Məhkəmə qərarları › İş №2(105)-666/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-666/2023

06.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-666/2023 06.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair iş üzrə (Açar sözlər: kommunal xidmətlərə görə haqqın ödənilməsi,borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X5 (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-1130/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları 12 oktyabr 2022-ci il tarixli aktda qeyd edilmişdir ki, abonent giriş xəttinə budağlanma yolu ilə qoşularaq kənar xətdən istifadə edir. Kənar xətdən kabelin en kəsik sahəsi 2 x 6 mm2-lik aliminium kabel aşkar edilmişdir. Elektrik sayğacının giriş xətti yenisi ilə əvəz edilmişdir. 24 oktyabr 2022-ci il tarixli 487422 saylı enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görnür ki, "xxxx" ASC ilə İddiaçı arasında elektrik enerjisinn alqı-satqı müqaviləsi bağlanmışdır. Xİİ-JQ seriyalı 309397 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X17 ilə X2 birgə nikahlarından xx xxxx 1987-ci ildə Mürvət adlı uşaqları olmuşdur. AZ-İİ seriyalı 190479 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X17 18 oktyabr 2021-ci ildə ölmüşdür. Şabran rayon İHB-nın Gəndov İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 noyabr 2022-ci il tarixli 587 saylı çıxarışdan görünür ki, X8 Şabran rayon Aygünlü kəndində fərdi yaşayış evi vardır. X1, X6, X15 və X18 qeydiyyatdadır. Əliyev X4 ailəsi ilə birgə eyni təsərrüfatda yaşayır. "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, M-050 nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixinə **********00128 kodlu mənzilin cəmiyyətə 715,42 manat borcu vardır. 715,42 manat borcun ödənişinin təmin edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı iddia ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, “Azərişıq ASC” tərəfindən 12 oktyabr 2022-ci il tarixli, 274480 nömrəli akta əsasən əsas olaraq hesablanmış 698.78 manat məbləğində borcun **********00128 nömrəli abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Şabran rayonu, Aygünlü kəndində yaşayır və yaşadığı evdə elektrik enerjisi istehlakçısıdır. Yaşadığı evin abonent kodu (**********00128) mərhum atası X8 adınadır. “Azərişıq ASC”-nin nümayəndələri tərəfindən 12 oktyabr 2022-ci il tarixli, 274480 nömrəli akt tərtib edilərək həmin aktda göstərilmişdir ki, EEİQ-na uyğun yoxlama zamanı məlum oldu ki, abonent giriş xəttinə budağlanma yolu ilə qoşularaq kənar xətdən istifadə edir. Həmin akta əsasən atası X12 698,78 manat borc hesablanmışdır. “Azərişıq ASC”-nin nümayəndələri tərəfindən tərtib edilmiş 12 oktyabr 2022-ci il tarixli, 274480 nömrəli akt və həmin akt əsasında hesablanmış borc əsassızdır. Akt tərtib olunan zaman atası artıq vəfat etmişdi. Belə ki, atası X17 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Aktda göstərilənlərə gəldikdə isə qeyd etmək istəyir ki, o, giriş xəttinə budağlanma yolu ilə qoşularaq kənar xətdən istifadə etməmiş, atası da sağlığında belə bir hala yol verməmişdir. Evlərinin yaxınlığında yerləşən elektrik dirəyində qırıq vəziyyətdə olan elektrik kabeli vardır ki, həmin kabelin onlara heç bir aidiyyəti yoxdur. Cavabdeh qurumun nümayəndələri həmin kabelə baxaraq kənar xətdən istifadə edilməsi qənaətinə gəlmişlər ki, bu tamamilə əsassızdır. Göründüyü kimi “Azərişıq ASC” tərəfindən hesablanmış 698.78 manat məbləğində borc əsassızdır və silinməlidir. Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-1130/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, “Azərişıq ASC” tərəfindən 12 oktyabr 2022-ci il tarixli, 274480 nömrəli akta əsasən İddiaçı hesablanmış 698.78 manat məbləğində borcun **********00128 nömrəli abonent kodundan silinməsi qət olunmuşdur. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Lakin, hazırkı iddia tələbində göstərilən borcun yaranmasına əsas olan akt tərtib edilərkən cavabdeh təşkilat olan enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən "Elektrik enerjisindən istifadə Qaydaları"nın tələbləri pozularaq, abonentə məxsus elektrik hesabat sayğacdan kənar xəttin aşkar olunması halı üçün abonentə əlavə sərfiyyat hesablanarkən həmin tələblər nəzərə alınmamış, iki nəfər hal şahidinin əvəzinə enerjitəchizatı müəssisəsinin nümayəndələri iştirak etmiş, yoxlama zamanı abonent və ya ailə üzvlərindən iştirak edən olmamışdır. Hətta aşkar olunan kənar xətt istifadə olunan xətdirsə belə yoxlayıcılar tərəfindən ayrılmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, aktda iddiaçının mərhum atacı Cavid Əliyevin adı abonentin nümayəndəsi kimi onun iştirakı ilə aktın tərtib edilməsi qeyd edilmişdir. Elektrik sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıyıır. Belə olan təqdirdə isə iddiaçının, elektrik enerjisi istehlakçısı olaraq məsuliyyətinin yaranması istisna edilir. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddəsinə, "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarının istinad etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş EEİQ-nm 8.33-cü bəndinə isinad edərək, akt tərtib olunan zaman iki hal şahidinin iştirkaının təmin edilməməsini əsas gətirmişdir və aktı imzalamaları qeyd edilərək iddia təmin edilmişdir. Yalnız məhkəmə nəzərə almamışdır ki, iddiaçıya qarşı tərtib olunmuş akt EEİQ- 8.17-ci bəndinə əsasən mənzildə elektrik hesabat sayğacından kənar xətt çəkilərək elektrik enerjisindən istifadə olunması halı aşkar olunduğundan tərtib edilmişdir. Təqdim edilmiş sübutlardan da göründüyü kimi aktda sayğacın və ya üzərindəki plombların bütövlüyündən söz getmir və mənzildə sayğacdan kənar xətdən istifadə iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Həmçinin məhkəməninin istinad etdiyi EEİQ-nin 8.33-cü bəndi (hal şahidlərinin iştirakının məcburiliyi və s. normaları) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalar”ında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli, 155 saylı qərarı ilə ləğv edilmişdir. Bununla əlaqədar olaraq məhkəmənin nəzərinə çatdırırıq ki, EEİQnın 8.17-ci bəndinə əsasən hal şahidi tələb olunmur və aşkar olunmuş kənar xəttin video görüntüsü diskə (DVD-R) köçürülərək məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfindən sayğaca olunmuş müdaxilə hər hansı bəsit- sayğac şüşəsinin sındırılması, plombların qoparılması və sair kimi müdaxilələr deyil. Sayğacdan kənar xətt çəkilərək elektrik enerjisindən qanunsuz istifadə etməsi, bundan sonra iddiaçının məhkəməyə müraciət etməsi, akt üzrə aşkar olunmuş halın əvvəldən planlaşdırıldığını, hansısa mütəxəssis tərəfindən mənzildə istifadə olunan enerji sərfiyyatının azaldılması məqsədi ilə həyata keçirildiyini sübut edir. Bütün bunlara baxmayaraq isə iddiaçının hüquqdan sui-istifadə edərək məhkəməyə “aktın ləğv edilməsi və borcun silinməsi” tələbi ilə müraciət etməsi yolverilməzdir. Məhkəmə yalnış hüquq normalarına istinad edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qət etmişdir ki, bu haldada enerji haqqlarının yığımının 100 %-ə çatdırılması barədə "xxxx" ASC qarşısında qoyulmuş tapşırıqlarının icrasına maneə yaratmışdır. Qeyd olunanlardan əlavə aşkar olunmuş faktı təsdiq edən video çəkilişlər sübut kimi məhkəməyə təqdim edilmişdir. Həmin görüntülərdən açıq görünür ki, sayğacdan kənar xətt çəkilərək mənzildə qanunsuz elektrik enerjisindən istifadə edilmişdir. Məhkəmə isə cavabdeh tərəfindən təqdim edilmiş sübutları nəzərə almamış, qətnamə çıxararkən həmin sübutlara münasibət bildirməmişdir. Göründüyü kimi məhkəmə iddia tələbinə dair cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd olunan hallara və etiraza əlavə edilmiş sübutlara düzgün qiymət verməmiş, "xxxx" ASC tərəfindən haqlı olaraq hesablanmış borcun silinməsi barədə qətnamə çıxarmış, qətnamə çıxararkən isə qeyd olunanlara nəzərə almamışdır. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X19 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, izahatında apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” Bənd 1.1. Elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Bənd 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Bənd 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Bənd 8.5. Abonent elektrik enerjisi sərfinə görə subabonentdən aldığı ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən olunmuş müddətdə enerjitəchizatı müəssisəsinin hesabına köçürməlidir və abonent tərəfindən bu ödənişin başqa məqsədlər üçün istifadə edilməsinə icazə verilmir. Bənd 10.189-1. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi Elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə borcludur. Bənd 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Bənd 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Bənd 8.33. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.Aktın əsasında enerjitəchizatı müəssisəsi qeydə alınmamış elektrik enerjisinin miqdarını müəyyən edir və məişət abonentinə əlavə ödəniş sənədi yazır. Enerjitəchizatı müəssisəsinin qərarına məişət abonentinin etiraz ərizəsi verməsi onu qoyulmuş müddətdə ödəniş sənədi üzrə elektrik enerjisinin haqqını ödəməkdən azad etmir. Məişət abonenti on gün müddətində əlavə ödəniş sənədi üzrə elektrik enerjisi haqqını ödəmədikdə, enerjitəchizatı müəssisəsi bu Qaydaların 8.31-ci bəndinə uyğun olaraq onu elektrik şəbəkəsindən aça bilər. Tərəflər iddia ilə məhkəməyə müraciət edə bilərlər (14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.27-ci, 8.32-ci və 8.33-cü bəndləri ləğv edilmişdir). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 13.8-ci bəndinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apelyasiya şikayəti məhkəmə aktının ləğvinə yönəldiyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəli hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya məxsus abonet ünvanı üzrə elektrik xəttinə qanunsuz qoşulma halı aşkar edilməsinə dair müvafiq 274480№li akt tərtib edilmiş və bununla bağlı sərf edilmiş elektrik enerjisinə görə 699,5 manat pul vəsaiti (hesablanma günü 62 gün, sərf edilmiş elektrik enerji sərfiyyatı ümumilikdə 5520 kvts, 1kvts-nın qiyməti elektrik enetjisi sərfiyatının 198 kvts-ya münasibətdə 0,08 manat, 205 kvts-ya münasibətdə 0,09 manat, 5117 kvts-ya münasibətdə 0,13 manat götürülməklə) hesablanmışdır. İddiaçı iddia tələbinin əsası kimi həmin aktın qanunsuz tərtib edilməsi halına istinad edərək, onun əsasında hesablanmış 698,78 manat məbləğində borcun silinməsini tələb etmişdir. Məhkəmə kollegiyası onu qeyd edir ki,hazırki mülki iş üzrə ilk növbədə iddiaçı abonent barəsində müvafiq borc məbləğinin yaranması əsası qismində çıxış edən cavabdeh tərəfindən tərtib edilmiş 274480 №li aktın qanunvericiliyin tələblərinə uyğun tərtib edilib-edilməməsi halının müəyyən edilməsi zəruridir. Bununla bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi müvafiq akt tərtib edilməsi zamanı iki hal şahidinin iştirakı məcburi olduğu halda, bu tələbə əməl edilmədiyindən, həmin aktı mötəbər sübut qismində qəbul etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin bununla bağlı istinad etdiyi Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndi 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndi ləğv edilmişdir. Ona görə də birinci instansiya məhkəməsi qüvvədən düşmüş normalara istinad etməklə, həmin hissədə düzgün nəticəyə gəlməmişdir. Bundan əlavə, cavabdeh tərəfindən müvafiq akta dair CD disk iş materiallarında mövcud olsa da, birinci instansiya məhkəməsi tərəfindən həmin sübuta ümumiyyətlə qiymət verilməmişdir. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən işin bütün halları tam aydınlaşdırılmamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, məhkəmə araşdırması zamanı iş materiallarında mövcud olan müvafiq CD diskə baxış keçirilmiş, baxış zamanı iddiaçıya məxsus elektrik enerjisinə dair sayğac üzrə kənar xətt qoşulma halnın mövcudluğu aşkar görünmüşdür. İddiaçı həmin kənar xətt qoşulmanının orada olduğunu, bu barədə məlumatlı olduğunu, lakin ondan istifadə edilmədiyini, onun qərəzli şəkildə idarə əməkdaşları tərəfindən ora yerləşdirildiyini bildirmişdir.Göründüyü kimi iddiaçı tərəfindən həmin halı təkzib edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da, iddiaçıya məxsus abonent sayğac üzrə elektik enerjisinə dair kənar qoşulma xəttinin mövcudluğu halı təsdiq edildiyindən, bu barədə tərtib edilmiş müvafiq akt da qanuni və əsaslı olmuşdur. Bununla yanaşı qeyd olunmalıdır ki, cavabdeh tərəfindən aonent iddiaçı barəsində tərtib edilmiş akt qanuni və əsaslı olsa da, itirilmiş elektrik enerjisi sərfiyyatının hesablanması düzgün aparılmamışdır. Belə ki, cavabdeh itirilmiş elektrik enerjisi sərfiyyatını hesablayarkən 24 saat və 62 gün müddəti nəzərə almaqla, hesablanmışdır ki, bu hal istehlakçıların mənafeyinə və yuxarıda qeyd edilmiş qanunvericiliyin tələbinə uyğun olmamışdır. Belə ki, qeyd olunan normalarının tələbinə əsasən istehlakçılarla bağlı itirilmiş elektrik enerjisinin sərfiyyatı hesablandığı zaman məhz onun işlək saatları nəzərə alınmalıdır. Bu baxımından elektrik enerjisinin gün ərzində 24 saat müddətində sərf edilməsi gündəlik həyat tərzinin tələbatı cəhətdən işlək saatlar müddətinə uyğun olmamaqla (elektrik enerjisindən gün ərzində mütəmadi fasiləsiz istifadə edilməsi halının reallığı əks etdirməməsi, gecə və gündüz saatlarının olması halı nəzərə alınmaqla), həmin sərfiyyatın gündəlik 8 saat olmala nəzərə alınması, məhz istehalkçıların mənafeyi və işlək saatlar müddəti baxımından daha məqsədəuyğundur. Həmçinin, itirilimiş elektrik enerjisinin 62 gün nəzərə alınmaqla hesablanması halı da, qanunvericiliyin tələbinə ziddir. Belə ki, cavabdeh tərəfindən həmin müddətin hansı tələbə əsasən müəyyən edildiyi aşkar olunmamışdır. Həmçinin, qeyd olunan qanunvericiliyin tələbinə əsasən cavabdeh təşkilatın abonentlər üzrə mütəmadibaxış keçirməklə, bununla bağlı zəruri tədbir görmək öhdəliyi mövcud olmuşdur. Lakin cavabdeh tərəfindən qeyd olunan tələbə əməl edilməməsi ilə bağlı keçmiş müddət üzrə itirilmiş sərfiyyatın hesablanması istehlakçıların mənafeyinə zidd olmuşdur. Ona görə də itirilmiş sərfiyyatının hesablanması zamanı müddət kəsiyi məhz cavabdeh tərəfindən mütəmadi baxış keçirilməsi ilə bağlı öhdəliyinin mövcud olduğu müddət 30 gün əsas götürülməklə hesablanması istehlakçıların mənafeyi baxımından daha məqsədəuyğundur. Qedy olunan halları əsas götürərək, məhkəmə kolegiyası hesab edir ki, sayğaca qanunsuz qoşulma nəticəsində itirlmiş elektrik enerjisinin sərfiyyatı 8 saat, 30 gün olmaqla hesablanmalı və itirilmiş elektrik enerjisinin sərfiyatı ümumilikdə 890,4 kvts olmaqla,məbləği (tarif qaydalarına uyğun olaraq 1 kvts dəyəri əsas götürülməklə, 198 kvts x 0,08=15,84 manat, 205 kvts x 0,09 =18,45 manat, 487,4 kvts x 0,13= 63,4 manat olmaqla) ümumilikdə 97,5 manat məbləğində müəyyən edilməlidir Bu halları nəzərə alınmaqla, məhkəmə kollegiyası hesab edir ki, müvafiq akt üzrə hesablanmış 699,5 manat məbləğində cərimə borcunun 97,5 manat məbləğində olan hissəsi əsaslı hesablandığından, iddia tələbi həmin məbləğə aid hissədə təmin edilməməli, qalan 601,28 manat məblğində olan hissədə hesablanmış pul vəsaiti silinməli, iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. Qeyd olunan halları əsas götürərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mülki iş üzrə işin bütün halları tam aydınlaşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, bununla da gəldiyi nəticə işin hallarına uyğun olmamış, iş üzrə düzgün olmayan qətnamə qəbul edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul edilmiş qətnamə tam ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az məbləğ (698,78 manat) təşkil etdiyindən, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382,384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-1130/2022 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. “Azərişıq ASC” tərəfindən 12 oktyabr 2022-ci il tarixli, 274480 nömrəli akta əsasən İddiaçı abonent üzrə hesablanmış 601,28 (altı yüz bir manat 28 qəpik) manat məbləğində borc pul vəsaiti **********00128 nömrəli abonent kodundan silinsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar