Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-692/2024 21.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X16 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil2, Cavabdeh, üçüncü şəxs X7 nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, Qusar rayon Notariat ofisinə və üçüncü şəxslər X9 və X5 qarşı miras əmlaka vərəsəlik hüququnun tanınaraq həmin əmlakdan vərəsəlik payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 26 yanvar 2023cü il tarixli, 2(029)-93/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Cəlilov) iddia tələbinin təmin edilməsi, X3 miras kütləsinə daxil olan Qusar şəhəri Heydər Əliyev prospekti ev 146, 23 saylı mənzilə (keçmiş T.İsmayılov küçəsi ev 146 mənzil 23) dair İddiaçı, Cavabdeh, X7 və X4 vərəsəlik hüquqlarının tanınması və hər birinin miras payının ¼ hissə müəyyən edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh, Qusar rayon Notariat ofisinə və üçüncü şəxslər X9 və X5 qarşı miras əmlaka vərəsəlik hüququnun tanınaraq həmin əmlakdan vərəsəlik payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 mülkiyyətinə verilmiş Qusar şəhəri keçmiş T.İsmayılov küçəsi ev 157, 23 saylı mənzilə (indiki H.Əliyev prospekti ev 146, 23 saylı mənzil) dair onun vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin həcmini artırılması barədə məhkəməyə ərizə təqdim edərək, mərhum atası X3 mülkiyyətinə verilmiş Qusar şəhəri keçmiş T.İsmayılov küçəsi ev 157, 23 saylı mənzilə (indiki H.Əliyev prospekti ev 146, 23 saylı mənzil) dair onun vərəsəlik hüququnun tanınması və mərhum atası X3 mülkiyyətinə verilmiş Qusar şəhəri keçmiş T.İsmayılov küçəsi ev 157, 23 saylı mənzilə (indiki H.Əliyev prospekti ev 146, 23 saylı mənzil) dair vərəsələrin miras payları müəyyən olunmaqla həmin miras müvafiq qaydada bölüşdürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon İcra Hakimiyyətinin 25 oktyabr 1995-ci il tarixli 215 saylı sərəncamına əsasən Qusar şəhəri keçmiş T.İsmayılov küçəsi ev 157, 23 saylı mənzil (indiki H.Əliyev prospekti ev 146, 23 saylı mənzil) atası X3 mülkiyyətinə verilmişdir. X17 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onun aşağıdakı 4 nəfər qanun üzrə birinci dərəcəli vərəsləri qalmışdır: O özü yəni, İddiaçı, qardaşı X12, qardaşı X10, qardaşı Cavabdeh. Mərhum X17 vəfat edənədək o yuxarıda qeyd etdiyi mənzildə atası və anası X1 ilə birlikdə yaşamış və orada qeydiyyatda olmuşdur. Anası ilə atası rəsmi olaraq boşansalar da, faktiki olaraq birlikdə yaşamışlar. Bundan başqa, onun övladları da həmin ünvanda yaşamaqla orada qeydiyyatda olmuşlar. İş üzrə cavabdeh, qardaşı Cavabdeh isə mərhum atası vəfat edənədək həmin ünvanda yaşamamış, atası onu həmin mənzilə buraxmamışdır. Mərhum atası vəfat etdikdən sonra o, bir müddət həmin mənzildə yaşamaqda davam etmiş, anasının qayğısına qalmağa başlamışdır. Lakin, sonradan qardaşı Cavabdeh anasının və onun iradəsinə zidd olaraq zorla həmin ünvana köçməklə orada yaşamağa başlamış, onunla və anası ilə mütəmadi olaraq mübahisələr etməyə başlamışdır. O, mübahisənin daha da dərinləşməməsi üçün həmin mənzildən çıxmaq məcburiyyətində qalmış və mənzildən çıxdıqdan sonra orada X11 və qardaşı Cavabdeh, həmçinin sonuncunun ailə üzvləri yaşamağa başlamışlar. O, həmin mənzildən çıxsa da, mütəmadi olaraq həmin mənzilə gedərək anasına baş çəkmiş, onunla birlikdə mənzilin idarə olunmasında iştirak etmişdir. Yuxarıda qeyd etdiyi kimi 4 qardaşdırlar, mərhum atasının qanun üzrə birinci dərəcəli vərəsələri də onlar 4 nəfərdirlər. Anaları isə mərhum atası ilə rəsmi qaydada boşandıqlarından onun qanun üzrə birinci dərəcəli vərəsləri sırasına daxil deyildir. Qardaşı Cavabdehlə aralarında olan narazılığın əsas səbəbi mərhum atasından miras qalmış yuxarıda qeyd etdiyi mənzilin vərəsələr arasında bölüşdürülməsi barədə fikir ayrılığı olmuşdur. Belə ki, Cavabdeh həmin mənzilin yalnız ona verilməli olduğunu bildirərək mənzilə dair digər vərəslərin miras paylarının müəyyən olunmasına etiraz edir. X11 da, bildirmişdir ki, mənzil qanuna müvafiq qaydada bölünməlidir. Buna görə Cavabdeh anası ilə də mübahisə etmiş, onu döyərək evdən qovmuşdur. Artıq xeyli müddətdir ki, qardaşı Nəriman anası Mehristanı həmin mənzilə buraxmır, anası məcbur olaraq qardaşı Alim Pirəliyevin yanında Qusar rayonu Urva kəndində yaşayır. Nəriman müharibə veteranıdır və həmin adından sui-istifadə edərək dəfələrlə onları hədələmiş, heç bir dövlət orqanının onlara mənzildən vərəsəlik payını verə bilməyəcəyini, buna heç kimin ixtiyarının olmadığını bildirmişdir. O, miras payına dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Qusar rayon Notariat ofisinə müraciət etmiş, lakin həmin notariat ofisi tərəfindən miras qoyan mərhum X17in başqa vərəsələri olduğuna görə vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığı bildirilərək, pay bölgüsünün aparılması və mübahisənin həlli üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu barədə həmin notariat ofisi tərəfindən 19 avqust 2021-ci il tarixli X-894 saylı məktub verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Qusar Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə belə nəticəyə gəlməkdə haqlı olmamış, məhkəmədə izahatında göstərmişdir ki, 2006-cı ildən başlayaraq həmin mənzildə o, yaşamış, anası və digər qardaşlar Asfandiyarı həmin evdən qovmuşlar. Buna da səbəb onun içki içməsi olmuşdur. İddiaçı həmin mənzildə yaşamamış, Qusar şəhəri, 123 saylı evdə ailəsi ilə yaşamışdır. Digər vərəsələr də atalarının vəfatından sonra mübahisəli mənzildə yaşamamış, heç oraya gəlib getməmişlər. Lakin məhkəmə bütün bu halları nəzərə almamış, heç bir tutarlı sübut olmadan digər vərəsələrin də həmin mənzilə gəlib getməklə mirası onun qəbul edilməsinin faktiki üsulu ilə qəbul etdikləri qənaətinə gəlmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən üçüncü şəxs X7 nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən üçüncü şəxs X12 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh Qusar rayon Notariat ofisinə və üçüncü şəxs X5 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini vərəsələrdən heç birinin mülki qanunvericiliyin vərəsəlik hüquq münasibətlərini tənzimləyən hüquq normaları ilə müəyyən edilmiş müddət daxilində mirasın qəbul edilməsi ilə bağlı müvafiq notariat orqanına ərizə ilə müraciət etməmələri, bununla da mirasın qəbul edilməsinin formal üsulu ilə qəbul edilməsi müddətinin bütün vərəsələr tərəfindən ötürülməsi, lakin İddiaçı mərhum X17 vəfat etdikdən sonra həmin mənzildə yaşamaqla ona sahiblənmək və mirası qəbul etmək niyyətini ifadə etməsi, həmçinin miras qoyan şəxs vəfat etməmişdən uzun müddət əvvəl də həmin mənzildə yaşaması və pasport qeydiyyatına alınması, həmçinin, Cavabdeh də həmin evə köçərək orada yaşamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirən hərəkətlər etməsi, miras qoyan Pirəli Pirəliyevin digər vərəsələri, iş üzrə üçüncü şəxslər Alim Pirəliyev və Ədalət Pirəliyevin də miras qoyan Pirəli Pirəliyev vəfat etdikdən sonra həmin mənzilə gəlib-getmələri, mirasa sahiblənmək və ona yiyələnmək istəklərini nümayiş etdirmələri ilə mirası fatiki qəbul etmələri ilə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmiş, bu nəticədən narazı qalan iddiaçı və üçüncü şəxs X12 qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən gəldiyini nəticəni iddiaçının vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməli olması, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırmanın hüquqi mövqelərə və qanunvericiliyə uyğun olmaması göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia tələbini təmin edən birinci instansiya məhkəməsi mahiyyəti üzrə düzgün nəticəyə gəlsə də, iddia tələbinin qanuni əsası kimi vərəsəlik hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Baxılan iş üzrə iddia tələbi miras əmlaka vərəsəlik hüququnun tanınaraq həmin əmlakdan vərəsəlik payının müəyyən edilməsi barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1274, 1275, 1291-ci maddələri təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununl bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. ...miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. ...mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir”. Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarına görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilir və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bu, o deməkdir ki, miras əmlakın Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq bölüşdürülməsi üçün əsas şərt vərəsənin mirası qəbul etməsi yox, onun mirasdan imtina etməməsidir. Bu baxımdan məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan mövqeyini nəzərə alaraq hesab edir ki, İddiaçı, o cümlədən digər vərəsələr mirasdan əmlakdan imtina etmədiklərindən, mərhum ataları Pirəli Pirəliyevdən miras qalmış Qusar şəhəri keçmiş T.İsmayılov küçəsi ev 157, 23 saylı mənzilə (indiki H.Əliyev prospekti ev 146, 23 saylı mənzil) birinci növbəli vərəsələr arasında payları müəyyən edilməlidir. Lakin bu zaman bütün vərəsələrin dairəsinin də müəyyən edilməsi olduqca vacibdir. Mübahisəli fərdi yaşayış evinin əvvəllər tərəflərin X17in mülkiyyətində olması, X8 xx.xx.2014-cü il tarixdə vəfat etməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ. hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1159.1.1. maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür (Mülki Məcəllənin 1274-cü maddəsi). Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı). İş materiallarında olan Qusar rayon İcra Hakimiyyətinin Mənzil İstismarı Müəssisəsindən verilmiş 19 avqust 2021-ci il tarixli 276 saylı arayışa əsasən, xx.xx.2014cü ildə vəfat etmiş X8 vəfat etdiyi günədək ünvan 1 ünvanında yaşamış və vəfatından sonra vərəsələri X12, İddiaçı, X10 və Cavabdeh qalmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflərin atası X2 miras qalmış Qusar şəhəri Heydər Əliyev prospekti ev 146, 23 saylı mənzilə (keçmiş T.İsmayılov küçəsi ev 146 mənzil 23) dair İddiaçı, Cavabdeh, X7 və X4 vərəsəlik hüquqları tanınmalı və hər birinin ¼ hissədə miras payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı X2 miras qalmış Qusar şəhəri Heydər Əliyev prospekti ev 146, 23 saylı mənzilə (keçmiş T.İsmayılov küçəsi ev 146 mənzil 23) dair İddiaçı, Cavabdeh, X7 və X4 vərəsəlik hüquqları tanınsın və hər birinin ¼ hissədə miras payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-692/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-692/2024
21.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver