Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-733/2024 18.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı cərimə, ziyanın və debitor borcun silinməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2(027)-1353/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, Quba şəhəri, T.Əhmədov küçəsində 6/7-də yerləşən mənzilə qanunsuz yazılmış 600 manat cərimə və ziyanın silinməsi, ekspertizanın təyin edilməsi, limitə görə hesablanmış məbləğin, debitor borclarının silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(027)-1353/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı cərimə, ziyanın və debitor borcun silinməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməs qət edilmişdir. Mülki iş üzrə İddiaçı həmin qətnamədən xx.xx.2024-cü il tarixdə şikayət verərək Quba Rayon Məhkəməsinin 2(027)-1353/2023 nömrəli, 17 iyul 2023-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli qərardadı ilə prosessual müddət üzrlü səbəbdən ötürüldüyü halda, bərpasına dair vəsatət əlavə edilmədiyindən, apellyasiya şikayəti geri qaytarılmışdir (hakim Aydın Babayev). Qeyd edilən qərardaddan İddiaçı tərəfindən şikayət verilmişdir. Quba Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-1353/2023 saylı, xx.xx.2024-ci il tarıxlı qəradadı ilə Cavabdeh İB-ə qarşı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin olunmamışdır. Həmin qərardad ona xx.xx.2024-cü il tarixində poçt vasitəsilə ilə verilmişdir. Qərardada göstərilir ki, apellyasiya şikayətinə buraxılmış müddətə görə ərizə əlavə olunmamışdır, halbuki, həmin ərizə göndərilib, elektron kabinetinə guya qətnamə və indiki qərardad yerləşdirilib. Onun telefonuna 02 fevral tarixində qərarın qəbul edilməsi barədə SMS göndərilib, lakin işin nömrəsi də bilərəkdən səhv yazılıb,elektron kabinetdə heç bir məlumat olmadığına görə hakimin köməkçisinə zəng edəndə bildirib ki, bu iş barədə qərardad yəqin yerləşdirilməyib, ona görə də poçtla göndərəcəklərini bildirib, bütün bunlar bir daha sübut edir ki, hətta elektron məhkəmələrdə də saxtakarlıqlar edilir. Dəfələrlə məhkəməyə və digər təşkilatlara göndərilən məktublarda da məhkəmə qətnaməsi ilə cərimə və ziyanın silindiyi bildirilib, lakin öz apardığı araşdırmalara görə məlum olub ki, cavabdehin nümayəndəsi məhkəmələrlə cinayət əlaqəsinə girib, Sumqayıt Apellyasiya Məhkəməsinin debitor borcunun silinməsinə görə qətnaməsi üzrə icra vərəqənin göndərilməsin qarşısı alınıb və gizlədilib. Dəfələrlə Cavabdeh İB tərəfindən ərizələrinə cavab verilmədiyinə görə sorğu göndərilməsi və ekpertizanın təyin olunması və cavabdehə qarşı AR MPM-nin 265-ci maddəsi ilə qərardad çıxarımasını xahiş etsə də, vəsatətlərinin heç birisi təmin olunmur. Ona görə də bu faktlar araşdırılmalı və hüquqi qiymət verilməlidir. AR MPM-nin maddələrinə əsasən iddia ərizəsinin geri qaytarılması tam əssasızdır, maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv olunmalı, Cavabdehasorğu göndərilməli, ekpertiza təyin olunmalı və cavabdehə qarşı AR MPM-nin 265-ci maddəsi ilə qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2(027)1353/2023 nömrəli qərardadı ləğv edilməli, Quba Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(027)-1353/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, qətnamə xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı tərəfindən müvafiq məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə göndərilmişdir. Göründüyü kimi mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçı müvafiq məhkəmə qətnaməsini rəsmi qaydada təhvil aldığı gündən 1 ay müddətində apelyasiya şikayəti vermək hüququna malik olduğu halda, onun tərəfindən həmin prosessual müddət ötürülmüşdür. Həmçinin iddiaçı tərəfindən həmin prosessual müddət üzrlü səbəbdən ötürüldüyü halda, onun bərpasına dair heç bir vəsatət və həmin hallara dair heç bir sənəd apellyasiya şikayətinə əlavə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından (“AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən) görünür ki, məhkəmə qətnaməsi xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə göndərmiş, apellyasiya şikayətinə qoşma hissəsində buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsini və qətnamədən verdiyi apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Qanunvericiliyin tələbinə görə müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa oluna bilər. İş materiallarından görünür ki, iddiaçı qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəni apellyasiya şikayətinə qoşma edərək elektron kabinet vasitəsi ilə məhkəməyə ünvanlasa da birinci instansiya məhkəməsi iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış apellyasiya şikayətini elektron sistemdən çıxararaq işə əlavə etsə də apellyasiya şikayətinə əlavə olaraq yüklənmiş müddətin bərpasına dair ərizəni iş materiallarına əlavə etməmiş, xx.xx.2024-cü il tarixdə apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən həmin ərizəni müzakirə etməmiş, həmin tarixli qərardadla apellyasiya şikayətinin müddət ötürülməklə verilməsi, eləcə də buraxılmış müddətin bərpası barədə ərizə ilə müraciət edilməməsi əsası ilə geri qaytarmışdır. Bununla da müəyyən edilir ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilməsinə baxmayaraq həmin ərizəni iş materiallarına əlavə etməmiş, həmin ərizəni müzakirə etmədən apellyasiya şikayətinin müddət ötürülməklə verilməsi, eləcə də buraxılmış müddətin bərpası barədə ərizə ilə müraciət edilməməsi əsası ilə geri qaytarmışdır. Məhkəmə apellyasiya şikayətinə əlavə edilmiş müddətin bərpasına dair ərizəni də müzakirə etməmiş, qərardaddan verilmiş şikayətə baxaraq şikayəti təmin etməmiş, şikayətin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmiş, bununla qanunvericilik normalarının tələblərini pozaraq şikayəti mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri qismən əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ilk əvvəl qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəyə münasibət bildirməli, bundan sonra apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalıdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2(027)1353/2023 nömrəli qərardadı ləğv edilməli, Quba Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(027)-1353/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2(027)1353/2023 nömrəli qərardadı ləğv edilsin. Quba Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(027)-1353/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair İddiaçı ərizəsi müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-733/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-733/2024
18.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver