Məhkəmə qərarları › İş №2(105)-650/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-650/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-650/2023 07.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Qafari və X1 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli e-2(060)-5509/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə S3K4577112 saylı müqavilə üzrə 108 (bir yüz səkkiz) manat əsas borc, 32 (otuz iki) manat dəbbə pulu, S3K5738380 saylı müqavilə üzrə 761 (yeddi yüz altmış bir) manat əsas borc, 228 (iki yüz iyirmi səkkiz) manat dəbbə pulu və 32 (otuz iki) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1161 (bir min yüz altmış bir) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə arasında 25 noyabr 2018-ci il və 12 iyun 2019-cu il tarixlərində "Alqı-satqı" müqaviləsi bağlanmışdır. Cavabdeh 25 noyabr 2018-ci il tarixli S3K4577112 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 471 (dörd yüz vetmiş bir) manat olan 1 ədəd "Samsung Galaxy J4” markalı telefon almış, ilkin ödəniş olaraq 30 (otuz) manat ödəniş etmiş, nəticədə 441 (dörd yüz qırx bir) manat borc yaranmış və 12 iyun 2019-cu il tarixli S3K5738380 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 885 (səkkiz yüz səksən beş) manat olan 1 ədəd “'Samsung Galaxy A50" markalı telefon almış, ilkin ödəniş olaraq 40 (qırx) manat ödəniş etmiş, nəticədə 845 (səkkiz yüz qırx beş) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 25 noyabr 2018-ci il tarixli S3K4577112 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 37 (otuz yeddi) manat, 12 iyun 2019-cu il tarixli S3K5738380 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 13 (on üç) manat ödəniş edilmişdir. Bu günədək cavabdehə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımi qaydada icra edilməmiş və alqı-satqı qiyməti S3K4577112 saylı müqavilə üzrə 471 (dörd yüz yetmiş bir) manat olan 1 ədəd “Samsung Galaxy J4" markalı telefon üçün ümumilikdə 108 (bir yüz səkkiz) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat dəbbə pulu və alqı-satqı qiyməti S3K5738380 saylı müqavilə üzrə 885 (səkkiz yüz səksən beş) manat olan 1 ədəd “Samsung Galaxy A 50” markalı telefon üçün ümumilikdə 761 (yeddi yüz altmış bir) manat ödənilməmiş hissə, 228 (iki yüz iyirmi səkkiz) manat dəbbə pulu yaranmışdır. İddiaçı qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. 25 noyabr 2018-ci il tarixli S3K4577112 saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ümumi dəyəri 471 (dörd yüz vetmiş bir) manat olan 1 ədəd "Samsung Galaxy J4” markalı telefon almışdır.

5. 12 iyun 2019-cu il tarixli S3K5738380 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ümumi dəyəri 885 (səkkiz yüz səksən beş) manat olan 1 ədəd “'Samsung Galaxy A50" markalı telefon almışdır.

6. 30 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022ci il tarixinə 25 noyabr 2018-ci il tarixli S3K4577112 saylı müqavilə üzrə 108 manat əsas, 32 manat dəbbə pulu, S3K5738901 nömrəli, 31 iyul 2019-cu il tarixli müqavilə üzrə 649 manat əsas 194 manat dəbbə pulu, 12 iyun 2019-cu il tarixli S3K5738380 saylı müqavilə üzrə 761 manat əsas, 228 manat dəbbə pulu və 32 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1161 manat borcu qalmışdır.

7. xx.xx.2022-ci il tarixli 14979264 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən Soliton mağazasına 161 manat məbləğində ödəniş edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli e-2(060)- 5509/2022 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış hər iki alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən alınmış məhsullar qızıl zəmanətlə alınmışdır. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş qızıl zəmanətin şərtləri məhkəməyə təqdim olunmasa da, məhkəmə qeyd etmişdir ki, ümumrespublika ərazisində fəaliyyət göstərən əsas məişət məhsulları mağazaları (Kontakt Home, Baku Electronics və digər şirkətlər) alıcılara standart şərtlərlə qızıl zəmanət təklif edirlər. Belə ki, qızıl zəmanət məhsulun istifadəsi nəticəsində yaranan bütün qüsurların zəmanət müddəti çərçivəsində hər ehtiyat hissəsi bir dəfə olmaq şərti ilə tam pulsuz dəyişdirilməsi imkanını nəzərdə tutur. İddiaçı tərəfındən 12 iyun 2019-cu il tarixli müqavilənin və qızıl zəmanətin tələbləri pozularaq, cavabdehin aldığı məhsul (telefon) qızıl zəmanət müddəti və şərtləri daxilində cavabdehdən qəbul edilərək təmir olunmuş vəziyyətdə cavabdehə qaytarılmamışdır. İddiaçı tərəfindən isə bunun əksinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

10. Eləcə də məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etdikdən (xx.xx.2022-ci il) sonra xx.xx.2022-ci il tarixdə cavabdeh iddiaçıya 161 manat ödəniş etdiyindən iddia tələbi 25 noyabr 2018-ci il tarixli S3K4577112 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də təmin edilməməlidir.

11. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi S3K5738380 saylı müqavilə üzrə cavabdehdən 761 manat əsas borc və 228 manat dəbbə pulunun tutulması hissəsində əsassız olduğundan təmin edilməməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 567, 600.1, 601.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 77, 78, 14.1, 14.2, 77.3, 119.1, 217.4, 216-220-ci maddələri, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

13. Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli e-2(060)- 5509/2022 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, iddianın işdə olan və əlavə sübutlarla tam və hər tərəfli araşdırılaraq yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli S3K4577112 nömrəli müqaviləyə münasibətdə iddianın təmin edilməməsi xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən Soliton mağazasına 161 manat məbləğində ödəniş edilməsi ilə əsaslandırılmışdır. Əsaslandırma qanuni olduğundan qətnamənin bu hissəsinə dair heç bir etirazı yoxdur. 12 iyun 2019-cu il tarixli, S3K5738380 nömrəli müqaviləyə münasibətdə iddianın təmin edilməməsi cavabdehin övladının yıxılması nəticəsində sınmış telefonun ekranının təmir edilməməsi ilə əsaslandırılmışdır. Məlumat üçün qeyd edir ki, Cavabdeh tərəfindən hissə-hissə ödənişlə alınmış hər iki mobil telefon qızıl zəmanətlə alınmışıdır. Nasazlıq müşahidə edilən zəmanətli və ya zəmanətsiz hər hansı cihazın təmiri məqsədi ilə servis mərkəzinə müraciət edən istehlakçıdan cihaz qəbul edilir, təmir müddəti qeyd olunmaq şərti ilə ona yazılı məlumat vərəqi verilir. İstənilən halda (təmir üçün tələb olunan hissə olmadıqda belə) təmir üçün təqdim edilmiş cihaz qəbul edilir. Təmir üçün tələb olunan hissə müraciət olunan zaman mövcud olmadıqda həmin hissənin gətirilməsi müddəti zəmanət müddətinə şamil edilmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, zədələnmiş telefonun təmiri məqsədi ilə mağazaya yaxınlaşmış, hazırda həmin telefonun ehtiyat hissəsinin olmadığı, olan kimi məlumat verəcəklərini bildirmişlər. 2-3 ay keçsə də mağazadan xəbər çıxmamışdır. Beləliklə, onlar bir il müddətinə onu aldatmış, qızıl zəmanətin vaxtı qurtardıqdan sonra onu məhkəmə vermişlər. Öncəliklə qeyd etmək istəyir ki, təmir məqsədi ilə mağazaya deyil servis mərkəzinə müraciət etmək lazımdır. Digər tərəfdən cavabdeh bir telefonu xx.xx.2018-ci il, digərini isə xx.xx.2019-cu il tarixdə almışdır. Həmin tarixlərdən birindən 4, digərindən 3 ilə yaxın vaxt keçmişdir. Qızıl zəmanətin müddəti isə 12 aydır. 4 il ərzində 12 aylıq zəmanət müddətinin bitməsi üçün istehlakçının aldadılması barədə səslənən fikirlərin əsassız və qərəzli olduğu gün kimi aydındır. Təəssüf hissi ilə qeyd edir ki, sədrlik edən hakim işdə tərəfsizlik nümayiş etdirmək əvəzinə cavabdehin maraqlarına xidmət edən qətnamə çıxarmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməməsi, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməməsi barədə fikirlər tamamilə yalandır. Tərəfindən Vahid məhkəmə portal vasitəsilə xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddianı müdafiə etdiyini, səhhətində olan problemlə əlaqədar olaraq iştirak edə bilmədiyini, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Belə hesab edir ki, iş üzrə çıxarılan məhkəmə qətnaməsi qərəzli və qanunsuzdur. Yuxarıda qeyd etdiyi kimi cavabdehin dedikləri həqiqətə uyğun olmayan, müqavilə üzrə yaranmış öhdəliklərin icrasından yayınmaq üçün düşünülmüş uydurmalardan başqa bir şey deyil. Zəmanət kartında hərtərəfli qeyd olunmasına baxmayaraq cavabdeh Soliton servis mərkəzinə deyil Soliton mağazasına müraciət etdiyini, təxmini də olsa hansı tarixdə hansı ünvana müraciət etdiyi barədə heç bir şey bildirməmiş və hakim tərəfindən qeyd etdikləri barədə cavabdehə heç bir sual ünvanlanmamışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

16. İddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, 25 noyabr 2018-ci il tarixli S3K4577112 saylı müqavilə üzrə borc tələbinin təmin edilməməsi hissədə məhkəmə qətnaməsini mübahisələndirmir, həmin müqavilə üzrə borc ödənilmişdir, məhkəmə tərəfindən bu qeyd olunanların nəzərə alınmasını xahiş edir.

17. Cavabdeh apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Eləcə də bildirdi ki, borclu olduğunu qəbul edir, telefonu təmir edərlərsə o, borcu ödəməkdən imtina etmir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı tərəf qətnamənin ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli e-2(060)-5509/2022 nömrəli qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.

19. Bu mövqe həm də Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci tarixli qərarında ifadə olunan hüquqi mövqeyə uyğundur.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 567. Alğı-satqı müqaviləyə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.

23. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi S3K5738380 saylı müqavilə tələbi üzrə iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq tam rədd etmişdir.

24. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

25. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

26. Həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.

27. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda iki ədəd mobil telefon almışdır. Hər iki məhsul qızıl zəmanət şərtləri ilə alınmışdır. 12 iyun 2019-cu il tarixli müqavilə əsasında alınmış mobil telefonun ekranı müqavilə bağlandıqdan bir neçə ay sonra qırılmaqla zədələnmişdir. Cavabdeh qızıl zəmanətin şərtlərinə uyğun olaraq telefonun ekranının dəyişdirilməsi üçün iddiaçıya müraciət etsə də, iddiaçı telefonu təmir etmək üçün qəbul etməmişdir. Cavabdeh bu səbəbdən ödənişlərin ödənilməsini dayandırmışdır.

28. İddiaçı müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən pozulduğunu, müqavilə üzrə ödənişin tam ödənilmədiyini iddia edir və alqı-satqı qiyməti S3K4577112 saylı müqavilə üzrə 471 (dörd yüz yetmiş bir) manat olan 1 ədəd “Samsung Galaxy J4" markalı telefon üçün ümumilikdə 108 (bir yüz səkkiz) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat dəbbə pulu və alqı-satqı qiyməti S3K5738380 saylı müqavilə üzrə 885 (səkkiz yüz səksən beş) manat olan 1 ədəd “Samsung Galaxy A 50” markalı telefon üçün ümumilikdə 761 (yeddi yüz altmış bir) manat ödənilməmiş hissə, 228 (iki yüz iyirmi səkkiz) manat dəbbə pulunun ödənilməsini tələb etmişdir.

29. Birinci istansiya məhkəməsi tərəfindən iddia əsassız hesab edilərək, təmin edilməmişdir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə S3K5738380 saylı müqavilə üzrə iddianın təmin edilməməsi hissəsində razılaşmır, apellyasiya şikayətini birinci instansiya məhkəməsi tərəfindən maddi normaların pozuntusuna yol verilməsi, tərəflər arasında hüquq münasibətlərinə düzgün hüquqi qiymət verilməməsi hissəsində əsaslı hesab edir.

31. Birinci istansiya məhkəməsi S3K5738380 saylı müqavilə üzrə iddianın təmin edilməməsinə dair mövqeyini zəmanət müddətində mobil cihazın təmir edilməməsi, zəmanət müddəti tələblərinin pozulması ilə əsaslandırmışdır.

32. Məhkəmə kollegiyası birinci istansiya məhkəməsinin bu mövqeyini əsassız hesab edir və aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

33. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun əsasən zəmanət müddəti müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş zəmanət öhdəliklərinin qüvvədə olduğu müddətdir. İstehsalçı, mallara texniki xidməti və onların zəmanətli təmirini, habelə texniki təmir və xidmət göstərən təşkilatlar üçün lazım olan həcmdə və çeşiddə ehtiyat hissələri ilə təchizini bütün istehsal müddəti ərzində, mal (iş, xidmət) istehsaldan çıxarıldıqdan sonra isə xidmət müddəti ərzində, bu müddət nəzərdə tutulmayan hallarda isə 10 il ərzində təmin etməlidir.

34. Həmin Qanunun 6-cı maddəsinə əsasən İstehlakçı satıcı (istehsalçı, icraçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir.

35. Qanunvericiliyin şərh olunan normalarına istinadən məhkəmə kollegiyası qeyd edir ki, zəmanət müddəti ərzində texniki xidmətin göstərilməsi barədə razılaşmanın olması və istehsalçı tərəfindən bu razılaşmanın lazımı qaydada yerinə yetirilməməsi istehlakçıya alqı-satqı müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyin icrasından imtina etməsinə əsas verən hal kimi qəbul edilə bilməz.

36. Qeyd edildiyi kimi belə bir halda istehlakçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin göstərişinə uyğun olaraq öz tələblərini irəli sürmək hüququna malikdir.

37. Lakin işin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya qarşı heç bir tələb irəli sürülməmişdir.

38. Bu qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, zəmanət müddətində texniki xidmətin göstərilməməsi əsası ilə, eyni zamanda istehlakçı tərəfindən heç bir tələb irəli sürülmədiyi halda cavabdehin üzərinə götürmüş olduğu müqavilə öhdəliyinin yerinə yerilməsi ilə bağlı mülki məsuliyyət daşımaması kimi bir nəticəyə gəlinməsi əsassız olmaqla qanuna uyğun deyildir.

39. Məhəkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış əşyanın nisyə alğı-satqısı müqavilələrinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü borcun tutulması tələbi əsaslıdır.

40. Tələbdən göründüyü kimi iddiaçı S3K5738380 saylı müqavilə üzrə 228 manat dəbbə pulu tələb edir.

41. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

42. Məhkəmə kollegiyası cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini, tətbiq edilməli olan cərimə və əsas borc məbləği arasında mütənasibliyi və ədalətli tarazlığı nəzərə alaraq hesab edir ki, 228 manat məbləğində dəbbə pulu azaldılaraq 20 manat müəyyən edilməlidir.

43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini tələb etsə də şikayət ərizəsinin məzmunundan və apellyasiya icraatındakı araşdırma zamanı S3K4577112 saylı müqavilə üzrə tələbin birinci instansiya məhkəməsi tərəfindən təmin edilməməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşdığını göstərmişdir.

44. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etdikdən (xx.xx.2022-ci il) sonra xx.xx.2022-ci il tarixdə cavabdeh 25 noyabr 2018-ci il tarixli S3K4577112 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış borcu ödəmişdir.

45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 25 noyabr 2018-ci il tarixli S3K4577112 saylı alqı-satqı müqaviləsi üzrə borc tələbinin təmin edilməməsi hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün maddi və prosessual əsaslar yoxdur.

46. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün əsaslı olmqala, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsi qismən, 12 iyun 2019-cu il tarixli S3K5738380 saylı müqavilə üzrə tələbin təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin olunmalıdır.

47. MPM-nin 119.1-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22,40 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 9,60 manat iddiaçıya aid edilməlidir.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli e-2(060)-5509/2022 nömrəli qətnaməsi qismən ləğv olunsun. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 12 iyun 2019-cu il tarixli S3K5738380 saylı müqavilə üzrə 761 (yeddi yüz altmış bir) manat əsas borc, 20 (iyirmi) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22,40 (iyirmi iki manat qırx qəpik) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar