Məhkəmə qərarları › İş №2(105)-715/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-715/2022

24.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-715/2022 24.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Quba Regional “ASAN xidmət” mərkəzinin Notariat kontoru, Cavabdeh4nə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon 1 saylı Notariat kontoru) qarşı torpağa mülkiyyət hüququna dair dövlət aktının, alqı-satqı müqaviləsinin, çıxarışların və bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1578/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin 2(027)-1578/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır (hakim İ.Məmmədov). Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Quba Regional “ASAN xidmət” mərkəzinin Notariat Kontoru və Cavabdeh4nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon 1 saylı Notariat Kontoru) Quba Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək Torpağa Mülkiyyət Hüququna Dair JN-0138 KOD 30305058 nömrəli Dövlət Aktının, 21 sentyabr 2007-ci il tarixdə Quba rayon Notariat Kontorunda bağlanmış reyestrdə 4-Ə-316 nömrə ilə qeyd edilmiş AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh1 adına verilmiş MH seriyalı ******* və ******* nömrəli Çıxarışların, Xaçmaz rayon Notariat Kontorunda 26 avqust 2018-ci il tarixli, 4Ə- 1770 reyestr nömrəli Cavabdeh2 qızının adına bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə Cavabdeh1 vəfat etməsi səbəbindən hüquqi varisi olan oğlu Cavabdeh5 ilə əvəz edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia ərizəsini onunla əsaslandırmışlar ki, onlara Quba rayonu Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli, 18 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN-0002 KOD 30305058 nömrəli Dövlət Aktına əsasən kənd təssərrüfatı məhsullarının istehsalı məqsədilə Quba rayonu Qırız-Dəhnə kəndi ərazisindən 7,44 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi barədə onlar məlumat almaq istədikdə həmin torpaq sahəsinin artıq onlara məxsus olmadığı bildirilmişdi. Bundan sonra bunun nə demək olduğunu öyrənmək üçün vəkil vasitəsi ilə sorğular verərək onlara məxsus torpaq sahəsinin hansı əsasla onların mülkiyyətindən çıxarılmasına dair sənədlər toplayıblar. Nəticədə məlum olub ki, onlara məxsus Torpağa Mülkiyyət Hüququna dair JN-0002 KOD 30305058 nömrəli Dövlət Aktından 1,50 ha torpaq sahəsi DNK-da 30.12.2005-ci il tarixli, 4-ə-1677-1678 nömrəli alqı-satqı müqavilələri ilə satılmış, lakin həmin alqı-alqı müqaviləsi Notariat Kontorunda və arxivdə olmadığından, həmin müqaviləyə əsasən torpaq sahəsi kimə satılması aydın deyildir. Bundan sonra yerdə qalan 5,94 ha torpaq sahəsinə Torpağa Mülkiyyət Hüququna dair JN-138 KOD 30305058 nömrəli Dövlət Aktı işlənmiş, həmin akt əsasında Quba rayon Notariat Kontorunda 21 sentyabr 2007-ci il tarixdə bağlanmış AN-İ 011676 nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən Bakı şəhərində yaşayan Cavabdeh1 satılmışdır. Lakin onlar Cavabdeh1 tanımir, torpaq sahəsini ona satmayıblar. Alqı-satqı müqaviləsindəki imzalar onlara məxsus deyildir. Bundan sonra onlara məxsus torpaq sahəsinə dair Cavabdeh1 adına 1,1787153 ha və 4,748947 ha olmaqla, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlər Reyestrindən MH Seriyalı ******* nömrəli Çıxarışlar verilmiş, Cavabdeh1 həmin torpaq sahələrini Xaçmaz rayon Notariat Kontorunda bağlanmış 26 avqust 2018-ci il tarixli, 4Ə-1770 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X2 bağışlamışdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görünür ki, onlara məxsus torpaq sahəsi üzərində oynanılan bütün bu oyunlardan onların xəbəri olmamış, sorğu verilən zaman onlara məlum olmuşdur ki, 7,44 ha torpaq sahəsi notariat kontorunda olmayan alqı-satqı müqaviləsinə əsasən 1,50 ha hissəsi satılmış, yerinə JN-138 KOD 30305058 saylı 5,94 ha torpaq sahəsinə çıxarış verilmiş, bundan onların xəbəri və imzası olmadan həmin torpaq sahəsi Cavabdeh1 satılmış, Cavabdeh1 həmin torpaq sahəsinə çıxarış almış və həmin çıxarışa əsasən torpaq sahəsini Xaçmaz rayon Notariat Kontorunda bağlanmış 26 avqust 2018-ci il tarixli, 4Ə-1770 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X2 bağışlamışdır. Göründüyü kimi onlara məxsus Torpağa Mülkiyyət Hüququna dair JN-0002 KOD 30305058 saylı Dövlət Aktına əsasən 7,44 ha torpaq sahəsinin 1,50 ha hissəsinin satılmasından onların xəbəri olmamış, onlar alqı-satqı müqaviləsinə imza etməmişdir, ümumiyyətlə belə bir alqı-satqı müqaviləsi mövcud deyildir. Alqı-satqı müqaviləsi mövcud olmadığı üçün ona əsasən verilmiş JN-138 KOD 30305058 nömrəli Dövlət Aktı da etibarsızdır. JN-138 KOD 30305058 nömrəli Dövlət Aktı etibarsızdırsa, onun əsasında 21 sentyabr 2007-ci il tarixdə bağlanmış AN-İ ******* nömrəli Alqı-satqı müqaviləsi də etibarsız hesab olunmalıdır, bundan başqa onlar həmin müqaviləyə də imza etməyiblər. Həmin müqavilədən xəbərləri yoxdur, həmin müqavilə etibarsız hesab olunursa, onun əsasında cavabdeh X4 verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli və ******* nömrəli Çıxarışlar da etibarsız hesab olunmalı, həmin çıxarış etibarsız hesab olunarsa, ona əsasən Xaçmaz rayon Notariat Kontorunda bağlanmış 26 avqust 2018-ci il tarixli, 4Ə-1770 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X1 adına olan bağışlanma müqaviləsi də etibarsız hesab olunmalıdır. Göstərilənlərə əsasən Torpağa Mülkiyyət Hüququna Dair JN-0138 KOD 30305058 nömrəli Dövlət Aktının, 21 sentyabr 2007-ci il tarixdə Quba rayon Notariat Kontorunda bağlanmış reyestrdə 4-Ə316 nömrə ilə qeyd edilmiş AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh1 adma verilmiş MH seriyalı ******* və ******* nömrəli Çıxarışların, Xaçmaz rayon Notariat Kontorunda 26 avqust 2018-ci il tarixli, 4Ə-1770 reyestr nömrəli Cavabdeh2 qızının adına bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı tərəf iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək əlavə etmişlər ki, 21 sentyabr 2007-ci il tarixdə bağlanmış AN-İ 011676 nömrə Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinindəki imzalar onlara məxsus olmadığı üçün məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etsələr də, məhkəmə tərəfindən vəsatətləri təmin edilməmişdir. Əksinə mülkiyyə! hüququnun pozuntularına iddia müddəti şamil edilməsə də, məhkəmə tərəfindən cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə təmin edilmişdir. Halbuki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə və dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə iddia müddəti şamil edilməməlidir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında İddiaçı1, onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə araşdırması zamanı şahidlər Həzran Usubov və Nadir Aslanov şahid ifadəsi verərkən verilmiş suallara cavab olaraq İddiaçı1 ailəsi ilə notariat kontoruna getdiyini, müqaviləyə imza etdiyini, lakin həmin müqavilənin başqa torpaq sahəsi ilə bağlı olduğunu, hazırki müqaviləyə də imza edib etməməsinin yadında olmadığını bildirdi. İştirak etdiyi məhkəmə iclasında İddiaçı5 da iddianı və apellyasiya şikayətini müdafiə etiyini bildirərək təmin olunmasını xahiş etdi. Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, torpaq sahəsi dəyəri ödənilməklə əldə edilmişdir. Müqaviləni iddiaçılar özləri imzalamışlar. Üstündən 14 il keçəndən sonra iddia vermişlər. İddia absurd dəlillərə söykənir və heç bir əsası yoxdur. Təmsil etdiyi şəxs mübahisəli torpaq sahəsini heç kimə satmamışdır. Satılan torpaq Nabranda yerləşir və bu torpağa heç bir aidiyyatı yoxdur. Mübahisəli torpaqda hazırda heç bir iş görmədikləri üçün müvəqqəti olaraq Nadir Aslanova istifadə üçün veriblər. Ora əkin yeri deyil, örüş kimi istifadə etmək və otunu biçmək olar. Ona görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İştirak etdiyi məhkəmə iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi X6 öz vəzifələrini icra etdiklərini, bu mübahisənin onlara aid olmadığını bildirərək əlavə etdi ki, mübahisəli torpaq sahəsinin Cavabdeh1 tərəfindən Esmira Əkbərovaya bağışlanmasına dair məktublarında texniki yanlışlığa yol verilmişdir. Məhkəmədə şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, mərhum Cavabdeh1 alıcı kimi, iş üzrə İddiaçı1 da satıcı kimi tanıyır.Belə ki, mərhum Cavabdeh1 iş qurmaq üçün, yəni turizm kompleksi yaratmaq məqsədilə torpaq sahəsi almaq istəyirdi və o, ona bu işdə yardımçı olub. Hazırkı iş üzrə iddiaçı olan İddiaçı1 əmisi oğlu Nadir onun tanışıdır və o, həmin kənd üzrə bələdiyyə sədri vəzifəsində işləyirdi. O, torpaq almaq fikrini ona bildirib. Nadir, əmisi oğlu İddiaçı1 torpaq satması barədə onu məlumatlandırıb. Bundan sonra onlar İddiaçı1 ailə üzvləri ilə birlikdə notariat kontoruna gedib və alqı-satqı ediblər. Müqavilədə 36000 manat yazılsa da, əmisi oğlu Nadirin yanında 145000 ABŞ dollar pulu İddiaçı1 şəxsən o əlbəəl veribdir. Həmin torpaq sahəsi satılmayıb. Cavabdeh2 satılan 0,10 ha torpaq sahəsi Nabrandadır.O, başqa torpaqdır.Torpaq iş qurmaq məqsədilə alınıb, turizm kompleksi yaratmaq üçün. Lakin müəyyən səbəblərdən bu iş baş tutmadı. Hazırda ora biçənək sahəsindir. Torpağı istifadə etmədikləri üçün hələlik Nadirə veriblər,ora biçənək sahəsidir, orda ot biçilir, dərz hazırlanır. Apellyasiya baxışı zamanı şahid X5 ifadəsində qeyd etdi ki, İddiaçı1 və Həzran Usubovu tanıyır. Çünki bütün danışıqlarda və bu proseslərdə, Güləhməd, o, Həzran və icra nümayəndəsi iştirak etmişdir. Güləhməd ailəsi, yəni həyat yoldaşı və uşaqları ilə birlikdə notariusa onun avtomobili ilə gediblər. Güləhmədə 145 min dollar ödənildi, “Texnika Bank”a 36000 manat depozit qoyulmuşdur. Torpağın yiyəsi icazə verib, o da, həmin toraqdan istifadə edir, ot biçir. Torpağın vergisini Güləhməd yox, torpağın sahibi ödəyir. Dağlıq sahə olduğu üçün, subsidiya almırıq. Apellyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6, eləcə də cavabdehlər Cavabdeh2 qızı, Quba Regional “ASAN xidmət” mərkəzinin Notariat kontoru, Cavabdeh4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon 1 saylı Notariat kontoru heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə edilmiş JN 002, kod 30305058 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Quba rayon Qırız- Dəhnə kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün 7.44 ha torpaq sahəsi Quba rayon AİK-nın 15.12.1997-ci il tarixli, 18 saylı qərarı ilə Quba rayon Qırız Dəhnə kənd sakini İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Yenə də iş materiallarına əlavə edilmiş JN 138, kod 30305058 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Quba rayon Qırız-Dəhnə kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün 5.94 ha torpaq sahəsi Quba rayon AİK-nın 15.12.1997-ci il tarixli, 18 saylı qərarı və DNK-nun 30.12.2005 tarixli, 4-ə-1677-1678 saylı alqı-satqı müqavilələri ilə Quba rayon Qırız Dəhnə kənd sakini İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Yenə də məhkəmə sorğusu əsasında əldə edilib iş materiallarına əlavə edilmiş AN- İ, ******* nömrəli, 21.09.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair 4ə- 316 nömrəli notariat işinin təsdiq edilmiş surətindən görünür ki, Quba rayon Qırız Dəhnə kənd sakini İddiaçı1 və onun ailə üzvləri Quba rayon Qırız-Dəhnə kəndi ərazisində yerləşən JN138 kod 30305058 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında onların mülkiyyətinə verilən 5.94 ha torpaq sahəsini 36 000 manata alıcı Cavabdeh1 satmışdır. Həmin pul vəsaiti notariusun depozit hesabına qəbul olunmuşdur. İş materiallarında olan MH seriyalı, ******* nömrəli, 10.07.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Quba rayonu Qırız- Dəhnə kəndi ərazisindən əkin üçün nəzərdə tutulmuş kənd təsərrüfarı torpaqlarından 1.187153 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. Yenə iş materiallarında olan MH seriyalı, ******* nömrəli, 10.07.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Quba rayonu Qırız-Dəhnə kəndi ərazisindən əkin üçün nəzərdə tutulmuş kənd təsərrüfarı torpaqlarından 4.748947 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. Məhkəmə sorğusu əsasında əldə edilib işə əlavə eilmiş notariat işindən görünür ki, Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus Xaçmaz rayonu Şimali qəsəbəsinin ərazisində yerləşən 0,10 ha torpaq sahəsini 26.08.2018-ci il tarixində notarial qaydada bağlanmış müqavilə əsasında X3 bağışlamışdır. İşdə olan 24.12.2020-ci il tarixində verilmiş ölüm haqqında Şəhadətnamədən və Bakı şəhəri 6 saylı notariat ofisinin 06.09.2021-ci il tarixli, X-1279 nömrəli məktubundan məlum olur ki, Cavabdeh1 09.12.2020-ci ildə ölmüşdür. Cavabdeh5 onun vərəsəsi kimi tanınmışdır. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, iş üzrə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-1578/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar İddiaçı1 və onun ailə üzvləri Quba rayon Qırız-Dəhnə kəndi ərazisində yerləşən JN138 kod 30305058 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında onların mülkiyyətinə verilən 5.94 ha torpaq sahəsini 36 000 manata alıcı Cavabdeh1 satmışdır. Həmin pul vəsaiti notariusun depozit hesabı vasitəsilə ödənilmişdir. Hazırda iddiaçılar mülkiyyətlərinə verilmiş torpaq sahəsini satmadıqlarını, onlara heç bir vəsait ödənilmədiyini, alıcını tanımadıqlarını, notariusa getmədiklərini müqavilə imzalamadıqlarını, ümumiyyətlə bu əqddən xəbərlərinin olmadıqlarını bildirərək qeyd olunan alqı-satqının, onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bağışlama müqaviləsinin etibarsızlığını tələb edirlər. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, iddiaçılar iddia edirlər ki, Cavabdeh1 mübahisəli torpaq sahələrini Xaçmaz rayon Notariat Kontorunda bağlanmış 26 avqust 2018-ci il tarixli, 4Ə-1770 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X2 bağışlamışdır. İşdən görünür ki, Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus Xaçmaz rayonu Şimali qəsəbəsinin ərazisində yerləşən 0,10 ha torpaq sahəsini 26.08.2018-ci il tarixində notarial qaydada bağlanmış müqavilə əsasında X3 bağışlamışdır. Başqa sözlə, iddiaçıların mübahisələndirdikləri bağışlama müqaviləsinin onların mülkiyyətində olmuş 5,94 ha torpaq sahəsinə heç bir aidiyyatı olmadığı kimi, həmin əqdi mübahisələndirmək üçün onlar subyektiv hüquqa da malik deyillər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. AR Ali Məhkəməsinin bir çox anoloji işlər üzrə qərarlarında da qeyd olunduğu kimi istinad olunan prosessual hüquq normasının dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır... Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, iddiaçılar qeyd olunan bağışlama müqaviləsi üzrə iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Onların 5,94 ha torpaq sahəsinə dair cavabdehlərlə olan mübahisəsi belə bir iddianı qaldırmaq üçün əsas vermir. Məhkəmə kollegiyası işin tədqiq olunan faktiki hallarına qiymət verərək hesab edir ki, 21 sentyabr 2007-ci il tarixdə Quba rayon Notariat Kontorunda bağlanmış reyestrdə 4- Ə-316 nömrə ilə qeyd edilmiş AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh1 adına verilmiş MH seriyalı ******* və ******* nömrəli Çıxarışların etibarsızlığı üçün əsaslar mövcud deyildir. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarında qeyd olunmuşdur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Qanunun mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1. maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin məcəllənin 404.2. maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu normaların tələbləri baxımından da işin faktiki hallarına qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların iddiası tam əsassızdır. Onlar mülkiyyətlərinə verilmiş torpaq sahəsini satmadıqlarını, onlara heç bir vəsait ödənilmədiyini, alıcını tanımadıqlarını, notariusa getmədiklərini, müqavilə imzalamadıqlarını, ümumiyyətlə bu əqddən xəbərlərinin olmadıqlarını iddia etsələr də, bu dəlillər iş materiallarında olan sənədlərlə, o cümlədən şahid ifadələri ilə tam təkzib olunur. Yuxarıda qeyd edildiyi kimi məhkəmə sorğusu əsasında əldə edilib iş materiallarına əlavə edilmiş AN-İ, ******* nömrəli, 21.09.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair notariat işinin təsdiq edilmiş surətindən görünür ki, Quba rayon Qırız Dəhnə kənd sakini İddiaçı1 və onun ailə üzvləri Quba rayon Qırız-Dəhnə kəndi ərazisində yerləşən JN138 kod 30305058 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında onların mülkiyyətinə verilən 5.94 ha torpaq sahəsini 36 000 manata alıcı Cavabdeh1 satmışdır. Həmin pul vəsaiti notariusun depozit hesabına qəbul olunmuşdur. Notariat işindən məlum olur ki, mübahisələndirilən əqd bağlanarkən bütün qaydalara əməl edilmiş, lazımi sənədlər toplanılmış, əqd tərəfləri onu öz imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Həzran Usubov və Nadir Məmmədov ifadələrində Güləhməd Aslanovun ona və ailəsinə məxsus torpaq sahəsini satmaq istədiyini, bu məqsədlə notariat kontoruna getdiklərini, müqaviləni imzaladıqlarını, müqavilədə qiymət 36000 manat göstərilsə də, əslində isə 145 000 ABŞ dolları ödənildiyini bildirdilər. İddia ərizəsində və apellyasiya şikayətində, eləcə də ilkin məhkəmə iclasında İddiaçı1 notariusa getmədiyini, müqavilə bağlamadığını bildirsə də, şahid ifadələrindən sonra notariusa getdiyini, dolayısı ilə də olsa müqavilə imzaladığını etiraf etdi. Doğrudur o, hansı müqaviləni imzaladığını bilmədiyini desə də, məhkəmə kollegiyası onun bu izahatına tənqidi yanaşır. Belə ki, “Notariat haqqında” AR Qanununun 45-ci maddəsinə əsasən, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. İşə əlavə olunmuş notariat işindən görünür ki, notarius bu vəzifəsini yerinə yetirmişdir. Hazırki halda notariusun həmin hərəkətləri etməməsinə dair iddia tərəfi heç bir sübut təqdim edə bilməmişdir. İşdən görünür ki, qeyd olunan alqı-satqı müqaviləsindən sonra mübahisəli daşınmaz əmlaka dair Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyd olunduğu kimi, alqı-satqı müqaviləsinin etibarsızlığı üçün heç bir əsas yoxdur və onun əsasında dövlət reyestrində aparılmış qeydiyyat da qanuni əsaslara söykənir. AR Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İşdən göründüyü kimi Cavabdeh5 iddia müddətinin tətbiqi barədə ərizə vermiş və işə baxan məhkəmə də, iddia müddətini tətbiq edərək iddianı rədd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İş materiallarından görünür ki, mübahisələndirilən alqı-satqı müqaviləsi 21 sentyabr 2007-ci il tarixdə bağlanmış, lakin bu müqavilə 05 iyul 2021-ci ildə mübahisələndirilmişdir ki, bununla da qanunla nəzərdə tutulmuş 1 illik kəsici müddət ötürülmüşdür. Başqa sözlə, iddiaçılar hazırkı iddiasını vaxtında qaldırmadığından, alqı-satqı müqaviləsini mübahisələndirmək hüququnu da itirmişlər. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf tələblərinin və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddia tərəfinin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tələb edilən qaydada ləğvi üçün əsas ola bilməz. Bununla belə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi son olaraq iddianı rədd etməsinə baxmayaraq, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1578/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı1 Mövlud oğlunun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar