Məhkəmə qərarları › İş №2(105)-683/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-683/2023

07.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-683/2023 07.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Qafari və X1 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(012)-4420/2022 nömrəli qətnaməsinsən cavabdehin nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 1569,60 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evdə ailəsiylə birlikdə yaşayır. Hazırda yaşadığı ünvana xx.xx.2021ci il tarixdə qaz sayğacı quraşdırılmışdır. Onun xəbəri olmadan barəsində ******* saylı, 31 mart 2021-ci il tarixli və ******* saylı, 30 iyun 2021-ci il tarixli aktlar tərtib edilmişdir. Həmin aktlara görə guya mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə aşkar edilmişdir. Nəticədə ona 1569,60 manat məbləğində cərimə borcu yazılmışdır. Onun bu hadisədən uzun müddət xəbəri olmamışdır. Daha sonra o, sayğaca pul yükləyən zaman ödənilən puldan tutulmalar olduğunu görmüşdür. Ona görə də qaz idarəsinə yaxınlaşmışdır. Orada ona məlum olmuşdur ki, göstərilən akt tərtib edilmiş və ona 1569,60 manat məbləğində cərimə borcu hesablanmışdır. Lakin bu hallar həqiqəti əks etdirmir. Onlarda sayğacdan kənar qazdan istifadə olmamışdır. Eyni zamanda bildirir ki, qarşı tərəfin məhkəməyə təqdim etdiyi fotoşəkillərdəki ev ona məxsus olsa da, sayğacdan çıxan rezin borunun onun evinə getdiyini aşkar etmək mümkün deyildir.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Təbii X3nın pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən abonent kodu **********05966 olan sayğaca baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir.

5. Təbii X3nın pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən abonent kodu **********05966 olan sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilmişdir.

6. İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə 1569,60 manat borc hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

7. Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(012)-4420/2022 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu **********05966 olan, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı aktlar üzrə hesablanmış 1569,60 manat borcdan 523,20 manat saxlanılmaqla, qalan borcun silinməsi qət edilmişir.

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı 1569,60 manat əsassız cərimə olunduğunu, həmin cərimənin silinməsini xahiş etsə də, özünün izahatından başqa digər sübut təqdim etmədiyindən, cavabdeh təşkilat tərəfindən təqdim edilən fotoşəkillərin mötəbərliyini şübhə altına alan hər hansı bir mötəbər sübut müəyyən edilmədiyindən, məhkəmə iddiaçının izahatına tənqidi yanaşmışdır. Lakin, cavabdeh təşkilatın nümayəndəsi 1569,60 manat cərimənin hesabat müddətinin 90 gün qəbul edilməklə hesablanmasını məhkəmədə əsaslandıra bilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi Cavabdeh vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cərimənin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir (885,60 : 3 = 295,20 manat və 684 : 3 = 228 manat, cəmi 523,20 manat). Odur ki, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********05966 olan, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı aktlar üzrə hesablanmış 1569,60 manat borcdan 523,20 manat saxlanılmaqla, qalan borc silinməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «X3»nın 2.2.2, 2.3.1, 6.5-ci bəndi, «Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun» 6.2-ci bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 14.2.6, 21.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3, 216-220, 360-cı maddələri ilə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-4420/2022 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdehin nümayəndəsi X5 apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsinə və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin mübahisələndirdikləri qətnaməsi üzrə məhkəmə düzgün nəticəyə gəlməmiş, prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, "Aziriqaz" İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan qaz xətlərinə baxış keçirilərkən cavabdəh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə birliyin əməkdaşları tərəfindən tərtib olunmuş "Təbii X3nın pozulması haqqında" Aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin Akt əsasında "Dəymiş ziyanın bərpasına dair" Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği həsablanmışdır. Göründüyü kimi cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Cavabdəhə aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəsi arasında qazın alqı-satqısı barədə müqavilə"nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habele bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

13. İddiaçı apellyasiya şikayətini qəbul etməyib, rədd olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

14. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)- 4420/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin - qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi xahiş etmişdir. Qətnamənin digər hissəsi mübahisələndirilmir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını mübahisələndirilən hissədə yoxlamağı qanuna uyğun hesab edir.

16. Bu mövqe həm də Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci tarixli qərarında ifadə olunan hüquqi mövqeyə uyğundur.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Qaydaların 2.2.2-ci bəndinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisiı əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Qaydaların 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesabat üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Qaydaların 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymis zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin səxsdən tələb etməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2 və 6.1.7-ci yarımbənləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

18. «Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun» 6.2-ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən səxs qaz qurğusu sahibinə dəvmis ziyana görə məsuliyyət daşıyır.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 14.2.6. başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsi əsaslarından hesab olunur. Maddə 443.7 Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək bu qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(012)-4420/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən abonent kodu **********05966 olan sayğac üzrə Cavabdeh tərəfindən “X3nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2021-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 885,60 manat cərimə edilmiş, həmçinin xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2021-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 684 manat cərimə edilmişdir.

26. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın nümayəndəsi 1569,60 manat cərimənin hesabat müddətinin 90 gün qəbul edilməklə hesablanmasını məhkəmədə əsaslandıra bilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi Cavabdeh vəzifəsi olduğunu nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, cərimənin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğundur (885,60 : 3 = 295,20 manat və 684 : 3 = 228 manat, cəmi 523,20 manat). Odur ki, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu- **********05966 olan, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı aktlar üzrə hesablanmış 1569,60 manat borcdan 523,20 manat saxlanılmaqla, qalan borc silinməlidir.

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.

29. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

31. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayəti formal mülahizələr əsasında hazırlandığından əsassızdır və birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

32. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(012)-4420/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

33. Kollegiya qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min matadan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdehin nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(012)-4420/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar