Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-665/2022 01.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı yaşayış evinə, həyətyanı və özəl torpaq sahələrinə vərəsəlik üzrə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 20 iyul 2009-cu il tarixli, 2(027)-606/2009 saylı qətnaməsindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı Quba rayonu, Ağbil kəndində yerləşən yaşayış evinə, həyətyanı və özəl torpaq sahələrinə vərəsəlik üzrə mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 20 iyul 2009-cu il tarixli, 2(027)-606/2009 saylı qətnaməsilə iddia təmin edilmişdir. (hakim E.Camalov) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti hazırda qüvvədə olan prosessual qaydalara uyğun təqdim edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyü məsələsini yazılı icraat qaydasında müzakirə etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Yenə həmin Məcəllənin 397.2-ci maddəsinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi Quba Rayon Məhkəməsinin 20 iyul 2009-cu il tarixli, 2(027)-606/2009 saylı qətnaməsindən apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verməmiş, prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normasının tələbini pozmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.5-ci maddələrinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bundan əlavə, işdən göründüyü kimi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi qətnamədən apellyasiya şikayətini işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. İşdən göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin bu tələbinə əməl etməmiş, qəbul edilən qətnamənin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunmasını müəyyən etmədən işi birbaşa apellyasiya məhkəməsinə göndərmişdir. Halbuki, qeyd edildiyi kimi həmin qərardaddan şikayət verilə bilər. AR MPM-in 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin 20 iyul 2009-cu il tarixli, 2(027)-606/2009 saylı qətnaməsindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən və həmin qətnamənin onların hüquq və vəzifələrinə toxunulması müəyyən edilmədən verildiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də, bu apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsi DƏDRX-nin müvafiq qurumu tərəfindən verilmiş apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, hazırki halda apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası izah edir ki, apelyasiya şikayəti vermiş şəxs MPM-in yuxarıda sadalanan tələbələrinə əməl etməklə yenidən ümumi qaydada apelyasiya şikayəti verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1.3, 263- 264, 361, 363.1, 363.1.5, 365, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı yaşayış evinə, həyətyanı və özəl torpaq sahələrinə vərəsəlik üzrə mülkiyyət hüququnun tanınması tələbinə dair Quba Rayon Məhkəməsinin 20 iyul 2009-cu il tarixli, 2(027)-606/2009 saylı qətnaməsindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-665/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-665/2022
01.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver