Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-66/2023 22.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: tikilinin söküməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-284/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Quba rayonu, Gültəpə kəndində yerləşən yaşayış evinə bitişik qonşu - Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş qurğuların ona istismarının qadağan edilməsi və cavabdehin hesabına sökülməsi, eləcə də cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş, ona məxsus 175 kv.m torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun Quba rayonu, Gültəpə kəndində yerləşən evindən qonşusudur. Onun Quba rayonfu, Gültəpə kəndində 0.10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı yaşayış evi vardır. Həmin yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququ əsasında adına əmlakın AR ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № ******* saylı, ********** qeydiyyat nömrəli 27 noyabr 2010-cu il qeydiyyat tarixli Çıxarış verilmişdir. ünvan 1 ünvanında yaşasa da mütəmadi olaraq Gültəpə kəndindəki yaşayış evinə gedib gəlir. 2018-ci ilin iyun ayında evinə gedərkən cavabdehin onun icazə və razılığı olmadan evinə bitişik hamam və satinar qovşağı tikdiyini, eləcə də evinin pəncərəsinin qarşısında dam bağladığını görmüşdür. Bu barədə cavabdehə iradını bildirdikdə Cavabdeh ona həmin tikililəri sökməyəcəyini bildirmişdir. Bundan başqa cavabdeh onun evinin həyət hissəsindən 175 kv.m zəbt edərək orada özünə tövlə və digər tikili inşa etmişdir. Cavabdeh həmin tikililəri onun icazəsi və razılığı olmadan tikmiş, nəticə də ona məxsus yaşayış evinin divarı onun tikdiyi hamamdan nəm çəkərək yararsız vəziyyətə düşmüşdür. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-284/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı xüsusi mülkiyyətində olan Quba rayonu, Gültəpə kəndində yerləşən fərdi yaşayış evinə bitişik və həmin evin qarşısında Cavabdeh tərəfindən qanunsuz olaraq özbaşına tikilmiş qurğular, habelə, sanitar qovşağı, mətbəx, çörək bişirmə sexinin Cavabdeh hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza xərci olaraq 100 manat məbləğində pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Kodu: 210005, VÖEN **********, MH:AZ41NABZ********************,SFİFT:CTREAZ22,Hesab: AZ34CTRE**********0002 088501) hesabına ödənilməsi qət edilmişdir (hakim Rahim Həsənov). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.7, 157.8, 158.2, 180.1, 180.4 maddələrinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 54.1, 57.2.1, 57.2.2 və 57.2.5, 71.1, 72.1, 72.2, 74.1, 74.2, 95.1.4 maddələrinə istinad edərək iddianı qismən təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)- 284/2020 saylı, 20 may 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Cavabdeh Şami qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, iş üzrə ekspertiza təyin edilmiş, yerində ölçülmüş, ekspertin onun iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyi, ona məxsus tikililərin iddiaçıya məxsus torpaq sahəsinə düşmədiyini bildirməsinə baxmayaraq məhkəmə tərəfindən əksinə qərar verilmiş, ekspert rəyi sübut hesab olunmamışdır. Halbuki həqiqətən o, iddiaçının torpaq sahəsini zəbt etməyib, orada tikililər tikməmişdir. Ona görə də sübutlar yenidən qiymətləndirilməli, yenidən ekspertiza təyin olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə rəsmi qaydada məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Kovensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 180.1-ci maddəsinə əsaəsn tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tkinti və qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsaəsn tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 54.1-ci maddəsinə əsasən Tikinti materialları və məmulatı tikintinin texniki-iqtisadi əsaslandırılmasına və layihə qərarlarının tələblərinə, tikinti işlərinin təyinatına və xüsusiyyətlərinə uyğun seçilir. 57.2.1, 57.2.2 və 57.2.5-ci maddələrinə əsasən tikinti obyekti yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir; istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır. 71.1-ci maddəsinə əsasən ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun olmalıdır. 72.1 və 72.2-ci maddələrinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır; divarın mövcud qonşu divara paralel tikildiyi və yanaşı divarlar arasında boşluq qaldığı (divarlar arasındakı məsafə onların istismarına mane olduğu) hallarda, həmin boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə müəyyən tədbirlər görülməlidir. 74.1 və 74.2-ci maddələrinə əsasən bu Məcəllənin 79-80-cı maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur; bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. 95.1.4-cü maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti sifarişçinin (tikinti obektinin mülkiyyətçisinin) öz arzusu ilə sökülür. Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də apellyasiya şikayətindən görünür ki, məhkəmənin qətnaməsinin iddianın təmin edilən hissəsində mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni iddianın təmin edilən hissədə müzakirə edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-284/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Quba rayonu, Gültəpə kəndində 0.10 torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 01/094 saylı mütəxəssis rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (seriya MA ******* nömrəli, qeydiyyat tarixi xx.xx.2010-cu il) və danışmaz əmlakın texniki pasportu (inventar nömrəsi 01, qeydiyyat tarixi xx.xx.2010-cü il) əsasında İddiaçı məxsus olan, Quba rayonu, Gültəpə kəndidə yerləşən 0.10 ha həyatyanı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmayıb və faktiki olaraq istifadə edilmir. Əmlaka baxış zamanı Cavabdeh tərəfindən mülkiyyət sənədlərində öz əksini tapmayan, şəhərsalma norma və qaydalarına zidd olaraq iddiaçının yaşayış evinə bitişdirilmiş şəkildə qanunsuz tikilmiş qurğular, habelə, sanitar qovşağı, mətbəx, çörək bişirmə sexi aşkar edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin Tikinti-texnikası ekspertizasının xx.xx.2020-ci il tarixli, 10/68 saylı rəyindən görünür ki, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 01/094 saylı mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunmadığı müəyyən olunur. Mütəxəssis rəyinə əsasən Cavabdeh tərəfindən qanunsuz tikilmiş qurğuların İddiaçı mülkiyyətində olan 0.10 ha torpaq sahəsində yerləşmədiyi müəyyən olunur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, İddiaçı evinin qarşında Cavabdeh inşa etdiyi tikili mülkiyyətçinin həmin ev qarşısında yaranmış mülkiyyət hüquqları pozmuşdur. Müəyyən olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (seriya MA ******* nömrəli, qeydiyyat tarixi xx.xx.2010-cu il) və daşınmaz əmlakın texniki pasportu (inventar nömrəsi 01, qeydiyyat tarixi xx.xx.2010-cü il) əsasında İddiaçı məxsus olan, Quba rayonu, Gültəpə kəndidə yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmayıb və faktiki olaraq istifadə edilmir. Lakin İddiaçı mülkiyyətində olan Quba rayonu, Gültəpə kəndində yerləşən fərdi yaşayış evinə bitişik və həmin evin qarşısında Cavabdeh tərəfindən mülkiyyətçinin razılığı olmadan və müvafiq icazə alınmadan qanunsuz olaraq özbaşına tikilmiş qurğular, habelə, sanitar qovşağı, mətbəx, çörək bişirmə sexi tikilmiş, bununla da mülkiyyətçinin həmin evə mülkiyyət hüquqları və tikinti norma və qaydaları pozulmuşdur. Məhkəmə hesab etmişdir ki, Cavabdeh İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə bitişik və həmin evin qarşısında mülkiyyətçinin razılığı və müvafiq icazəsi olmadan özbaşına tikilmiş qurğular, habelə, sanitar qovşağı, mətbəx, çörək bişirmə sexi inşa etməsi, mülkiyyətçi İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri və Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi ilə tanınan və qorunan mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməli, onun pozulmuş hüquqlarının bərpası üçün iddia qismən təmin edilərək cavabdehin qanunsuz tikdiyi, qurğular, habelə, sanitar qovşağı, mətbəx, çörək bişirmə sexi onun öz hesabına sökülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı xüsusi mülkiyyətində olan Quba rayonu, Gültəpə kəndində yerləşən fərdi yaşayış evinə bitişik və həmin evin qarşısında Cavabdeh tərəfindən tikilmiş qurğular, habelə, sanitar qovşağı, mətbəx, çörək bişirmə sexi Cavabdeh hesabına sökülməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə qeyd edilənlərə əsasən iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən məhkəmə kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-3428/2021 nömrəli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmişdir. İş üzrə keçirilmiş xx.xx.2022-ci il tarixli, 10/1470 saylı ekspertiza rəyindən görünür ki, Quba rayonu, Gültəpə kəndində Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin divarına bitişik şəkildə 4,0x7,2m ölçüdə və 2,0x3,Om ölçüdə olan tikililər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1 bəndinin və tikinti norma və qaydalarının tələblərinə uyğun inşa olunmadığı müəyyən edilir. İddiaçı fərdi yaşayış evinin divarına bitişik şəkildə 4,0x7,2m ölçüdə tikili və 2,0x3,Om ölçüdə hamam otağın və təndirxana ilə Cavabdeh yaşayış evinin arasında olan sahədə inşa olunmuş əlavə tikililər Cavabdeh adına 1988-ci ilin oktyabrında tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportunda öz əksin/tapmadığı və qeyd edilən tikililər sonradan inşa olunmuşdur. Məhkəmə kollegiyası ekspert rəyi aydın tərtib edilmədiyindən və rəyin nəticə hissəsində qərardadda qoyulmuş suallar tam cavablandırılmadığından xx.xx.2022-ci il tarixdə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. İş üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli, 10/2427 saylı ekspertiza rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, Gültəpə kəndində fərdi yaşayış evinin divarına bitişik şəkildə Cavabdeh tərəfindən 4,0x7,2 metr və 2,0x3,0 metr ölçüdə tikililərin inşa edildiyi müəyyən edilmişdir. Həmin tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1 bəndinin və tikinti norma və qaydalarının tələblərinə uyğun inşa olunmadığı müəyyən edilir. İddiaçı fərdi yaşayış evinin divarına bitişik şəkildə 4,0x7,2 metr və 2,0x3,0 metr ölçüdə tikililər, eləcə də Cavabdeh həyətində yerləşən təndirxana tikilisi ilə yaşayış evinin arasında olan sahədə inşa edilmiş əlavə tikililərin Cavabdeh adına tərtib edilmiş 1988-ci il tarixli texniki pasportunda öz əksini tapmadığı, sonradan inşa olunduğu müəyyən olunur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçı apellyasiya şikayətini əsaslandıra bilməmiş, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir, onun dəlillərinə isə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmiş, eyni zamanda ekspert rəyi ilə də təkzib edlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-284/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 (100+100) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesab- AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-66/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-66/2023
22.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver