Məhkəmə qərarları › İş №2(105)-689/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-689/2022

26.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-689/2022 26.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camalədin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Fərrux oğlunun, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(012)-1760/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(012)-1760/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, ev 123 ünvanına abonent nömrəsi 130876 olan su sayğacına görə hesablanmış 5379 (beş min üç yüz yetmiş doqquz) manatdan 2151.60 manat borcun silinməsi və 3227,40 ( üç min iki yüz iyirmi yeddi manat 40 qəpik) manatın saxlanılması qət edilmişdir.(hakim E.Məmmədov) İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(012)-1760/2021 nömrəli qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsi tərəfindən su təchizatına görə əsassız hesablanmış 5638 manat pul məbləğinin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC-nin ünvan 1 ünvanında yerləşən 2014-ci ildən heç bir fəaliyyəti olmayan anbar üçün nəzərdə tutulmuş qeyri-yaşayış obyektinə qanunsuz, əsassız olaraq 5.638,00 (beş min altı yüz otuz səkkiz manat, 00 qəpik) manat məbləğində sudan istifadəyə görə sərfiyyat-borc hesablanıb yazılmışdır. Qanunsuz, əsassız yazılan borc məbləği məlumat verilmədən adına olan abonent koduna hesaba yatırılmışdır. Abşeron rayonu, Masazır kəndi, ev 123 ünvanında yerləşən istifadəsi anbar kimi nəzərdə tutulan, faktiki olaraq 2014-cü ildən işləməyən, icarəyə vermək üçün nəzərdə tutulmuş qeyri-yaşayış obyektinin su ilə təchiz olunması üçün Abşeron Sukanal İdarəsi ilə 16.05.2016-cı il tarixdə “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə” Müqavilə bağlanmışdır. Müqavilə üzrə öhdəliklər vaxtlı-vaxtında yerinə yetirilmiş və istehlak olunmuş suyun dəyəri ödənilmişdir. X1 İdarəsi tərəfindən 2014-cü ildən heç bir fəaliyyəti olmayan, su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edilməyən anbara heç bir əsas olmadan, özlərinin planları xətrinə su sərfiyyatı hesablamaqla, borc məbləği yazmışlar. Bu barədə su təchizatı müəssisəsinə dəfələrlə müraciət edərək əsassız yazılmış borcun silinməsini tələb etsə də, qarşı tərəfdən heç bir addım atılmamışdır. Hesab edir ki, fəaliyyətdə olmayan anbarda sudan istifadə olunmadığı halda, su təchizatına görə əsassız və qanunsuz hesablanmış borc məbləği silinməlidir. Yuxarıda qeyd edilən heç bir fəaliyyəti olmayan, su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edilməyən anbar üçün nəzərdə tutulan obyektə sudan istifadəyə görə yazılan hesabatın heç bir qanuni əsası yoxdur. Belə ki, qeyd etdiyi kimi anbar 2014cü ildən fəaliyyətsizdir. Anbar fəaliyyətsiz olduğundan o, sudan istifadə etməmiş, digər tərəfdən də sudan istifadə olunmursa, xüsusilə anbar üçün nəzərdə tutulmuş obyektə, kanalizasiya xətti olmaya-olmaya çirkab suya da hesabat yazılmışdır. Abşeron Sukanal İdarəsi özlərinin planları xatirinə yazılmış 5.638,00 (beş min altı yüz otuz səkkiz manat, 00 qəpik) manat əsassız, qanunsuz hesablanmış borc ləğv edilməlidir, bu səbəbdən məhkəmə qaydasında silinməlidir. Sözügedən ünvanda fəaliyyəti olmayan anbara sudan istifadə olunmadığı halda, cavabdeh Abşeron Sukanal İdarəsinin əməkdaşları tərəfindən hələ kanalizasiya xidmətinə görə də hesabat yazılmışdır. Sayğaca baxış keçirilən zaman sayğacın plombunun üstündə olması, sərfiyyatın olmamasını cavabdeh şirkətin nümayəndələri də qeyd edirlər. Sayğaca müdaxilə yoxdur, plomb da üstündədir. Qeyd olunanlar əsasında iddia tələbi təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmun daşıyır. Apellyasiya şikayətində iddiaçı göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Heç bir fəaliyyəti olmayan, su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edilməyən anbar üçün nəzərdə tutulan obyektə sudan və kanalizasiyaya görə əsassız cərimə aktını tərtib etməklə hesabat verilməsinin birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun hesab edilməsi əsassızdır. Belə ki, Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsi tərəfindən tərtib etdikləri qanunsuz və əsassız adı çəkilən cərimə aktında hesabat birləşdirici d=50 mm olan magistral ana xəttə görə aparılmışdır. Faktiki olaraq işlək olmayan sözügedən anbarda d=15 mm su xətti mövcuddur. Qeyd olunan qanunsuz və əsassız cərimə aktı tərtib olunarkən həmin obyektin- anbarın sahibi kimi iddiaçının iştirakı olmadan tərtib olunmuşdur. Sözügedən ünvanda fəaliyyəti olmayan anbara sudan istifadə olunmadığı halda, cavabdeh Abşeron Sukanal İdarəsinin əməkdaşları tərəfindən hələ kanalizasiya xidmətinə görə də hesabat yazılıb ki, bu da tamamilə qanunsuzdur. Sayğaca baxış keçirilən zaman sayğacın plombunun üstündə olması, sərfiyyatın olmamasını cavabdehin əməkdaşları da etiraf edirlər. Sayğaca müdaxilə yoxdur, plomb da üstündədir. O, cavabdehin işçilərinə bildirmişdir ki, sudan istifadə etmir, kanalizasiyadan istifadə etməmişdir. Sayğaca baxış keçirilən zaman sayğacın plombunun üstündə olması, sərfiyyatın olmamasını özləri də qeyd edirlər. Amma öz planları xətrinə fəaliyyəti olmayan obyektə cərimə aktı tərtib etməklə sərfiyyat yazıblar. Birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmadığından qətnamə ləğv edilməli, iddia tam təmin olunmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil Fərrux oğlu apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, onların əsas tələbi hesablanmış borcun tam silinməsidir. Məhkəmə isə iddianı qismən təmin etməklə onların haqlı tələblərini tam təmin etməmişdir. Ona görə də silinməmiş qalan 3227,40 manat borc məbləği də silinməlidir. Apellyasiya baxışı zamanı Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında bildirdi ki, qətnamə onları tam qane etməsə də, hər bir halda razılaşıb şikayət verməmişlər. İddiaçının apellyasiya şikayəti əsassızdır və o, qanuni qətnamənin ləğv edilməsinə əsas hesab edilə bilməz. Buna görə də şikayətin rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 16.05.2016-cı il tarixli “Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair” müqaviləyə əsasən Cavabdeh ASC istehlakçının tələbatına uyğun məişət (təsərrüfat) içməli və istehsalat məqsədli su ilə təmin edir və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirir, bunun müqabilində istehlakçı göstərilən xidmətlərin haqqını, hesab fakturaya əsasən ödəyir. Yenə iş materiallarında olan 05 avqust 2020-ci il tarixli, 007101 saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, ev 123 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu 130876 olan obyektin su xəttinə baxış keçirilən zaman aşkar olunmuşdur ki, su sayğacı çıxarılaraq xətt birbaşa qoşulub D=50 mm-lik boru vasitəsilə sudan istifadə olunur. Su təchizatı dayandırılmışdır. X2 İdarəsinin mütəxəssisləri tərəfindən obyektin nümayəndəsi Nürəddin Qələmovun iştirakı ilə tərtib edilmiş və imzalanmışdır. Yenə də iş materiallarında olan Cavabdeh ASC-nin “Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı”ndan görünür ki, Abşeron rayonu, Masazır kəndi, ev 123 ünvanında yaşayan İddiaçı, 05.08.2020-ci il tarixinə su sərfiyyatına görə 5 ay müddətində 5379 m3 miqdarında 5379 manat dəyərində içməli su xidmətindən qeyri-qanuni istifadə etməklə “Cavabdeh ASC-yə ziyan vurmuşdur. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə qətnamədən iddianın təmin edilmiş hissəsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarını nəzərə alaraq hesab edir ki, hazırda qətnamə yalnız mübahisələndirilən hissədə və hədlərdə apellyasiya baxışının predmetidir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda istinad olunan hüquq normalarına əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(012)-1760/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən 05 avqust 2020-ci il tarixində iddiaçıya məxsus anbar kompleksinə baxış keçirilmiş və baxış nəticəsində d=50 mm boru vasitəsilə sudan qeyri- qanuni istifadə edildiyi müəyyən edilmiş, bununla əlaqədar 007101№-li akt tərtib olunmuş, həmin akt əsasında 5 ay müddət götürülməklə Cavabdeh ASC-yə 5379 (beş min üç yüz yetmiş doqquz) manat məbləğində dəymiş ziyan hesablanmışdır. İşə baxan məhkəmə iddianı qismən təmin edərək həmin məbləğdən 2151.60 manat borcun silinməsi, 3227,40 manat hissəsində isə təmin edilməməsi nəticəsinə gəlmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmiş, iddiaçı isə apellyasiya şikayəti verərək iddianın tam təmin edilməsini, başqa sözlə 3227,40 manat borcun da silinməsini xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Su Məcəlləsinin 97-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir. Yenə həmin Məcəllənin 105-ci maddəsinə görə fiziki və hüquqi şəxslər su qanunvericiliyini pozmaqla vurduqları zərəri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödəməlidirlər. Yenə də həmin Məcəllənin 44-cü maddəsinə əsasən sudan istifadəyə ehtiyac qalmadıqda və ya istifadədən imtina edildikdə, su obyektlərindən istifadə müddəti qurtardıqda, su obyektləri qanunvericiliyə zidd olaraq başqalarına istifadəyə verildikdə, tullantı sularının axıdılmasına görə haqq ödənilmədikdə mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin sudan istifadə hüququna xitam verilir. Azərbaycan Respublikası “Su təhcizatı və tullantı suları haqqında” Qanunun 72-ci maddəsinə əsasən qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təhcizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda isə inzibati və cinayət məsulliyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli, 262 №-li qərarının 8.6-cı bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma hallan aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Həmin qərarın 8.7-ci bəndinə əsasənsu təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma hallan aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq hesablanır. Həmin əlavəyə görə isə su təchizatı və kanalizasiya xidmətlərindən qeyriqanuni istifadənin həcminin müəyyən edilməsi zamanı 3 aylıq sərfiyyat nəzərə alınmaqla hesablama aparılır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 23, 24-cü maddələrinin ümumi tələblərinə görə su təchizatı sisteminə qoşulmaq üçün əsas şərtlərdən biri müraciət edən istehlakçının mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olmasıdır. Bundan əlavə su təchizatı sisteminə qoşulma üçün zəruri olan məlumatlar, habelə su təsərrüfatı pasportu təqdim olunmalı, su təchizatı sisteminə qanuni əsaslarla qoşulmalar yoxlanılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasına görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz (Maddə 73, İİ hissə). AR MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan “itirilmiş su hesabatı”dan görünür ki, su təchizatı müəssisəsi tərəfindən abonentə dəyəri ödənilməmiş 5379 m3 su üçün 5379 manat məbləğində borc hesablanmışdır. Daha öncə qeyd olunduğu kimi işə baxan məhkəmə iddianı qismən təmin edərək həmin məbləğdən 2151.60 manat borcun silinməsini qət etmiş, cavabdeh bunu mübahisələndirməmişdir. Qətnamə yalnız mübahisələndirilən hissədə və hədlərdə apellyasiya baxışının predmeti olduğundan məhkəmə kollegiyası həmin hissədə araşdırma aparmamışdır. Bununla belə məhkəmə kollegiyası nəzərə alır ki, daha öncə istinad olunan Qayadalara əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi zamanı 3 aylıq sərfiyyat nəzərə alınmaqla hesablama aparılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə vurulmuş ziyanın həcmini müəyyən edərkən 3 aylıq sərfiyyat müddətini götürməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətini əsassız hesab edir. Belə ki, iddia tərəfinin dəlilləri işin tədqiq olunan faktiki halları ilə təkzib olunur. Yuxarıda qeyd edildiyi kimi İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən obyektin su xəttinə baxış keçirilən zaman aşkar olunmuşdur ki, su sayğacı çıxarılaraq xətt birbaşa qoşulub, D=50 mm-lik boru vasitəsilə sudan istifadə olunur. X2 İdarəsinin mütəxəssisləri tərəfindən obyektin, yəni iddiaçının nümayəndəsi Nürəddin Qələmovun iştirakı ilə tərtib edilmiş və imzalanmışdır. İddiaçı su anbarı adlandırdığı obyektdən uzun müddət istifadə etmədiyini iddia etsə də, bunu təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı tərəf iddianı təmin tədbiri olaraq su verilişinin dayandırılmasının cavabdehə qadağan edilməsi barədə ərizə vermişdir. Bu hal özü uzun müddət sudan istifadə edilməməsi barədə iddianın dəlillərinin təkzib edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən tutarlı əsas gətirilməmiş və hər hansı mötəbər, əsaslı şübhələrdən kənar sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlili formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(012)-1760/2021 saylı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(012)-1760/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qətidir, dərhal qüvvəsini alır, ondan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar