Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-729/2022 19.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi, Cavabdeh5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi, çıxarışın ləğvi və vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınmasına dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(060)-7697/2021 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(060)-7697/2021 nömrəli qətnaməsi ilə miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi, çıxarışın ləğvi və vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması tələbinə dair İddiaçı iddia ərizəsi rədd edilmişdir. (hakim R.Qoşqarlı) Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(060)-7697/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilərək miras əmlak olan ünvan 1 ünvanda yerləşən 0.1637 ha torpaq sahəsinin ¼ pay hissəsinə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X9 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4, Cavabdeh5 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 20 saylı Dövlət Notariat Kontorunu cavabdehlər qismində işə cəlb olunmmasnı xahiş etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 27.10.2021-ci il tarixli qərardadı ilə Cavabdeh4, Cavabdeh5 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 20 saylı Dövlət Notariat Kontorunu cavabdehlər qismində işə cəlb olunmuşdur. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, Sumqayıt şəhəri, Novxanı bağ massivinin 436 nömrəli ünvanında yerləşən bağ sahəsi olan miras əmlakının faktiki qəbul edilməsi və Cavabdeh5 adına verilmiş ********** qeydiyyat nömrəli 17.09.2019-cu il tarixli reyestrdən çıxarışın ləğv edilərək, həmin əmlaka ¼ payda mülkiyyət hüququnun müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı digər vərəsələr kimi X2nun birinci dərəcəli qanuni vərəsəsi olmaqla doğma qızıdır. X2 08.10.1994-cü ildə vəfat etmişdir. Anası isə 1987-ci ildə vəfat etmişdir. X2 vəfat etdikdən sonra ünvan 1 ünvanda yerləşən 0.1637 ha torpaq sahəsi olan bağ sahəsi miras qalmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı qeydiyyat nömrəsi ********** olan 04.05.2013-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da göründüyü kimi sözügedən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının atası H.Məmmədovun adına qeydiyyatdan keçmişdir. İddiaçının atası vəfat etdikdən sonra ondan miras qalmış, ünvan 1 ünvanda yerləşən 0.1637 ha torpaq sahəsi olan bağ sahəsindən 2002-ci ilədək gedib gəlmiş, həmin bağ sahəsindən ata mülki kimi istəyinə uyğun istifadə və sahiblik etmiş, əkin işləri aparmış, bağ sahəsini səliqə sahmana salmışdır. İddiaçı həmin bağ sahəsinə su xətti çəkdirərək içməli su ilə təmin etmişdir. Bir sözlə iddiaçının atası vəfat edənədək və vəfat etdikdən sonra həmin miras əmlakı faktiki olaraq qəbu etmiş və istifadə sahiblik hüquqlarını həyata keçirmişdir. Lakin 2014-cü ildən sonra cavabdehlərlə aralarında sözsöhbətlər yaranmış və cavabdehlər konkret olaraq iddiaçını bağa buraxmamış və qanunsuz olaraq bağın qapısını qıfıllamışlar. Göstərilənləri nəzərə alaraq, Sumqayıt şəhəri, Novxanı bağ massivinin 436 nömrəli ünvanında yerləşən bağ sahəsi olan miras əmlakının faktiki qəbul edilməsi və Cavabdeh5 adına verilmiş ********** qeydiyyat nömrəli 17.09.2019-cu il tarixli reyestrdən çıxarışın ləğv edilərək, həmin əmlaka ¼ payda mülkiyyət hüququnun müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti vermis və şikayətini bununla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını mövcud mübahisəyə düzgün tətbiq etməməklə yanaşı, eyni zamanda işi tam, obyektiv və hərtərəfli şəkildə araşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı iş üzrə digər cavabdehlər kimi atası X12 oglunun birinci dərəcəli qanuni vərəsəsi olmaqla dogma qızıdır. Atası X12 oglu 08.10.1994-cü ildə vəfal etmişdir. Anası isə 1987-ci ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra ünvan 1 ünvanda yerləşən 0.1637 ha torpaq sahəsi olan bağ sahəsi miras qalmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, 017922 saylı qeydiyyat nömrəsi ********** olan 04.05.2013-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da göründüyü kimi sözügedən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında atası X12 oglunun adına qeydiyyatdan keçmişdir. Atasından miras qalmış bağ sahəsinə 2002-ci ilədək fasiləsiz olaraq gedib-gəlmiş, həmin bag sahəsindən ata mülki kimi istəyinə uyğun olaraq istifadə və sahiblik hüquqlarını həyata keçirmişdir. Həmin torpaq sahəsində əkin işləri aparmış , bag sahəsində səliqə sahman işləri apararaq həmin sahəyə su xətti çəkdirərək içməli su ilə də təmin etmişdir. Bir sözlə atası vəfat etdikdən sonra həmin miras əmlakı faktiki olaraq qəbul etmiş və istifadə və sahiblik hüquqlarını həyata keçirmişdir. Lakin 2014-cü ildən sonra cavabdehlər konkret olaraq onu qanunsuz olaraq bağ sahəsinə buraxmamış və bağın qapısını da qıfıllamışlar. İş materiallarında olan rəsmi sənədlərdən də göründüyü kimi sözügedən bağ sahəsi 1999-cu ildə özəlləşdirilmişdir. Lakin özəlləşmə zamanı atasının birinci dərəcəli vərəsəsi oldugu halda onun razılığı alınmamış və bu barədə ona heç bir məlumat verilməmişdir. Sumqayıt Şəhər Məhkəməsi işə baxarkən iş üzrə əhəmiyyət kəsb edən bu faktiki halları nəzərə almamış və yalnız qarşı tərəfin formal mülahizələrini əsas götürmüşdür. Birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1, 1243.2 və 1243.3-cü maddələrinin tələblərin kobud şəkildə pozmuşdur. Qeyd olunan hallar nəzərə alınmaqla, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı cavabdehlər Cavabdeh1, Cavabdeh4 (iştirak etdikləri məhkəmə iclasında) şikayətə etiraz etdilər və onun təmin olunmamasını xahiş etdilər. Əlavə etdilər ki, bacıları İddiaçı ailə quraraq ata evindən köçmüş, öz evi var, ailəsi ilə orada yaşayır. Səlimə yalnız atasının yas mərasimində iştirak etmiş, ondan sonra bir o qədər sıx əlaqələri olmamışdır. Atadan qalma bağa da əvvəllər qonaq kimi gəlib-getmiş, xəstə olduğu üçün bacı kimi ona qulluq göstərmişlər. O, atalarından qalan nə evi, nə də bağ torpaq sahəsini miras kimi qəbul etməmiş, heç belə fikri də olmamışdır. Hazırda o, ciddi xəstədir, fəaliyyət qabiliyyəti yoxdur və hesab edirlər ki, bu iddiadan onun xəbəri belə yoxdur. Apellyasiya baxışı zamanı Cavabdeh5 apellyasiya şikayətini dəlillərini qəbul etmədiyini bildirərək, şikayətin təmin olunmamasını xahiş etdi. Əlavə etdi ki, iddiaçı miras əmlakı heç vaxt qəbul etməmişdir və bununla bağlı müddəti də ötürmüşdür. O, ailə qurduqdan sonra ata evini tərk etmiş, öz evi, ailəsi var. Atası öləndən sonra isə yalnız yas mərasimində iştirak etmiş, ondan sonra onlarla heç bir əlaqəsi olmamışdır. Digər bacıları, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ailə qurmamış, ata evində yaşamışlar. Apellyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı heç bir məhkəmə iclasına və digər cavabdehlər isə sonuncu məhkəmə iclasına heç bir üzürlü səbəb göstərmədən gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AZ-İ N-621344 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 28.08.1994-cü il tarixdə ölmüşdür. İşə əlavə edilmiş Sumqayıt şəhər XDS İcraiyyə Komitəsi ilə X6 arasında bağlanmış 03.10.1989-cu il tarixli, 4879 saylı bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün Müqavilədən və Bağ təsərrüfatının texniki pasportundan məlum olur ki, Sumqayıt şəhəri Novxanı qəsəbəsində 1200 kv.m torpaq sahəsi Hüseyn Məmmədovun istifadəsinə verilmişdir. Yenə iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət Reyestrindən RX seriyalı, N-0179223 saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 436 saylı, 0,1637 ha ölçüdə olan torpaq sahəsi 04.05.2013-cü il tarixdə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 66 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yenə də iş materiallarında olan AZ N-631508 saylı, 17.03.1964-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X5 02.12.1951-ci il tarixdə Abşeron rayonu, Giləzi kəndində anadan olmuş, ata qrafasında X3, ana qrafasında X11 göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər 20 saylı Dövlət Notariat Kontorunun 2B-49 saylı notariat işində olan 20.06.2000-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, 28.08.1994-cü ildə ölmüş X4 əmlakının vərəsələrinin Bakı şəhəri, Biləcəri qəsəbəsi, 4-cü M.Mikayılov döngəsi, ev 8/16-da yaşayan oğlu Cavabdeh2, Bakı şəhəri, 4-cü M.Mikayılov döngəsi, ev 8-də yaşayan Cavabdeh4 və Cavabdeh1 bərabər hissələrdə irs almalıdırlar. Şəhadətnamənin verildiyi vərəsəlik əmlakı: X4 adına olan Bakı şəhəri, Biləcəri qəsəbəsi, Mikayılov küçəsi, ev 8/16-da yerləşən, yaşayış sahəsi 52,0 kv.m. ümumi sahəsu 57,5 kv.m olan 3 otaqdan ibarət yaşayış evi. Yenə işə əlavə edilmiş 2B-49 saylı notariat işində olan İV-JQ N-262997 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 28.01.1987-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 2B-49 saylı notariat işinə əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Cavabdeh2, atası mərhum X3 1964-cü ildən vəfat edən günədək, yəni 28.08.1994- cü ilədək Biləcəri qəsəbəsi, 4-cü döngə, Mikayıl Mikayılov küçəsi, 8/16 saylı evdə yaşamışdır və həqiqətən vəfat edən zaman o, həmin ünvanda Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 ilə birlikdə yaşamışdır. Yenə iş materiallarında olan AZ N-631047 saylı, 19.02.1964-cü il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1954-cü il tarixdə Xızı rayonu, Giləzi kəndində anadan olmuş, ata qrafasında X3, ana qrafasında X11 göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər 20 saylı Dövlət Notariat Kontorunun 2B-49 saylı notariat işinə əlavə edilmiş Cavabdeh2 20.07.2000-ci il tarixli ərizəsinin surətindən görünür ki, atası X3 28.08.1994-cü ildə vəfat etmişdir. Atasından qalan Bakı şəhəri, Biləcəri qəsəbəsi, Mikayılov küçəsi, döngə 4, 8/16 nömrəli evə dair qanun üzrə irs almaq hüququna dair ona şəhadətnamə verilməsini xahiş etmişdir. Yenə iş materiallarında olan 2B-49 saylı notariat işinə əlavə edilmiş 20.04.1952-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1952-ci il tarixdə Xızı rayonu, Giləzi kəndində anadan olmuş, ata qrafasında X3, ana qrafasında X11 göstərilmişdir. Yenə də iş materiallarında olan 2B-49 saylı notariat işinə əlavə edilmiş Cavabdeh1 və Cavabdeh4 20.07.2000-ci il tarixli ərizələrinin surətindən görünür ki, ataları X3 28.08.1994-cü ildə vəfat etmişdir. Atalarından qalan Bakı şəhəri, Biləcəri qəsəbəsi, Mikayılov küçəsi, döngə 4, 8/16 nömrəli evə dair qanun üzrə irs almaq hüququna dair onlara şəhadətnamə verilməsini xahiş etmişlər. İşə əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Mikayılov küçəsi, döngə 4, 8/16 nömrəli ev X1 adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər 20 saylı Dövlət Notariat Kontorunun 2B-49 saylı notariat işinə əlavə edilmiş 18.05.2013-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, 28.08.1994-cü ildə ölmüş X4 əmlakının vərəsələri Bakı şəhəri, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, ev 4A-da qeydiyyatda olan oğlu Cavabdeh2, qızları Cavabdeh4 və Cavabdeh1 bərabər paylarda miras almalıdırlar. Şəhadətnamənin verildiyi miras əmlakı: Əmlak Məsələləri Dövlət Komitəsi Yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən reyestr kitabı 66, vərəq 3, qeydiyyat nömrəsi ********** olan 04.05.2013-cü il tarixli çıxarışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 436 ünvanında yerləşən 0,1637 ha torpaq sahəsi olan bağ sahəsindən ibarətdir. Yenə iş materiallarında olan AZ-İ № 773154 saylı, 26.09.2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 23.09.2015-ci il tarixdə ölmüşdür. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 20 saylı Notariat Ofisinin 04.11.2021-ci il tarixli, 348 nömrəli məktubundan görünür ki, İddiaçı adından Bakı şəhəri, 20 saylı notariat ofisində miras əmlaka dair heç bir vərəsəlik işi açılmamışdır. İş materiallarında olan 07.12.2019-cu il tarixli, “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh4 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 436 ünvanında yerləşən ümumi sahəsi 0.1637 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus olan hissəsini Cavabdeh5 bağışlamışlar. Yenə iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 436 saylı, 0,1637 ha ölçüdə olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında 1/3 hissədə Cavabdeh4, 1/3 hissədə Cavabdeh1 və 1/3 hissədə Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə, 17.09.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 30.07.2013-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 Bakı şəhəri, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, ev 4A-da qeydiyyatdadırlar. Yenə iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 30.07.2013-cü il tarixli arayışından görünür ki, Cavabdeh4 Bakı şəhəri, Bakıxanov küçəsi, A.Alı küçəsi, ev 9, mənzil 5-də qeydiyyatdadır. Yenə də iş materiallarında olan AZE seriyalı, № 10734779 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, Döngə 5, ev 23-də qeydiyyatdadır. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(060)-7697/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və mərhum Cavabdeh2 08.10.1994-cü ildə vəfat etmiş X4 övladları olmaqla onun qanun üzrə birinci dərəcəli vərəsələridir. X8 hazırda mübahisə predmetinə çevrilmiş ünvan 1 ünvanda yerləşən 0.1637 ha torpaq sahəsi(bağ sahəsi) və Bakı şəhəri, Biləcəri qəsəbəsi, Mikayılov küçəsi, döngə 4, 8/16 nömrəli ev miras qalmışdır. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 20.07.2000-ci il tarixində X8 miras qalmış Bakı şəhəri, Biləcəri qəsəbəsi, Mikayılov küçəsi, döngə 4, 8/16 nömrəli evin qəbulu üçün notariusa müraciət edərək mirası qəbul etmişlər. Mübahisə tərəflərinin anaları X11 1987-ci ildə vəfat etmişdir. Sumqayıt şəhəri, Novxanı bağ massivi, 436 saylı, 0,1637 ha ölçüdə olan torpaq sahəsi 04.05.2013-cü il tarixdə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra 18.05.2013-cü il tarixdə Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müraciətləri əsasında mübahisəli əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh2 23.09.2015-ci il tarixdə ölmüşdür. 17.09.2019-cu il tarixində Sumqayıt şəhəri, Novxanı bağ massivi, 436 saylı, 0,1637 ha ölçüdə olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında 1/3 hissədə Cavabdeh4, 1/3 hissədə Cavabdeh1 və 1/3 hissədə Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 07.12.2019-cu il tarixli, daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə Cavabdeh1 və Cavabdeh4 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 436 ünvanında yerləşən ümumi sahəsi 0.1637 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus olan hissəsini Cavabdeh5 bağışlamışlar. Bakı şəhəri 20 saylı Notariat Ofisinin 04.11.2021-ci il tarixli, 348 nömrəli məktubundan görünür ki, İddiaçı adından Bakı şəhəri, 20 saylı notariat ofisində miras əmlaka dair heç bir vərəsəlik işi açılmamışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Hər şeydən əvvəl qeyd olunmalıdır ki, AR MPM-nin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan AR Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş e`lan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Yenə həmin Məcəllənin 529-cu maddəsinə görə vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir Yenə həmin Məcəllənin 552-ci maddəsinin tələblərinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Eyni normalar hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Yenə həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə isə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir Həmin Məcəllənin 1159.1-ci və 1159.1.1-ci maddələrinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər bərabər pay hüquqlu vərəsələr sayılırlar. AR Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələblərinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Yenə həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcələnin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə kollegiyası nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd olunur ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı valideynlərinin öldüyü vaxtı və atasının mülkiyyətində Bakı şəhəri, Biləcəri qəsəbəsi, Mikayılov küçəsi, döngə 4, 8/16 nömrəli evin, eləcə də mübahisə predmeti olan bağ torpaq sahəsinin olduğunu bilmişdir. Lakin, o, mirasın açıldığı vaxtdan, yəni X2nun öldüyü 08 oktyabr 1994-cü il tarixdən vərəsə kimi mirasın açıldığı yer üzrə notariat kontoruna mirası kütləsinin (mənzilin və mübahisə predmeti olan bağ torpaq sahəsinin) qəbul edilməsi barədə ərizə verməmiş, əmlaka sahiblik etməmiş, əmlakı idarə etməyə faktik başlamamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmişdir. Başqa sözlə, iddiaçı miras əmlakı nə faktiki, nə də hüquqi cəhətdən qəbul etməmişdir. Nəticədə iddiaçı mülki qanunvericiliyə əsasən mirasın qəbuletmə müddətini ötürmüş və mirasın açıldığı gündən uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində atasına məxsus bağ evini faktiki istifadə və sahiblik etdiyini qeyd etsə də, cavabdehlərdən fərqli olaraq bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Qanunvericiliyə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda isə vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Daha öncə qeyd olunduğu kimi digər vərəsələr atalarından miras qalan əmlakları, yəni həm mənzili, həm də bağ sahəsini istər faktiki, istərsə də notariusa ərizə verməklə qəbul etmiş və müvafiq qaydada vərəsəlik şəhadətnamələri almış, son nəticədə həmin miras əmlaklara dair mülkiyyət hüquqlarını qeydə aldırmışlar. Bundan başqa, iş materiallarından həmçinin müəyyən olunur ki, iddiaçı hazırkı iddianı qaldırarkən iddia müddətini də ötürmüşdür. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Qeyd olunduğu kimi, tərəflər arasındakı mübahisəli hüquq münasibəti 1994-cü il tarixdə yarandığından, həmin vaxt qüvvədə olan (1964-cü il redaksiyası) Mülki Məcəllənin 73-cü maddəsində hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi (iddia müddəti) üç il müəyyən edilmişdir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə, arbitraj və münsiflər məhkəməsi tərəfindən tətbiq edilir. Yenə həmin Məcəllənin 78-ci maddəsinə görə iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır, iddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Eyni Məcəllənin 82-cı maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianın rədd etmək üçün əsasdır. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsinə dair mübahisəli hüquq münasibətləri 1994-cü ildə mərhum atalarının ölümü ilə yaransa da, iddiaçı həmin vaxtdan keçən 3 il ərzində iddia qaldırmamış, bununla da iddia müddətini ötürmüşdür. İşdən görünür k, hazırda qüvvədə olan Mülki Məcəllənin normaları baxımından da iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, qeyd edildiyi kimi 18.05.2013-cü il tarixdə Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müraciətləri əsasında mübahisəli əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı yalnız səkkiz ildən də çox müddət keçəndən sonra həmin vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmədən haırki iddianı qaldırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). İddiaçı qeyd olunan tələblər baxımından öz iddiasını sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri hüquqi qiymətləndirərək hesab edir ki, bu dəlillər formal mülahizələrdir və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(060)- 7697/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-729/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-729/2022
19.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver