Məhkəmə qərarları › İş №2(105)-71/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-71/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-71/2025 07.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-1491/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2022-ci il tarixli xxxxxxx nömrəli “İstilik sisteminin müddətli satışı üzrə müqaviləsi”ndən görünür ki, satıcı qiyməti 3132 manat avadanlığı Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən alıcı avadanlığın qiymətini 12 ay müddətinə ayda 244,35 manat olmaqla ödəməlidir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli “İstilik sisteminin müddətli satışı” üzrə müqavilə əsasında 2932 (iki min doqquz yüz otuz iki) manat əsas borc, 109.95 (yüz doqquz manat doxsan beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3041.95 (üç min qırx bir manat doxsan beş qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 50.42 manat vəsaitin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onunla xx.xx.2022-ci ildə şəxsi istifadə üçün istilik sisteminin müddətli satışı üzrə mülki qanunvericiliklə nəzərdə tutulmuş forma və məzmun tələbləri əsasında xxxxxxx nömrəli alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin ümumi dəyəri 3132 (üç min yüz otuz iki) manat olmuşdur. Cavabdeh 200 manat ilkin ödəniş etməklə qalan məbləği 12 ay ərzində hər ay 244.34 manat olmaqla hər növbəti ayın 23-ü ödəniş etməyi öz üzərinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən, o, da öz növbəsində həmin tarixdə isitmə sisteminin və aksesuarlarının (2 ədəd Robello Kombi və 80 seksiya radiatrın) cavabdehə satışını həyata keçirmiş və saz vəziyyətdə təhvil vermişdir. Lakin o, zamandan bəri çoxsaylı xəbərdarlıqlarına və tələblərinə baxmayaq cavabdeh artıq bir il yarımdır ki müqavilə üzrə 2932 (iki min doqquz yüz otuz iki) manat borcdan heç bir ödəniş etməmişdir. Tələblərinə cavab olaraq maddi vəziyyətinin qənaətbəxş olmadığını bəhanə gətirmiş və ümumiyyətlə heç bir ödəniş etməyəcəyini və alınmış müvafiq sadalanan avadanlıqları da geri qaytarmayacağını dəfələrlə nalayiq ifadələrlə və zorakı şəkildə bildirmişdir. Cavabdeh bu hərəkətləri ilə mübahisənin danışıqlar yolu ilə həllini mümkünsüz etmişdir. Cavabdeh müqavilə ilə müəyyən olunmuş öhdəliklərini icra etməkdən boyun qaçırmış, yəni müqavilə ilə qarşılıqlı razılaşdırılmış ödəniş cədvəlinə əsasən müəyyən olunmuş tarixlərdə ödəməli olduğu toplam 2932 (iki min doqquz yüz otuz iki) manat vəsaiti ödəməmiş, müqavilənin şərtlərini kobudca pozmuşdur. Cavabdeh müqavilə üzrə son ödənişi 23 fevral 2023-cü il etməli olduğundan faizlərin hesablanmasnın başlanğıc tarixi 23 fevral 2023-cü il olmalıdır. Qanun üzrə ödənilməsi nəzərdə tutulan faizin hesablanması müddəti bu günə qədər 9 ay təşkil edir. Odur ki, əsas borcdan əlavə 5%-lə hesablanan 109.95 (yüz doqquz manat doxsan beş qəpik) manat vəsait cavabdeh tərəfindən ona ödənilməlidir.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-1491/2024 nömrəli qətnaməsi ilə Cavabdeh 2932 (iki min doqquz yüz otuz iki) manat əsas, 109 (bir yüz doqquz) manat 95 (doxsan beş) qəpik faiz borcu, 50 (əlli) manat 42 (qırx iki) qəpik məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 3092 (üç min doxsan iki) manat 37 (otuz yeddi) qəpik məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir.

6. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385, 442, 445.2.1, 448.1, 600.1, 600.4, 600.5-ci, Mülki Prosessual Məcəllənin 119, 284-5.2, 284.5-3cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi iddianı təmin edərkən iddiaçı ilə arasında bağlanan müqaviləyə istinad etməsinə baxmayaraq, həmin müqavilənin həqiqətən də onun tərəfindən imzalanıb-imzalamaması məsələsini aydınlaşdırmamışdır. Bundan əlavə, məhkəmə bildirişləri ona çatdırılmadığına görə tərəfindən iddia ərizəsinə etiraz verilərək hüquqularını müdafiə etmək imkanından da məhrum olmuşdur. Mülki Məcəllənin müvafiq normasından göründüyü kimi öhdəliyin icra edilməməsi onun pozulması və ya lazımınca icra edilməməsi deməkdir. Lakin, hazırkı mübahisədə daha əvvəl iddiaçı ilə arasında ümumiyyətlə alğı-satğı müqaviləsi bağlanmamışdır və iddiaçının iş mteriallarına əlavə etdiyi müqaviləni o imzalamamışdır. Hazırda müqavilə üzrə öhdəliyin icra edilməməsindən söz gedə bilməz. Onu da qeyd etmişdir ki, müqavilədə iddiaçının istilik sistemini müddətli satışı ilə bağlı üzərinə öhdəlik götürdüyü qeyd edilsə də həmin sistem ona heç vaxt verilməmişdir. Həmçinin, iş materiallarından da görünüdüyü kimi iddiaçı tərəfindən avadanlığın verilməsi haqqında heç bir təhvil-təslim aktı əlavə olunmamışdır. Bu da onu göstərir ki, aralarında heç bir razılaşma olmamışdır. Hazırkı maddənin dispozisiyasından göründüyü kimi, hətta aralarında həqiqətən də müqavilə bağlansa idi belə, alıcı ilk öncə malı təhvil verməli və daha sonra satıcı verilən mala görə pulu ödəməlidir. Lakin, iddiaçı tərəfindən ona heç bir avadanlıq təhvil verilmədiyinə görə hazırda avadanlığa görə pulu da ondan tələb etmək hüququ yoxdur. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsindən göründüyü kimi məhkəmə iş üzrə sübutları tam araşdırmamışdır və həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət verməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə sadəcə tərəflər arasında bağlanmış müqavilə təqdim olunmuşdur. Lakin, məhkəmə müqavilənin həqiqətən də onun tərəfindən imzalanıb-imzalanmaması məsələsini aydınlaşdırmamışdır. Məhkəməyə iddiaçı tərəfindən avadanlığın həqiqətən də verilib-verilməməsi aydınlaşdıran heç bir sənəd (təhvil-təslim aktı və s.) təqdim olunmamışdır. Buna görə də məhkəmə sadəcə müqaviləyə əsaslanaraq iddianı təmin edə bilməzdi. Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi qanunla müəyyən olunmuş qətnamənin məzmuna uyğun tərtib olunmamışdır. Belə ki, qətnamədə sadəcə olaraq iddiaçının iddia ərizəsində qeyd etdiklərini təkrarlanaraq formal qətnamə qəbul olunmuşdur. Məhkəmənin istinad etdiyi yeganə sübut qismində tərəflər arasında bağlanmış müqavilə olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri (...) Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

13. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

14. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Maddə 439. Pul öhdəliklərinin icrası 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. (...) 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. (...)

16. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)

18. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

19. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (...) 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

22. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

23. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

26. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

30. İşdə olan xx.xx.2022-ci il tarixli xxxxxxx nömrəli “İstilik sisteminin müddətli satışı üzrə müqavilə”dən görünür ki, satıcı qiyməti 3132 manat olan avadanlığı Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən alıcı avadanlığın qiymətini 12 ay müddətinə ayda 244,35 manat olmaqla ödəməlidir.

31. Cavabdeh məhkəmə iclaslarına verdiyi izahında qeyd etmişdir ki, qeyd edilən mal onun adından götürülmüş, onun imzasından istifadə edilmişdir. Müqavilənin imza olunması və ya bağlanmasında iştirak etməmişdir. O, İddiaçı tanımır. Müqavilədə olan imza onun imzası deyil. Onun evinə kombi quraşdırılmamışdır.

32. Apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.

33. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2024-cü il tarixli 4/1397 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, işin 69-70-ci vərəqələrində xx.xx.2022-ci il tarixli xxxxxxx nömrəli “İstilik sisteminin müddətli satışı üzrə müqavilənin “Alıcı” qrafasındakı imza və “Cavabdeh q” yazılar; ödəniş cədvəlində (i.v.71) və müştəri haqqında məlumat adlı sənəddə (i.v.72) “İmza” qrafalarındakı imzalar və “A.S.A” qrafalarındakı yazılar – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

34. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

35. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur.

36. İddiaçı tələbinin əsasını təşkil edən xx.xx.2022-ci il tarixli xxxxxxx nömrəli “İstilik sisteminin müddətli satışı üzrə müqavilə”yə istinad etsə də, ekspertiza tədqiqatı nəticəsində təqdim olunmuş rəydən görünür ki, müqavilədəki imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

37. Beləliklə iş materiallarından göründüyü kimi, iddia tələbinin əsasını təşkil edən müqavilə Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilmədən bağlanmışdır. Yuxarıda adı çəkilən müqavilə üzrə tərəf hesab edilən cavabdeh həmin müqaviləni imzalamamışdır. Odur ki, cavabdehin iddiaçı qarşısında həmin müqavilə üzrə öhdəliyi yaranmamışdır və həmin müqavilə etibarsızdır. Əqdin etibarsız olması isə həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir.

38. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını araşdırmayaraq iddianın qismən təmin edilməsi barədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

40. Azərbaycan Respublikası MPM-in 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

41. Göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)- 1491/2024 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

42. Kollegiya MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

43. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 126 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-1491/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 126 (bir yüz iyirmi altı) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar