Məhkəmə qərarları › İş №2(105)-741/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-741/2022

27.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-741/2022 27.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdeh və Cavabdeh2 nümayəndəsi Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(060)-8389/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddianın rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 17 fevral 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil vəsatətlə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 17 fevral 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və bunun nəticəsində əldə olunmuş hüquq verən sənədlərin etibarsız sayılaraq ləğv edilməsi, İddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 4/26, 38 saylı mənzilin üzərində mülkiyyət hüququnun bərpa edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 4/26-da yerləşən, 38 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi, azyaşlı uşağı ilə cavabdehlərin mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçı Əliyev Dilşad Cabir qızına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ilin noyabr ayında işlədiyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Sumqayıt şəhər şöbəsindən analıq məzuniyyətinə çıxaraq Türkiyə Respublikasına getmişdir. Məzuniyyətə çıxmağı ilə əlaqədar sosial ödənişlərin qardaşı Cavabdeh1 tərəfindən alınmasına dair ona etibarnamə vermişdir. Onun anası X2 22 fevral 2015-ci il tarixdə dünyasını dəyişmişdir. Qeydiyyatda olduğu həmin mənzili mərhum anası 11 fevral 2013-cü il tarixdə ona vəsiyyət etmişdir. Ailə vəziyyəti ilə əlaqədar və digər üzürlü səbəblərlə bağlı Azərbaycan Respublikasına gələ bilməmişdir. Nəhayət, 2021-ci ilin sentyabr ayının əvvəlində Sumqayıt şəhərinə gəlib mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 4/26-da yerləşən 38 saylı mənzilə daxil olarkən mənzildə qardaşı Cavabdeh1 tərəfindən təmir işlərinə başlanıldığının şahidi olmuşdur. Sonradan verilən məlumat və qısa müddətdə əldə etdiyi sənədlər əsasında öyrəndi ki, mənzil qardaşı Nadirin həyat yoldaşı Cavabdeh2 mülkiyyətinə verilibdir. 05 dekabr 2014-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 (şv.aze 13325118, Sumqayıt ŞPİ QŞVŞ-07.10.2013, FİN:6GJTH0G, d/t: xx.xx.1969) reyestrdə 7E- 12226 nömrə ilə qeyd olunmuş etibarnamənin ləğv edilməsi barədə Sumqayıt şəhəri 1 saylı notariat ofisinə ərizə vermişdir. O, mübahisəli mənzildə qeydiyyatda olmaqla mərhum anası ilə yaşamışdır. Həmin mənzil onun yeganə yaşayış sahəsidir. Mənzilə dair anasının vəsiyyətnaməsindən hətta onun sağlığında belə ailə üzvlərinin məlumatı olubdur. O, miras əmlakdan imtina etməmişdir. Qardaşı aldatma yolu ilə həmin mənzili faktiki olaraq ələ keçiribdir. Cavabdeh2 Cavabdeh1 ilə nikah münasibətlərindədirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozmaqla qəbul olunmuşdur. Məhkəmə qətnamə çıxararkən mülki iş üzrə dəlillərə və sübutlara düzgün qiymət verməmişdir. Qətnamə əsassız, ədalətsiz və qanunsuzdur. Məhkəmə gəldiyi nəticə üçün bütün faktiki halları aydınlaşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh və Cavabdeh2 nümayəndəsi Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə üçüncü şəxs Sumqayıt şəhəri 3 saylı notariat ofisinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini barəsində mübahisə edilən mənzilin İddiaçı adından çıxış edən Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanması barədə bağışlama müqaviləsi, habelə həmin müqavilə əsasında verilmiş hüquq verən sənədlərin etibarsız hesab edilməsinə heç bir hüquqi əsasın olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək bu nəticəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia tələbi bağışlama müqaviləsinin etibarsızlığı və bunun nəticəsində əldə olunmuş hüquq verən sənədlərin etibarsız sayılaraq ləğv edilməsi, mülkiyyət hüququnun bərpa edilməsi, cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsi, azyaşlı uşağı ilə cavabdehlərin mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya qaytarılması barədədir. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, X2 ölən günə kimi ona məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 4/26, 38 saylı mənzil Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 4/26, mənzil 38- də yaşayan qızı İddiaçı vəsiyyət etmişdir. X2 22.02.2015ci il tarixdə ölmüş, həmin mənzil iddiaçının mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Mülki Məcəllənin 359.1. maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1. maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir (Mülki Məcəllənin 362.2. maddəsi). Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz (Mülki Məcəllənin 359.3. maddəsi). Göründüyü kimi, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Həmin qaydalara görə təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Mübahisə predmeti təşkil edən mənzillə bağlı iddiaçıdan etibarnamə almış və etibarnaməni əldə etdikdən sonra iddiaçının etibarından sui-istifadə edərək aldadıb ondan əldə etdiyi etibarnamə əsasında mənzili arvadı iş üzrə Cavabdeh2 bağışlamışdır. Bununla da qanunvericiliyin yüxarıda qeyd edlilən tələblərini baxımından təmsilçi verilmiş etibаrnаmə üzrə özünün yоx, təmsil etdiyi şəxsin maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək vəzifəsi dаşıdığından, özünün maraqları daxilində deyil, təmsil edilənin maraqlarından hərəkət etmək səlahiyyətində olduğu halda bunu etməmişdir. Hаlbuki, bağışlama müqаviləsi iddiаçının yоx, məhz təmsilçinin və ailə üzvlərinin mаrаqlаrınа xidmət etmiş, iddiaçının mənafeyinə uyğun olmamışdır, bağlanan əqd iddiaçının iradəsinə zidd olmaqla, təmsil edən hətta bu barədə iddiaçıya məlumat verməmiş, yalnız 2021-ci ilin sentyabr ayında iddiaçı ölkəyə qayıtdıqdan sonra bu barədə məlumatı olmuş, bundan sonra hazırki iddianı qaldırmışdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Mülki Məcəllənin 339.2. maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır (Ə.Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.1., 337.2. maddələri). Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının özünün maddi vəziyyəti heç də yaxşı olmamış, onun "xxxx" ASC-yə borcu olmuş və müqavilə üzrə borcunu 21.09.2021-ci il tarixdə bağlamış, onun barəsində 31.07.2017-ci il tarixdə tətbiq edilmiş məhdudiyyət götürülmüşdür. Belə olan halda iddiaçının mülkiyyətində olan mənzili əvəzsiz olaraq qardaşı arvadına bağışlaması inandırıcı görünmür. Mülki Məcəllənin 666.1. maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır (Konstitusiya Məhkəməsi Plenumunun 19.12.2012-ci il tarixli qərarı). Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisəli mənzilin bağışlanılması müqaviləsi iddiaçının iradə ifadəsinin olmaması, aldadılaraq bağlanması öz təsdiqini tapdığından, müqavilənin etibarsızlığı tələbi əsaslı hesab olduğundan iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin çıxarışın ləğv edilməsi və mənzil üzərində mülkiyyət hüququnun bərpa edilməsi hissəsinə gəldikdə isə hesab edir ki, qeyd olunan çıxarış bağışlama müqaviləsi əsasında verildiyindən və həmin müqavilə də məhkəmə kollegiyası tərəfindən etibarsız hesab edildiyindən, iddia tələbi bu hissələrdə də təmin edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 4/26-da yerləşən, 38 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi, azyaşlı uşağı ilə birlikdə mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçıya qaytarılması hissəsinə gəldikdə isə qeyd edir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi hissəsində təmin edildiyindən, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə etmələri iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından, bu hissədə də iddia tələbi təmin edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 17 fevral 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh2 adına İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 21.02.2020-ci il tarixli çıxarış ləğv edilsin. İddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 4/26, 38 saylı mənzilin üzərində mülkiyyət hüququnun bərpa edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 4/26da yerləşən, 38 saylı mənzilə istifadə hüquqlarına xitam verilsin, azyaşlı uşağı ilə birlikdə mənzildən çıxarılsın, mənzil boşaldılaraq iddiaçı Əliyev Dilşad Cabir qızına qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar