Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-682/2024 07.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və kəmərin mühafizə zonasının boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)- 542/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddiaçı ARDNŞ Qaz İxrac İdarəsinin Cavabdeh qarşı özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və kəmərin mühafizə zonasının boşaldılması barədə iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul ARDNŞ Qaz İxrac İdarəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, mütəxəssis tədqiqatının aparılması üçün ödənilmiş vəsaitin iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ARDNŞ Qaz İxrac İdarəsi Cavabdeh qarşı özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və kəmərin mühafizə zonasının boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, 28 May qəsəbəsi ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş yarımtikili fərdi yaşayış evinin onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən “Qaz İxrac” İdarəsi Abşeron Magistral X4 istismarında olan «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Abşeron rayonu, 28 may qəsəbəsi ərazisində yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması, ödənilmiş 100,40 manat dövlət rüsumunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 manat pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, 28 May qəsəbəsindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, qaz kəmərindən 23 metr məsafədə qanunsuz yarımtikili fərdi yaşayış evi tikdirmişdir. Abşeron Magistral X4 nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixində Abşeron rayonu, 28 May qəsəbəsi ərazisində 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qaz kəmərinin 23 metrliyində qanunsuz olaraq yarımtikili fərdi yaşayış evi tikdirməsi barədə akt tərtib edilmişdir. Abşeron rayonu, 28 May qəsəbəsi ərazisində, 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz olaraq yarımtikili fərdi yaşayış evi inşa etmiş Cavabdeh onun tərəfindən inşa edilmiş tikilinin sökülərək magistral qaz kəmərindən 50 metr məsafədə kənarlaşdırılması barədə xəbərdarlıq məktubu təqdim edilmiş və Cavabdeh həmin xəbərdarlıq məktubunu qəbul etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “Qaz İxrac” İdarəsi Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı işdə cavabdeh tərəfindən inşa edilən fərdi yaşayış evi dövlətin müstəsna səlahiyyətində olan iddiaçıya məxsus qaz kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsində, yəni, Abşeron rayonu, 28 may qəsəbəsində Cavabdeh tərəfindən, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 istismarında olan 530 mm diametrli yüksək təzyiqli yerüstü “Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmişdir. Cavabdeh tərəfindən inşa olunmuş tikili qanunla müəyyən olunmuş qaydada lazımi icazə olmadan (yəni magistral qaz kəmərini istismar edən təşkilatdan yazılı razılıq), şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla, özbaşına aparıldığından, bu tikili yüksək təzyiqli yerüstü magistral qaz kəmərinin mühafizə zonasında inşa edildiyindən, kəmərin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, həmin evdə yaşayan insanların və ətrafdakı insanların həyatı üçün ciddi təhlükə yaratdığından, tikili özbaşına hesab edilməli və cavabdehin hesabına sökülməlidir. İşin mübahisəli halı bundan ibarətdir ki, həmin tikili qaz kəmərinin mühafizə zonası daxilindədir. Belə ki, Abşeron rayonu, 28 may qəsəbəsində Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, “Qaz İxrac”İdarəsi, Abşeron Magistral X4 istismarında olan 530 mm diametrli yüksək təzyiqli yerüstü “Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin 23 metrliyində, mühafizə zonasında inşa edilmişdir. Həmin tikili, magistral qaz kəməri həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. Belə ki, kəmərdə qaz sızması, partlayış və yanğın baş verərsə insan tələfatı qaçılmazdır. İşə baxan Abşeron Rayon Məhkəməsi isə qətnamə çıxararkən qeyd edilən bu halların heç birini nəzərə almamışdır. Mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də, həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. Belə ki, qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Cavabdeh tərəfindən buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Məhkəmə iş üzrə obyektiv araşdırma apararaq insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar olmaq və ya xəbərdar olmağa borclu olmaq və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görmək kontekstində işə yanaşmalı idilər. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-542/2023 nömrəli qətnaməsinin 2-ci səhifəsinin 3-cü abzasında qeyd edilir ki, Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, hasarın sökülməsinə razıdır, lakin yaşayış evi çoxdan inşa edildiyindən onun sökülməsini qəbul etmir. Buradan məlum olur ki, qeyd edilən tikili Cavabdeh tərəfindən inşa edilmişdir və deməli iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Eyni zamanda həm mütəxəssis, həm də ekspert rəyləri ilə müəyyən edilmişdir ki, sözügedən magistral qaz kəməri ilə inşa edilmiş fərdi yaşayış evi arasındakı məsafə 20 metr təşkil edir. Buradan da görünür ki, inşa edilmiş fərdi yaşayış evi magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmişdir. Məhkəmə iclasları zamanı cavabdeh tərəfindən inşa etdiyi fərdi yaşayış evinə və torpağa dair məhkəməyə heç bir hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu da təsdiq edir ki, qeyd edilən tikili qanunsuz inşa edilmişdir, mülkiyyət sənədi yoxdur və ekspertiza zamanı həmin evdə yaşayan hər bir şəxs mübahisəli fərdi yaşayış evinin ona məxsus olduğunu bildirə bilərdi. Məhkəmə iclaslarında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək hasarın sökülməsinə razı olmuş, lakin yaşayış evi çoxdan inşa edildiyindən onun sökülməsini qəbul etməmişdir. Buna baxmayaraq məhkəmə ekspert rəyində qeyd edilən digər şəxs sözünü əsas tutaraq iddia tələbini təmin etməmişdir. Bu da məlumdur ki, sözügedən fərdi yaşayış evinə dair məhkəməyə heç bir mülkiyyət sənədi təqdim edilməmişdir. Nəticədə iddia tələbi təmin edilməmişdir. Lakin, nəzərə alınmamışdır ki, həmin magistral qaz kəməri ilə yüksək təzyiqlə təbii qaz nəql edilir. Qeyd edilən magistral qaz kəmərinin təhlükəli mühafizə zonasında yaşayış evi inşa edərək həmin evdə yaşamaq insan həyatı üçün çox təhlükəlidir. Belə ki, qaz sızması, partlayış və yanğın baş verərsə insan tələfatı qaçılmazdır. Qeyd etmək istəyir ki, sökülməsi tələb edilən tikililər cavabdeh tərəfindən lazımi icazələr almadan (“Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı...) tikinti işləri aparmış və həmin tikinti saxlanılmaqla “Qaz İxrac” İdarəsinin hüquqlarını və qanunla nəzərdə tutulan mənafelərini pozmuş və fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2023cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini hazırki iş üzrə iddiaçı balansında olan kəmərin mühafizə zonasında tikilinin sökülməsi barədə Cavabdeh qarşı iddia vermək üçün subyektiv hüquqa malik olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, Abşeron rayonu, 28 May qəsəbəsindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, qaz kəmərindən 23 metr məsafədə Cavabdeh tərəfindən yarımtikili inşa edilməsi, Abşeron Magistral X4 nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdeh barəsində akt tərtib edilməsi və inşa edilmiş tikilinin sökülərək magistral qaz kəmərindən 50 metr məsafədə kənarlaşdırılması barədə xəbərdarlıq məktubu təqdim edilməsi işin mübahisəsiz halıdır. İşin digər mübahisə olunmayan halı ondan ibarətdir ki, Abşeron rayon İcra hakimiyyətinin xx.xx.2022-ci il tarixli, Fövqəlada Hallar Nazirliyinin X2 Görülməsi və X3 Agentliyi xx.xx.2022-ci il məktublarda “Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin mühafizə zonasına yarımkili inşa edildiyi və həmin tikinti işlərinin dayandırılması barədə məlumatlar öz əksini tapmışdır. Baxılan iş üzrə iddia tələbi magistral qaz kəmərinin mühafizə zonasının Abşeron rayonu, 28 May qəsəbəsindən keçən hissəsində cavabdeh tərəfindən inşa edilmiş yarımtiki olan evin onun hesabına sökülməsi və mühafizə zonasının boşaldılması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2., 180.1, 180.4 və Torpaq Məcəlləsinin 111-ci maddələri təşkil edir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Məlum olduğu kimi, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu maddənin dizpozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı ilk növbədə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3195 saylı rəyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli 3-21-3-32/2/3875/2023 nömrəli mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli “Qaradağ-Sumqayıt” yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, 28 May qəsəbəsi ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasının qərb istiqamətində digər şəxs tərəfindən inşa edilən tikili (yaşayış evi) ilə qaz kəmərinin ara məsafəsinin 20 metr təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı sökülməsini tələb etdiyi yarım tikili Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli “Qaradağ-Sumqayıt” yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, 28 May qəsəbəsi ərazisindən keçən hissəsinin 20 metrliyində yerləşir, lakin həmin tikinti işlərinin aparılması üçün heç bir hüquqmüəyyənedici (icazə) sənədləri mövcud deyil. Həmçinin müəyyən edilmişdir ki, həmin tikilinin inşası Cavabdeh tərəfindən aparılmışdır. Bu hal Abşeron Magistral X4 əməkdaşlarının xx.xx.2022-ci il tarixli aktı, xx.xx.2022-ci il tarixli xəbərdalıq məktubları, xx.xx.2022-ci il tarixli xidməti məlumatı, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, Fövqəlada Hallar Nazirliyinin X2 Görülməsi və X3 Agentliyi xx.xx.2022-ci il məktublarında da öz təsdiqini tapmışdır. Sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər (Qaz təhcizatı haqqında Qanunun 19-cu maddəsinin 1-ci bəndi). Nəzərə alınmalıdır ki, qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb olma etimalı qaçılmazdır. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh torpaq sahəsi üzərində yaşayış evinin inşası üçün lazımi icazələr alınmamış, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozmuşdur. Həmin tikilinin saxlanması birinci növbədə orada yaşayan şəxslərin, sonra isə ətrafdakıların həyatı və sağlamlığı üçün təhlükə yaradır. Həmin yarım tikili özbaşına tikilidir, Mülki Məcəllənin 180-cı maddəsinin tələbi baxımından müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli “Qaradağ-Sumqayıt” yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, 28 May qəsəbəsi ərazisindən keçən hissəsində Cavabdeh tərəfindən inşa edilmiş tikili 20 metr məsafədə yerləşdiyindən, həmin tikili qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndində göstərilən 50 metrlik mühafizə zonasının daxilinə düşdüyü müəyyən edilir. Həmin tikilidə cavabdehin və hər hansı bir şəxsin yaşaması onların həyatı üçün real təhlükədir. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tkinti və qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180.1, 180.4-cü maddələri). Həmin Məcəllənin 240.3-cü maddəsinə əsasən mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh mübahisəli torpaq sahəsi üzərində inşa edilmiş tikiliyə dair hüquqmüəyyənedici sənədləri olmadığından, magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş yarım tikilinin sökülməsinə dair iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməli, ödənilmiş 100,40 manat dövlət rüsumu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 manat pul Cavabdeh tutularaq iddiaçı Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinə qaytarılmalıdır. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. “Qaz İxrac” İdarəsi, Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, 28 May qəsəbəsi ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi onun hesabına sökülsün və mühafizə zonası boşaldılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Ödənilmiş 100,40 manat dövlət rüsumu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 manat pul Cavabdeh tutularaq iddiaçı Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-682/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-682/2024
07.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver