Məhkəmə qərarları › İş №2(105)-687/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-687/2023

04.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-687/2023 04.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Məmmədova Lətifə Məhyəddin qızından qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(060)- 6649/2022 nömrəli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddianın təmin edilməsi, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 7/12, mənzil 27-yə hesablanmış 571 (beş yüz yetmiş bir) manat 33 (otuz üç) qəpik məbləğində borcun silinməsi qət edilmişdir. Cavabdeh ASC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 30-cu məhəllə ünvanında yerləşən, ev 7/12, mənzil 27-də içməli suya və kanalizasiya xidmətlərinə görə hesablanmış 571,33 manat borcun iddia müddətinin tətbiq edilməsi barədə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 30-cu məhəllə ünvanında yerləşən, 7/12, mənzil 27 mülkiyyət hüququ ilə ona məxsusdur. Bunu onun adına xx.xx.2021-ci ildə verilmiş çıxarış təsdiq edir. Mülkiyyətçisi olduğu mənzildə Qubadlı rayonundan məcburi köçkün kimi X3 2005-ci ildən vəfat edən tarixə yəni, xx.xx.2018-ci ilə kimi yaşamışdır. Cavabdeh tərəfindən tərtib edilmiş abonent kartında 571,33 manat içməli suya və kanalizasiya xidmətlərinə görə borc göstərilmişdir. O, borc məbləği ilə razılaşmır. O, 2021-ci ilin dekabr ayında 5 kub (3 manat 50 qəpik içməli su+ 1 manat 50 qəpik çirkab su=5 manat), 2022-ci ilin yanvar ayında o, eyni qaydada 5 kub su işlətmişdir. xx.xx.2022-ci ilə qədər o, cəmi dəyəri 183 manat 42 qəpik dəyərində (128,39 manat dəyərində içməli su + 55,03 manat dəyərində çirkab su) 258 kub metr su və kanalizasiya xidmətindən istifadə etmişdir. Cavabdeh ASC Sumqayıt Sukanal İdarəsi tərəfindən verilmiş abonent kartında içməli sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə yekun borcu 571,33 manat göstərilmişdir. Bir daha bildirir ki, həmin borc xx.xx.2018-ci ilə qədər olan dövrə aiddir. Cavabdehin iddia etdiyi borcun tələb etmə müddəti bitmişdir və ona aidiyyatı yoxdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh ASC Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı Mənzil- Kommunal sahəsinin xx.xx.2022-ci il tarixli arayışına istinad edərək mənzilin əvvəlki mülkiyyətçisi X2 2005-ci ildən vəfat edən günə-xx.xx.2018-ci il tarixə kimi məcburi köçkün kimi həmin mənzildə məskunlaşdığını və iddiaçının yaşayış evində yaşamadığı müddət nəzərə alınmayaraq mənzilə əsassız borc hesablanlandığını qeyd edərək hesablanmış məbləğin silinməsini məqbul hesab etmişdir. Hesab edir ki, məhkəmə iş üzrə düzgün qətnamə qəbul etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İş materialarından göründüyü kimi ünvanda xx.xx.2002-cü il tarixdən X2 adına bağlanmış müqavilə ilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə olunmuşdur. Ünvanda kod açılan tarixdən 2022-ci il tarixədək 1 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmış və xx.xx.2022-ci il tarixdə qeyd olunan ünvanda sayğac quraşdırılmışdır. İddiaçı qeyd olunan mənzili X1 alarkən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsini təmin etməmiş və məhkəmə yalnış olaraq xidmətlərdən istifadə nəticəsində yaranmış 571,33 manat borcun iddiaçıdan tələb edilməsini əsassız hesab etmişdir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin yaranmış borcun 1 nəfər ailə tərkibinə uyğun olaraq aparılmasını əvvəlki mülkiyyətçi tərəfindən xidmətlərdən istifadə nəticəsində yaranmış olduğunu və həmin məbləğin iddiaçı tərəfindən X1 alqı-satqı zamanı tam ödənilməsinin hansı səbəbdən tələb etməməsini araşdırmalı idi. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında göstərdi ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və o qanuni qəbul edilmiş birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olmadığından, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni iddiaçı ilə cavabdeh arasında müqavilənin olmaması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın tələblərinə zidd olaraq əsassız olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan Cavabdeh ASC qətnamədən apellyasiya şikayəti verərək, qətnaməni mübahisələndirmişdir. Baxılan iş üzrə iddia tələbi borcun silinməsi barədədir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 61-ci maddəsinin 1-ci bəndinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. “Su təchizatı və tullantı suları haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası Qanunun 5.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.Həmin Qanununun 5.3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilənin 10-cu bəndinə əsasən əmlak alıcının sərəncamına verilənədək vergi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür. Hazırkı işdə tələb olunan məbləğ isə mənzilin əvvəlki mülkiyyətçisi olmuş məcburi köçkün X2 xidmətdən istifadəsi nəticəsində yaranmışdır. Lakin Cavabdeh ASC isə həmin məbləği iddiaçıdan tələb edərkən bu halı nəzərə almamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 1.6-cı bəndinə əsasən əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qaydaların 7.2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini su təchizatı və kanalizasiya müəssisəsi ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin 23 yanvar 2017-ci il tarixli, 1206 saylı Fərmanının 1-1-ci bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsində göstərilən məbləğin iddiaçıdan tələb olunması əsassız olduğundan, iddianı təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsilə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar