Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-726/2021 04.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1739/2020 saylı qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) iddianın qismən təmin edilməsi, «xxxx» ASC-nin əməkdaşlarının tərtib etdikləri xx xxxxxx 2019-cu il tarixli 152244 nömrəli akt əsasında hesablanmış 1148,09 manat məbləğində pul (borc) İddiaçı abonent hesabından silinməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul «xxxx» ASC-dən alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh “xxxx” ASC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh «xxxx» ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət idarəsinin əməkdaşlarının tərtib etdikləri xx xxxxxx 2019cu il tarixli 152244 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında cavabdeh təşkilatın ona əsassız hesablanmış 1189 manat enerji sərfiyyatı pulunun silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə «xxxx» ASCnin Xaçmaz REŞ onun yaşadığı ünvana akt göndərmişdir. Aktda qeyd olunmuşdur ki, EEİO-nun tələblərinə uyğun olaraq yoxlama keçirilən zaman aşkar olunmuşdur ki, abonent sayğacın giriş xəttinin izolyasiya qatını pozmaqla sayğacdan kənar xətt götürmüşdür. Kənar xətdən kəsişi 1,5 mm olan alüminium naqilidir. Kənar xətt ləğv olunsun, giriş xətt bərpa olunsun. Bununla bağlı xxxx ASC-nin əməkdaşları aktı imzalamışlar, aktda qeyd etmişlər ki, abonent tərtib olunan akta imza etməkdən imtina etmişdir. Belə ki, akt tərtib olunan zaman orada olmamışdır. Ümumiyyətlə evdə heç kim olmayıb. Belə ki, akt tərtib olunan zaman hal şahidləri iştirak etməli idi. Xaçmaz REŞnin nəzarətçisi bir həftədən bir sayğacları yoxlamışdır, işıq pulunu vaxtlı vaxtında ödəmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “xxxx” ASC Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni ləğv edilməsini və iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İşin qeyd olunan həqiqi halına və məhkəməyə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini elektrik sayğacının evin həyətindən kənarda quraşdırılması, elektrik sayğacı evdən kənarda küçə tərəfində quraşdırıldığından elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizat müəssisəsinin cavabdehlik daşıması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh “xxxx” ASC vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə bu Qaydalar "Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktların bir nüsxəsini məişət abonentinə təqdim verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə akta müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktların məzmunu barədə öz mülahizələrini təqim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə edilmişdir. Yuxarıda göstərilən qaydalara əsasən məhkəmə kollegiyası qeyd edir ki, həmin qaydalar dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Hazırkı iddia tələbinin verilməsinə əsas olan akt tərtib edilərkən cavabdeh təşkilat tərəfindən hal şahidlərinin və iddiaçının iştirakı təmin edilməmiş (tərtib edilmiş aktda iddiaçının imzası mövcud deyil), bununla da qaydaların tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istifadəsində olan fərdi yaşayış evində elektrik sayğacı evin həyətindən kənarda yerləşdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş elektrik enerjisindən istifadə qaydalarının 7.11 və 8.32-ci bəndlərinə əsasən evin mülkiyyətçisi sayğaca və ya qoşulma sxeminin dəyişdirilməsinə və müdaxilə edilməsinə görə cavabdehlik daşımır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin əməkdaşlarının tərtib etdiyi akt əsasında hesablanmış borcun abonentin hesabından silinməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiq hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsilə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-726/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-726/2021
04.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver