Məhkəmə qərarları › İş №2(105)-672/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-672/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-672/2025 21.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-7507/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə İmei kod **********41658 Vivo Y31 markalı telefon üçün 647,9 manat borc, 64,1 manat cərimə borcu olmaqla, ümumilikdə 712 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********41658 Vivo Y31 markalı telefon almış və nəticədə 712 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı 792,9 manat (18 ay x 44,05 manat ödənişlə) olan İmei kod **********41658 Vivo Y31 markalı telefon üçün ümumilikdə 712 manat olmaqla, ondan 647,9 manat ödənilməmiş hissə, 64,1 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 145 manat təşkil edir.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-7507/2024 saylı qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə İmei kod **********41658 Vivo Y31 markalı telefon üçün 647,9 manat əsas borc, 64,1 manat cərimə borcu olmaqla, ümumilikdə 712 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manatın alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh X1 "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən aldığı malın 792,9 manat olan ümumi dəyərindən 145 manat ödəniş etmiş və nəticədə 712 manat borc yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilə mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malın 792,9 manat ümumi dəyərindən 145 manat ödəniş etmiş və nəticədə 647,9 manat əsas borcu yaranmışdır. Ona görə də iddia tələbi əsas borcun ödənilməsinə dair hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 64,1 manat dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə hesab edir ki, cavabdehdən 64,1 manat dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir.

6. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxmış, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385,386, 442, 448.1, 567, 601.1-ci, MPM-in 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(105)-672/2024 nömrəli qərardadı ilə mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-7507/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxılması qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-7507/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Şikayətin dəlilləri:

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli müqavilə əsasında aldığı Vivo Y31 markalı telefon zəmanət müddətində texniki nasazlıq səbəbindən istismar üçün yararsız olmuşdur. O, İddiaçı MMC-yə müraciət edərək aldığı telefonun istifadəyə yararsız olduğunu bildirmiş, telefonu ondan qəbul etmiş, lakin texniki nasazlıq aradan qaldırılmamışdır. Hal-hazırda da telefon "xxxx" MMC-dədir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. İddiaçı təşkilat tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus mağazadan mobil telefon almış, iki ay sonra telefon xarab olmuşdur. Mağazaya müraciət etmiş, servisə müraciət edəcəklərini, iki həftə ərzində məlumat veriləcəyini bildirmişlər. Beləliklə telefonunu mağazaya təhvil vermişr, bununla bağlı hər hansı sənədləşmə olmamış, iki həftə keçsə də, xəbər gəlməmişdir. Bundan xeyli müddət keçdikdən sonra, təxminən 700 manat məbləğində borcunun olması və ödənişi etməli olmağı barədə xəbərdarlıq edilmiş, o, isə telefonun mağazada olduğu halda ödəniş etməyinin düzgün olmadığını qeyd etsə də telefon mağazada olmasına rəğmən ödənişi etməli olduğunu bildirmişlər. Telefon öz-özünə donurdu, zəng gələn vaxt donduğundan səs eşidilmirdi, işçı özü də yoxlayıb qəbul edib. Telefonu 2022-ci ilin sonunda qaytarıb. Telefonu mağazaya təhvil verəndə iki əlavə nömrəsini vermişdir. İddiaçının telefonun harada olması barədə məlumatı yox idi, sonradan axtarıb tapıblar. Məhsulun geri götürülməsi barədə ona hər hansı məlumat verilməyib, məktub göndərilməyib, zəng edilməyib. Hər ay 44 manatdan 3-4 ay ödəniş etmişdir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, məhsulda qüsur olmamış, cavabdeh məhsulu mağazaya qoyub getmiş, servis üçün təhvil verməmişdir. Servis üçün təhvil verildikdən sonra 14 gün ərzində vətəndaş yaxınlaşaraq məlumat almalıdır. Müştəri telefonu verdiyi gündən mağazaya yaxınlaşmayıb. Qətnamə çıxdıqdan sonra mağazaya müraciət edib. Telefon tam işlək vəziyyətdədir. Məhsulu yaxınlaşıb götürməsi barədə vətəndaşa telefonla məlumat verilib. Apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

İşdə olan sübutlar

13. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 792,9 manat olan İmei kod **********41658 Vivo Y31 markalı telefon almışdır.

14. xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İmei kod **********41658 Vivo Y31 markalı telefon Cavabdeh təhvil verilmişdir.

15. ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə, 0 manat ilkin ödənişlə, aylıq ödəniş 44,05 manat olmaqla, İmei kod **********41658 Vivo Y31 markalı telefon almış və 145 manat ödəniş etmişdir.

16. "xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 582.2. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 614.1. Pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. 624.1. Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: 624.1.1. keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.1.2. alış qiyməti mütənasib surətdə azaldılsın; 624.1.3. malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; 624.1.4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. 624.3. Malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (qida məhsulları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. 624.4. Bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

18. Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

19. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-7507/2024 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-7507/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

21. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ümumi dəyəri 792,9 manat olan Vivo Y31 markalı telefon cavabdeh tərəfindən alınmış, lakin sonradan cavabdeh telefonda qüsür yaranması səbəbindən 2022-ci ilin sonlarında aldığı telefonu geri qaytarmışdır. Telefon geri qaytarılarkən cavabdehin iddia etdiyi qüsurun mövcudluğu yoxlanılmamış və buna dair hər hansı bir təhvil aktı tərtib edilməmişdir. Telefon təhvil verildiyin gündən uzun müddət keçməsinə baxmayaraq, iddiaçı cavabdehə telefondakı qüsür və ya qüsursuzluq barədə hər hansı bir rəsmi etiraz göndərməyərək hərəkətsizlik etmiş, yalnız telefon geri qaytarıldıqdan iki il sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bununla da məhkəmə kollegiyası iddiaçının cavadbehə bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya vermədiyi qənaətinə gəlmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 624.4-cü maddəsinin tələbinə uyğun olaraq, cavabdeh alıcı alğı-satqı müqaviləsinin icrasından haqlı olaraq imtina etmişdir. İşin qeyd edilən halları birinci instaniya məhkəməsi tərəfindən müəyyən edilmədiyindən, birinci birinci instansiya məhkəməsinin gəldiyi nəticə də əsassız olmuşdur.

22. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-7507/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-7507/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar