Məhkəmə qərarları › İş №2(105)-706/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-706/2025

07.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-706/2025 07.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X6 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1500/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 039116 saylı aktına əsasən, ona hesablanmış 1605,05 manat məbləğində borcun silinməsi və xx.xx.2024-cü il tarixdə ona elektrik enerjisi cəriməsinə görə məcburi ödətdirilmiş 500 manat pulunun cavabdehdən alınaraq, ona qaytarılmasının barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Daha sonra İddiaçı iddia tələbinin həcmini azladaraq, "xxxx" ASC-nin xx.xx.2024cü il tarixli, 039116 saylı aktına əsasən, ona hesablanmış 1595,01 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, 26 fevral 2024-ci il tarixli, 039116 saylı aktın surətindən görünür ki, Azərişıq ASC-nin əməkdaşları tərəfindən istifadəsində olan PAUD-MP 106 tipli, **********6M1943119 nömrəli elektrik sayğacının (abunə kodu **********07291) “Sayğaca qoşulma ardıcıllığı pozularaq kənar xəttin dövrədən kənarlaşdırılması” səbəbi ilə ona ümumilikdə 1595,01 manat cərimə yazılmışdır. 2024-cü ilin fevral ayında istifadəsində olan elektrik sayğacının sıradan çıxması (xarab olması) səbəbindən işləməmişdir. Qaranlıqda qalmamaq üçün, dərhal "xxxx" ASC-nin Şamaxıda yerləşən Şimal-Qərb RETSİ-nin X4 müraciət etmiş, lakin onlar sayğacı düzəltməyə gəlməmişlər. Həmin gün və sabahısı yenidən dəfələrlə müraciətlər etsə də elektrik montyorlarnın heç biri çağırışa gəlməmişlər. Qış vaxtı qaranlıqda qalmamaq üçün və həm də havalar çox soyuq olduğundan, "xxxx" ASC-nin Şamaxıda yerləşən əməkdaşlarına qabaqcadan məlumat verməklə, onlara gələn elektrik xəttini sayğacdan açıb birbaşa qoşmuşdur. Təxminən 1 həftədən sonra Azərişıq ASC-nin Şamaxıda yerləşən Şimal-Qərb RETSİ-nin X2 işçiləri gəlib çəkiliş aparmaqla, birbaşa çəkdikləri elektrik xəttini dövrədən açıb sayğacı təmir edib getmişlər. Lakin elektrik xəttini dövrəyə qoşmamışlar. "xxxx" ASCnin əməkdaşlarının özlərinin səhlənkarlığı səbəbindən vaxtında çağırışa gəlməməsi səbəbindən, bu hal baş vermişdir. İstifadəsində olan elektrik sayğacı xarab olduğuna görə müraciəti əsasında “Azərişıq ASC”-nin Şamaxıda yerləşən əməkdaşları çağırışa vaxtında gəlsəydilər, dövrəyə əlavə xətt qoşdurmazdı. Soyuqdan donmamaq və qaranlıqda qalmamaq üçün buna məcbur olmuşdur. Bundan sonra da Azərişıq ASC-nin Şamaxıda yerləşən Şimal-Qərb RETSİ-nin X2 əməkdaşları onlara təzyiq göstərdilər ki, 500 manat məbləğində ilkin ödəniş etməsələr, onları qaranlıqda qoymaqda davam edəcəklər. Qış vaxtı olduğundan, məcburiyyət qarşısında qalıb elektrik enerjisi cəriməsinə 08 mart 2024cü il tarixdə 500 manat ödəniş etmişdir. Hansı ki, onlar bunu ona qeyri-qanuni olaraq ödətdirmişlər. Cavabdehin əməkdaşları özləri vaxtında çağırışa gəlməyib, sonradan da belə təzyiq göstərib çirkin əməllərlə məşğul oldular. Bir daha bildirir ki, aktda və abunə haqda ödəniş cədvəlində yazılanlar həqiqətə uyğun deyildir. Bu aktın adi surəti və ödəniş cədvəli onlara 04 iyul 2024-cü il tarixdə verilmişdir. Halbuki, həmin sənədlərdə yazılana görə guya o elə tərtib olunduğu 26 fevral 2024-cü il tarixində verilibdir.

4. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəməyə ünvanladığı etiraz ərizəsində göstərmişdir ki, iddiaçının Şamaxı şəhərində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nın enerji satış bazasında İddiaçı adına olmaqla, **********07291 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2024-cü il tarixində "Azərişıq” ASC-nin əməkdaşları E.Ələkbərov, R.Qasımov. S.Nəsirov və E.Binnətli tərəfindən Şamaxı şəhərində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydalarına uyğun baxış keçirilmişdir. Baxış zamanı sayğacın qoşulma ardıcıllığının pozularaq kənar mənbədən “0” xətti götürülməklə, dövrədən kənaşdırıldığı aşkar edilmişdir. Kənar mənbədən götürülən “0” xətti sayğaca gələn xətdən götürülmüşdür. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17.1 bəndinin tələbinə uyğün olaraq, yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2024-cü il tarixli, NDM039116 saylı akt tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli, NDM039116 saylı akta əsasən "xxxx" ASC-nın Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 139 gün üçün 0.08 manatla 804 kvt.s (dəyəri 64.32 manat), 0.09 manatla 463 kvt.s (dəyəri 41.67 manat) və 0.13 manatla 11454 kvt.s (dəyəri 1489.02 manat), toplamda 1595.01 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçının faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən videoçəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan videoçəkilişdə açıq aşkar öz əksini tapır. İddiaçının xx.xx.2024-cü il tarixinə elektrik enerjisindən istifadəyə görə 986.00 manat borcu vardır. “EElQ”-nın 8.17-1-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-cı yarımbəndinə uyğun olaraq, elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdankənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işlək saatı nəzərə alınmaqla yenidən hesablanır. ”EEİQ”-nın 8.172-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17.1 və 8 17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizat müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bır nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 7.11-ci bəndinin tələbinə görə, Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır.

5. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1500/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının akt əsasında silinməsini tələb etdiyi borcun yaranması səbəbi aşkar olunmuş qüsurdur, həmin qüsurun xarakteri təsadüfi olmamış, yəni iddiaçının niyyəti faydalanmaq olmuşdur.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2, 8.17.1, 8.17.2 -ci maddəsinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 1500/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsində göstərilənlərlə eynilik təşkil etməklə, əlavə olaraq bildirilmişdir ki, sübut etmə yükü birinci olaraq "xxxx" ASC-nin üzərinə düşür. Onlar isə əvvəla məhkəmə iclasına gəlmirlər, həmçinin məhkəməyə heç bir sübut təqdim etmədən cəfəngiyyat sözlərdən ibarət etiraz ərizələri göndərmişlər. Lakin, bu sübut deyildir. Elektrik sayğacı və ya elektrik naqilləri xarab olarkən dərhal "xxxx" ASC-nin əməkdaşını çağıran zaman onlar vaxtında çağırışa gəlməmiş, çağırışdan bir neçə gündən sonra gəlmişlər. Bu kimi çoxsaylı özbaşınalıqlar Azərişığın əməkdaşları tərəfindən səhlənkarcasına qəsdən törədilir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, sayğac xarab olduğundan işıları sönmüş, dəfələrlə cavabdehin idarəsinə müraciət edərək enerjisinin verilməsinin bərpa edilməsini xahiş etmiş, lakin enerji bərpa edilməmişdir. Buna görə də qoşulma aparılmışdır. Bu qoşulma isə təxminən 10 gün olmuşdur. 10 gün ərzində 1600 manat elektrik enerjisindən istifadə edə bilməz. Hətta aya 100 manatlıq elektrik enerjisindən istifadə etsə belə 139 gün üçün həmin məbləğdə borc yazıla bilməz. 2023-cü ilin noyabr-dekabr aylarında kənar qoşulma olmayıb. Elektrik enerjisindən az istifadə ediblər. Elektrik enerjisini qoşmadıqları üçün məcbur qalaraq 500 manat ödəniş etmişdir. "xxxx" ASC-yə şifahi müraciətlər etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 2023-cü ilin 10-cu ayından sayğac sərfiyyatı az yazmağa başlayıb. O səbəbdən 139 gün üçün sərfiyyat hesablanıb. 500 manatı da könüllü ödəyib. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

İşdə olan sübutlar

13. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 039116 saylı aktından görünür ki, iddiaçıya məxsus elelktrik sayğacına baxış keçirilərkən sayğacın qoşulma ardıcıllığının pozularaq kənar mənbədən “0” xətti götürülməklə, dövrədən kənaşdırıldığı aşkar edilmişdir. Kənar mənbədən götürülən “0” xətti sayğaca gələn xətdən götürülmüşdür.

14. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli aktına əsasən iddiaçıya məxsus sayacın dövriyyədən ayrılmasına görə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 139 gün üçün 0.08 manatla 804 kvt.s (dəyəri 64.32 manat), 0.09 manatla 463 kvt.s (dəyəri 41.67 manat) və 0.13 manatla 11454 kvt.s (dəyəri 1489.02 manat), toplamda 1595.01 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş Elektrik enerjisindən istifadə Qaydaları:

7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

16. “Elektroenergetika” haqqında Azərbaycan Respublikasının Qanununu 19.16. Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.

17. Mülki Prosessual Məcəllə

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

18. Məhkəmə kollegiyası tərəfindən Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1500/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1500/2024 nömrəli ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını düzgün tətbiq etməməklə səhv nəticəyə gəlmişdir. Belə ki, yuxarıda istinad olunan “Elektroenergetika” haqqında Azərbaycan Respublikasının Qanununun 19.16-cı maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

21. Cavabdeh tərəfindən iddiaçının qanunsuz elektrik xəttinə qoşulması ilə bağlı akt tərtib olunsa da elektrik enerjisinin talanmasında onun təqsirli olmasına dair müvafiq orqanın qanuni qüvvəyə minmiş qərarının olması müəyyən edilməməkdədir. Buna görə də cavabdeh təşkilatın iddiaçının abonent hesabına vurulmuş zərər məbləği qismində daxil edərək, ondan tələb etməsi əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə mübahisəyə “Elektroenergetika” haqqında Azərbaycan Respublikasının Qanununun 19.16-cı maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmişdir ki, bununla da maddi hüquq normasının pozulması ilə nəticələnən və əsassız hesab olunan qətnamə çıxarmışdır.

22. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona hesablnmış 1595,01 manat zərər məbləğinin 500 manat hissəsini qəbul etmiş və könüllü şəkildə ödəmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, "xxxx" ASC-nin xx.xx.2024cü il tarixli, 039116 saylı aktı əsasında itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış 1595.01 manat zərər məbləğinin 500 manat hissəsində iddiaçının tələbi əsaslı olmamışdır.

23. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1500/2024 nömrəli ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ASC-nin 26 fevral 2024-cü-cü il tarixli, 039116 nömrəli aktı əsasında hesablanmış 1595.01 manat zərər məbləğinin 1095,01 manat hissəsi əsassız hesab edilərək, iddiaçıya məxsus abonent hesabından silinməlidir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1500/2024 nömrəli ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh ASC-nin 26 fevral 2024-cü il tarixli, 039116 nömrəli aktı əsasında hesablanmış zərər məbləğinin 1095,01 manat (min doxsan beş manat, 01 qəpik) hissəsi İddiaçın məxsus **********07291 saylı abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar