Məhkəmə qərarları › İş №2(105)-687/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-687/2025

21.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-687/2025 21.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq və yaşayış sahəsindən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1432/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 1-ci dalan, ev 5 (yeni qaydalarla Bəşir Səfəroğlu küçəsi, ev 16) ünvanında yerləşən yaşayış sahəsindən və istifadəsində olan torpaq sahəsindən (bundan sonra “mübahisəli əmlak”) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 1-ci dalan, ev 5 (yeni qaydalarla Bəşir Səfəroğlu küçəsi ev 16) ünvanında yerləşən evdə Cavabdeh1 və Cavabdeh2 yaşayırlar. Ona məxsus olan ev və torpaq sahəsindən həmin şəxslərin çıxmalarını dəfələrlə tələb etsə də onlar buna məhəl qoymamış, orada yaşamağa davam edirlər. Odur ki, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlərin ona məxsus torpaq sahəsi və evdə yaşamağa davam etmələri onun mülkiyyətçi kimi hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur.

3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1432/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli **********45-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçının adına xüsusi mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən (yeni qaydalarla: Bəşir Səfəroğlu küçəsi, ev 16) yaşayış sahəsindən və istifadəsində olan torpaq sahəsindən çıxarılmaları qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli əmlak bağışlama müqaviləsi əsasında iddiaçının mülkiyyətindədir. Bu barədə iddiaçının adına Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat, **********45-10301 reyestr nömrəsi ilə qeydə alınmış çıxarış verilmişdir. İddiaçı mübahisə predmeti olan daşınmaz əmlaka mülkiyyət hüququ əldə etdiyindən, qanuni istifadəsində və sahibliyində olan daşınmaz əmlakdan istifadə ilə bağlı yaranmış maneələrin aradan qaldırılmasını tələb etmək hüququna malik olduğundan, iddiaçının mülkiyyət hüququ olan daşınmaz əmlaka münasibətdə hüquqları məhdudlaşdırıldığından, mülkiyyət hüququ toxunulmaz olduğundan və qanunvericiliklə məhdudlaşdırılmasına yol verilmədiyindən iddiaçının iddia tələbləri əsaslıdır.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələri, 29-cu maddəsi, Mülki Məcəllənin 139.1, 139.3, 152, 157.2, 157.4-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 2-ci, Mülki Prosessual Məcəlsinin 14.2, 77.1, 107, 119.1, 124.1, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

7. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 oktyabr 2024-cü il tarixli, 2(105)-1303/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1432/2024 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə ləğv olunmuş, həmin hissədə yeni qətnamənin qəbul edilməsi və iddianın Cavabdeh1 aid hissədə təmin edilməməsi qət edilmişdir.

c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

9. İddiaçı tərəfindən kassasiya şikayəti verilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 oktyabr 2024-cü il tarixli, 2(105)-1303/2024 nömrəli qətnaməsinin Cavabdeh1 aid təmin edilməyən hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-542/2025 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1303/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə – iddianın Cavabdeh1 qarşı təmin edilməyən hissəsində – ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırmışır ki, cavabdeh cəzaçəkmə müəssisəsində cəza çəkdiyi zaman iddiaçı nikahlarının pozulması və aliment tələbi ilə bağlı ona qarşı Abşeron Rayon Məhkəməsində iddia qaldırmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3379/2021 saylı qətnaməsi ilə nikahları ləğv edilmiş və cavabdehdən uşaqlara görə iddiaçının xeyrinə hər ay sabit pul məbləğində hər uşağa görə 170 manat, cəmi 340 manat məbləğində alimentin tutulması qət edilmişdir. Bunu da cavabdeh cəza çəkməkdən azad olunandan sonra bilmişdir. Atası Cavabdeh2 da mübahisəli ev alınan gündən bu evdə yaşayır. Özü də cəza çəkməkdən azad olunandan sonra indiyə kimi bu evdə yaşayır. İddiaçı xalası Sədaqət Səfərova ilə birləşib dələduzluq yolu ilə ona və atası Cavabdeh2 məxsus olan əmlaka yiyələnmiş və həmin əmlakları ələ keçirmişdir. Onların mübahisəli evdən başqa yaşamağa yerləri yoxdur. Mübahisəli ev və torpaq sahəsi hazırda plana düşüb və söküntüyə gedir. Tikinti təşkilatı mübahisəli evə və torpaq sahəsinə görə iddiaçıya 280.000 manat məbləğində kompensasiya verir. Lakin iddiaçı bu məbləğlə razılaşmayıb tikinti təşkilatından 300000 manat pul tələb edir. İddiaçı tikinti təşkilatından verilən puldan onlara heç olmasa 80.000-100.000 manat versə, Bakının ucqar bir yerindən özlərinə bir daxma alar və orada yaşayarlar. Lakin iddiaçı bu təkliflə razılaşmır. Halal əmlaklarını qanunsuz yolla ələ keçirməklə onları düzdə qoymaq istəyir. Bu faktların məlum olmasına baxmayaraq, məhkəmə tam qanunsuz və əsassız olaraq onların heç birini nəzərə almamış və almaq istəməmişdir. Bu isə ciddi və kobud qanun pozuntusu hesab olunmalıdır. Məhkəmə sübutları, faktları, təqdim edilmiş sənədləri, tərəflərin dediklərini, izahatlarını, sübut kimi gətirdikləri və istinad etdiyi halları tam, hərtərəfli, obyektiv, qərəzsiz və müqayisəli şəkildə araşdırıb qiymətləndirmək əvəzinə, cavabdeh tərəf kimi onlara qarşı tam qərəzli, qeyri-obyektiv, ədalətsiz mövqe tutmuş, mülki iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını təmin etməmiş, bunun marağında olmamış, bunun üçün lazımi şərait yaratmamışdır. Məhkəmənin mülki iş üzrə apardığı araşdırma çox səthi, natamam və yarımçıq olmuşdur. Məhkəmə qətnamə çıxararkən işin faktiki hallarını düzgün qiymətləndirməmiş, onlara düzgün hüquqi qiymət verməmiş, işə baxıb qətnamə çıxararkən yalnız iddiaçı tərəfin qanunsuz maraqları nöqteyi-nəzərdən hərəkət etmiş, iddiaçı tərəfin dediyi əsassız və heç bir həqiqətə uyğun olmayan və həqiqətdən uzaq fikirlərini mütləq həqiqət kimi qəbul etmişdir. Cavabdeh tərəf olaraq onun dediklərini, qeyd etdiyi halları və faktları isə qətiyyən nəzərə almamış və sadəcə nəzərə almaq istəməmişdir. Ona məxsus olan əmlakların, yəni mübahisə predmeti olan evin və torpaq sahəsinin hansı zərurətdən və səbəblərdən iddiaçıya bağışlanması məsələlərini məhkəmə araşdırmamış və onlara hansısa maraqlar üzündən heç bir hüquqi qiymət verməmişdir. Keçirilən məhkəmə proseslərində iştirak edə bilmədiklərindən apellyasiya şikayətində qeyd etdiyi fakt və halları təsdiq edə biləcək və onlar haqqında məhkəməyə geniş və ətraflı məlumatlar verə biləcək şahidləri məhkəməyə gətirə bilməmiş, iddiaçı tərəfindən onlara qarşı verilmiş iddia tələbinin qanunsuz və əsassız olmasını sübut edən fakt və sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh cəza çəkərkən iddiaçının yanına gələrək Dövlət Sosial Müdafiə Fonduna ünvanlı sosial yardım almaq üçün ərizə ilə müraciət etdiyi, lakin ona imtina cavabı verildiyi, imtinanın səbəbi isə onun adına avtomobil, vergidə VÖEN, telefon nömrələrinin olması, bu əmlaklar onun adından çıxarılmasa və hüquqlar ləğv edilməsə, sosial müavinət ala bilməyəcəklərini deməsi, bu işlərin görülməsi, həmçinin evdəki elektrik sayğacını dəyişmək üçün ərizə yazmaq lazım olduğunu, avtomobili adından çıxarmaq, vergidəki VÖEN-i, telefon nömrələrini bağlatmaq və elektrik sayğacını dəyişməklə bağlı işləri görmək üçün xalası X1 adına etibarnamə verməsinin lazım olduğunu və bu işləri xalası Sədaqət Səfərovanın görəcəyini dediyi, ondan sonra cavabdehin Sədaqət Səfərovanın adına etibarnamə vermək qərarına gəldiyi və qeyd olunan məsələləri həll edib yoluna qoymaq məqsədi ilə cavabdeh tərəfindən iddiaçının xalası Sədaqət Səfərovaya xx.xx.2017-ci ildə 9 saylı CÇM-nin rəhbərliyi tərəfindən standart formada tərtib olunmuş etibarnamənin verildiyi, iddiaçının xalası Sədaqət Səfərovaya etibarnamə veriləndən sonra iddiaçının xalası Sədaqət Səfərova ilə birləşib dələduzluq yolu ilə öz iyrənc planlarını həyata keçirməyə başlaması və bu məqsədlə Sədaqət Səfərovanın iddiaçı ilə xx.xx.2017-ci ildə notariat ofisinə gedərək cavabdehə xüsusi mülkiyyət hüququ ilə məxsus olan mübahisəli evi və torpaq sahəsini bağışlama müqaviləsi ilə iddiaçıya bağışlaması və xx.xx.2018-ci ildə isə iddiaçının DƏDRX-dən öz adına çıxarış alması, bu faktların cavabdehə Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad olub yaşadıqları evə qayıdandan sonra ona məlum olması, onun heç vaxt öz adına olan evi iddiaçıya bağışlamaq məqsəd və niyyətinin olmaması, iddiaçı ilə onun arasında ümumiyyətlə heç vaxt bu məzmunda söhbət, danışıq və razılaşmanın olmaması, tərəfindən iddiaçının xalası Sədaqət Səfərovaya etibarnaməni yalnız ailəsinin sosial yardım almaq məqsədi və niyyəti ilə yuxarıda qeyd etdiyi məsələləri yoluna qoymaq üçün verməsi, onun heç vaxt mübahisəli evi iddiaçıya bağışlamaq istəməməsi, ümumiyyətlə onun belə bir niyyət və məqsədinin olmaması, etibarnaməni verməklə adına olan evin iddiaçının xalası vasitəsilə iddiaçıya bağışlanacağı barədə iddiaçı ilə onun arasında heç bir söhbət və danışığın olmaması, bu barədə iddiaçı və xalası tərəfindən ona heç bir söz deyilməməsi, tərəfindən mübahisəli evin iddiaçıya bağışlamasına heç bir razılığın verilməməsi, İddiaçı xalası Sədaqət Səfərova ilə birləşib dələduzluq yolu ilə gizlindən bu işi görmələri tam olaraq müəyyən edilmiş və öz təsdiqini tapmışdır. Lakin işə baxan məhkəmə bu halların heç birini əsassız olaraq nəzərə almamışdır. Bu şəkildə çıxarılmış qətnamə isə qanuni və əsaslı sayıla bilməz. Buna görə də ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bldirib, rədd edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

15. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 1-ci dalanda, 0.00929 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 71.0 kv.metr olan 16 saylı ev, Yeni qaydalarla: Bəşir Səfəroğlu küçəsi, 16 saylı ev İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 2 saylı reyestr kitabının, 70 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********45-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

16. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-718/2023 nömrəli qətnaməsi ilə Cavabdeh1 adından onun nümayəndəsi X2 ilə İddiaçı arasında ünvan 2 saylı evinə dair bağlanmış xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın etibarsız sayılaraq ləğv edilməsinə dair iddiası təmin olunmamışdır.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1115/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-718/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış nikah Abşeron Rayon Məhkəməsinin 2(012)-3379/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.

19. Məhkəmənin sorğusu əsasında məhkəməyə daxil olmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestriu publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-32/2-9153/2025 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Abbasov X4 rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 1-ci dalan, 5 ünvanında yerləşən ümumi sahəsi 71 kv,metr yaşayış sahəsi 51,1 kv.metr, yardımçı sahəsi 19,9 kv.metr olan 3 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus olan hissəsini və Bələdiyyə mülkiyyətində olub, onun istifadəsində olan 0,0093 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. 11 iyun 2012-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X6 ona məxsus Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsi 1-ci dalanda (Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi dalan-1, ev 5) istifadəsindəı olan 0,1014 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 71 kv.metr olan evini Cavabdeh1 satmışdır.

Tətbiq edilən hüquq

20.Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

22. Mülki Prosessual Məcəlləsinin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-542/2025 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1303/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə – iddianın Cavabdeh1 qarşı təmin edilməyən hissəsində – ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1303/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qətnaməsi iddia tələbinin Cavabdeh1 qarşı təmin edilən hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1303/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanlmalıdır.

25. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2005-ci il tarixdə nikah bağlanmış, mübahisəli fərdi yaşayış evi 11 iyun 2012-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətinə keçmişdir. Cavabdeh1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə şərti olaraq vaxtından əvvəl azadlığa çıxmış, fərdi yaşayış evi xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 adından X2 tərəfindən İddiaçı bağışlanmış və mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Tərəflər arasındakı nikah xx.xx.2021-ci ildə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Abbasov X4 rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 1-ci dalan, 5 saylı evinə dair bağlanmış xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia qaldırsa da iddia tələbi təmin edilməmiş, qeyd edilən iş üzrə qətnamə qanuni qüvvəyə minmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, mübahəli fərdi yaşayış evi 11 iyun 2012-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətinə, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən isə iddiaçının mülkiyyətinə keçmişdir ki, bununla da tərəflər arasındakı mübahisə həmin vaxt, eyni zamanda hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normalarının tələbləri əsasında həll edilməli olmuşdur. Mübahisəli mənzil cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə iddiaçıya bağışlansa da o, iddiaçının əri olduğundan və Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvü hesab olunduğundan həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ mövcud olmuşdur. Lakin, tərəflər arasındakı nikah xx.xx.2021-ci il tarixdə pozulduğundan, bununla da ailə münasibətlərinə xitam verildiyindən Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə əsasən cavabdehin həmin yaşayış sahəsinə olan istifadə hüququ itmişdir. Buna görə də Cavabdeh1 evdən çıxarılması ilə bağlı iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

27. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1303/2024 nömrəli, 09 oktyabr 2024cü il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanlsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar