Məhkəmə qərarları › İş №2(105)-657/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-657/2022

14.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-657/2022 14.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh4, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(060)-6778/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin apellyasiya şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(060)-6778/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Aynur Behbudova) İddiaçı cavabdehlər Sumqayıt şəhəri 3 saylı notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı vərəsəlik şəhadətnamələrinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız sayılması, mənzil sahəsi üzərində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, 26.12.2020-ci il tarixli, 2V-202 və 2V-203 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, İddiaçı X7 vərəsəsi kimi tanınması və İddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, Yeni qaydalarla AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0,08 ha olan həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə payının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, yeni qaydalarla AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi ilə bağlı Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 26 dekabr 2020-ci il tarixli, 2V-202 və 2V-203 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, 26 dekabr 2020-ci il tarixli, 3M-2131 reyestr nömrəli miras payın bağışlama müqaviləsinin və onların doğurduğu hüquqi nəticələrin, o cümlədən Cavabdeh4 qeyd olunan daşınmaz əmlaklar üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının və onun adına verilmiş 19 yanvar 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız sayılması, Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 10 mart 2021-ci il tarixli, AN-l ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılaraq Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, yeni qaydalarla AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində Cavabdeh5 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının və bununla bağlı onun adına verilmiş 31 mart 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı,yeni qaydalarla AZ5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi Sumqayıt şəhər X8 12 sentyabr 1959-cu il tarixli protokolundan çıxarış və 1987-ci il tarixli, 735 saylı Texniki pasport əsasında X2nun istifadəsində olmuşdur. X2 15 iyun 2001-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra miras əmlak kimi yuxarıda qeyd edilən fərdi yaşayış evi qalmışdır. Lakin ailələrində atadan qalan əmlakla bağlı hər hansı mübahisə olmadığından və evdə ögey anası Cavabdeh3 və bacısı Cavabdeh4 yaşadıqlarından miras əmlakın bölünməsinə, yaxud vərəsə kimi öz adlarına keçirilməsinə ehtiyac duyulmamış və həmin fərdi yaşayış evi mərhum atasının adında qalmaqda davam etmişdir. O, mütəmadi olaraq həmin evə gedib-gəlmiş, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ilə qohum kimi daima ünsiyyətdə olmuş, hətta bayramları da birlikdə qeyd etmişlər. Lakin bir müddət əvvəl qohumları vasitəsi ilə ona məlum olmuşdur ki, cavabdehlər tərəfindən mərhum atasına məxsus olan fərdi yaşayış evi və həmin evin həyətyanı torpaq sahəsi alqı-satqı yolu ilə başqa şəxsə satılmışdır. Bununla bağlı edilmiş yazılı müraciətə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 24 iyun 2021-ci il tarixli məktubla cavab verilərək Sumqayıt şəhəri, Corat qəsəbəsi,74-cü məhəllə ünvanında yerləşən 105 saylı fərdi yaşayış evinin mərhum X2nun adına qeydiyyata alınaraq 14 dekabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verildiyi, sonradan Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 26 dekabr 2020-ci il tarixli, 2V-202 və 2V-203 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, 26 dekabr 2020-ci il tarixli, 3M-2131 reyestr nömrəli miras payın bağışlama müqaviləsi əsasında Cavabdeh4 adına qeydiyyata alınaraq 19 yanvar 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın verildiyi, Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 10 mart 2021-ci il tarixli, 4Ə-287 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evinin Cavabdeh5 adına qeydiyyata alınaraq 31 mart 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın verildiyi bildirilmişdir. Eyni zamanda Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən təqdim olunmuş sənədlərdən müəyyən edilmişdir ki, fərdi yaşayış evinin ½ hissəsinə Cavabdeh3 adına, qalan ½ hissəsinə isə Cavabdeh4 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərək mərhum atasının hüquq varisləri kimi tanınmışlar. 26 dekabr 2020-ci il tarixdə eyni notariat ofisi tərəfindən X2nun xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmiş Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı fərdi yaşayış evi və sahəsi 800 kv.m olan həyətyanı torpaq sahəsinə dair bağlanmış miras payın bağışlama müqaviləsi əsasında Cavabdeh3 miras payını Cavabdeh4 bağışlamışdır. Cavabdeh4 da öz növbəsində Sumqayıt şəhəri 3 saylı notariat ofisində bağlanılmış 10 mart 2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini 160000 manata Cavabdeh5 satmışdır. Bütün bunlardan isə X7 qızı olaraq onun məlumatı olmamışdır. O, fərdi yaşayış evinin mərhum atasının adında qaldığını güman edərək ögey anası ilə bacısının həmin fərdi yaşayış evində yaşamasına etiraz etməmişdir. Fərdi yaşayış evinin atasının adından çıxarılaraq ögey anası ilə bacısının adına keçirilməsi ona bir müddət əvvəl məlum olmuş və aidiyyəti üzrə müvafiq sorğular verməklə miras əmlaka dair hüquq müəyyənedici sənədləri əldə edə bilmişdir. Notariat orqanında onun mərhum X2nun vərəsələri kimi Cavabdeh3 və Cavabdeh4 tanınması, onun isə miras əmlakdan məhrum edilməsi qanunsuz və əsassızdır. Notariat orqanında bu nəzərə alınmadan mübahisəli fərdi yaşayış evinə dair mərhum atasının hüquq varisi kimi tanınmayaraq əsassız şəkildə yalnız Cavabdeh3 və Cavabdeh4 adlarına vərəsəlik sənədləri tərtib olunmuşdur. Bütün bu halları nəzərə alaraq o, X7 varisi olaraq özünün pozulmuş hüquqlarının müdafiəsi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia ərizəsinə dəyişikliklə bağlı ərizə ilə məhkəməyə müraciət edərək onun X7 vərəsəsi kimi tanınması, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, Yeni qaydalarla AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0.08 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə payının müəyyən edilməsi, Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 26 dekabr 2020-ci il tarixli, 2V-202 və 2V-203 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, 26 dekabr 2020ci il tarixli, 3M-2131 reyestr nömrəli miras payın bağışlama müqaviləsinin və onların doğurduğu hüquqi nəticələrin, o cümlədən Cavabdeh4 qeyd olunan daşınmaz əmlaklar üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının və onun adına verilmiş 19 yanvar 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız sayılması, Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 10 mart 2021-ci il tarixli, AN-l ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılaraq Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, Yeni qaydalarla AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində Cavabdeh5 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının və bununla bağlı onun adına verilmiş 31 mart 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, Yeni qaydalarla AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0.08 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə payına müvafiq olaraq yeni vərəsəlik şəhadətnamələrinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində göstərir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, yeni qaydalarla A/5021 Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi Sumqayıt şəhər X8 12 sentyabr 1959-cu il tarixli protokolundan çıxarış və 1987-ci il tarixli, 735 saylı Texniki pasport əsasında X2nun istifadəsində olmuşdur. Fərdi yaşayış evi texniki pasport əsasında X2nun istifadəsində olmuşdur. X2 15 iyun 2001-ci il tarixdə vəfat etmişdir. Atası vəfat edərkən miras əmlakı olmamışdır. Buna görə də iddiaçı özünü vərəsə hesab edə bilməz. Bundan başqa, iddiaçı vərəsəliyin faktiki və ərizə verməklə qəbul etməsi barədə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda, iddiaçı vərəsəliyin hansı tarixdən yaranmasını da dəqiq bildirməmişdir. 2001-ci il tarixinə vərəsəliyin açıldığı il üçün iddiaçının vərəsə olmağı ilə razılaşsa da, həmin illər üçün vərəsəliyi qəbul etməsi ilə razılaşmır və buna etirazını bildirir. Məhkəmə iddiaçını faktiki vərəsə kimi qəbul etmiş, lakin bu barədə hər hansı sənədə əsaslanmamış, hər hansı araşdırma aparmamışdır. Bu barədə sübut 2001-ci ildə notariat orqanına miras əmlakla bağlı ərizə vermək hesab oluna bilərdi. Belə bir sübut isə işdə yoxdur. İddiaçı faktiki olaraq da vərəsəliyi qəbul etməmişdir. Miras qoyanın qızı olaraq o, 2001-ci ildən bu evdə anası Cavabdeh3 ilə yaşamışlar. İddiaçı isə Bakı şəhərində bəzi illərdə isə Sumqayıt şəhərində daimi yaşayış yeri üzrə, uşaqlıq illərinin bir çox hissəsini də Bakı şəhərində yaşamışdır. Sonralar isə, yəni təxminən 1985-1986-cı illər tarixində atası ölməzdən əvvəl iddiaçı ailə quraraq Bakı şəhərinə gəlin köçmüşdür. Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, yeni qaydalarla A/5021 Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evinin Sumqayıt şəhər X8 12 sentyabr 1959-cu ıl tarixli protokolundan çıxarışla atasının adına olması qeyri-dəqiq məlumatdır. Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, 105 saylı fərdi yaşayış evinin 1987-ci il tarixli, 735 saylı Texniki pasport əsasında X7 istifadəsində olması hüquqi cəhətdən düzgün qiymətləndirmə deyildir. Həmin fərdi yaşayış evinin hər hansı hüquqda atasına məxsus olması öz təsdiqini tapmamışdır. Belə olsaydı həmin əmlak hazırda yox, o vaxtlar qüvvədə olan qanunvericilik əsasında özəlləşdirilərdi. Atası öldükdən sonra bu fərdi yaşayış evi miras qalmışdır. Bu yanaşma ilə razılaşmır, çünki fərdi yaşayış evinin hər hansı hüquq müəyyənedici sənədləri olmamışdır. Sumqayıt şəhər X8 12 sentyabr 1959-cu ıl tarixli protokolundan çıxarış isə tamam kənar adamın adına olmuşdur. X1 adına 1987-ci il tarixdə 735 saylı Texniki pasport verilmişdir. Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74cü məhəllə, 105 saylı fərdi yaşayış evinin hüquq müəyyənedici sənədi olmamışdır, fərdi yaşayış evi ölən günə, 2001-ci il tarixə mərhuma hər hansı mülkiyyət hüququ və s. hüquqla məxsus olmamışdır. Bütün bunları məhkəmədə bildirsə də, məhkəmə bu hallara hüquq normalarını tətbiq etməmişdir. 15 iyun 2001-ci il tarixdə mərhum həyat yoldaşı vəfat etdikdən sonra isə onun və anası Cavabdeh3 birgə zəhməti və gəlirləri sayəsində yenidənqurma və yaxşılaşdırma işləri daimi davam etdirilmişdir. Eyni zamanda torpaq sahəsinə qulluq göstərilmiş, əkib becərilmiş və meyvə və s. ağaclar onlar tərəfindən yetişdirilmişdir. Onlar 20 il ərzində faktiki olaraq heç bir hüquq müəyyənedici sənəd olmadan öz yaşayış evi kimi bu evi abadlaşdırmış və təmir etdirmiş, o cümlədən kənd təsərrüfatı ilə məşğul olmuşlar. 1964-cü ildə tikilmiş bu ev ildən-ilə onların zəhməti ilə bərpa olunmuşdur. Fərdi yaşayış evi bu günə onların zəhməti ilə dəfələrlə bərpa olunaraq 2020-ci ildə dəyəri dəyişməklə qeydiyyata alınmışdır. Cavabdeh4 apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 da qətnamədən eyni məzmunlu apellyasiya şikayəti vermişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından qətnamə ləğv olunmalıdır. Belə ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi 26 dekabr 2020-ci il tarixli, 2V-202 və 2V-203 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən Cavabdeh4 və Cavabdeh3 adına sənədləşdirilmişdir. 26 dekabr 2020-ci il tarixli miras payın bağışlama müqaviləsi ilə Cavabdeh3 ona düşən miras payını Cavabdeh4 xeyrinə özgəninkiləşdirmişdir. Sonradan Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanılmış 10 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı fərdi yaşayış evi Cavabdeh5 mülkiyyətinə verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 31 mart 2021ci il tarixli, ********** nömrəli qeydiyyat aparılmışdır. Mübahisələndirilən məhkəmə qətnaməsi qəbul edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə fərdi yaşayış evinə dair Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış 10 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsinə və RX seriyalı, **********06- 10301 nömrəli, ********** qeydiyyat nömrəli, 31.03.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa münasibət bildirməmiş, İddiaçı X7 vərəsəsi kimi tanımış və İddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, yeni qaydalarla AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0,08 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə payını müəyyən etmişdir. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə almamış və qətnamə qəbul edərkən maddi və prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Həmçinin qətnamə qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmiş və məhkəmənin istinad etdiyi hallar qanunvericiliklə nəzərdə tutulmuş qaydada hər hansı hüquq norması ilə əsaslandırılmamışdır. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh4 məhkəmə iclasında özünün apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı və onun nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətlərinin isə təmin edilməməsini xahiş etdilər. Cavabdehlər Sumqayıt şəhəri 3 saylı notariat ofisi, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdeh Sumqayıt şəhəri 3 saylı notariat ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, digər cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə İmanova (Ağayeva) Mənsurə Şahbala qızı 12 oktyabr 1971-ci ildə nikahlarını bağlamışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1963-cü il tarixdə anadan olmuşdur, X2, anası X4r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ağayeva Məlahət Qasım qızı xx.xx.1972-ci il tarixdə anadan olmuşdur, X2, anası X5r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 15.06.2001-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, ev 105, Yeni qaydalarla AZ5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi, 23 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,08 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X7 adına 14.12.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt şəhəri 3 saylı dövlət notariat ofisinin xüsusi notariusu tərəfindən 26 dekabr 2020-ci il tarixdə verilərək 2V-202 sayla reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 15.06.2001-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi ünvan 4 ünvanında qeydiyyatda qızı- Cavabdeh4dır və o, miras əmlakdan ½ hissədə pay almalıdır, şəhadətnamə verilən miras əmlak ünvan 4, yeni qaydalarla AZ5021 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 74.8 kv.m olan fərdi yaşayış evindən və 0,08 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Sumqayıt şəhəri 3 saylı dövlət notariat ofisinin xüsusi notariusu tərəfindən 26 dekabr 2020-ci il tarixdə verilərək 2V-203 sayla reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 15.06.2001-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi ünvan 4 ünvanında qeydiyyatda olan arvadı-Cavabdeh3dır və o, miras əmlakdan ½ hissədə pay almalıdır, şəhadətnamə verilən miras əmlak ünvan 4, yeni qaydalarla AZ5021 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 74.8 kv.m olan fərdi yaşayış evindən və 0,08 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Sumqayıt şəhəri 3 saylı dövlət notariat ofisinin xüsusi notariusu tərəfindən 26 dekabr 2020-ci il tarixdə təsdiq edilərək 3M-2131 sayla reyestrdə qeydə alınmış miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 26 dekabr 2020-ci il tarixli, 2V-203 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən miras payını Cavabdeh4 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, ev 105, Yeni qaydalarla AZ5021 Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi, 23 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,08 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh4 adına 19.01.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 10 mart 2021-ci il tarixdə Sumqayıt şəhəri 3 saylı dövlət notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 4Ə-287 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 ünvan 4, Yeni qaydalarla AZ5021 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 74.8 kv.m olan fərdi yaşayış evindən və 0,08 ha torpaq sahəsindən ibarət əmlakı 160000 manata Cavabdeh5 satmışdır. İş materallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 24 iyun 2021-ci il tarixli, **********06 saylı məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı fərdi yaşayış evi Sumqayıt şəhər X8 12 sentyabr 1959-cu il tarixli protokolundan çıxarış və 1987-ci il tarixli, 735 saylı texniki pasport əsasında X7 adına qeydiyyyata alınaraq 14.12.2020-ci il tarixli, **********1 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri 3 saylı dövlət notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 26.12.2020-ci il tarixli, 2V- 202 və 2V-203 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ üzrə şəhadətnamələr, 26.12.2020-ci il tarixli, 3M-2131 reyestr nömrəli miras payın bağışlanma müqaviləsi əsasında mənzil Cavabdeh4 adına qeydiyyata alınaraq 19.01.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri 3 saylı dövlət notariat ofisinin xüsusi notariusu tərəfinən təsdiq edilmiş 10.03.2021-ci il tarixli, 4Ə-287 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil Cavabdeh5 adına qeydiyyata alınaraq 31.03.3031-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil hazırda Cavabdeh5 mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Azərbaycan Respublikasının MM-nin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr birinci növbədə sayılırlar. İşdən görünür ki, X10 15.06.2001-ci il tarixdə ölmüşdür. İşin mübahisə edilməyən hallarından görünür ki, 15.06.2001-ci il tarixdə ölmüş X7 birinci növbədə vərəsələri arvadı Cavabdeh3 və uşaqları İddiaçı, Cavabdeh4 olmuşdur. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və ya bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İddia ərizəsindən görünür ki, İddiaçı X2nun vəfatından 10 ildən artıq müddət keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İşdən görünür ki, İddiaçı qanunla müəyyən edilmiş müddət ərzində mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməmişdir. İddiaçı iddia ərizəsində atadan qalan əmlakla bağlı hər hansı mübahisə olmadığından və evdə ögey anası Cavabdeh3 və bacısı Cavabdeh4 yaşadıqlarından miras əmlakın bölünməsinə, yaxud vərəsə kimi öz adlarına keçirilməsinə ehtiyac duyulmadığını, mütəmadi olaraq miras əmlak olan evə gedib-gəldiyini, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ilə qohum kimi daima ünsiyyətdə olduğunu, hətta bayramları da birlikdə qeyd etdiklərini göstərmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İddiaçı mirası əmlakı faktiki olaraq qəbul etməsini, yəni miras əmlaka faktiki sahiblik etməsini və ya miras əmlakı faktiki idarə etməsini məhkəmə iclası zamanı sübuta yetirə bilməmiş, məhkəmə kollegiyasına da bu halı təsdiq edən sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia ərizəsində göstərdiyi hallar miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarına görə əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin 26 dekabr 2020-ci il tarixli miras payın bağışlama müqaviləsinin və Cavabdeh4 adına daşınmaz əmlaklar üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız sayılması hissəsinə heç bir münasibət bildirməmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, Yeni qaydalarla AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0,08 ha həyətyanı torpaq sahəsi Cavabdeh5 adına qeydiyyata alınaraq 31.03.3031-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir və həmin əmlaklar hazırda Cavabdeh5 mülkiyyətindədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olmayaraq Cavabdeh5 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, Yeni qaydalarla AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0,08 ha həyətyanı torpaq sahəsinə İddiaçı 1/3 hissədə payının müəyyən edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası MM-nin mirasda məcburi pay hüququnu nizama salan normalarının hazırki mübahisəyə tətbiqi anlaşılan deyidir. Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.1-ci maddəyə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməldə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 339.5-ci maddəsinə görə əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə görə bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəziyyətindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinin mənasına görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr hesab olunur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Göründüyü kimi, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Mülki Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların bağışlanması haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Hazırki iş üzrə əqdlərin etibarsız hesab hesab edilməsi üçün qanunda nəzərdə tutulan əsaslar olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, 26.12.2020-ci il tarixli, 2V-202 və 2V-203 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, İddiaçı X7 vərəsəsi kimi tanınması və İddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, Yeni qaydalarla AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0,08 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə payının müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı, eləcə də işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cu maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin apellyasiya şikayətləri təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(060)-6778/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Sumqayıt şəhəri 3 saylı notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı vərəsəlik şəhadətnamələrinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız sayılması, mənzil sahəsi üzərində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar