Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-724/2022 21.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(012)-3528/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(012)-3528/2021 saylı qətnaməsi ilə (hakim Məlahət Abbasova) İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cəmiyyətlə Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə tikiləcək, E blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kv.m təşkil edən 68 saylı mənzillə bağlı bağlanmış 30 aprel 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, cəmiyyət Bakı şəhər İcra Hakimiyyətinin 23.10.2015-ci il tarixli, 443 saylı sərəncamı ilə ona verilmiş hüquq əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllə ünvanında yüksəkmərtəbəli binaların tikintisi ilə məşğul olur. Şirkətin tanışı olan X6 Cavabdeh sahibkar kimi təqdim edərək onlarla tanış etmiş, sonuncu maraqlı biznes təklifləri irəli sürdükdən sonra onlarla əməkdaşlıq etməyi planlaşdırmışdır. Cavabdeh borcu olduğu üçün ona bir neçə mənzil lazım olduğunu bildirmiş, əvəzində isə şirkəti mütəmadi olaraq ucuz və keyfiyyətli tikinti materialları ilə təmin edəcəyinə söz vermişdir. Bununla da cavabdeh onların etibarını qazanmış, X2 da ona zamin durmuşdur. Aralarında olan razılaşmaya görə cavabdeh onlara tikinti materialları verməli, əvəzində isə cəmiyyət tikiləcək binadan 1 kv.metri 800 manata cavabdehə mənzil verməli, cavabdeh isə həmin mənzilləri istədiyi qiymətə özünün tapdığı müştərilərə satmalı, şirkət də öz növbəsində həmin müqavilələri şəxsin adına rəsmiləşdirməli idi. 30 aprel 2019-cu il tarixdə cəmiyyətlə Cavabdeh arasında müqavilə imzalanmışdır. Həmin müqavilə əsasında cavabdeh 30.04.2019-cu il tarixli müqavilə üzrə X1 adına şirkət tərəfindən tikiləcək binanın E blokunun, 14-cü mərtəbəsində yerləşəcək sahəsi 80 kv.m təşkil edən 68 saylı mənzilin dəyərinin ödənilməsini üzərinə öhdəlik kimi götürmüşdür. Buna baxmayaraq cavabdeh şirkətə heç bir ödəniş etməmişdir. Müqavilə qanunun tələblərinə zidd olaraq bağlandığından, tərəflər arasında olan tikinti materiallarının nisyə alqı-satqısını pərdələdiyindən, həmin müqavilənin etibarsız hesab edilməsi zərurəti yaranmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin 23.10.2015-ci il tarixli, 443 saylı sərancamı ilə ona verilmiş hüquq əsasında, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə ünvanında yüksəkmərtəbəli binaların tikintisi ilə məşğul olur. Cavabdeh tanışları olan X6 onlara sahibkar şəxs olaraq təqdim etmişdi. Cavabdeh ilə görüşəndə onlarla əməkdaşlıq edə biləcəyini bildirmişdi. Belə ki, ilk görüşdə cavabdeh bir sıra maraqlı biznes təklifləri irəli sürmüş, həmçinin bildirmişdir ki, hazırda ona bir neçə mənzil təcili olaraq lazımdır, çünki kimlərəsə borcu vardır, əvəzində isə onlarla əməkdaşlıq edəcəyini və onları tikintiyə lazım olan ucuz və keyfiyyətli materiallarla mütəmadi olaraq təmin edəcəyinə söz vermişdir. Bununla da cavabdeh onların etimadını və etibarını qazanmışdı. X2 da cavabdehə zamin durmuşdu. Cavabdehlə aralarında olan bütün görüşlərdə X6 iştirak edirdi. Aralarında olan razılaşmaya görə cavabdeh onlara tikinti materialları verməli, onlar da öz növbəsində cavabdehə tikiləcək binadan 1 kv.metri 800 manata mənzil verməli, cavabdeh həmin mənzilləri istədiyi qiymətə özünün tapdığı müştərilərə satmağı, onlar da həmin müqavilələri cavabdehin təqdim etdiyi şəxslərin adına rəsmiləşdirməli idilər. Qeyd olunanlar 30 aprel 2019-cu il tarixli müqavilədə öz əksini tapmışdır. Həmin müqavilə əsasında cavabdeh 30 aprel 2019cu il tarixli müqavilə üzrə, X1 adına verilmiş, cəmiyyət tərəfindən tikiləcək binanın E blokunun, 14-cü mərtəbəsində yerləşəcək sahəsi 80 kv.m təşkil edən 68 saylı mənzilin dəyərinin ödənilməsini üzərinə öhdəlik kimi götürmüşdür. Buna baxmayaraq Cavabdeh şirkətə heç bir ödəniş etməmişdir. 30 aprel 2019-cu il tarixdə cəmiyyətlə cavabdeh arasında bağlanmış müqavilə etibarsız hesab olunmalıdır. Belə ki, qeyd olunan əqd yalan əqddir, yəni pərdələnmiş əqddir. Bu əqd əslində cəmiyyətlə cavabdeh arasında olan tikinti materiallarının nisyə alqı-satqısını pərdələmək üçün bağlanmışdır. Belə ki, məhkəmə işin bu halını araşdırmamış və cəmiyyətin iddia tələbində qeyd etdiyi hallara münasibət bildirməmişdir. Həmçinin qətnamədən də göründüyü kimi, Cavabdeh saxlanıldığı Bakı İstintaq Təcridxanasından məhkəməyə ünvanladığı ərizədə də qeyd edir ki, mənzillərə görə 90 ton rus armaturu və 60000 pul vermişdir. Belə ki, cavabdeh özü etiraf edir ki, aralarında olan müqavilələr üzrə mənzillərin dəyəri olan pul yox, tikinti materialları verilmişdir. Əslində isə cavabdehin ərizəsində qeyd etdiyi tikinti materialları vəd olunsa da, cəmiyyətə verilməmişdir. Cavabdeh isə bunu təsdiq edəcək heç bir məlumatı və yaxud da sübutu ərizədə qeyd etməmşdir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 30 aprel 2019-cu il tarixdə “Kooperativ” adlanan İddiaçı ilə “Payçı” adlanan Cavabdeh arasında bağlanmış müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra Cavabdeh 30.04.2019-cu il tarixli müqaviləyə əsasən X1 adına verilmiş E blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 68 saylı yaşayış sahəsinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür, mənzilin 1 kv.metrinin dəyəri 800 manat olmaqla, 64000 manat müəyyən edilmişdir. İş materiallarında olan 30 aprel 2019-cu il tarixdə “Kooperativ” adlanan İddiaçı ilə “Payçı” adlanan X3 arasında bağlanmış müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra E blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 68 saylı yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahənin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüşlər, mənzilin 1 kv.metrinin dəyəri 1200 manat olmaqla, 96000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.1-ci maddəyə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin MM-nin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdiriiənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. İş materiallarından görünür ki, İddiaçı iddia tələbini cavabdehin yaşayış sahəsinə görə heç bir ödəniş etməməsi, 30 aprel 2019-cu il tarixli müqavilənin əslində cəmiyyətlə cavabdeh arasında olan tikinti materiallarının nisyə alqı-satqısını pərdələmək üçün bağlanması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, 30 aprel 2019-cu il tarixdə İddiaçı ilə həm Cavabdeh və həm də X3 arasında eyni mənzilə görə ayrı-ayrılıqda müqavilələr bağlanmışdır. İddiaçı Cavabdeh ilə bağlanmış müqavilənin etibarsızlığını tələb etsə də, X3 ilə bağlanmış müqaviləni mübahisələndirməmişdir. Halbuki İddiaçı hər iki müqavilənin eyni məqsədlə bağlandığını iddia edir. Digər tərəfdən, İddiaçı iddia ərizəsində cavabdehin yaşayış sahəsinə görə heç bir ödəniş etmədiyini göstərir. Halbuki 30 aprel 2019-cu il müqavilələrdə binanın tikintisi başa çatdıqdan sonra yaşayış sahəsinin dəyərini ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə İddiaçı tərəfindən inşa edilən binanın tikintisinin başa çatmasını təsdiq edən heç bir sübut yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. İnter” Məhdud Məsuliyyətli Cəmiyyəti 30 aprel 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsinə əsas ola biləcək hər hansı bir sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. İş üzrə araşdırılmış sübutlarla 30 aprel 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulan əsaslar olması müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(012)-3528/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-724/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-724/2022
21.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver