Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-707/2024 30.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2(012)-487/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim S.Quliyeva) iddianın qismən təmin edilməsi, İddiaçı iddiasının təmin edilməsi, İddiaçı yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********00501) dair Cavabdeh tərəfindən hesablanmış 2510 (iki min beş yüz on) manat 80 səksən) qəpik borcun silinməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz hesablanmış 2547 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh İB tərəfindən qanunsuz hesablanmış 2510,80 (iki min beş yüz on manat səksən qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu Hökməli kəndində yerləşən fərdi evdə yaşayır. Qeyd edilən yaşayış evi ona məxsusdur və həmin evə Cavabdeh tərəfindən qaz xətti çəkilmiş və onunla "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən onların ünvanında xx.xx.2020-ci ildə mexaniki sayğac quraşdırılmışdır. Normal qazdan istifadə edib ödənişlərini edirdi. 2020-ci ilin dekabrında Azəriqazın nümayəndələri bildiriş təqdim edərkən 2603,1 manat borcun olduğunu gördü. Dəfələrlə onlardan soruşmağına baxmayaraq borcun haradan yarandığını onlar özləri də bilmədi. İdarəyə yaxınlaşdı və ona bildirdilər ki, səhv olub düzəliş ediləcək. Artıq üstündən 2 il keçib heç bir düzəliş edilmir. O, təklif etdi ki, komissiya təşkil edilsin və evə baxış keçirilsin amma onlar razı olmayıb dedilər ki, get məhkəməyə müraciət elə. Ona məlum oldu ki, 2510,80 (iki min beş yüz on manat səksən qəpik) manat ona əlavə borc yazıblar. Normal qazdan istifadə edir və ödənişləri vaxtında edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qətnaməsində apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, iddianı qiymətləndirməmiş və prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyriqanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarla rəsmiləşdirilmişdir: (iş materiallarında vardır). Daha sonra həmin aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur (foto şəkillər). Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, eyni zamanda səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəfindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini təmin etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı X2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi iddiaçının sayğacdankənar təbii qazı bu məbləğdə istehlak etməsi barədə cavabdehin dəlilləri iş materialları ilə və məhkəmə araşdırması zamanı öz təsdiqinin tapmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnaməni mübahisələndirirərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia tələbi akt əsasında hesablanmış borcun silinməsi barədədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.2.1, 3.2.2-ci bəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunverciliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndlərində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi akın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli, qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 4.2. bəndinə görə məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 5.2.bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5- 3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 6.5-ci bəndində qeyd edilmişdir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı adına tərtib edilmiş aktlar sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktları müəyyən edilsə də, aktın iddiaçıya heç bir aidiyyatının olmaması məhkəmədə müəyyən edildiyindən, iddianı təmin etməklə birinci instansiya məhkəməsinə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 385.2., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-707/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-707/2024
30.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver