Məhkəmə qərarları › İş №2(105)-708/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-708/2024

23.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-708/2024 23.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X12 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdeh X7 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər X3 və Qusar rayon notariat ofisinə qarşı mirasın vəsiyyət üzrə vərəsəlik qaydasında mülkiyyətə verilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2(029)-715/2023 nömrəli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3 və Qusar rayon Notariat ofisinə qarşı “mirasın vəsiyyət üzrə vərəsəlik qaydasında mülkiyyətə verilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X2 miras kütləsinə daxil olan, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsini, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və 0.378 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlakların vəsiyyət üzrə vərəsəlik qaydasında onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2(029)-715/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, mərhum X2 miras kütləsinə daxil olmuş Qusar rayonu Gədəzeyxur kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və 0.378 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlakların vəsiyyət üzrə vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə verilməsi qət edilmişdir (hakim Əli Cəlilov). Qətnamədən narazı qalan cavabdeh X7 apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2(029)-715/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X7 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X19 rayonu Gedəzeyxur kəndi ərazisində 0.24 ha həyətyanı torpaq sahəsi olmamışdır. Xədicə Qazıyevanın vəsiyyətnamədə qeyd etdiyi torpaq sahəsinə dair verilmiş KOD 30107018 JN-450F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Qusar rayon məhkəməsinin 24 noyabr 2016-cı il tarixli 2(029)-1579/2016 nömrəli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Bundan başqa, Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışı ilə müəyyən olunur ki, mərhum Xədicə Qazıyevanın təsərrüfatının xüsusi mülkiyyətində 1946cı ildə tikilmiş fərdi yaşayış evi və təsərrüfatının xüsusi mülkiyyətində 1996-2000-ci illərdə cəmi 0.15 hektar torpağın olduğu qeyd edilmişdir. Bununla da, Xədicə Qazıyevanın miras kütləsinə 0.24 ha deyil, 0.15 ha torpaq sahəsi daxildir. Bundan başqa, Qusar Rayon Məhkəməsinin qətnaməsində qeyd olunan 0.24 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi də Xədicə Qazıyevanın miras kütləsinə daxil deyildir. Belə ki, 1946-cı ildə tikilmiş ev 0.24 ha deyil, 0.15 ha torpaq sahəsində yerləşir. 0.24 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini o, 1963-cü ildə inşa etdirmiş və sonradan Rusiya Federsiyasına köçərək orda yaşadığından 1988-ci ildə qeyd edilən evin texniki pasportu atası X6 adına verilmişdir. Tikildiyi vaxtdan həmin evdə onun ailə üzvləri qeydiyyatda olmaqla orda yaşayırlar. İddiaçı isə heç vaxt həmin evdə yaşamamış, 1946-cı ildə inşa olunmuş evdə yaşamış, hazırda da orada yaşayır. Bu səbəbdən də 0.24 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi mərhum Xədicə Qazıyevanın miras kütləsinə daxil edilə bilməzdi. Beləliklə, mərhum Xədicə Qazıyevanın miras kütləsinin dairəsi dəqiq müəyyən olunmadığına görə Qusar Rayon Məhkəməsinin yuxarıda qeyd olunan məlum qətnaməsi ləğv edilməlidir.Qusar Rayon Məhkəməsi mərhum Xədicə Qazıyevanın mirasına dair vəsiyyət üzrə vərəsəlik müəyyən etmiş, çünki miras qoyan tərəfindən vəsiyyətnamə tərtib olunmuşdur. Lakin, məhkəmə tərəfindən vəsiyyət üzrə vərəsəlik müəyyən olunan zaman mirasda pay hüququ olan şəxslərin dairəsi müəyyən olunmaqla həmin şəxslərin payları ayrılmamışdır. Halbuki, o, miras qoyan Xədicə Qazıyevanın övladı olmaqla miras qoyanın tərtib etdiyi vəsiyyətnamənin məzmunundan asılı olmayaraq onun mirasda məcburi pay hüququ vardır. Nəzərə alınmalıdır ki, mirasda məcburi pay hüququ miras qoyanın qanun üzrə birinci dərəcəli vərəsələrinin Mülki Məcəllənin 1193-cü maddəsində təsbit olunmuş subyektiv hüququdur, həmin hüquq hər hansı şərtlə məhdudlaşdırılmamışdır. Ona görə vəsiyyət üzrə vərəsəlik zamanı məhkəmə tərəfindən mütləq şəkildə nəzərə alınmalı, məcburi pay hüququna malik şəxsin məcburi payı ayrılmalıdır. Lakin, Qusar Rayon Məhkəməsi onun məcburi payını ayırmamış, onu bu hüquqdan məhrum etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayəti mümkün hesab edilməklə baxılması üçün təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X7 və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini və Qusar Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2(029)-715/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh Qusar rayon notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinn qətnaməsi ləğv olunmalı və iddia tələbi üzrə işin icraatına işə məhkəmədə baxılmalı olmadığından xitam verilməlidir. İş materiallarında olan AZ-İ 819214 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 09 fevral 2017-ci il tarixdə Qusar rayon Gedəzeyxur kəndində ölmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 33 saylı Qusar rayonu Gədəzeyxur Bələdiyyəsindən verilmiş arayışda qeyd olunur ki, həqiqətən İddiaçı mərhum anasına X4 məxsus 0.24 ha həyətyanı torpaq sahəsi mövcuddur və həmin torpaq sahəsi üzərində yaşayış evi mövcuddur. İş materiallarında olan xx.xx.2013-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Qusar rayonu Gədəzeyxur kəndində yaşayan X8 ona məxsus olan bütün əmlakı, o cümlədən JN-450F şəhadətnamə ilə mülkiyyətində olan 0.24 ha həyətyanı torpaq sahəsini və JN-0173 KOD 30107018 dövlət aktı ilə təhkim olunmuş 0.378 ha əkin sahəsini oğlu İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan 06 avqust 2022-ci il tarixli X-1119 saylı Qusar rayon Notariat ofisindən verilmiş məlumatdan görünür ki, İddiaçı, mərhum X2 və X9 vərəsələri sırasına daxildir. İş materiallarında olan Qusar RİHB-nın Gədəzeyxur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2019-cu il tarixli 1333 saylı arayışdan görünür ki, X18 vəfat etdiyi günə kimi ünvan 1 ünvanında yaşamışdır və onun ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır. X10, X16, İddiaçı, X11, X7, X13, X14, X15 və X5. Mərhumun ölümündən sonra miras əmlakı İddiaçı idarə edir. İş materiallarında olan 12 dekabr 2019-cu il tarixli A.Babayev, M.Vəlixanova, İddiaçı, K.Yaqubov tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, həqiqətən İddiaçı halhazırda ünvan 1ində mərhum anası X2 evində yaşayır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək bunu qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1243.2 və 1243.3-cü maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, miras qoyan Xədicə Qazıyeva xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Vəfat etməmişdən əvvəl, yəni 05 iyul 2013-cü il tarixdə həmin şəxs özünə məxsus bütün əmlakını, o cümlədən həyətyanı və pay torpaq sahəsini İddiaçı vəsiyyət etmiş, bu barədə vəsiyyətnamə tərtib etmiş, vəsiyyətnamə Qusar rayon İHB-nın Gedəzeyxur kənd İƏD üzrə Nümayəndəliyində 42 reyestr nömrəsi ilə qeyd edilməklə təsdiq olunmuşdur. Həmin vəsiyyətnamə qüvvədədir, ləğv edilməmiş və ya etibarsız hesab olunmamışdır. Belə olan halda, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı miras əmlakını miras açıldığı vaxt Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə əsasən faktiki qəbul etdiyindən miras qoyan Xədicə Qazıyevanın mirasına dair vəsiyyət üzrə vərəsəlik müəyyən olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarına əsasən müəyyən olunur ki, Qusar Rayon Notariat ofisinin 11 iyul 2023-cü il tarixli, 762 №-li məktubu ilə İddiaçı anası X1 miras qalmış əmlaka vərəsəlik hüququ haqqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur (i/v13). Həmin məktub onunla əsaslandırılmışdır ki, mirasın qəbulu müddəti ötürülmüşdür, buna görə qeyd olunan məktubda mirasın qəbulu faktı və ya müddətin bərpası ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibərlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarı ilə mirasın qəbulu müddətinə aid Mülki Məcəllənin 1246-cı maddəsi qüvvədən düşmüş hesab edildiyindən hazırki mülki işə məhkəmə qaydasında baxılmalı olmasına dair mübahisə aradan qalxmışdır. Buna görə iddiaçı digər qanun üzrə birinci növbə vərəsələrin miras əmlakda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsində nəzərdə tutulmuş məcburi payları nəzərə alınmaqla özünün vəsiyyət üzrə miras əmlakda payın müəyyən edilməsi ilə bağlı yenidən Qusar Rayon Notariat Ofisinə müraciət edə bilər. Belə ki, həmin Məcəllənin qeyd olunan 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məhkəmə Kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırki iş materiallarına əsasən verilmiş vəsiyyətnamə üzrə daşınmaz əmlak kimi miras kütləsinə aid əmlakların dövlət qeydiyyatına alınması təsdiq olunmur və mülki işin 10, 62, 63, 64-cü vərəqlərində olan arxiv arayışlarına əsasən miras kütləsini dəqiq müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1, 384.0.5, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Qusar Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2(029)- 715/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər X3 və Qusar rayon notariat ofisinə qarşı X2 miras kütləsinə daxil olan, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsini, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və 0.378 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlakların vəsiyyət üzrə vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə verilməsi tələbi üzrə işin icraatına işə məhkəmədə baxılmalı olmadığından xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar