Məhkəmə qərarları › İş №2(105)-747/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-747/2022

15.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-747/2022 15.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(012)-4187/2021 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2017-ci il tarixli müqavilənin və həmin tarixli kassa mədaxil orderi qəbzinin etibarsız hesab edilməsi, əmlakın sahibliyə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 19.03.2020-ci il tarixli, 2(012)-1698/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması tələbinə dair işin icraatına xitam verilmişdir. Həmin qərardaddan İddiaçı şikayət vermiş, Abşeron Rayon Məhkəməsinin 17.04.2020-ci il tarixli, 2(012)-1698/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 02.06.2020-ci il tarixli, 2(105)-1890/2020 saylı qərardadı ilə Abşeron rayon Məhkəməsinin 19.03.2020-ci il tarixli, 2(012)-1698/2020 saylı qərardadı ləğv olunmuş, şikayət təmin olunmuş, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli, 2(012)-1698/2020 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı iddia tələbi 25 yanvar 2017-ci il tarixli kassa mədaxil orderi qəbzinin etibarsız hesab edilməsi, əmlakın sahibliyə qaytarılması hissəsində təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli, 2(012)- 1698/2020 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı iddia tələbi üzrə 25 yanvar 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində işin icraatına xitam verilmişdir. İddiaçı MMC Abşeron Rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli, 2(012)-1698/2020 saylı qətnaməsindən apellyasiya şikayəti və qərardadından şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2(012)-1698/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 02.12.2020-ci il tarixli, 2(105)-3200/2020 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli və onunla bağlı 21 oktyabr 2020-ci il tarixli qərardadları ləğv edilmiş, İddiaçı MMC-nin Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair hissədə işə tərəflərin iştirakı təmin edilməklə məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2(012)-4187/2021 saylı qərardadı ilə iddia ərizəsinin 25 yanvar 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair hissəsində işin icraatına xitam verilmişdir.(hakim H.Əhmədov) Qərardaddan yenə də İddiaçı MMC şikayət vermiş, Abşeron Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(012)-4187/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə iddiaçı qərardaddan verdiyi şikayəti bununla əsaslandırmışdır ki, qərardad qanunsuzdur. Məhkəmə öz qərardadının 2-ci vərəqində qeyd etmişdir ki, məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün iddia ərizəsinin 25.01.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsindəki tələb üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edildi ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 17.04.2019-cu ıl tarixli, 2(004)- 493/2019 saylı qətnaməsinə əsasən İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və X1 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair ilk iddia ərizəsi iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı cavabdehin üzərinə müqavilə bağlanması vəzifəsinin qoyulması tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 10.04.2019cu il tarixli, 2(103)-4560/2019 saylı qətnaməsinə əsasən apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.04.2019-cu il tarixli, 2(004)- 493/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə əvvəlki qərardadları kimi hazırki qərardadı da qəbul edərkən nəzərə almamışdır ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia qaldırmasının qeyd olunması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.04.2019-cu il tarixli, 2(004)-493/2019 saylı qətnaməsinin olması, ilk və qarşılıqlı iddiaların rədd olunması, apellyasiya şikayətlərinin təmin olunmaması iddia ərizəsinin 25.01.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair hissəsində iddia icraatına xitam verilməsi üçün əsas ola bilməz. Məhkəmə nəzərə almamışdır ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər bu günədək iddiaçıya təqdim olunmamasına görə iddiaçı həmin sənədlərlə tanış olaraq öz arqumentlərini məhkəməyə bildirmək hüququndan məhrum olmuşdur. Bununla da məhkəmə Mülki Prosessual Məcəllənin 167-ci maddəsinin tələblərini pozmuşdur. İddiaçı MMC 30.09.2020-ci il tarixli, 2(012)-1698/2020 saylı qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə öz qərardadında yenə də göstərmişdir ki, eyni tərəflər, arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Məhkəmə qərardad qəbul edərkən nəzərə almamışdır ki, əslində iddia tələbi üzrə hazırki işdə eyni tərəflər arasında, eyni əsaslarla mübahisə həll edilmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmış iş üzrə tərəflər fərqli və tələb başqa olmuşdur ki, bu da hazırki iş üzrə məhkəmə qərardadından və iddia tələbindən də görünür. Digər tərəfdən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində Cavabdeh İddiaçı MMC-yə qarşı cavabdehin üzərinə müqavilə bağlanması vəzifəsinin qoyulması tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd olunmuş və Bakı Apellyasiya Məhkəməsinin 10.04.2019-cu il tarixli, 2(103)-4560/2019 saylı qətnaməsinə əsasən onun apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə iddia ərizəsinin 25.01.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair hissəsində iddia icraatına xitam verilməsi qərarına gələrkən nəzərə almamışdır ki, iddiaçı əqdin etibarsız hesab edilməsi tələbi ilə yanaşı əmlakın sahibliyə qaytarılması tələbini də irəli sürmüşdür. Məhkəmə aktında qeyd edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında həmin qeyri-yaşayış sahəsinə dair 25.01.2017-ci il tarixli, 148 saylı müqavilənin bağlanması qeyri-yaşayış sahəsinin dəyərinin Cavabdeh tərəfindən tam ödənilməsi deməkdir və bu, iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdeh qeyd edilən qeyriyaşayış sahəsi ilə bağlı İddiaçı MMC-yə pul ödəməmişdir. Cavabdehin qeyri-yaşayış sahəsi ilə bağlı pul ödəməməsi barədə kifayət qədər sübutlar var, hətta bunu şahidlər də təsdiq edə bilərlər. Əslində məhkəmə həmin sübutları hərtərəfli və dəqiq araşdırmaqla və onlara qiymət verməklə müəyyən edə bilərdi ki, cavabdeh tərəfindən iddiaçıya hər hansı vəsait ödənilməmişdir. Belə olan halda, Cavabdeh adına yazılmış 25.01.2017-ci il tarixli kassa mədaxil orderinin qəbzi etibarsızdır, buna görə də 25.01.2017-ci il tarixli, 148 saylı müqavilənin də özü-özlüyündə etibarsızlığı müəyyən edilir. Bakı Apellyasiya Məhkəməsinin 10.04.2019-cu il tarixli, 2(103)- 4560/2019 saylı qətnaməsi də bunu sübut edir. Sumqayıt Apellyasiya Məhkəməsinin 02.12.2020-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki, əqdin etibarsız hesab edilməsi tələbinə dair hissədə qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Lakin yenə də birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri nəzərə almayaraq iddia icraatına xitam verilməsi nəticəsinə gəlmişdir. Məhkəmə iddia ərizəsinin 25.01.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair hissəsində iddia icraatına xitam verərkən nəzərə almamışdır ki, İddiaçı (əvvəlki "xxxx" MMC) Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında Cəmiyyətin ünvan 1 ünvanında inşa edilən yaşayış binasının A və B bloku üzrə 2-ci üst mərtəbəsindəki ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən yeri təşkil edən qeyri-yaşayış sahəsinin tikintisi haqqında 25.01.2017-ci il tarixli müqavilə girovun təminatı olaraq onun adına yazılmışdır. Müqavilə ilə yanaşı Cavabdeh adına onun həmin qeyri-yaşayış sahəsinə görə "xxxx" MMC-yə qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməsi barədə 25.01.2017-ci il tarixli kassa mədaxil orderinin qəbzi də yazılaraq verilmişdir. Formal olaraq Cavabdeh adına müqavilə və kassa mədaxil qəbzinin orderi yazılsa da, faktiki olaraq Cavabdeh tərəfindən "xxxx" (hazırkı İddiaçı) MMC-yə pul ödənilməmişdir. Razılaşma və girovun şərtlərinə görə torpaq üçün pullar tam şəkildə ödənildikdən sonra, girova qoyulan mənzil və qeyri-yaşayış sahəsinə dair cavabdehin adına yazılmış 25.01.2017-ci il tarixli müqavilə və həmin tarixli kassa mədaxil qəbzinin orderinin əsli, o cümlədən mənzilə dair sənədlər Cavabdeh tərəfindən Cəmiyyətə qaytarmalı idi. Lakin şirkət rəhbərliyi tərəfindən torpaq sahəsinin dəyəri tam ödənilsə də, cavabdeh mərhum Əlimurad Əliyevə yalan məlumat verərək bildirmişdir ki, guya şirkət rəhbərliyi tərəfindən torpaq sahəsinin dəyəri ödənilməmişdir. Məlum olmuşdur ki, şirkət tərəfindən ödənilən vəsait cavabdeh tərəfindən mənimsənilmişdir. Məhkəmə yenə də iddia ərizəsinin 25.01.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair hissəsində iddia icraatına xitam verərkən nəzərə almamışdır ki, Yasamal rayon Prokurorluğunda aparılan araşdırma zamanı cavabdeh tərəfindən pulun mənimsənilməsilə bağlı göstərilənlər öz təsdiqini tapmışdır. Şirkət tərəfindən torpaq sahəsinin dəyəri tam şəkildə mərhum Əlmurad Əliyevə ödənilsə də, Cavabdeh Əlimurad Əliyevin həyatda olmamasından istifadə edərək bu günədək girov kimi yazılmış qeyri-yaşayış sahəsinə dair sənədləri Cəmiyyətə qaytarmamışdır. Cavabdeh müqavilənin və kassa mədaxil qəbzinin orderinin ləğv olunması və həmin sənədlərin əslini qaytarılması barədə xəbərdarlıq olunsa da və ona bu barədə bildiriş göndərilsə də cavabdeh göstərilən sənədləri geri qaytarmamış və bundan imtina etmişdir. 25.01.2017-ci il tarixli müqavilə və həmin tarixli kassa mədaxil orderinin qəbzinin əsli cavabdehdə qaldığı üçün cavabdeh bu fürsətdən istifadə edərək sənədləri iddaçıya qaytarmamaqla göstərilən əmlakı əldə edərək əsassız varlanmaq niyyətinə düşmüşdür. Göründüyü kimi, qeyri-yaşayış sahəsi üçün pul ödəmədiyindən müqavilə və kassa mədaxil orderini qəbzinin başqa əqdi pərdələmək və görünüş üçün bağlandığından həmin sənədlər etibarsız hesab edilməlidir. Belə olan halda, məhkəmənin iddia ərizəsinin 25.01.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair hissəsində iddia icraatına xitam verməsi əsassız və qanunsuzdur. Bu hallara düzgün qiymət verilmədiyindən qərardad ləğv edilməli, işə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyası AR MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2(012)-4187/2021 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 17.04.2019-cu il tarixli, 2(004)-493/2019 saylı qətnaməsinə əsasən İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və X1 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair ilk iddia ərizəsi, Cavabdeh İddiaçı MMC-yə qarşı cavabdehin üzərinə müqavilə bağlanması vəzifəsinin qoyulması tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 10.04.2019-cu il tarixli, 2(103)-4560/2019 saylı qətnaməsinə əsasən apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 17.04.2019-cu il tarixli, 2(004)-493/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamələrdən görünür ki, İddiaçı MMC məhkəmədən Cavabdeh ilə bağlanmış 25 yanvar 2017-ci il tarixli, 148 saylı müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin hazırkı iddia ərizəsindən isə görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2017-ci il tarixli müqavilənin və həmin tarixli kassa mədaxil orderi qəbzinin etibarsız hesab edilməsi, əmlakın sahibliyə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdən görünür ki, tələbin digər hissələri üzrə məhkəmə aktları qəbul edilmiş, iddianın 25 yanvar 2017-ci il tarixli müqavilənin etibarsızlığı hissəsində isə işin icraatına xitam verilmişdir. AR MPM-nin Azərbaycan Respublikası MPM-nın 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası işin bu hissədə icraatına xitam verilməsi barədə məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, bu mövqe göstərilən normanın tələbinə tamamilə uyğundur. Belə ki, işdən görünür ki, artıq Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin hazırki iddia tələbinin əqdin etibarsız hesab edilməsi hissəsinə dair eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qüvvəyə minmiş qətnaməsi vardır və buna görə də qanunvericiliyin tələbinə əsasən işin icraatına bu hissədə xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2017-ci il tarixli müqavilənin etibarsızlığı məsələsi məhkəmə iclasında araşdırılmış və bu əqdin etibarsızlığı üçün heç bir əsas olmadığından iddia rədd edilmişdir. Yenidən bu əqdin etibarsızlığını məhkəmə qaydasında araşdırmaq isə MPM-nin 261.0.2-ci maddəsinə ziddir. Beləliklə də, məhkəmə kollegiyası qeyd olunan normalar əsasında mülki işin materiallarını əlaqəli şəkildə araşdırarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq işin icraatına həmin hissədə xitam verilməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən qanunvericiliyin tələbləri düzgün qiymətləndirilmiş, prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Barəsində şikayət verilmiş məhkəmə qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası MPM-nin 398.0. və 398.0.1. maddələrinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2(012)-4187/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.1, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2(012)- 4187/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad rəsmi qaydada təqdim ediləndən 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar