Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-737/2021 31.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh5 və Azərbaycan Respublikası ƏMDK-nın DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Cavabdeh3, Cavabdeh4nə qarşı özəlləşdirilən zaman iddiaçıların adından yazılmış ərizələr və həmin ərizələr arasında rəsmiləşdirilmiş sənədlərin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)- 125/2020 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Məmmədov) iddianın təmin edilməsi, Quba şəhəri, Fətəlixan küçəsi 2A saylı binanın 6-cı mənzil özəlləşdirilən zaman İddiaçı1 və İddiaçı2 adından yazılmış ərizələr və həmin ərizələr arasında rəsmiləşdirilmiş sənədlərin etibarsız hesab edilməsi qət edilmişdir. Cavabdeh5 qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İşdən görünür ki, iddiaçılar mənzilin özəlləşdirilməsi zamanı inzibati orqana ünvanlanmış ərizələrdən istifadə edildiyini və bu ərizələrdəki imzaların onlar tərəfindən imza edilmədiyini əsas gətirərək, adlarından yazılmış ərizələrin və həmin ərizələr əsasında rəsmiləşdirilmiş sənədlərin etibarsız hesab edilməsini xahiş etmişlər. Aşağıda göstərilənlərə əsasən həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Mübahisələrin məhkəmə aidiyyəti ilə (xüsusilə də mülki məhkəmə icraatı arasında fərq) bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında məhkəmə aidiyyəti ilə bağlı formalaşmış hüquqi mövqeləri nəzərdən keçirmək lazımdır. Konstitusiya Məhkəməsi məhkəmə aidiyyət ilə bağlı bir sıra qərarlarında bu məsələnin həllinin məhz mübahisənin mahiyyətindən (təbiətindən) asılı olmasını ön plana çəkir. xx xxxxxxx 2012-ci il tarixli Qərarda göstərilir ki, “bu baxımdan mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1ci maddələrinin şərh edilməsinə dair” xx xxxxx 2012-ci il tarixli Qərarında isə qeyd olunmuşdur ki, “publik hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır”. Ali Məhkəmənin Plenumunun xx xxxxx 2015-ci il tarixli 04 №-li qərarının 2-ci bəndində göstərilir ki, “mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin umumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin qərarın 3.1-ci bəndində göstərilir ki, “hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Umumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.” Yuxarıda göstərilən qərarlarda olan hüquqi mövqelərini ümumiləşdirsək, münasibətin publik hüquq münasibəti və həmin münasibətdən doğan mübahisənin publik hüquqi mübahisə olmasını iddia etmək üçün bir sıra meyarların mövcud olması tələb edilir: Münasibətlərin publik hüqunun nizamasalma predmetinə aid olması; Münasibətlərdə hakimiyyət-tabeçilik elementinin olması; Hakimiyyət daşıyıcısı olan subyektə həmin funksiyanın qanun əsasında həvalə edilməsi. Qeyd olunanları hazırkı işin hallarına tətbiqi ilə bağlı olaraq nəzərə almaq lazımdır ki, iddia tələbi mənzilin özəlləşdirilməsi ilə bağlı inzibati orqana yazılmış ərizələrin və həmin ərizələr əsasında rəsmiləşdirilmiş sənədlərin etibarsız hesab edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mənzilin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun tələblərinin pozulmamaqla özəlləşdirildiyinə əsaslanmışdır. Qeyd olunan meyarlar baxımından təhlil aparıldıqda müəyyən olunur ki, ilk növbədə münasibətlər publik hüququn nizamasalma predmetinə aiddir. Yəni, iddiaçı mənzilin özəlləşdirilməsinin qanunsuz aparıldığını bildirdiyi üçün mübahisələndirilən hüquq münasibəti məhz dövlət mənzil fondunun özəlləşdirilməsi ilə bağlı yaranan hüquq münasibətidir. Bu münasibətlərin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun müddəaları əsasında qurulduğu şübhə doğurmur. Həmin qanun isə publik hüququnun nizamasalma predmetinə aid məsələlərin tənzimlənməsinə yönəlmişdir. Digər tərəfdən aydındır ki, mənzilin özəlləşdirilməsi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun müddəaları əsasında mənzili özəlləşdirmək istəyən şəxslərlə müvafiq səlahiyyət verilmiş dövlət orqanı (inzibati orqan) arasında yaranan münasibətlərdir. Bu münasibətlərdə özəlləşdirməni həyata keçirən orqan qanunun ona verdiyi səlahiyyət əsasında hərəkət edir, onunla özəlləşməni həyata keçirmək istəyən şəxs arasındakı münasibətlərdə hakimiyyəttabeçilik elementi mövcuddur. Bu mənada, dövlət mənzil fonduna məxsus olan mənzillərin özəlləşdirilməsi ilə bağlı münasibətlər publik hüququnun nizamasalma predmetinə aid olduğundan bu prosedurun qanunsuz aparıldığını iddia edən şəxslər hüquqlarının məhkəmə müdafiəsini həyata keçirərkən inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmalıdırlar. Bununla bağlı həmçinin nəzərə alınmalıdır ki, özəlləşdirmə prosesinin özü də inzibati icraat qaydasında aparılan prosesdir. İnzibati orqanda aparılmış inzibati icraatın qanuniliyinin və əsaslılığının yoxlanılması isə inzibati məhkəmə icraatı qaydasında həyata keçirilməlidir. Ona görə də, iddiaçılar hazır ki tələblə bağlı mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaqla məhkəmə aidiyyəti qaydalarını pozmuş, məhkəmə isə bu hala diqqət yetirmədən işə prosessual qanunvericiliyin tələblərini pozmaqla mahiyyəti üzrə baxmışdır. Əslində isə iddiaçı əgər inzibati orqan tərəfindən aparılmış sənədləşdirmənin qanunsuz aparıldığını güman edirdisə, bu halda o, cavabdeh kimi özəlləşməni aparan orqana və üçüncü şəxs kimi Cavabdeh5 (Cavabdeh1 vərəsəsi) qarşı inzibati məhkəmədə iddia qaldırmalı idi. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli Qərarında (həmin Qərara xx xxxxxx 2020-ci il tarixdə edilmiş dəyişiklik nəzərə alınmaqla) məhkəmələrə izah olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır Reyestrdəki qeydiyyat inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətinin nəticəsidir. Odur ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldığından və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdiyindən, iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Lakin iddiaçılar ərizələrin və həmin ərizələr əsasında rəsmiləşdirilmiş rəsmi sənədlərin etibarsız hesab edilməsi ilə bağlı hazırki iddianı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparan orqana qarşı inzibati məhkəmə icraatı qaydasında deyil, mülki mühakimə icraatı qaydasında irəli sürmüş, məhkəmə isə iddiaya mahiyyəti üzrə baxaraq, yuxarıda qeyd olunan məhkəmə aktını qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 261.0.1. maddəsinə görə hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazıkı tələbə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməli, ərizələr və həmin ərizələr əsasında rəsmiləşdirilmiş rəsmi sənədlərin etibarsız hesab edilməsi ilə bağlı reyestri aparan dövlət orqanına qarşı aidiyyəti üzrə inzibati məhkəməyə iddia vermək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.4. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 261.0.1, 384.0.4, 391, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Quba rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh5 və Azərbaycan Respublikası ƏMDK-nın DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Cavabdeh3, Cavabdeh4nə qarşı ərizələrin və həmin ərizələr əsasında rəsmiləşdirilmiş rəsmi sənədlərin etibarsız hesab edilməsi tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. İddiaçılara izah edilsin ki, hazırki tələblə bağlı aidiyyəti üzrə inzibati məhkəməyə iddia vermək hüquqları vardır. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-737/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-737/2021
31.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver