Məhkəmə qərarları › İş №2(105)-680/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-680/2023

26.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-680/2023 26.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X20 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil, Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 nümayəndəsi X3, X6 iştirakı ilə, İddiaçı cavabdehlər Abşeron rayonu 1 saylı Notariat Kontoruna, Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12, X10, X7 qarşı şəhadətnamənin ləğvi, miras paylarının müəyyən edilməsi, mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(012)-4144/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) İddiaçı cavabdehlər Abşeron rayonu 1 saylı Notariat Kontoruna, Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12, X10, X7) şəhadətnamənin ləğvi, miras paylarının müəyyən edilməsi, mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Abşeron rayonu 1 saylı Notariat Kontoruna, Cavabdeh1 qarşı şəhadətnamənin ləğvi, miras paylarının müəyyən edilməsi, mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, vərəsəlik üzrə payların müəyyən edilməsi və mənim xx.xx.2012-ci ildə ölmüş X4 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun atası X16 xx.xx.2012-ci ildə vəfat etmişdir. Atasının ölümü Abşeron rayonu, Xırdalan şəhər VVADQ Şöbəsində 10 iyul 2012cı il tarixdə qeydiyyata alınmışdır. X1 isə xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Atası ilə anasının rəsmi nikahından ondan başqa, X13, X17, X19 və Cavabdeh1 adlı dörd uşaqları anadan olmuşdur. Atasından miras qalmış əmlak Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış Massivi V küçəsində yerləşən 63 saylı evdən ibarətdir. O, mərhum atasından qalmış Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış Massivi V küçəsində yerləşən 63 saylı evə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Abşeron rayonu 1 saylı Notariat Kontoruna müraciət etsə də, Notariat Ofisi 29 iyun 2022-ci il tarixli 2459 saylı məktubla mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. xx.xx.2012-ci ildə ölmüş X8 qanun üzrə birinci növbəli vərəsəsi o və qardaşlarından ibarətdir. Hüquqi savadı olmadığından atası X8 vəfatından 6 ay müddətində notariat kontoruna müraciət etməli olduqları barədə məlumatı olmamış, bu səbəbdən müddəti üzrlü səbəbdən buraxmışdır. Qardaşı Cavabdeh1 onun xəbəri olmadan vərəsəlik işinin açılması ilə bağlı Abşeron rayonu 1 saylı Notariat Kontoruna müraciət etmiş və xx.xx.2012-ci il tarixdə Cavabdeh1 adına vərəsəlik şəhadətnaməsi almışdır. Həmin şəhadətnamə üzrə atasının "xxxx" ASC-nin Nərimanov filialında olan əmanət kitabçası üzrə pul vəsaitini, faizini və kompensasiyasını qardaşı onların payları müəyyən edilmədən əldə etmişdir. xx.xx.2012-ci il tarixli şəhadətnamədə Cavabdeh1 tərəfindən başqa vərəsənin olmaması barədə qeyd aparılmış, notariat kontoru tərəfindən basqa vərəsənin olub-olmaması araşdırılmamış və qanun üzrə digər vərəsələrin paylarını müəyyən edilməmişdir. Onun tərəfindən mirasın qəbul edilməsi müddəti üzrlü səbəbdən buraxdığından mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbi üzürlü sayılmalı və müddət uzadılmalıdır. Onun xx.xx.2012-ci ildə ölmüş X4 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməlidir. xx.xx.2012-ci il tarixli vərəsəlik şəhadətnamə digər vərəsələrin iştirakı olmadan və payları müəyyən edilmədən tərtib olunduğiundan etibarsız hesab edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il, e-2(012)-4144/2022 nömrəli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə qəbul edildiyindən qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi işə baxarkən məhkəmə işini dəqiq araşdırmamış, yalnız formal olaraq sübutlar əsasında iddia tələbinin təmin etməmişdir. Abşeron Rayon Məhkəməsi işə baxarkən qanunverciliyin tələblərinə əməl etməmiş, qətnamə qəbul edərkən, çəkişmə prinsipinin tələblərini pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. O həmçinin göstərdi ki, atasının dəfnində iştirak etmiş, lakin notariusa vaxtında müraciət etməmiş, Bakı şəhəri Nərimanov rayonunda qardaşı Əhədə məxsus evdə yaşamış və hazırda qardaşı evi satmaq istədiyindən, başqa yaşayış yeri yoxdur, ona görə də həmin mənzildə atasından qalmış payı tələb edir. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 nümayəndəsi X11 və X17 izahatında mirası qəbul etmədiklərini, lakin iddiaçıya pay verilməsinə etirazlarının olmadığını bildirdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh Abşeron rayonu 1 saylı Notariat Kontoruna və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının atası vəfat etdikdən sonrakı üç ay ərzində mirası qəbul etmək barədə notariat kontoruna ərizə verməməsi, əmlaka sahiblik etməməsi və ya əmlakı idarə etməyə başlamaması ilə əsaslandırmışdır. Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış Massivi V küçəsində yerləşən 63 saylı evin mərhum X4 miras qalması, sonuncunun xx.xx.2012-ci ildə, arvadı X2 isə xx.xx.2008-ci ildə vəfat etməsi, onların Nüsrət, İlqar, Əhəd, Xəyyam və Söhbət adlı uşaqların olması işin mübahisəsiz halıdır. Hazırkı iş üzrə iddia tələbi şəhadətnamənin etibarsızlığı, miras paylarının müəyyən edilməsi, mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədədir. Baxılan iş üzrə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1248.1, 1272, 1274-cü maddələri təşkil edir. Qeyd etmək lazımdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. İddia etmək hüququ məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İddianın təmin edilməsi hüququ isə iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddiaçı hazırkı tələbində atasından miras almış əmlaka dair verilmiş vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız sayılmasını tələb edir. İddiaçının bu tələb üzrə subyektiv hüququnun olması üçün təkcə atasının qanun üzrə vərəsə sayılması kifayət etmir. Çünki mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Mülki Məcəllənin 1243.1-ci maddəsi də mirasın istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsənin qəbul etməsini tələb edir. Azərbaycan Respublikası konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİİ, İV və V hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 19 fevral 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat miras qoymağı, bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir (Konstitusiya Məhkəməsainin “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarı). Buna görə də iddiaçının hazırki iddianı verməyə subyektiv hüququ, onun mirası qəbul etməsindən asılıdır. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə mirasın qəbul edilməsinin iki üsulu müəyyən edilmişdir: 1. vərəsənin mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi; 2. əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Göründüyü kimi işə baxmış birinci instansiya məhkəməsi də işin hallarını bu əsaslar üzrə yoxlamış və müəyyən etmişdir ki, iddiaçı atası vəfat etdikdən sonrakı müddət ərzində mirası qəbul etmək barədə notariat kontoruna ərizə verməmiş (mirasın formal üsulu), əmlaka sahiblik etməmiş və ya əmlakı idarə etməyə başlamamışdır (mirasın qeyri-formal üsulu). Bununla yanaşı iddiaçı həmçinin şəhadətnamənin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq kəsici müddəti belə ötürmüşdür. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər (Mülki Məcəllənin 1272-ci maddəsi). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, vərəsəlik şəhadətnaməsinin etibarsızlığı ilə bağlı iddia tələbini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddia tələbinin mirasın qəbul müddətinin uzadılması və payların müəyyən edilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2012-ci il tarixdə vəfat etmiş atasından miras qalan evi hüquqi savadsızlığından qanunla müəyyən olunmuş müddət ərzində notariat kontoruna müraciət etməli olmasından məlumatsız olduğunu, bu səbəbdən müddəti üzrlü səbəbdən buraxdığına istinad etmişdir. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (Mülki Məcəllənin 1248.1. maddəsi). Qanunvericilik mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması ilə bağlı iki qayda müəyyən etmişdir. Bunlardan birincisi mirası qəbul etmiş vərəsələrin razılaşması ilə, ikinci isə bu razılaşma olmadıqda isə məhkəmə qaydasında həll edilməlidir. Lakin mirası qəbul etmiş vərəsələr arasında belə razılaşma olmazsa, mirası qəbul etmək müddəti məhkəmə tərəfindən azaldıla bilər. Məhkəmə mirası qəbul etmək müddətini yalnız gecikmənin səbəbləri üzrlü olduqda azalda bilər. Gecikmiş vərəsənin miras payı bərpa etmək müddəti uzadıldıqda, onun miras payı almaq hüququ da bərpa edilir. Hazırkı işdən də göründüyü kimi mirası qəbul etmiş vərəsə iş üzrə Cavabdeh1 buna razılıq verməmiş və iddiaçı da bu gecikmənin üzrlü səbəblərdən baş verdiyini əsas gətirərək, məhkəməyə müraciət etsə də, bunu təsdiq edən hər hansı tutarlı sübutlar məhkəmə kollegiyasına təqdim etməmişdir. Əksinə bunu hüquqi savadsızlığı ilə əsaslandırmışdır. Halbuki Mülki Məcəllənin 9.3-cü maddəsinə əsasən qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Həmçinin tərəflərin izahatlarından da göründüyü kimi iddiaçı qardaşı Əhədə məxsus Bakı şəhəri Nərimanov rayonunda yerləşən mənzildə uzun illərdir yaşayır və həmin mübahisəli evdə miras açıldığı vaxtdan bir gün də olsun belə yaşamamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı bir tutarlı sübut təqdim edilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının miras qəbul müddəti uzadılmadığından, onun həmin mirasda payının müəyyən edilməsi barədə iddia tələbi də təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar