Məhkəmə qərarları › İş №2(105)-716/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-716/2021

17.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-716/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə və üçüncü şəxs X6 qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(027)-139/2020 saylı qətnaməsindən X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Məmmədov) X1 cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı X11 və üçüncü şəxs X6 qarşı çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. X2 qətnamədən apelyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İşdən görünür ki, X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə və üçüncü şəxs X6 qarşı çıxarışın etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İşdən həmçinin müəyyən edilir ki, mübahisə predmeti təşkil edən çıxarışın verilməsinə əsas Quba rayon Küpçal kənd Bələdiyyəsinin 11 saylı xx xxxx 2007-ci il tarixli qərarıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli Qərarında (həmin Qərara xx xxxxxx 2020-ci il tarixdə edilmiş dəyişiklik nəzərə alınmaqla) məhkəmələrə izah olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır Reyestrdəki qeydiyyat inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətinin nəticəsidir. Odur ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldığından və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdiyindən, iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Lakin iddiaçı çıxarışın etibarsız hesab edilməsi ilə bağlı hazırki iddianı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparan orqana qarşı inzibati məhkəmə icraatı qaydasında deyil, mülki mühakimə icraatı qaydasında irəli sürmüş, məhkəmə isə iddiaya mahiyyəti üzrə baxaraq, yuxarıda qeyd olunan məhkəmə aktını qəbul etmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, hazırkı ərizənin inzibati qaydada baxılmasının müəyyənləşdirilməsi üçün birinci instansiya məhkəməsi ilk növbədə mübahisələndirilən hüquq müəyyənedici sənədlərin mülki hüquqi əqdə və yaxud inzibati akt əsasında verilməsini aydınlaşdırmaqla, mübahisənin məhkəmə aidiyyatı məsələsinə hüquqi qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.1. maddəsinə görə hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməli, iddiaçıya torpağın mülkiyyətə verilməsinə dair çıxarışın mübahisələndirilməsi ilə bağlı həmin reyestri aparan dövlət orqanına qarşı aidiyyəti üzrə inzibati məhkəməyə iddia vermək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.4. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 261.0.1, 384.0.4, 391, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Quba rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə və üçüncü şəxs X6 qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar