Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-646/2025 25.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov lqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(027)-342/2025 nömrəli qətnaməsindən iddiaçı KTN yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(027)-342/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2016-cı il tarixli 1694-GL/16 nömrəli müqavilə üzrə 3358 (üç min üç yüz əlli səkkiz) manat gecikdirilmiş borc məbləğinin və hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 500 (beş yüz) manat məbləğdə pulun Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilməsi, iddianın cərimə məbləğinin tutulması tələbinə dair hissəsinin təmin edilməməsi qət edilmişdir (hakim Samir Məmmədov). Qətnamədən iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli 1694-GL/16 nömrəli müqavilə üzrə 3358 manat gecikdirilmiş borc və hesablanmış 4038,99 manat cərimə borcu, habelə hüquqi yardımla bağlı 500 manat olmaqla, cəmi 7896,99 manat (yeddi min səkkiz yüz doxsan altı manat 99 qəpik) pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ("xxxx") ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016 cı il tarixli 1694-GL/16 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2016-cı il tarixli 1694-GL/16 nömrəli müqavilə üzrə 3358 manat gecikdirilmiş borcu və hesablanmış 4038,99 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq onun tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3 və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən, borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır... Həmin Məcəllənin 748- 1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Yenə həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Eyni zamanda, hüquqi yardım göstərilməsi üçün iddiaçı tərəfindən vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qətnamə qəbul etmişdir. Qətnamədən narazı qalan iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(027)-342/2025 nömrəli qətnaməsinin cərimə borcuna dair tələbin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin cərimə tutulmaması ilə bağlı mövqeyi qanunsuz və əsassızdır. Belə ki, cərimə (dəbbə pulu) öhdəliyin icrasının təminat vasitəsidir. Məhkəmənin iddiaçı tərəfindən uzun müddət cavabdehə qarşı pretenziya irəli sürülməməsi və borcun tələb edilməməsi ilə böyük məbləğdə cərimə borcunun yaranmasına bilə-bilə yol verilməsi barədə arqumenti qeyri-qanunidir. İddiaçı iddia müddəti ərzində istənilən vaxt cavabdehdən öhdəliyin icrasını tələb edə və öhdəliyin pozulmasına görə məsuliyyət tədbiri tətbiq edə bilər. Mülki Məcəllənin 467-ci maddəsi məhkəmənin dəbbə pulunu (cəriməni) azaltmasına yol verir, lakin məhkəmə tərəfindən cərimə tələbinin tamamilə rədd edilməsi mülki münasibətlərdə intizamsızlığa və məsuliyyətsizliyə rəvac verə bilər. Bu baxımdan cərimə tələbinin tamamilə rədd edilməsi əsassız olduğundan qətnamə həmin hissədə ləğv edilməlidir. Ona görə də apellyasiya şikayətinin təmin olunması xahiş edilir. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İzahatında qeyd etdi ki, 2016-cı ildə "xxxx" ASC ilə aralarında lizinq müqaviləsi bağlanmışdır. Aldığı texnikanın (traktor) dəfələrlə təmirə ehtiyacı olmuş, müqavilənin şərtinə görə texnikanın təmir edilməsi "xxxx" ASC-nin vəzifələri sırasına aid edildiyindən bu barədə Cəmiyyətə müraciət etsə də, şimal zonasında usta olmaması səbəbindən ona iki ay gözləmək tövsiyə edilmişdir. Müsbət nəticə əldə etmədiyi üçün, o da məcbur olub traktoru özü təmir etmişdir. Müqavilə üzrə ödənişləri vaxtında icra etmişdir. Gecikmələrə yol verməmişdir. Sonuncu ödənişi 2020-ci ilin noyabrında olmuşdur. Sonra qalan ödənişləri etmək üçün dəfələrlə “Kapitalbank”a yaxınlaşmış, lakin ödəniş edə bilməmişdir. Belə ki, sistem məlumatlarında onun adı qarşısında ödənilməli məbləğ “0” kimi qeyd olunmuşdur. "xxxx" ASC ilə aralarında olan lizinq müqaviləsi ASC-nin Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən ofisində bağlandığı üçün o, ödənişlərlə bağlı dəfələrlə həmin ünvana aid nömrələrlə əlaqə saxlamış, ona lizinq müəssiəsinin ləğv edildiyi (bağlanıldığı) bildirilmşdir. Ödənişi davam etdirməsi üçün ona hər hansı şifahi və ya rəsmi xəbərdarlıq edilməmiş, onunla 4 ilə yaxın müddətdə maraqlanan olmamışdır. İddiaçı 2020-ci ildən bəri 4 il gözləyib ki, külli miqdarda cərimə yığılsın və indi məhkəməyə müraciət edib. Əgər iddiaçı vaxtında məhkəməyə müraciət etsəydi cərimə borcu yaranmazdı. Ona görə də iddianı cərimə tələbi hissəsində əsassız sayır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ədalətlidir. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası, MPM-in 376.2-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə və işdə olan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(027)-342/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanın ilə "xxxx" ASC-nin adı dəyişdirilərək “Aqroservıs’’ ASC adlandırılmış və "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. İşdə olan sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 1694-GL/16 nömrəli lizinq müqaviləsi bağlanılmışdır. Lizinq obyekti 1 ədəd Belarus-892 markalı traktor olmuşdur. Lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq lizinq verən həmin kənd təsərrüfatı texnikasını lizinq alanın (cavabdehin) müvəqqəti sahibliyinə və istifadəsinə vermişdir. Cavabdeh isə həmin müqavilə üzrə müəyyən edilmiş ödəniş cədvəlinə əsasən rüblük lizinq ödənişlərini icra etməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə ümumi lizinq haqqı 11400 manat təşkil etmişdir. Ödəniş qrafikinə əsasən, ödəniş dövrü 2016-cı ilin 1-ci rübündən 2022-ci ilin 1-ci rübünədək, ödəniş məbləği isə hər rübdə 456 manat müəyyən edilmişdir. Cavabdeh sonuncu ödənişi xx.xx.2020-ci il tarixdə etmiş, lakin müqavilə ilə şərtləşdirilmiş qaydada növbəti lizinq ödənişlərini icra etməmiş, nəticədə ödəniş qrafiki üzrə cavabdehin xx.xx.2024-cü il tarixə olan gecikdirilmiş borcu 3358 (üç min üç yüz əlli səkkiz) manat təşkil etmişdir. Həmçinin, iddiaçı tərəfindən lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən 4038,99 manat (dörd min otuz səkkiz manat doxsan doqquz qəpik) cərimə məbləği hesablanmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini cərimə borcu istisna olmaqla, qalan hissədə təmin etmişdir. İddiaçı bununla razılaşmayaraq, məhkəmə qətnaməsinin cərimə borcu tələbinin təmin edilməməsi hissəsindən apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə iddiaçının cərimə borcu tələbinin təmin edilməməsi ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehdən öhdəliyin lazımınca, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsinə görə cərimə tələb etdiyi halda özü müqavilənin şərtlərinə uyğun hərəkət etməmişdir. Belə ki, xx.xx.2016-cı il tarixli 1694-GL/16 nömrəli müqavilənin 4.2-ci bəndində qeyd olunur ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləğini və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Həmin müqavilənin 5-ci bəndində göstərilir ki, lizinq alan tərəfindən texnikadan istifadə şəraiti müqavilənin şərtlərinə və ya texnikanın təyinatına uyğun olmadıqda; lizinq verənin icazəsi olmadan texnikanın təyinatını dəyişdirdikdə və ya satdıqda, girova qoyduqda, yaxud digər şəxslərə sublizinqə verdikdə; texnikanın işlək halda saxlanması üçün lazımi tədbirlər həyata keçirmədikdə və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə; texnikanı ən azı lizinq müddətinə, bütün zərərdən sığortalamadıqda; texnikadan istifadə üçün nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədikdə lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verir, texnikanı mübahisəsiz geri götürür, lizinq alanın əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və qrafik üzrə yaranmış borcun, texnikanın işlək vəziyyətə gətirilməsi üçün tələb olunan xərclərin, gecikdirilmiş günlər üçün hesablanmış cərimənin lizinq alan tərəfindən ödənilməsi üçün məhkəməyə müraciət edir. İşin hallarından məlum olmuşdur ki, cavabdeh sonuncu ödənişi xx.xx.2020-ci il tarixdə etmiş, ondan sonrakı aylarda (rüblərdə) ödənişləri həyata keçirmədiyi üçün müqavilənin 5-ci bəndindən irəli gələrək "xxxx" ASC-nin ən azı 2021-ci ilin birinci rübündə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Cavabdehin artıq 2020-ci ilin dekbar ayından etibarən ödəniş etməməklə müqavilənin şərtlərini pozmasına baxmayaraq, "xxxx" ASC öz növbəsində cavabdehə müvafiq qaydada yazılı surətdə xəbərdarlıq etməmiş, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilməsi istiqamətində tədbirlər görməmiş, nə də cavabdehin sahibliyində olan texnikanı geri götürməmişdir. Yalnız xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya göndərmişdir. Halbuki, həmin pretenziyanı 2021-ci ilin əvvəlində göndərməli və lüzumsuz yerə cərimə məbləğinin bu qədər artmasına şərait yaratmamalı idi. Elə olsaydı, gecikdirilmiş günlər üçün 4038,99 manat cərimə də hesablanmamış olardı... Bundan başqa, "xxxx" ASC-nin adı dəyişdirilərək “Aqroservıs’’ ASC adlandırılmış və "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklərinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçməsindən sonra Ağentliyin yeni rekvizitləri, ödəniş qaydası və yeri barədə lizinq alan şəxslərə, o cümlədən Cavabdeh heç bir rəsmi məlumat verilməmiş, məlumatlandırma məqsədilə toplantı keçirilməmişdir. İddiaçı tərəf cavabdehə rəsmi məlumat verməməsinin səbəbi kimi sonuncunu şifahi qaydada məlumatlandırmasını göstərmiş, lakin buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh isə hər hansı şəkildə məlumatlandırılmadığını bildirmişdir... Sonda məhkəmə hesab edir ki, iddiaçı tərəfin müqavilə üzrə gecikdirilmiş hər gün üçün cərimə hesablamaq hüququ yaranmış olsa da, qrafik üzrə ödənişlərin vaxtında icra edilməməsi cavabdehin deyil, iddiaçının təqsiri ucbatından baş vermişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildiyi kimi, iddiaçının adı və rekvizitləri dəyişənədək cavabdeh müntəzəm olaraq, vaxtlı-vaxtında qrafik üzrə ödənişlərini icra etmiş, heç bir gecikdirməyə yol verməmişdir. 2021-ci ildən ödənişlərin həyata keçirilməməsi və bu səbəbdən cərimənin hesablanması iddiaçının lazımi qaydada və vaxtında cavabdehi məlumatlandırmamasının nəticəsi kimi baş vermişdir. İddiaçı məhkəməyə müraciət etmək hüququndan 2020-2021-ci illərdə deyil, 4 il keçdikdən sonra, 2024-cü ildə istifadə etməklə cavabdehin borclanmasına və cərimələnməsinə rəvac vermiş, bununla da cavabdehi ona hesablanmış 4038,99 manat cərimə həcmində ziyana salmışdır. Mülki Məcəllənin 529.2-ci maddəsinə əsasən, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Həmin Məcəllənin 556.1-556.2-ci maddəsinə görə, icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz... Digər diqqət çəkən məqam da odur ki, lizinq predmeti kənd təsərrüfatı texnikası, yəni traktordur. Cavabdeh bu texnikanı kənd təsərrüfatında yalnız mövsümi işlərdə istifadə edə bilsə də, 2020-ci ilin sonunadək ödənişlərini gecikdirməmiş və hər növbəti ödənişi bank vasitəsilə icra etmişdir. Hazırda, ödənilməmiş əsas məbləğin üzərinə o qədər də cərimənin hesablanması kəndlinin maddi vəziyyətini olduqca çətinləşdirmiş olar. Məhkəmə hesab edir ki, iddia qismən (3358 manat gecikdirilmiş borc tələbi hissəsində) təmin edilməli, iddia cərimə tələbi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cərimə borcu tələbinin təmin edilməməsi ilə bağlı qənaəti və dəlilləri ilə razılaşır. Bununla əlaqədar məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, vicdanlılıq prinsipi baxımından borc alan kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor da davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin həmin Qərarındakı hüquqi mövqeyə müvafiq olaraq, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditor öhdəliyin icra edilməməsinə görə müqavilə şərtlərinə uyğun qaydada faiz və cərimə hesablaya (hesablamağı davam etdirə) bilməz; müqavilənin icra müddəti bitdikdən sonrakı dövr üçün kreditor öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış zərərin ödənilməsini borcludan tələb edə bilər. Kredit və lizinq münasibətləri arasında oxşarlıq olduğundan Konstitusiya Məhkəməsinin qeyd edilən hüquqi mövqeləri hazırkı işə də aiddir. Hazırkı iş üzrə müqavilənin icra müddəti 2022-ci ilin aprel ayından bitdiyi halda iddiaçı xx.xx.2024-cü il tarixədək cərimə hesablamışdır ki, bu da qanuni deyildir. Bundan başqa, Mülki Məcəllənin 560-cı maddəsinə müvafiq olaraq, hüquqdan başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir... Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab olunur. Qeyd edilən norma baxımından konkret halda iddiaçının cavabdehə cərimə tətbiq etməsi hüquqdan sui-istifadə kimi təzahür edir. Belə ki, iddiaçı öz vəzifələrini yerinə yetirmədiyi (baş vermiş struktur və rekvizit dəyişiklikləri, həmçinin lizinq müqaviləsi üzrə gecikdirilmiş ödənişlər və yaranmış borc barədə cavabdehi vaxtında xəbərdar etmədiyi; cavabdehə qarşı öhdəliyin pozulduğu vaxtdan daha qısa müddətdə iddia tələbi irəli sürmədiyi) halda bununla bağlı cavabdehin təqsiri olmadan yerinə yetirə bilmədiyi öhdəliyə görə sonuncuya qarşı cərimə tətbiq etmişdir ki, bu da hüquqdan sui-istifadədir. İşin hallarından görünür ki, cavabdeh 2016-cı ilin 1-ci rübündən 2020-ci ilin 4-cü rübünədək qrafik üzrə ödənişləri vaxtında təmin etmiş, heç vaxt gecikdirməyə yol verməmişdir. Cavabdehin 2021-ci ilin əvvəlindən ödəniş etməməsi isə onun maddi vəziyyəti ilə deyil, "xxxx" ASC-nin struktur dəyişikliyi nəticəsində ləğv edilməsi səbəbindən yaranmış qeyri-müəyyənliklə (hüquq varisi və onun rekvizitləri haqqında məlumatsızlıqla) əlaqədar olmuşdur. Bu da cavabdehin öhdəliyini bilə-bilə yerinə yetirməməsi, habelə ona cərimə tətbiq olunması üçün əsas hesab edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı cərimə borcu tələbinə aid hissədə təmin etməməkdə haqlı olmuşdur, məhkəmənin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilən hissədə qanuni və əsaslıdır. Məhkəmə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin həllinə maddi hüquq normalarını düzgün tətbiq etmiş, işə baxarkən qəbul edilmiş qətnamənin ləğvinə əsas ola biləcək prosessual pozuntulara yol verməmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri isə qəbulolunmazdır. Ona görə də iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(027)- 342/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə müvafiq olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə apellyasiya şikayəti ilə mübahisələndirilən pul məbləği 4038,99 manat olduğundan qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(027)-342/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-646/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-646/2025
25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver