Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-715/2023 11.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, e-2(012)-4484/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1612 manat əsas borc, 87 manat cərimə borcu olmaqla, cəmi 1699 manat və ödənilmiş dövlət rüsumu üçün 36,99 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış R0018010 nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə 1612 manat dəyərində olan İphone SE 128/Şərikli ekran markalı əşyanı satmışdır. Borclu aldığı əşyaya görə ilkin ödəniş etməmiş və borclu olduğu qalıq 1612 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alqı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmiş və heç bir ödəniş etməmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi, xx.xx.2022-ci il tarixdə isə yazılı xəbərdarlıq edilmişdir. Lakin borclu yenə də borc öhdəliyinin icrasına dair heç bir addım atmamışdır. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli tələbin güzəşti haqqında müqavilənin 1.3-cü bəndinə əsasən tələb hüquqlarını güzəşt edən - "xxxx" MMC borclular və digər şəxslər ilə aralarında bağlanmış olan bütün müqavilələrdən irəli gələn tələb hüquqlarını tələb hüquqlarını əldə edən "xxxx" MMC-yə ötürməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona xx.xx.2022-ci il tarixə 87 manat məbləğində cərimə hesablanmışdır. Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, e-2(012)-4484/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh "xxxx" MMC-nin xeyrinə 1612 manat əsas borc və 8 manat cərimə borcu olmaqla, cəmi 1620 manat borcun və ödənilmiş dövlət rüsumu üçün 36,99 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir (hakim Məlahət Abbasova). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, e-2(012)-4484/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun proseslərdə iştirakını təmin etməmiş, iddiaya qarşı etiraz verməyinə şərait yaratmamış, məhkəmə araşdırması bir tərəfli qaydada aparılaraq, ödədiyi qəbzlərin məhkəməyə təqdim etməsinə imkan verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, cavabdeh isə heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan R0018010 nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, “satıcı” "xxxx" MMC “alıcı” Cavabdeh 12 ay müddətinə 1612 manat dəyərində olan İphone SE 128 / Şərikli ekran markalı əşyanı satmış, sonuncu isə 1612 manat məbləğində pul vəsaitini 12 ay müddətində aylıq 135 (sonuncu ay 127) manat ödəyərək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli tələbin güzəşti haqqında müqavilədən görünür ki, tələb hüquqlarını güzəşt edən - "xxxx" MMC borclular və digər şəxslər ilə aralarında bağlanmış olan bütün müqavilələrdən irəli gələn tələb hüquqlarını tələb hüquqlarını əldə edən - "xxxx" MMC-yə ötürməyi öhdəsinə götürür. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh R0018010 nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC-yə 1612 manat əsas borc və 87 manat cərimə borcu olmaqla, cəmi 1699 manat məbləğində borcu vardır. Cavabdeh müqavilə üzrə ödəniş etməmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən borclu Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh MMC-yə olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. Belə ki, işin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış R0018010 nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə 1612 manat dəyərində olan İphone SE 128/Şərikli ekran markalı əşyanı satmışdır. Borclu aldığı əşyaya görə ilkin ödəniş etməmiş və borclu olduğu qalıq 1612 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alqısatqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmiş və heç bir ödəniş etməmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya xəbərdarlıq edilsə də, borc öhdəliyini icra etməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona xx.xx.2022-ci il tarixə 87 manat məbləğində cərimə hesablanmışdır. Həmçinin "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli tələbin güzəşti haqqında müqaviləyə əsasən "xxxx" MMC borclular və digər şəxslər ilə aralarında bağlanmış olan bütün müqavilələrdən irəli gələn tələb hüquqlarını əldə edən "xxxx" MMCyə ötürməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli müqavilə üzrə hesablanmış 87 manat dəbbə pulunu azaldaraq 8 manat məbləğində müəyyən etməklə Cavabdeh "xxxx" MMC-nin xeyrinə 1612 manat əsas borc və 8 manat cərimə borcu olmaqla, cəmi 1620 manat borcun və ödənilmiş dövlət rüsumu üçün 36,99 manat məbləğində pul vəsaitinin tutulmasını qət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsnin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmədə iştirakının təmin edilməməsini qeyd etsə də, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin ünvanına prosesin vaxtı və yeri barədə bildiriş göndərilmiş, lakin “bu ünvanda yaşamır” qeydi yazılmaqla məhkəməyə qaytarıldığı məlum olur (i/v 34). Belə ki, cavabdehin müqavilədə göstərdiyi ünvanda yaşamamasının məsuliyyətini özü daşımaqla bu hal, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Eləcə də, iş materiallarından görünür ki, cavabdeh apellyasiya icraatı zamanı da məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmədə iştirak etməmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, e-2(012)-4484/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-715/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-715/2023
11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver