Məhkəmə qərarları › İş №2(105)-703/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-703/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-703/2023 22.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2(031)-796/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddianın təmin edilməsi, Cavabdeh 1500 manat məbləğində zərər və 35 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən Şabran Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qətnaməsindən verilmiş şikayətə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməsi və şikayətin Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Şabran Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən Şabran Rayon Məhkəməsinin e-2(031)-796/2022 nömrəli 06 sentyabr 2022-ci il tarixli qətnaməsindən verilmiş 12 oktyabr 2022-ci il tarixli apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Şabran Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərardadı ilə Cavabdeh Şabran Rayon Məhkəməsinin e-2(031)-796/2022 nömrəli xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi barədə şikayəti əsassız olduğundan təmin edilməməsi, Cavabdeh şikayəti mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tərəfdən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq, 1500 manat zərər məbləğinin və ödənilmiş 35 manat dövlət rüsumunun Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Şabran Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunması, apellyasiya şikayətinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şabran rayon məhkəməsinin -2(031)-796/2022 saylı 06 sentyabr 2022-ci il tarixli qətnaməsi poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə almış və bir ay müddətini ötürməmiş, 12 oktyabr 2022-ci il tarixdə qətnamədən şikayət etmiş, həmin şikayəti elektron məhkəmə vasitəsi ilə vermiş və elektron qaydasında hansı paraqraflar doldurulmalıdırsa, onların hamısını qeyd edib göndərmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Şabran Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli və 25 yanvar 2023-cü il tarixli qərardadları ləğv edilməlidir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasını cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsində nəzərdə tutulmuş (MPM-ə 2 saylı əlavəyə uyğun) formada verilməməsi və qanunvericiliklə müəyyən edilmiş formaya riayət edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı). İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2014-cü il tarixli qərarı). Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İşdən göründüyü kimi Şabran Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti MPM-nin 2 saylı əlavəsinə uyğun formada verilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Şabran Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli və 25 yanvar 2023-cü il tarixli qərardadları ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə görə, apellyasiya instansiyası qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.3., 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli və 25 yanvar 2023-cü il tarixli qərardadları ləğv edilsin. Şabran Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar