Məhkəmə qərarları › İş №2(105)-720/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-720/2023

13.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-720/2023 13.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: sayğacdan kənar qaz sərfiyyatı üzrə borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 İddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(027)-2715/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Xaçmaz RQİİ-nin xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, abonentin sayğacdan kənar qeyriqanuni qaz xəttindən istifadə edir, qeyriqanuni qaz xəttinin mənbəyi abonentin həyətindən keçən aşağı təzyiqli paylayıcı xətt aşkar edilmişdir və dəymiş ziyan hesablanmışdır.

2. Cavabdeh 29 aprel 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 6048 kub metr olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2022-ci il tarixli, ******* saylı akt olmuşdur.

3. **********07060 kodlu abonentin saldosundan görünür ki, abonent müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, həmin 725,76 manat borc aktlar əsasında hesablanmış cərimə borcudur.

4. X9 İstismarı İdarəsinin xx.xx.2022-ci il tarixli, 01AA/05-HŞ-1305 nömrəli arayışdan görünür ki, Quba rayonu, Zərdabi qəsəbə sakini İddiaçı həmin qəsəbədə yerləşən evini təbii qazla təmin edən qaz xəttində d 40 mm-lik dəmir boru 62 metr məsafədə korroziyaya uğradığı üçün tərəflərindən yeni dəmir boru ilə əvəz edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edib, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarına əsaslanaraq, Cavabdeh İB-nin Quba QİSnin xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktla -”Fərdi evdə (müəssisədə, istixanada) “Qazdan istifadə Qaydalarının” tələbinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə ounmasının aşkar edilməsi ilə əlaqədar tərtib olunan aktın qanunsuz hesab olunaraq ləğv edilməsinə və onun adına qeydiyyatda olan **********7 saylı sayğacla, hesablanmış 725 manat 76 qəpik borcun onun abonent hesabından ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə yaşadıqları Zərdabi kəndində, islahat zamanı ona ayrılmış pay torpağında, kənddən təqribən 1 km aralıda yerləşən meyvə bağlarında, bütün ailə üzvləri ilə işdə olmuşlar. Həmən gün, onlar evdə olmadığı vaxt, Cavabdeh İB-nin X12 Sahəsinin əməkdaşları Xəlilov Cabir, Zeynalov Orxan və Sadıqov İsa - guya, evlərində baxış keçirib, qeyd edilən tarixdə ******* Xk-li Akt tərtib ediblər. Hələ aktda-guya o aktı imzalamaqdan imtina etmişdir. Bundan əlavə, xx.xx.2022-ci ildə, X9 İstismar İdarəsi, “Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən”, 6048 kub.metr həcmində “ziyan vurmuş”, 725 manat 76 qəpik cərimə tətbiq edib. **********07060 saylı abonent saldosunda - bu ilin aprel ayından 725 manat 76 qəpik həcmində borc yaranıb. O, bu barədə ötən ay xəbər tutmuşdur. Halbuki, Cavabdeh İB-nin X12 Sahəsinin əməkdaşlarının onun iştirakı ilə həyətində axtarış aparmalarının heç bir dəlili ola bilməz.

7. Quba Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(027)-2715/2022 nömrəli qətnaməsi ilə (hakim V.Seyidov) iddia tələbi təmin edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunmasının iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 725,76 (yeddi yüz iyirmi beş manat yetmiş altı) manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, həmçinin yerli baxış zamanı sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunmasının aşkar edilməsi iddiaçının cavabdehliyi sərhəddində müəyyən edilməmişdir. Bilavasitə iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunmasının aşkar edilməməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində qaz xətdinə müdaxilə edilmədiyi halda, iddiaçıya əsassız olaraq 725,76 (yeddi yüz iyirmi beş manat yetmiş altı) manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunmasının aşkar edilməsi sübuta yetirilmədiyi təqdirdə, o cümlədən iddiaçının təqsiri müəyyən edilmədiyindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş və həmin akta əsasən hesablanmış 725,76 (yeddi yüz iyirmi beş manat yetmiş altı) manat məbləğində borcu tələb edə bilməz.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”-nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

10. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göründüyü kimi CavabdehİB-nin Xaçmaz RQİİ-nin Quba XS-nin işçiləri abonent İddiaçı sayğacdan kənar xətlə təbii qazdan istifadə halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Lakin birinci instansiya məhkəməsi cavabdeh tərəfindən məhkəməyə sübut kimi təqdim olunan video diski məhkəmə iclasında nümayiş etdirməsinə baxmayaraq həmin sübutu qiymətləndirməmiş və ümumiyyətlə qətnamədə ona münasibət bildirməmişdir. Belə ki, video çəkilişdə abonentin sayğacdankənar xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi halı tam aydın şəkildə əksini tapmış və məhkəmə baxışında iddiaçı bunu etiraf etmişdir.

13. Qaz paylayıcı şəbəkəyə (qaz xəttinə) qeyri-qanuni qoşulma, qaz sayğacına müdaxilə və ya digər qanunsuz istehlak hallarında paylayıcıya dəyən zərər SOCAR-ın Şurasının xx.xx.2011-ciil tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehlakçılar tərəfindən Təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalari”na uyğun olaraq hesablanacaqdır. Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Quba XS-nin işçiləri həmin Qaydalara uyğun abonentin qazişlədici cihazların da istehlak olunan qazın son üç ay üçün hesabatını apararaq abonentin XS-nə sayğacdan kənar xəttə görə 6048 kub.metr və ya 725,76 manat məbləğində ziyan vurduğu müəyyən edilmişdir. Qaydalarda ziyan vurma müddəti sonuncu texniki baxışdan sonrakı dövr üçün və ya iddia müddəti dövründə nəzərdə tutulmuşdur. Hazırki qanunvericilikdə texniki baxışın hər üç ayda bir dəfə keçirilməsi nəzərdə tutulmuşdur.

14. Ona görə də, Quba Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(027)- 2715/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, abonent İddiaçı sayğacdan kənar xətdən istifadə etməsinə dair sübut kimi məhkəməyə video disk təqdim olunmasına baxmayaraq, məhkəmə həmin sübutu qiymətləndirməmiş və ümumiyyətlə qətnamədə ona münasibət bildirməmişdir. Video çəkilişdə abonentin sayğacdankənar xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi halı tam aydın şəkildə əksini tapmış və məhkəmə baxışında iddiaçı bunu etiraf etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o sayğacdan kənar xətdən istifadə etməmiş, buna heç ehtiyacı da olmamışdır. Cavabdeh tərəfin nümayəndələri onun yaşadığı evə ümumiyyətlə baxış keçirməmişlər. Video diskdə göstərilən sayğacdan kənar xətt ümumiyyətlə onu evinə getmir. İddiaçı sonda apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir 5.2-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir(“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9-cu bəndləri). “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər..

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətindən görünür ki, apellyator Cavabdeh Quba Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(027)-2715/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

19. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı sayğacdan kənar çəkilmiş qaz xətti üzrə hesablanmış borcu mübahisələndirir.

22. Öyrənilən işin faktiki hallarından müəyyən edilir ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Quba xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan İddiaçı özünə məxsus evində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edir. İstehlakçı istifadə edilmiş təbii qazın dəyərini sayğac göstəricisinə əsasən vaxtaşırı ödəmişdir.

23. Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Quba xidmət sahəsinin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixdə xidməti ərazidə baxış keçirilmiş və abonent - iddiaçının sayğacdankənar xətdən istifadə edilməsi barədə “AKT” tərtib edilmişdir.

24. İddiaçı isə bunu inkar edir və yaşadığı evə sayğacdankənar xətt daxil olmadığı, ümumiyyətlə onun yaşadığı evə baxış keçirilmədiyini iddia edir.

25. Apellyasiya instansiya məhkəməsi mövcud mübahisəyə aydınlıq gətirmək məqsədilə tərəflərin iştirakı ilə təqdim olunmuş video-diskə baxış keçirmiş və müəyyən edilmişdir ki, mütəxəssislər tərəfindən sayğacdankənar xətt aşkar olunsa da, əvvəla həmin xəttin işlək olması, həmçinin həmin xəttin məhz iddiaçıya məxsus olan evə daxil olunması müəyyən edilmir.

26. Qanunvericiliyin tələbinə görə zərər vurulmasına gətirib çıxaran hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) təqsirdə ifadə olunur. Başqa sözlə, hüquqa zidd əməl təqsirli olaraq törədilməli, vurulmuş ziyanla hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır.

27. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

28. Hazırki halda sayğacdan kənar xəttin məhz iddiaçı tərəfindən çəkildiyini, bununla bağlı aktın doğruluğunu təsdiq etmək məhz cavabdeh tərəfin üzərinə düşür.

29. Kollegiya qeyd edir ki, bu kimi mübahisələrin həllində işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

30. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

31. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus olan sayğaca edilmiş kənar müdaxilənin məhz iddiaçının özü tərəfindən törədilməsi barədə cavabdehin dəlilləri ilə razılaşa bilmədiyindən və cavabdeh tərəfə ziyan dəyməsi, bununla bağlı zərərin həddinin müəyyən edilməli olması barədə də apellyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir. Çünki, ikinci hal birinci halla bağlıdır. Başqa sözlə, əgər iddiaçı sayğaca müdaxilə edilməsində təqsirli deyilsə, buna görə zərəri də ödəməli deyil.

32. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Quba Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(027)-2715/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

33. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(027)-2715/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar