəsində tikinti işlərinin aparılmasına müdaxilə edilməsinin başlıca məqsədi ilk növbədə iddiaçı daxil olmaqla həmin ətrafda yaşayan əhalinin gələcəkdə baş verə biləcək hər hansı fövqaladə vəziyyətdən qorunmalarıdır. Belə ki, neft kəmərlərinin mühafizə zonasında gələcəkdə baş verə biləcək hər hansı texniki nasazlıq zamanı dərhal cavabdeh müəssisənin işçi briqadası zəruri texnikalarla həmin ərazidə fəaliyyətə başlamalıdır. Məhz bu səbəbdən neft kəmərlərinin mühafizə zonasında məskunlaşma yaxud hər hansı formada tikinti işlərinin aparılması qadağandır. Beləliklə cavabdeh tərəfindən iddiaçının torpaq sahəsində aparılan tikinti işlərinin dayandırılmasının qanuni və əsaslı olması öz təstiqini tapmışdır. Lakin işə baxan məhkəmə bu halları nəzərə almamış və əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət əsassızdır. İddiaçı hazırda ona məxsus olan torpaq sahəsini daş hasara almaq istəyir ki, bu onun konstitusion hüququdur. Cavabdehin nümayəndəsinin qeyd etdikləri həqiqəti əks etdirmir. Belə ki, həmin ərazidə neft kəmərlərinin mühafizə zonasında avtomobil dayanacağı belər vardır. Bundan başqa həmin ərazidə yerləşən bütün fərdi yaşayış evlərinin kənarları daş hasarla hörülmüşdür. İddiaçı həmin ərazidə hər hansı təhlükəli fəaliyyətlə məşğul olmur. Yalnız mülkiyyətindəki torpaq sahəsinin kənarlarını daş hasarla hörmək istəyir. Onu da qeyd edir ki, mübahisəli fərdi yaşayış evi uzun illərdən bəridir ki, mövcuddur. Bu müddət ərzində onlara cavabdeh tərəfindən hər hansı xəbərdarlıq edilməmişdir. Hazırda qeyd olunan 50 metrlik mühafizə zonası anlayışı sonradan qanunvericiliyə daxil edildiyindən bu tələb iddiaçıya məxsus fərdi yaşayış evinə şamil edilə bilməz. İşə baxan məhkəmə bu halları düzgün araşdırmış və əsaslı qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən kollegiyanın iclasında təmsil olunmamışlar.
16. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyasının
“Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.”
Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.”
18. AR Sənaye və Energetika Nazirinin 2010-cu il 28 iyul tarixli 39 saylı əmri ilə təsdiq edilmiş və xx.xx.2010-cu ildən xx.xx.2015-ci ilədək olan müddətdə qüvvədə olmuş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik qaydaları”nın:
4.1.2-ci bəndinə əsasən MNK-nın marşrutu boyunca-boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; * kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; *çoxxətli MNK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; * kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; * su altından keçən boru kəmərinin oxu boyunca - sahilin hər iki tərəfindən 25 metr, çoxxətli boru kəmərlərinin boyunca kənar kəmərlərin oxlarından hər tərəfə 100 metrlik məsafədə, su səthindən suyun dibinə qədər mühafizə sahəsi təşkil edilir; * fövqəladə hallarda içərisinə neftin, neft məhsullarının buraxılması üçün xüsusi anbarların ətrafı - bu obyektlərin sərhədlərindən hər tərəfə 50 metrlik məsafədə yerləşən torpaq sahəsi şərti xətlə məhdudlaşdırılır; * əsas və aralıqvurma, doldurma stansiyalarının, çənlər parklarının, doldurma və boşaltma estakadalarının və körpülərinin, neftin və neft məhsullarının qızdırılması məntəqələrinin ətrafında göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 metrlik məsafədə yerləşən torpaq sahəsi şərti xətlə məhdudlaşdırılır. 4.1.3-cü bəndinə əsasən, “Mühafizə zonasında” Sənaye və Energetika Nazirliyinin və ARDNŞnin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan aşağıdakıların edilməsi qadağandır: - bina və qurğuların tikintisi; - ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi; - boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi; - meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi; - hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23-cü bəndinə əsasən, magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin “Qaydalar”ın 2.24-cü bəndinə əsasən, kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövlət tikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. Qaydaların 2.7-ci bəndinin tələblərinə görə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır.
20. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 1-ci maddəsində şəhərsalma və tikinti qanunvericiliyinin təyinatı kimi göstərilmişdir ki, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "İstismar olunan X10 kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları"nın: 4.1-ci bəndinə görə İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. 6.1-ci bəndinə görə "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır: bina və qurğuların tikintisi; ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi; boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi; meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi; hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.9-cu maddəsinə görə, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır; 169.1-ci maddəsində göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər; 169.2-ci maddəsinə əsasən, hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir; 1098.1-ci maddəsinə görə, gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. 1098.1-ci maddəsinə görə, gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər.
23. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi apellyasiya şikayət verərək Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il il tarixli, 2(012)-3333/2022 nömrəli qətnaməsinin ləğv olunaraq iddianın rədd olunmasını xahiş etmişdir.
25. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il il tarixli, 2(012)-3333/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir.
27. Mübahisənin mahiyyəti ilə əlaqədar kollegiya qısa şəkildə qeyd edir ki, RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 80.4 kv.m fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətində olması habelə iş materiallarında olan ekspert rəyinə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinin 0,0373 ha hissəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsinin həmin ərazidən keçən yeraltı magistral neft kəmərinin mühafizə zonasında yerləşməsi işin mübahisəsiz halını təşkil edir.
28. Hazırkı mübahisə ondan ibarətdir ki, iddiaçı ona məxsus torpaq sahəsinin bir hissəsində tikinti işlərinin həyata keçirilməsinə cavabdehlər tərəfindən maneə yaradıldığını bildirir və belə müdaxilənin əsassız hesab edilməklə cavabdehlərə qadağan edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxan məhkəmə iddia tələbini təmin etmiş, narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.
29. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən məhkəmə kollegiyası obyektiv həqiqətin müəyyən edilməsi məqsədi ilə iş üzrə 27 fevral 2023-cü il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və əldə edilmiş ekspert rəyindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi plan-cizgi sxeminin hüdudları daxilində yerləşir.
30. Apellyasiya kollegiyası qeyd edir ki, mülkiyyət hüququnun üstün əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1072.1 və 107-5.1 -ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).
31. Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunub (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71 -ci maddəsinin İİ hissəsi, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.
32. Buna görə konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 -ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı).
33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1 -ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə edib. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1 -ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1 -ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 22 iyun 2004-cü il tarixli Qərarı; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 29 mart 2006-cı il tarixli Qərarı).
34. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edərək qeyd edir ki, iddiaçının torpaq sahəsinin bir hissəsinə mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməklə, bilavasitə iddiaçının özünün sağlamlığının qorunmasına xidmət edir və bu məhdudlaşdırma mütənasib olmaqla, onun konstitusion mülkiyyət hüququnun mahiyyətini dəyişdirmir.
35. İddiaçının mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən müdaxilə qanuni olub, ədalətli balans prinsipi gözlənilib və iddiaçının yuxarıda göstərilən qaydalara zidd olaraq inşa edəcəyi tikili fiziki şəxslərin həyatı və sağlamlığı üçün real təhlükədir. Bütün bunlar özlüyündə cəmiyyətin ümumi marağına xidmət edib və cavabdehlər tərəfindən sözügedən tədbirlər tətbiq edilərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsədlər arasında ağlabatan mütənasiblik olub.
36. Göründüyü kimi, qanunvericilik hər hansı araşdırılma və mütəxəssis rəyinin əldə olunması şərtinin zəruriliyini nəzərdə tutmadan boru kəmərlərinin mühafizə zonasında tikinti və ya quraşdırma işlərinin aparılmasını qadağan etmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq qanunvericiliyin tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməklə, bilavasitə iddiaçının və onun ailə üzvlərinin sağlamlığının qorunmasına xidmət edir və bu məhdudlaşdırma mütənasib olmaqla, onun konstitusion mülkiyyət hüququnun mahiyyətini dəyişdirmir
38. Beləliklə, iddiaçının mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən müdaxilə qanuni olub, ədalətli balans prinsipi gözlənilib və iddiaçının yuxarıda göstərilən qaydalara zidd olaraq həyata keçirəcəyi tikinti və ya quraşdırma işləri fiziki şəxslərin həyatı və sağlamlığı üçün real təhlükədir. Bütün bunlar özlüyündə cəmiyyətin ümumi marağına xidmət edib və cavabdehlər tərəfindən sözügedən tədbirlər tətbiq edilərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsədlər arasında ağlabatan mütənasiblik olub
39. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməmişdir.
40. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. İş materialları ilə müəyyən olur ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəmədə baxılması ilə əlaqədar 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir.
42. Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2022-ci il tarixli, 10/6693 №-li ekspert rəyinin verilməsinə görə 50 (əlli) manat, 25 iyun 2023-cü il tarixli, 10/1549 №-li ekspert rəyinin verilməsi üçün də 50 (əlli) manat sərf olunmuşdur.
43. İddia tələbi təmin edilmədiyinə görə məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.
44. Məhkəmə kollegiyası sadalananların yekunu kimi belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsinə qarşı torpaq sahəsində aparılan tikinti işlərinə müdaxilə edilməsinin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il il tarixli, 2(012)-3333/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsinə qarşı “torpaq sahəsində aparılan tikinti işlərinə müdaxilə edilməsinin cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) (50+50) manat pul İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına və mütəxəssis tədqiqatının dəyəri olan 95 (doxsan beş) manat pul "xxxx" ASC-nin 1 saylı Xətai filialı, KOD:200071, VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZÖ013501**********1944, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Lahiyyə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.