Məhkəmə qərarları › İş №2(105)-71/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-71/2022

09.03.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-71/2022 09.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi ilə Şamaxı Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli, 2(074)-30/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şamaxı Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli, 2(074)-30/2020 saylı qətnaməsi ilə (hakim E.Z.Hümbətov) İddiaçı Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin boşaldılaraq cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair iddiası rədd edilib, İddiaçındən ekspert xərci üzrə 100 manat pulun alınaraq X4 kod 210005 VÖEN **********, m\h AZ41NABZ********************, S.V.İ.F.T. BİK CTREZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN 6 **********, Hesa: AZ34CTRE******************** saylı hesaba köçürülməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verib, Şamaxı Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli, 2(074)-30/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində İddiaçı balansında və istismarında olan, diametri 219 mm-lik qaz kəmərinin üzərində inşa olunan tikilinin cavabdehin öz vəsaiti hesabına boşaldılaraq sökülməsi, kəmərin mühafizə zonasının bərpa edilməsi, ödənilmiş 10 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının cavabdehdən alınıb İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının tələbləri pozularaq İddiaçı balansında və istismarında olan, diametri 219 mm-lik qaz kəmərinin üzərində yaşayış evi inşa etmişdir. Tikili diametri 219 mm-lik qaz kəmərininin üzərində yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə gətirib çıxara bilər. Tikilinin inşa olunması qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, orada çalışan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən tikili təxirəsalınmadan sökülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarına yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özüllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsi 20 iyul 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normaları pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Şamaxı rayonu Şəhriyar qəsəbə bələdiyyəsinin 16.09.2005-ci il tarixli, 37 saylı qərarının surətindən görünür ki, X5 fərdi yaşayış evi tikmək üçün Şamaxı rayonu Şəhriyar bələdiyyəsi ərazisindən 0,06 ha torpaq sahəsi ayrılması və DTXK-nin Şamaxı rayon Şöbəsinin hazırladığı sənədlərin nəzərə alınması qərara alınmışdır. Şamaxı Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin rəyinin surətindən görünür ki, Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin mülkiyyəti kimi qeydə alınmış 0,06 ha torpaq sahəsinin X1 etiraz edilməmişdir. DTXK-nin Şamaxı rayon şöbəsinin rəyinin surətindən görünür ki, Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin mülkiyyəti kimi qeydə alınmış 0,06 ha torpaq sahəsinin X2 qanuna müvafiqdir. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin mülkiyyəti kimi qeydə alınmış 0,06 ha torpaq sahəsi X5 287000 manata satılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən Seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən ümumi sahəsi 81,6 kv.m yaşayış sahəsi 33,9 kv.m, yardımçı sahə 47,7 kv.m, torpaq sahəsi 0,0595 ha olan fərdi yaşayış evi Cavabdeh Mədəmmədəli oğluna məxsusudur. İddiaçı Ağsu RQİİ-nin Şamaxı Xidmət sahəsinin əməkdaşları tərəfindən 17.08.2018-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən Cavabdeh məxsus olan bir mərtəbəli fərdi yaşayış evi 219 mm-lik, orta təzyiqli qaz kəmərinin üzərində inşa olunmuşdur. Ağsu RQİİ-nin baş mühəndisi Elməddin İbrahimov tərəfindən Cavabdeh ünvanlanan 01.08.2017-ci il tarixli məktubla, diametri 219 mm-lik, orta təzyiqli qaz xəttinin mühafizə zonasında bir mərtəbəli fərdi yaşayış evi inşa edildiyindən həmin tikilinin 10 gün müddətində sökülərək qaz xəttinin mühafizə zonasından çıxarılmasının təmin edilməsi bildirilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 10/617 saylı, 01.06.2020-ci il tarixli rəyindən görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evi bir mərtəbəli olub, bir tərəfdən məhəllə daxili yol ilə, digər tərəflərdən isə qonşu sahələrlə əhatə olunmuşdur. Yaşayış evinin həyətyanı torpaq sahəsinin sərhədləri mişarlanmış əhəng daşları ilə hörülərək hasara alınmışdır. Tədqiq olunan ünvanda İddiaçı balansında və istismarında olan 219 mm-lik, aşağı təzyiqli yeraltı kəmərinin çəkildiyini nəzərə aldıqda, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin arxa divarının bir hissəsinin, arxa tərəfdəki sərhəd hasarının 4,0 metr hissəsinin və yardımçı tikilinin 1,4 metrə qədər hissəsinin 219 mm-lik, aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edildiyi müəyyən olunur. A № 505656 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin 16.09.2005-ci il tarixli, 37 saylı qərarına əsasən X6 fərdi yaşayı evi tikmək üçün Şamaxı rayonu Şəhriyar bələdiyyəsi ərazisindən 595 kv.m torpaq sahəsi satılmışdır. 19.09.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 rayonu Şəhriyar qəsəbəsində 0,595 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 81,6 kv.m, yaşayış sahəsi 33,9 kv.m, yardımçı sahə 47,7 kv.m olan fərdi yaşayış evini 10000 manat məbləği ilə Cavabdeh satmışdır. Şamaxı Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(074)-182/2021 saylı qətnaməsi ilə İddiaçı İB-nin Cavabdeh qarşı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair iddiası təmin ediləmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 2(105)-2186/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şamaxı Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(074)-182/2021 saylı qətnaməsi dəyişdirimədən saxlanmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməkdən imtina etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evi bir mərtəbəli olub, bir tərəfdən məhəllə daxili yol ilə, digər tərəflərdən isə qonşu sahələrlə əhatə olunmuşdur. Yaşayış evinin həyətyanı torpaq sahəsinin sərhədləri mişarlanmış əhəng daşları ilə hörülərək hasara alınmışdır. Tədqiq olunan ünvanda İddiaçı balansında və istismarında olan 219 mm-lik, aşağı təzyiqli yeraltı kəmərinin çəkildiyini nəzərə aldıqda, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin arxa divarının bir hissəsinin, arxa tərəfdəki sərhəd hasarının 4,0 metr hissəsinin və yardımçı tikilinin 1,4 metrə qədər hissəsinin 219 mm-lik, aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edildiyi müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Qanunvericiliyin qeyd edilən normalarının tələblərindən göründüyü kimi, cavabdehin sökülməsi tələb olunan tikintinyə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə Dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququ var. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin boşaldılaraq cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli, 2(074)-30/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar