Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-720/2022 26.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh2 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər Qusar rayon Notariat Ofisinə, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(029)-713/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Vəliyev) İddiaçı, Cavabdeh1 ilə Cavabdeh2 arasında Qusar rayonu Gündüzqala kəndində yerləşən 1.6044 ha torpaq sahəsinə dair bağlanmış 31 iyul 2018-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 11.09.2018-ci il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzərində onun və ailə üzvlərinin mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər Qusar rayon Notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Gündüzqala kəndinin qışlaq ərazisində yerləşən 2.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ona və ailə üzvlərinə məxsus olmuşdur. Həmin torpaq sahəsi KOD 30107038 JN-0007 saylı 16 iyul 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə onların adlarına xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmaqla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinin 1.6044 hektar hissəsinə dair başqa şəxsin-yəni Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Nə o, nə də ailə üzvləri həmin torpaq sahəsini heç bir şəxsə, o cümlədən Cavabdeh1 satmamışlar, torpaq sahəsinə dair sərəncam hüququ üzrə ümumiyyətlə heç bir müqavilə bağlamamışlar. Bu səbəbdən də, o, Cavabdeh1 adına verilmiş Seriya MH ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair Qusar rayon məhkəməsində iddia qaldırmış və həmin məhkəmənin 07.03.2019-cu il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, həmin çıxarış etibarsız hesab edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 21.08.2020-ci il tarixli 2(105)-1243/2020 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş, Qusar rayon məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, məlum olmuşdur ki, Cavabdeh1 1.6046 hektar torpaq sahəsini 31 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmış və həmin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına 11.09.2018-ci il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Qusar Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qusar rayon məhkəməsi işə baxarkən , araşdırmadığı hallardan biridə ondan ibarətdir ki, məhkəmə iclasında Cavabdeh2 bildirmişdir ki, öz adına çıxarış aldığdan sonra, torpaq sahəsinə görə vaxtaşırı dövlət tərəfindən subsidiyaların aldığını və torpaqla bağlı mübahisə yarandığına görə torpaqdan lazımınca istifadə edə bilməmişdir. Daha sonra o bildirmişdir ki, dövlətdən subsidiya aldığı torpaq sahəsində fındığ bağı əkilmişdir. Digər tərəfdən İddiaçı Qusar rayonu Gündüzqala kəndinin qışlaq ərazisində yerləşən 2.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ona və ailə üzvlərinə məxsus olmasını. Həmin torpaq sahəsi KOD 30107038 JN-0007 saylı 16 iyul 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə onların adlarına xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmaqla rəsmiləşdirildiyini və hər il bu torpaqda taxıl əkdiyi üçün dövlət tərəfindən subsidiyanın aldığını bildirmişdir. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin verdiyi məlumata əsasən 2019-cü ildə əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə olunan yanacaq və mötor yağlarına görə 219,60 AZN (iki yüz on doqquz manat 60 qəpik), 2020-ci ildə həyata keçirilən əkinlərə görə 1110.80 AZN (bir min yüz on manat 80 qəpik), 2021-ci ildə həyata keçirilən əkinlərə və istifadə olunan yanacağa görə 1595,60 AZN (bir min beş yüz doxsan beş manat 60 qəpik) subsidiya hesablanaraq iddiaçının kart hesabına köçürülmüşdür. Göründüyü kimi, hər iki tərəf bir mübahisəli torpaq sahəsini əkib becərdiyi üçün dövlətdən subsidiyanın alınmasını təsdiq edir (qeyd etmək lazımdır ki, mübahisəli torpaqda fındıq bağı heç vaxt olmamışdır, həmin torpaqda iddiaçı hər il taxıl əkir) cavabdehin izahatında cinayət əlamətləri olduğuna baxmayaraq, məhkəmə bu ziddiyətləri araşdırmamış, torpağ sahəsinə baxış keçirməmişdir. Faktla bağlı cinayət əlaməti olub olmamasını araşdırmaq məqsədilə xüsusi qərardad çıxarmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehə və üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsində qeyd etdiyi halların əsassız olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək bu nəticəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, Qusar rayonu Gündüzqala kəndinin qışlaq ərazisində yerləşən 2.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinə məxsus olmuş, həmin torpaq sahəsi KOD 30107038 JN-0007 saylı 16 iyul 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə onların adlarına xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmış və torpaq sahəsinin 1.6044 hektar hissəsinə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, qüvvədə olan məhkəmə aktları ilə həmin çıxarış etibarsız hesab edilmişdir. İşin digər halı isə ondan ibarətdir ki, Cavabdeh1 1.6046 hektar torpaq sahəsini 31 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmış və həmin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına 11.09.2018-ci il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Baxılan iş üzrə iddia tələbi alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi barədədir və iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 140, 148.2, 149.2-cı maddələri təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" ASC-nin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarında göstərmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. “S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumumu göstərmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakın geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Kostitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Göründüyü kimi, MM-in 140-cü maddəsinin mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qeyri-dəqiq olması müəyyən edildiyi anadək, həmin qeydə əsasən həyata keçirilmiş əqdlər (yalnız əqdin xeyrinə hüquq özgəninkiləşdirilən tərəfinin qeydin qeyri-dəqiq olmasını bildiyi hal istisna olmaqla) əsasında hər bir şəxsin əldə etdikləri hüquqlar müdafiə edilməlidir. Bu zaman ilkin qeydin hansı əsasla edilməsi, o cümlədən qanunsuz olması əhəmiyyət kəsb etmir. Qeydin yalnız qanuni əsaslarla həyata keçirildiyi halda daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyasının qüvvədə olması və əldə edən şəxsin hüquqlarının müdafiə olunması, həmin normanın mahiyyətinə ziddir və zərurətini aradan qaldırır. Mülki Məcəllənin 148.2 və 149.2-ci maddələrinin məzmunu da, qeyd olunanları təsdiq edir. Belə ki, həmin müddəalara görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları, habelə əsassız dövlət qeydiyyatının dəyişdirilməsi zamanı vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqlar müdafiə olunmalı və saxlanılmalıdır. Mübahisəli torpaq sahəsi üzərində Cavabdeh1 hüquqlarının qanunsuz qeydə alınması yalnız əvvəlki iş üzrə qəbul olunmuş qətnamələrlə müəyyən olunmuşdur. Lakin, tərəflər arasında alqı-satqı müqaviləsi 31 iyul 2018-ci il tarixdə, yəni qeydin qanunsuz olması müəyyən olunanadək bağlanmışdır. Həmin zaman isə onun xeyrinə reyestrdə olan qeydə hər hansı etiraz verilməmiş, sonuncunun hüquqları mübahisələndirilməmişdir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli qərarına əsasən dövlət reyestrinin məzmunun həqiqiliyinin və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrin ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır (N.Hacıyevin şikayəti üzrə 2019-cu il 07 avqust tarixli Qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh2 vicdanlı sahib kimi qəbul edərək müqavilənin predmeti olan torpaq sahəsinə dair sərəncam verən şəxsin, yəni Cavabdeh1 həmin vaxt bu hüquqa malik olduğunu və əmlakı əldə edən alıcı Cavabdeh2 mövcud əqdin legitimsizliyi barədə şübhə yaratmadığına istinad etməklə iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı Cavabdeh1 adına verilmiş çıxarışı ayrıca icraatda 14 dekabr 2018-ci il tarixdə mübahisələndirərkən movcud alqı-satqı müqaviləsinin bağlanmasından xəbərdar olduğu halda, bu iddianı həmin icraat zamanı deyil, 12.08.2021-ci il tarixdə qaldırmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddədə nəzərdə tutulan müddət əslində iddia müddəti deyil, kəsici müddətdir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən olunmuş bir illik müddət iddia müddəti olmamaqla qanunun həmin normasının qüvvəsi müddətin tətbiqi barədə ərizənin verilməsindən asılı olmayaraq, bunun üçün qanuni əsaslar olduqda tətbiq edilir. Hazırki işdə iddiaçı tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür. Göründüyü kimi iddiaçıya Cavabdeh1 tərəfindən həmin torpaq sahəsinin digər Cavabdeh2 satılması 2018-ci ildə məlum olduğundan, Mülki Məcəllənin 354.2. maddəsinin tələbinə əsasən sonuncu həmin maddədə nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürmüşdür. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-720/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-720/2022
26.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver