Məhkəmə qərarları › İş №2(105)-718/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-718/2025

14.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-718/2025 14.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: paylı mülkiyyət hüququna kompensasiya verilməklə xitam verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X20 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-359/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, 2 mərtəbəli, 4 otaqlı yaşayış evinin Cavabdeh mülkiyyət hüquqları olan 24,93 kv.metr sahəsinin əvəzində ona 7.222,22 (yeddi min iki yüz iyirmi iki manat iyirmi iki qəpik) manat kompensasiya ödənilməklə, Cavabdeh mülkiyyət hüqquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********08- 10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövləl reyestrindən Çıxarışa əsasən, ünvan 1 ünvanında yeləşən, 224,4 kv.metr sahəsi olan 2 mərtəbəli, 4 otaqlı yaşayış evinin 2/9 hissəsi - 49,87 kv.metri onun xüsusi mülkiyyətindədir. Bu ev mərhum həyat yoldaşı X8 anasının evi olub, yuxarıda göstərilən 2/9 hissə - 49,87 kv.metr sahə vərəsəliklə onun mülkiyyətinə keçmiş, onun mülkiyyətindən də vərəsəliklə onun mülkiyyətinə keçmişdir. Göstərilən evdə o, mərhum həyat yoldaşı X9 22 oktyabr 1979-cu ildə ailə qurduqdan sonra, xx.xx.2007-ci il tarixində vəfat etmiş qayınansı X13 ilə birlikdə yaşamışlar. Belə ki, mərhum həyat yoldaşı X15 ailənin kiçik uşağı olmuşdur. Çıxarışda birgə mülkiyyətçilər kimi adları göstərilmiş X16, X2, X17, X21, X6, Cavabdeh və X10 mərhum həyat yoldaşı X8 bacı-qardaşlarıdırlar. Onlar hamısı o, ailə qurana qədər özləri ailə quraraq, göstərilən evdən çıxıb getmişlər. Qaynı Cavabdeh də digər birgə mülkiyyətçilər kimi göstərilən evin 1/9 hissəsinə, yəni 24,93 kv.metrinə mülkiyyət hüquqları var. Lakin, yuxarıda da qeyd etdiyi kimi Cavabdeh hələ 1979-cu ilə qədər ailə quraraq, göstərilən evdən getmişdir. Cavabdeh iddia ərizəsində göstərilən ünvanda, həmçinin ünvan 2 ünvanında da yaşayış evləri vardır. Ariil Azərbaycanda olduğu dövrlərdə göstərilən evlərdə - Bakı şəhərindəki və Qırmızı Qəsəbə qəsəbəsindəki bu evlərdə yaşayır. Ancaq Ariil ilin çox hissəsini İsrail dövlətində olur. O, həm də İsrail dövlətinin vətəndaşıdır və İsrail dövlətində də evi vardır. Yuxarıda da göstərdiyi kimi Cavabdeh onun qaynıdır. Qaynı Ariil 1979-cu ildən sonra evə qonaq kimi gəlib-getmişdir və xx.xx.2007-ci il tarixində qayınanası X13 vəfat edəndən sonra evə ümumiyyətlə gəlməmişdir. Hal-hazırda da qaynı bu evə gəlib-getmir, bu evlə heç bir əlaqəsi qalmamış və hal-hazıra qədər də yuxarıda göstərdiyi ünvanlarda yaşayır. Evin bazar qiyməti 65.000 (altımış beş min) manatdır. Cavabdeh payı evin ümumi sahəsinin 1/9-ni təşkil edir. Bunu nəzərə alaraq ona 65000 manatın 1/9-i məbləğində, 7.222,22 (yeddi min iki yüz iyirmi iki manat iyirmi iki qəpik) manat ödənilməlidir. Qaynı Cavabdeh kompensasiya kimi 7.222 manat ödənilməklə onun evdəki 1/9 hissəsinə olan mülkiyyət hüquqlarına xilam verilməsini xahiş edir.

3. İddia tələbinə qarşı yazılı etiraz verilməmişdir.

4. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-359/2025 nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddia tələbi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə İddiaçı, X13, X16, X2, X17, X21, X6, Cavabdeh və X5 məxsusdur. Cavabdeh X14 mübahisə predmetini təşkil edən evə mülkiyyət hüququ vərəsəlik hüququ əsasında tanınmışdır. Göründüyü kimi cavabdeh X14 qeyd edilən əmlakda vərəsəlik hüququ üzrə mülkiyyət hüququ və istifadə edilməsində mühüm mənafeləri vardır. Bundan əlavə İddiaçı tərəfindən cavabdehə təklif olunan 7.222.22 manat məbləğdə kompensasiya olduqca az və ağlabatan olmamaqla, cavabdehin mənafeyinə uyğun deyildir. Bundan başqa iddiaçı tərəf cavabdehin Azərbaycan Respublikasında yaşamadığını, hətta Azərbaycan Respublikasının vətəndaşı olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, mübahisə predmetini təşkil edən fərdi yaşayış evində cavabdehin mülkiyyət hüququ vərəsəlik hüququ əsasında tanınmışdır. Belə olan halda cavabdehin başqa ölkədə yaşaması və ya başqa ölkənin vətəndaşı olması vərəsəlik hüququ ilə mülkiyyəti tanınmış mübahisə predmetini təşkil edən fərdi yaşayış evində mülkiyyət hüququna xitam verilməsi üçün əsas ola bilməz.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 43, 71, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 228.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-359/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qaynıdır. Qaynı Ariil 1979-cu ildən sonra evə qonaq kimi gəlib-getmiş, xx.xx.2007-ci il tarixində qayınanası X13 vəfat edəndən sonra evə ümumiyyətlə gəlməmişdir. Hal-hazırda da qaynı bu evə gəlib-getmir, bu evlə heç bir əlaqəsi qalmamışdır. Hal-hazıra qədər evin bütün kommunal xərclərini o, ödəyir. Cavabdeh göstərilən evin idarə olunmasından irəli gələn öhdəliklər üzrə onunla birgə məsuliyyət daşımır, evin kommunal xərclərinin ödənilməsində, təmirində, evin ümumi idarə olunması xərclərində iştirak etmir. Qaynı Cavabdeh 45 ildən yuxqarıdır ki, evlə bütün əlaqələrini itirib. Məhkəmə işə baxarkən sübutları tam araşdırmamış və nəticə etibarı ilə həmin sübutları düzgün qiymətləndirməmişdir. Bu isə mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyət kəsb edən amillərdən biridir. Qətnamənin 3-cü vərəqinin yuxarıdan ikinci abzasında göstərilir ki, Cavabdeh mübahisə predmetini təşkil edən evə mülkiyyət hüququ vərəsəlik hüququ əsasında tanınmışdır. Göründüyü kimi Cavabdeh qeyd edilən əmlakda vərəsəlik hüququ üzrə mülkiyyət hüququ və ifadə edilməsində mühüm mənafeləri vardır. Göstərilənlə əlaqədar bildirir ki, Cavabdeh mübahisə predmetini təşkil edən evə mülkiyyət hüququ vərəsəlik hüququ əsasında tanınmamışdır. O, əvvəldən evin mülkiyyətçilərindən biridir. İş materiallaında Cavabdeh mübahisə predmetini təşkil edən evə mülkiyyət hüququnun vərəsəlik hüququ əsasında tanınması barədə heç bir sənəd və sübut yoxdur. Hakimin nəyə əsasən bu nəticəyə gəlməsi qaranlıqdır. Qətnamənin bu abzasının sonrakı cümləsində göstərilir: “Bundan əlavə, İddiaçı tərəfindən cavabdehə təklif olunan 7.222,22 manat məbləğdə kompensasiya olduqca az və ağlabatan olmamaqla, cavabdehin mənafeyinə uyğun deyildir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin verdiyi Daşınmaz Əmlakın Real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli, 02/18532 saylı arayışına əsasən, mübahisə predmeti olan, Qırmızı qəsəbə, Fətəli Xan küçəsi, 121 ünvanında yeləşən, 224,4 kv.metr sahəsi olan 2 mərtəbəli, 4 otaqlı yaşayış evinin bazar qiyməti 65.000 (altımış beş min) manatdır. Cavabdeh payı evin ümumi sahəsinin 1/9 hissəsini təşkil edir. Bunu nəzərə alaraq ona 65.000 manatın 1/9-i məbləğində, 7222,22 manat ödınilməsini evin bazar qiymətinə uyğun olaraq hesablayaraq, təklif etmişdir. Bu məhkəməyə təqdim edilmiş sübutlarla təsdiqini tapır, yəni bu məbləği rəsmi sənədlər əsasında təklif edir ki, bu halda qətnamədə təklif olunan məbləğin olduqca az və ağlabatan olmamaqla, cavabdehin mənafeyinə uyğun olmamasının göstərilməsi tam əsassızdır. Qətnamədə həmçinin göstərilir ki, cavabdehin xaricdə yaşamasına baxmayaraq, onnun mülkiyyət payının vərəsəlik hüququ əsasında yaranması səbəbindən cavabdehin başqa ölkədə yaşaması və ya başqa ölkənin vətəndaşı olması əsasında onun mülkiyyət payı kompensasiya ilə əvəz oluna bilməz. Bir daha qeyd edir ki, cavabdehin mülkiyyət payının vərəsəliyə heç bir aidiyyatı yoxdur, məhkəmə işindəki heç bir sənəddə bu barədə heç nə yoxdur, məhkəmə iclaslarının gedişində bu barədə bircə söz də olsa danışılmayıb. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin olunmasını xahiş emişdir.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

12. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********04-10301 reyestr nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yeləşən fərdi yaşayış evinin 2/9 hissəsi və torpaq sahəsinin ½ hissəsi İddiaçı, fərdi yaşayış evinin 1/9 hissəsi X18, 1/9 hissəsi X7, 1/9 hissəsi X11, 1/9 hissəsi X1, 1/9 hissəsi X12, 1/9 hissəsi X19, 1/9 hissəsi X3 və 1/9 hissəsi X5 məxsusdur.

Tətbiq edilən hüquq

13. Azərbacyan Respublikası Mülki Məcəlləsinin 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarı:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 06 dekabr 2024-cü il tarixli qərardadı:

37. Hər bir mülkiyyətçi yalnız özünə məxsus payın ayrılmasını tələb etmək hüququna malikdir. Digər mülkiyyətçinin payının naturada ayrılması və ya kompensasiya ödənilməklə ümumi mülkiyyətdəki payına xitam verilməsi barədə iddia qaldırıla bilməz. Bu qaydanın yeganə istisnası Mülki Məcəllənin 220.4-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

40. Bu tələblər üzrə hər növbəti mərhələnin yoxlanılmasına özündən əvvəlki mərhələnin tətbiqi mümkün olmadığı halda yol verilir. Yəni əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bu qaydalara əsasən əvvəlki iki mərhələnin tətbiqi mümkün olmadığı halda isə əşya məhkəmə qərarı ilə açıq hərracdan satıla və əldə olunan vəsait paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülə bilər.

47. Naturada ayrılma mümkün olmadıqda ikinci mərhələnin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 4 aprel tarixli qərarında göstərilmişdir ki, ...mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil.

16. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

17. Məhkəmə kollegiyası tərəfindən Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-359/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-359/2025 nömrəli qətnaməsi maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməməlidir.

19. Belə ki, yuxarıda istinad olunan maddi hüquq normalarının tələbindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında və Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 06 dekabr 2024-cü il tarixli qərardadında göstərilən hüquqi mövqedən aydın olur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi. Hazırkı iş üzrə iddiaçı ümumi paylı mülkiyyətdə olan əşyadan payının natura formasında ayrılmasını, öz payına münasibətdə digər paylı mülkiyyətçilər tərəfindən pul kompensasiyasının ödənilməsini və ya əşyanın açıq hərracdan satılması ilə əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi tələbini irəli sürməyərək, ümumi paylı əmlakdan payının ayrılması tələbini irəli sürməyən cavabdeh mülkiyyətçinin payına müvafiq olaraq kompensasiyanın ödənilməsi yolu ilə onun mülkiyyət hüququna xitam verilməsinə dair iddia qaldırmışdır. Yuxarıda qeyd olunanlardan görünüdüyü kimi ümumi qayda olaraq hər bir mülkiyyətçi yalnız özünə məxsus payın ayrılmasını, öz payına münasibətdə digər paylı mülkiyyətçilər tərəfindən pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik olmaqla, digər mülkiyyətçinin payının naturada ayrılması və ya kompensasiya ödənilməklə ümumi mülkiyyətdəki payına xitam verilməsi barədə iddia qaldırmaq hüququna malik deyildir. Bu ümumi qaydanın yeganə istisnası Mülki Məcəllənin 220.4-cü maddəsində nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə əsasən mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Göründüyü kimi həmin maddənin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Hazırkı işin hallarından isə görünür ki, iddiaçının ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evi üzərində payı 2/9 hissədən, cavabdehin isə 1/9 hissədən ibarət olmaqla, cavabdehin payı iddiaçının payına münasibətdə heç də cüzi hesab olunmur. Digər payçılara qarşı hər hansı bir tələb irəli sürülmədiyindən ümumi əmlak üzərində onlarla hər hansı bir mübahisənin olmaması hesab edilir. Belə olduğu təqdirdə isə iddiaçının digər mülkiyyətçiyə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququ mövcud olmur. İddianın təmin edilməsi isə mülkiyyət hüququnun toxunulmazlığı prinsipini pozmaqla, cavabdehin mülkiyyət hüququna qanunsuz müdaxiləyə səbəb olur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız olmuşdur.

20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-359/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

21. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-359/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar