Məhkəmə qərarları › İş №2(105)-657/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-657/2024

17.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-657/2024 17.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: mirasın qəbulu müddətinin uzadılması) X17 Süleymanovanın sədrliyi və məruzəsi, X20 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X23 və X24 cəlb edilməklə) "mirasın qəbulu müddətinin uzadılması" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(060)-4954/2022 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun X4mış mirasın qəbulunun gecikdirməyinin səbəbini üzrlü sayaraq miras əmlakın qəbulu üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xalası X25 xx.xx.2021-ci ildə vəfat etmişdir. Xalasından ünvan 1 ünvanda yerləşən 44 saylı mənzil miras qalmışdır. Bununla əlaqədar, iddiaçı həmin əmlaka qanun üzrə vərsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Sumqavıt Şəhər 1 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. Cavabdeh iddiaçıya vərərsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Cavabdehin imtinası iddiaçının mirasın qəbulu müddətinin ötürməyilə əsaslandırılmışdır. İddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti üzrlü səbəbdən gecikdirmişdir. Belə ki, o, 2022-ci ilin fevral ayında mirasın qəbulu ilə bağlı Sumqayıt şəhər 3 saylı notariat ofisinə müraciət etmişdir. Sumqayıt Şəhər 3 saylı notariat ofisinin notariusu iddiaçıya birinci növbə vərəsə olmadığından yalnız mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulu üçün müraciət edə biləcəyini bildirmişdir. İddiaçı da bu səbəbdən 13 iyun 2022-ci il tarixdən sonra mirasın qəbulu ilə bağlı Cavabdehnə müraciət etmişdir. Cavabdeh notariusu tərəfindən iddiaçıya imtina məktubu təqdim edilmişdir. Odur ki, hazırki iddia ərizsəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. İşə məhkəmədə baxılarkən X26 (bundan sonra – üçüncü şəxs) iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

5. 23.05.2022-ci il tarixli etibarnaməyə əsasən iddiaçı X9 ölümündən sonra harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq ünvan 2 ünvanında qeydiyyatda olan mənzili bütün əmlakına bütün səbəblərə görə vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı iş aparmağı X18 həvalə etmişdir.

6. İddiaçı miras qalmış əmlakın qəbulu ilə bağlı cavabdehə müraciət etsə də, cavabdehin xx.xx.2022-ci il tarixli, 918 saylı məktubunda mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsi səbəbindən iddiaçılara imtina cavabı verilmişdir. Həmin məktubdan görünür ki, iddiaçının adından miras əmlakın qəbulu ilə bağlı müraciəti Nikolay Popkov xx.xx.2022-ci il tarixində etmişdir.

7. Cavabdehin Kazimi Nadejdaya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda ona xx.xx.2021-ci ildə vəfat etmiş mərhum xalası X25 ilə qohumluq münasibətini təsdiq edən sənədlərin olmaması səbəbindən aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

8. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli Sərəncamı ilə Kazimi Nadejda xx.xx.1937-ci il təvəllüdlü X12 üzərində qəyyum təyin edilmişdir.

9. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X19 xx.xx.2018-ci il tarixli arxiv çıxarışında Şamaxı rayon Cuxuryurd kənd ZDS İcraiyyə Komitəsinin 1951- 1953-cü illərin Kirovka kəndinin təsərrüfatbaşına kitablarında X25 mərhum anası X13 təsərrüfatında 1937-ci ildə anadan olması qeyd edilmişdir. Çıxarışda ailə üzvləri kimi Anna Popkova, atası X28 və anası X27 göstərilmişdir.

10. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X19 xx.xx.2022-ci il tarixli arxiv çıxarışında əsasən Şamaxı RİH-nin Çuxuryurd İƏD-si nümayəndəliyinin 1954- 1956-cı illərin Kirovka kəndi üzrə Qaytanlanmış təsərrüfatbaşına kitablarında Kirovka kənd sakini şəxsi hesab №-442 olan X21m təsərrüfatında ailə tərkibi aşağıdakı kimi göstərilmişdir: oğlu X15, qızı X22, X16.

11. Doğum haqqında akt qeydi barədə arayışa əsasən X10 xx.xx.1957-ci il tarixdə, Sumqayıt şəhərində anadan olmuşdur. X32 Vasiyeviç, anası X3 qeyd olunmuşdur.

12. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1488 saylı məktubunda göstərilmişdir ki, xx.xx.2021-ci ildə vəfat etmiş X25 ilə X8 bacı olması faktı Dövlət X19 verdiyi xx.xx.2022-ci il tarixli, nömrəli arxiv çıxarışına və SSR Daxili İşlər Nazirliyinin X5 Vəziyyət Aktları şöbəsinin verdiyi ******* əli doğum haqqında şəhadətnaməyə, iddiaçının isə Sumqayıt ZAQS şöbəsinin verdiyi İİİ JQ 448828 əli doğum haqqında şəhadətnaməyə əsasən X2 olması müəyyən edilmişdir.

13. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətinə əsasən iddiaçı xx.xx.1975-ci ildə anadan olmuşdur. Onun atası X6, anası isə X7.

14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2022- ci il tarixli məktubuna əsasən X25 tərəfindən Bakı şəhəri 10 saylı dövlət notariat ofisində 30 iyun 1988-ci il tarixdə K-8-1650 reyestr nömrəli vəsiyyətnaməni Sumqayıt şəhəri 2 saylı dövlət notariat ofisində 05 iyun 1995-ci il tarixdə 2B-2/149 reyestr nömrəli yeni vəsiyyətnamə qoyaraq qismən dəyişdirmişdir və sonuncu vəsiyyətnamənin xx.xx.2022-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır.

15. Notariat ofisinə ünvanlanmış Nadejda İvanovnanın **********201 saylı ərizəsi ilə müəyyən edilir ki, o, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 2/13A, mənzil 44-də yaşamış və xx.xx.2021-ci ildə vəfat etmiş xalası X11 irs qalmış Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 2/13A, mənzil 44-dən ibarət olan miras əmlakı qəbul etmişdir.

16. Notariat ofisinə ünvanlanmış iddiaçının **********432 saylı ərizəsi ilə müəyyən edilir ki, o, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 2/13A, mənzil 44-də yaşamış və xx.xx.2021-ci ildə vəfat etmiş xalası X11 irs qalmış Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 2/13A, mənzil 44-dən ibarət olan miras əmlakı qəbul etmişdir.

17. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 9cu mikrorayon, ev 2/13A, mənzil 44 xüsusi mülkiyyətindədir.

18. Ölüm haqqında şəhadətnamələrin surətlərinə əsasən X25 xx.xx.2021-ci, X3 xx.xx.1993-cü ildə, X14 xx.xx.2019-cu ildə vəfat etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

19. Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(060)- 4954/2022 nömrəli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia təmin edilmiş, X11 miras qalmış ünvan 1, 44 saylı mənzilin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək uzadılması qət edilmişdir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1133.1, 1133.2, 1134.1, 1243.1, 1243.2, 1246, 1248.1-ci maddələrinə və “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

21. Üçüncü şəxs X26 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4954/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Qətnamə maddi hüquq normlarının pozulması ilə nəticələnmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən mirasın qəbul edilməsi üçün qanunvericilik altı ay müddət müəyyən etmişdir. Həmin müddət ötürüldükdən sonra mirasın qəbul edilməsi üçün mirasın qəbul edilmə müddəti məhkəmə tərəfindən üzrlü sayılaraq uzadıla bilər. Bu halda vərəsə mirası həmin müddətdə qəbul etməsinə hansı üzrlü halların mane olduğunu əsaslandırmalı və bununla bağlı sübutlar təqdim etməlidir. İddiaçı iddia ərizəsində qeyd edir ki, iddiaçının xalası X25 xx.xx.2021-ci ildə vəfat etmişdir. Xalasından miras qalmış ünvan 1 ünvanda yerləşən 44 saylı mənzilə qanun üzrə vərsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı iddiaçı Cavabdehnə ərizə ilə müraciət etmişdir. Cavabdeh iddiaçıya vərərsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Cavabdehin imtinası iddiaçının mirasın qəbulu müddətinin ötürməyilə əsaslandırılmışdır. İddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti üzrlü səbəbdən gecikdirmişdir. Belə ki, o, 2022-ci ilin fevral ayında mirasın qəbulu ilə bağlı Sumqayıt şəhər 3 saylı notariat ofisinə müraciət etmişdir. Sumqayıt Şəhər 3 saylı notariat ofisinin notariusu iddiaçıya birinci növbə vərəsə olmadığından yalnız mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulu üçün müraciət edə biləcəyini bildirmişdir. İddiaçı da bu səbəbdən 13 iyun 2022-ci il tarixdən sonra mirasın qəbulu ilə bağlı Cavabdehnə müraciət etmişdir. Cavabdeh notariusu tərəfindən iddiaçıya imtina məktubu təqdim edilmişdir. İddia tələbində qeyd olunan halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə digər üçüncü şəxs X23 iddiaçı ilə eyni mövqedə olan şəxsdir və məhz bu səbəbdən o iddianın təmin edilməsinə etiraz etmir. Ona görə də onun ifadəsi mötəbər sübut kimi qəbul oluna bilməz. Məhkəmənin üçüncü şəxs Nadejda Kazimi ilə Anna Papkovanın qohumluq əlaqələrinin hüquqi cəhətdən təsdiq olunmaması barədə mövqeyi ilə bağlı qeyd edir ki, həmin faktı digər üçüncü şəxs X23 məhkəmədə təsdiq etmişdir. Ona görə də məhz Kazimi Nadejda üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Yəni bu işin mübahisəsiz halıdır ki, Kazimi Nadejda mərhum Anna Popkovanın vərəsəsidir. Ona görə də onun mirasın qəbulu müddətinin uzadılmasına etirazı tamamilə qanuni və əsaslıdır.

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-404/2023 nömrəli mülki iş üzrə 09 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lalə Rəhimli) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, X25 xx.xx.2021-ci ildə vəfat etmiş, iddiaçı isə 24 iyun 2022-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş müddəti ötürməklə notariat orqanına müraciət etmiş, mirasın faktiki qəbulu, ona sahiblik etməsi barədə sübutlar təqdim etməmişdir.

25. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Kasasiya instansiyası məhkəməsindəki icraat

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 yanvar 2024-cü il tarixli 2(102)-22/2024 nömrəli Qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-404/23 nömrəli, 09 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

28. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

29. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

30. İş üzrə cavabdeh Abşeron rayon 1 saylı Dövlət Notariat ofisi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

31. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi üçüncü şəxs X26 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4954/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, Ali Məhkəmənin mövqeyini nəzərə alıb, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.

38. Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur.

39. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıdakı hüquqi mövqelərin davamı olaraq, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. ...mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. ...miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. ...mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. ... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.”.

40. Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

41. Kollegiya araşıdırlan mübahisəyə Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında irəli sürülmüş mövqeyə uyğun qiymət verərək hesab edir ki, mübahisəyə artıq məhkəmə qaydasında baxılması əhəmiyyətini itirmişdir. Bununla belə kollegiya hesab edir ki, tərəflər arasında mübahisənin olması, uzun sürən məhkəmə çəkişməsinə son qoyulması baxımından mübahisələndirilən məhkəmə aktına apellyasiya şikayətinin dəlilləri həddində qiymət verilərək apellyasiya şikayəti qeyd olunan Plenum Qərarında irəli sürülmüş mövqeyə əsasən əsassız hesab edilməli, məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(060)-4954/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar