Məhkəmə qərarları › İş №2(105)-68/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-68/2023

17.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-68/2023 17.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: magistral neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(012)-256/2021 nömrəli qətnaməsindən iddiaçı SOCAR-ın İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 0.088 ha torpaq sahəsi və fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 70 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli akt və xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən, neft kəmərlərinin mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2 maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə Cavabdeh müvafiq olaraq şifahi və yazılı şəkildə xəbərdar edilmişdir. xx.xx.2020-ci il tarixli, 116 №-li bildiriş məktubuna əsasən, SOCAR Təhlükəsizlik İdarəsinin 35 saylı komandasının mühafizə etdiyi Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 29-cu kmdə, kəmərin mühafizəsi zonasında, kəmərdən 45 metr aralı aralıda ünvan 2 ünvanında yaşayan Cavabdeh aid olduğu iddia edilən və həmin ünvanda yerləşən həyətyanı sahədə, köhnədən inşa edilmiş, lakin qəzalı vəziyyətə düşmüş hasar tikilisinin xx.xx.2020-ci il tarixdə sahibi tərəfindən sökülərək yenidən bərpa edilməsi aşkar edilmişdir. İşin qanunazidd olduğu tikinti sahibinə (Cavabdeh) izah edilərək dayandırılmış və sökülməsi barədə tikinti işlərini aparan şəxsə yazılı şəkildə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11 mart 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, elektron kadastr məlumat bazasına əsasən kameral şəraitdə iş araşdırılarkən məlum olmuşdur ki, ünvan 1 ünvanında Cavabdeh ******* saylı çıxarışla verilmiş **********98-10301 reyestr nömrəli DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən sorğuya əsasən təqdim olunmuş 0,088 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşən tikilisinin (mağaza) borunun marşrutu boyunca boru kəmərinin oxunun hər tərəfdən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edildiyindən 12 kv.metr hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mmlik yeraltı magistral neft kəmərinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2021-ci il tarixli 10/1377 nömrəli ekspert rəyinə əsasən, elektron kadastr məlumat bazasına əsasən kameral şəraitdə iş araşdırılarkən məlum olmuşdur ki, ünvan 1 ünvanında Cavabdeh ******* saylı çıxarışla verilmiş **********98-10301 reyestr nömrəli DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən sorğuya əsasən təqdim olunmuş 0,088 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşən tikilisinin (mağaza) borunun marşrutu boyunca boru kəmərinin oxunun hər tərəfdən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edildiyindən 12 kv.metr hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik yeraltı magistral neft kəmərinin mühafizə zonasında yerləşir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1394 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, qərardadın birinci sualı üzrə- ünvan 3 ünvanında Cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri İdarəsinin istismarında olan “Böyükşor- Sumqayıt Dş- 700-mm-lik magistral neft kəmərinin 29-cu km-də mühafizə zonasında 36 kv.metr tikinti (mağaza) işləri aparılmışdır. Qərardadın ikinci sualı üzrə- Həmin tikili (mağaza) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, 02449754 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanda xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0,088 ha torpaq sahəsində yerləşmir. Qərardadın üçüncü sualı üzrə- Qeyd edilən tikili (mağaza) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, 02449754 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) kimi qeydə alınmış tikili deyil. Birinci instansiya məhkəməsində icraat İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 29-cu km-də, kəmərdən 45 metr aralı məsafədə, kəmərin mühafizə zonasında ünvan 2 ünvanında yaşayan Cavabdeh tərəfindən aparılan bütün qanunsuz tikinti işlərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 29-cu km-də, kəmərdən 45 metr aralı məsafədə, kəmərin mühafizə zonasında ünvan 2 ünvanında yaşayan Cavabdeh tərəfindən elə həmin ünvanda həyətyanı sahədə köhnədən inşa edilmiş hasar tikilisini sökərək yenidən inşa edərək, yeni tikinti işlərinin aparılması xx.xx.2020-ci il tarixdə iddiaçı təşkilatın əməkdaşları tərəfindən aşkar edilmişdir. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, mülkiyyət sənədi vardır. xx.xx.2013-cü il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanında 0,088 ha torpaq sahəsi onun mülkiyyətindədir və özbaşına tikinti aparmır. Abşeron Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(012)-256/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitinin SOCAR-ın İddiaçındən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi, mütəxəsiss rəyinin alınması üçün 95 (doxsan beş) manat məbləğində pul vəsaitinin SOCARın İddiaçındən tutularaq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülməsi qət edilmişdir. (hakim Cəmilə Səfiyeva) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 0.088 ha torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 70 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış və bu barədə cavabdehə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Göründüyü kimi, iddiaçı təşkilatın mübahisələndirdiyi tikinti işlərinin aparıldığı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Cavabdeh də öz mülkiyyətindən qanunvericiliyin ona verdiyi hüquqlardan istifadə edərək sərbəst surətdə sahib olmaq, istifadə etmək və onun barəsində sərəncam vermək hüququ vardır. Cavabdeh də ona verilmiş hüquqdan istifadə edərək özünə məxsus torpaq sahəsində köhnə daş hasarını sökərək yeni daş hasar tikmişdir. Məhkəmənin təklif etməsinə və cavabdeh tərəfin mübahisələndirməsinə baxmayaraq, sübutetmə yükü üzərinə düşən iddiaçı daş hasarın tikildiyi torpaq sahəsinin SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin mühafizə zonasında yerləşməsi barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddia tələbini təsdiq edən hər hansı mötəbər sübut da iş materiallarında mövcud deyildir. Habelə mübahisəli torpaq sahəsi üzrə cavabdeh mülkiyyətçidir. Ona görə də, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 180.4, 240.1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 106.1, 107, 115.0.1, 119.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11, 7, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-256/2021 nömrəli qətnaməsini ləğv edilməsi və iddanın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə ləğv edilməlidir. Belə ki, məhkəmə qətnaməsini mübahisələndirilən torpaq sahəsinin Cavabdeh mülkiyyətində olmasını təsdiq edən ******* saylı, **********98-10301 reyestr nömrəli çıxarışı olması, cavabdehin tikdiyi daş hasarın torpaq sahəsinin İddiaçı istismarında olan Böyükşor Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin mühafizə zonasında yerləşməsi barədə hər hansı mötəbər sübutun məhkəməyə təqdim edilməməsi ilə əsaslandırmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi ******* saylı, **********98-10301 reyestr nömrəli çıxarışda qeyd edilən torpaq sahəsi ilə mübahisələndirilən qanunsuz tikilinin yerləşdiyi torpaq sahəsinin eyni torpaq sahəsi olması məhkəmə tərəfindən araşdırılmamışdır. Bu halı sübut etmək üçün məhkəmə ekspertiza təyin edilməli idi. Daş hasarın tikildiyi torpaq sahəsinin SOCAR-ın "Neft Kəmərləri” İdarəsinin istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin mühafizə zonasında yerləşməsi barədə iddia ərizəsinə fotoşəkillər, sxem və tərtib olunmuş akt əlavə edilmişdir. Eyni zamanda məhkəmə yerində baxış keçirməklə daş hasarın tikildiyi torpaq sahəsinin SOCAR-ın "Neft Kəmərləri” İdarəsinin istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin mühafizə zonasında yerləşməsini aydın şəkildə müəyyən edə bilərdi. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.. Maddə 3.0.1. Şəhərsalma fəaliyyəti – Azərbaycan Respublikası ərazisinin və ya ərazi hissələrinin inkişafının ümumi məkan konsepsiyasının və torpaqdan istifadənin əsas istiqamətlərinin müəyyən edilməsi, ərazilərin planlaşdırılması, tikintisi və abadlaşdırılması, məskunlaşma sisteminin formalaşdırılması və inkişafı, əhalinin məşğulluğunun tənzimlənməsi, ətraf mühitin, tarixi landşaftın və tarix və mədəniyyət abidələrinin mühafizəsi üzrə həyata keçirilən fəaliyyət; Maddə 3.0.2. məskunlaşma sistemi – insanların sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və bərpası məqsədilə şəhərlərin və digər yaşayış məntəqələrinin məkan baxımından təşkili kimi başa düşülür. Maddə 80.1, 80.2. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 19.2. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndi. Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərin aparılması qadağandır. 2.23-cü bəndi. Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. 2.24-cü bəndi. Kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. 2.7-ci bəndi. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. 7-ci bəndi. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə “50 metr” keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Verilmiş apellyasiya şikayətindən görünür ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-256/2021 nömrəli qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası Abşeron Rayon Məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia təmin olunmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1394 nömrəli rəyi ilə müəyyən olunur ki, mübahisəli ünvanda Cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan “Böyükşor- Sumqayıt Dş- 700-mm-lik magistral neft kəmərinin 29-cu km-də mühafizə zonasında 36 kv.metr tikinti (mağaza) işləri aparılmışdır. Həmin tikili (mağaza) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, 02449754 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanda xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0,088 ha torpaq sahəsində yerləşmir. Qeyd edilən tikili (mağaza) RX seriyalı, 02449754 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) kimi qeydə alınmış tikili deyil. Beləliklə ekspert rəyindən göründüyü kimi, cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan magistral neft kəmərinin mühafizə zonasında 36 kv.metr tikinti (mağaza) işləri aparılmış, həmin tikili (mağaza) cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0,088 ha torpaq sahəsində yerləşmir və qeyd edilən tikili (mağaza) həmin çıxarışda fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) kimi qeydə alınmış tikili deyil. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İşdən də göründüyü kimi, tikili neft kəmərinin mühafizə zonasında inşa edilməklə yanğın təhlükəsizliyi baxımından etibarlılığı nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi tikilinin magistral neft kəmərinin mühafizə zonasında inşa edilməsinə, bunun ilk növbədə gələcəkdə cavabdehin həyatı üçün yüksək təhlükə mənbəyi olacağına, sözügedən neft kəməri ilə neft nəql olunduğu üçün onun gələcəkdə zədələnməsi və ya neft sızması baş verməsi halında bunun qarşısıalınmaz xoşagəlməz nəticələr doğuracağına, magistral neft kəmərinin cavabdehin tikilisindən əvvəl inşa edilməsinə əhəmiyyət verməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara, iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına və nəhayət ekspert rəyinə əsasən iddia tələbi təmin ediləndir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tikilinin inşa edilməsinin cavabdehin özünə və ya ərazidə yaşayan digər şəxslərə vura biləcəyi təhlükə və zərərlərə düzgün qiymət verməmiş, iddiaçının qanuni tələbini təmin etməmişdir. Məhkəmə cavabdehə məxsus torpaq sahəsində köhnə daş hasarını sökərək yeni daş hasar tikdiyini qeyd etməklə, ümumiyyətlə işin faktiki hallarına düzgün qiymət verməmişdir. Belə ki, ekspert rəyindən də göründüyü kimi, qanunsuz tikili mağazadır. Cavabdehin inşa etdiyi tikilinin ona məxsus torpaq sahəsi üzərində inşa edilmədiyi və çıxarışda qeyd edilən tiklilinin isə həmin tikili olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tikinti işlərinin ona mülkiyyət hüququ ilə məxsus torpaq sahəsində aparılması barədə yanlış nəticəyə gəlmişdir. Beləliklə, kollegiya işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(012)-256/2021 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı “SOCAR-ın İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(012)-256/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın, iddia təmin edilsin. “SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 29-cu km-də, kəmərdən 45 metr aralı məsafədə, kəmərin mühafizə zonasında ünvan 2 ünvanında yaşayan Cavabdeh tərəfindən inşa edilmiş 36 kv.metr tikili (mağaza) onun öz hesabına sökülərək, mühafizə zonası boşaldılsın. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar