Məhkəmə qərarları › İş №2(105)-755/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-755/2021

18.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-755/2021 18.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X7, iddiaçı X33, onun nümayəndəsi və vəkili X27, Cavabdeh, nümayəndəsi və vəkili X14 iştirakı ilə Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(028)-346/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(028)-346/2020 saylı qətnaməsi ilə (hakim V.Y.Ruvinov) iddiaçılar X33, İddiaçı2, X21, X28, X11 Sumqayıt şəhəri, 4 saylı X20 Einollah tərəfindən Cavabdeh verilmiş xx.xx.2017-ci il tarixli, 560267 saylı etibarnamənin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmiş, Azimi Einollaha məxsus ünvan 1-nin X15 bağışlanması haqqında Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda bağlanmış xx xxxxx 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilmiş və həmin müqaviləyə əsasən X12 adına ünvan 1-yə dair verilmiş çıxarış ləğv edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(028)-346/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçılar X33, İddiaçı2, X21, X28, X22 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianı onunla əsaslandırmışlar ki, mərhum Azimi Einollah İddiaçı2 əri və X33, X21, X28, X11 atası olmuşdur. Azimi Einollah İddiaçı2 ilə xx.xx.1979-cu il tarixdən ömrünün sonuna qədər nikahda olmuşdur.Buna baxmayaraq Azimi Einollah Azərbaycan Respublikasında X6 ilə faktiki nikah münasibətində olmuş və onların xx.xx.2002-ci il tarixdə X23 adlı uşaqları doğulmuşdur. Azimi Einollah 2007-ci il tarixdə ünvan 1-ni almış və ona xx.xx.2007-ci il tarixli ********* saylı çıxarış verilmişdir.Sonradan həmin çıxarış xx.xx.2018-ci il tarixli ********** saylı çıxarışla əvəz edilmişdir. Azimi Einollahın səhhətində problemlər yaranmışdır. O, onkoloji xəstəlikdən əziyyət çəkirdi.2017-ci ilin ortalarından başlayaraq onun şüurunda da problemlər əmələ gəlmişdir. O, öz hərəkətlərinin mənasını başa düşmürdü. Cərrahiyyə əməliyyətindan sonra - 2017-ci ilin dekabrında X41 diaqnozu ilə X34 şəhərində müalicə olunmaq üçün həkim Mohammad Fotouhiyə müraciət etmişdir. Onun üzərində müalicə aparılmış, ağ ciyər infeksiyasi və kəskin nəfəs darlığı ilə yanaşı həmçinin həkim tərəfindın şüurunun arabir dayanması diaqnozu da qoyaraq “Arad” xəstəxanasına yerləşdirilmişdir. Müalicələrin təsiri olmamış və Azimi Einollah xx xxx 2018ci ildə vəfat etmişdir. 2019-cu ilin oktyabr ayında Azimi Einollahın vərəsələri arasında əmlakların bölünməsi məsələsini həll etmək istəyən zaman onlara məlum olmuşdur ki, mərhum Azimi Einollah xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda Cavabdeh 560267 saylı etibarnamə vermiş və Cavabdeh da həmin etibarnaməyə əsasən ünvan 1-ni xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən X16 bağışlamışdır. Azimi Einollah tərəfindən xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhəri, 4 saylı X8 Nicat Novruz oğluna verilmiş 560267 saylı etibarnamə etibarsız hesab edilməlidir. Belə ki, xx.xx.2017-ci il tarixdə Azimi Einollah psixi durumunda olan problemlərə görə öz hərəkətlərinin mənasını başa düşmürdü. Belə olan halda onun verdiyi etibarnamə qanuni sayıla bilməz. X35 psixi cəhətdən heç bir problemi olmasaydı, o, Cavabdeh etibarnamə verməzdi. ünvan 1-ni də Azimi Einollah İddiaçı2 ilə nikahda olduğu vaxtda alıb. Bu səbəbdən də həmin bağ evi Azimi Einollah ilə İddiaçı2 bərabər paylı mülkiyyəti sayılır. Belə olduğu halda həmin bağ evinin bağışlanması üçün İddiaçı2 razılıq ərizəsi alınmalı idi. Novruzov X30 Einollaha məxsus ünvan 1-nin X15 bağışlanması haqqında xx xxxxx 2018-ci il tarixli müqaviləyə imza atmamışdan əvvəl Sumqayıt şəhəri, 4 saylı notariat kontoruna təqdim etdiyi xx xxxxx 2018-ci il tarixli ərizəsində bildirir ki, “ünvan 1 ünvanda yerləşən bağ evinin sahibi Azimi Einollahı tanıyıram, subaydır, ailəli deyil. Gələcəkdə bu barədə hər hansı bir mübahisə yaranarsa onun həllini və məsuliyyətini öz üzərimə götürürəm”. Buradan da görünür ki, Cavabdeh notariat kontoruna yalan məlumat verərək notariusu aldatmışdır. Cavabdeh X3 tapşırığına əsasən Azimi Einollahın bu vəziyyətindən istifadə edərək onu notariat kontoruna apararaq ondan etibarnamə almışdır. X35 psixi vəziyyəti normal olsaydı və o, ünvan 1-ni oğluna bağışlamaq fikri olsaydı, notariat kontoruna gedən zaman Cavabdeh etibarnamə vermək əvəzinə evi özü X16 bağışlayardı. Buradan da görünür ki, Cavabdeh Azimi Einollahın psixi problemindən istifadə edərək onu aldadıb, ondan etibarnamə almışdır. Bundan əlavə X25.O, Azərbaycan dilində oxuyub yazmağa bacarmırdı. Bu səbəbdən, eləcə də psixi pozğunluq səbəbindən Sumqayıt şəhəri, 4 saylı X8 Nicat Novruz oğluna etibarnamə verən zaman həmin sənəddə nələrin yazılmasını, hansı səlahiyyətlərinin etibar edildiyini də bilə bilməzdi. Ona görə də, Sumqayıt şəhəri, 4 saylı X20 Einollah tərəfindən Cavabdeh verilmiş xx.xx.2017-ci il tarixli, 560267 saylı etibarnamənin etibarsız hesab edilməsi və Azimi Einollaha məxsus ünvan 1-nin X15 bağışlaması haqqında Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda bağlanmış xx xxxxx 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən X12 adına ünvan 1-yə dair verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qubadlı Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1-ci maddəsinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.5, 32.1, 32.2.2-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 9.1, 88, 218.1-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçılar İddiaçı2 Azimi Einollahın arvadı olduğunu bildirsələr də, bu faktı təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edməmişlər. Bundan başqa iddiaçı tərəf ünvan 1 ünvanında yerləşən bağ evinin ər, yaxud arvadın vəsaiti hesabına əldə edildiyini təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Əksinə mübahisəli bağ evi Azimi Einollahın mülkiyyətinə formal olaraq keçmişdir və Azimi Einollah həmin əmlakı əldə edərkən hər hansı bir vəsait ödəməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, nümayəndəsi və vəkili X29 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı X33, onun nümayəndəsi və vəkili X27 apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdilər. Cavabdeh 4 saylı notariat kontoru məhkəmə kollegiyasına ərizə ilə müraciət edib, mülki işə notariat kontorunun nümyəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçılar İddiaçı2, X21, X28, X22 və cavabdeh X15 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü olması barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçılar İddiaçı2, Z.E.Azimi, E.E.Azimi, L.E.Azimi və cavabdeh Ə.E.Əziminin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə işirak edən şəxlərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialına əlavə edilmiş xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin kserosurətindən görünür ki, satıcı X2 Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş arayışa əsasən, bir otaqlı, ümumi sahəsi-45,52 kv.m., yaşayış sahəsi - 20,0 kv.m., köməkçi sahəsi - 25,52 kv.m. olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən ev 137 V nömrəli bağ evini alıcı X4 mülkiyyətinə verir, 0,159 ha torpaq sahəsini isə alıcının istifadəsinə verir. Satıcı bağ evini 15000 (on beş min) manata satdı, Alıcı isə həmin qiymətə aldı. Alıcı 15000 (on beş min) manat “Standart Bank”ın Sumqayıt filial vasitəsilə satıcıya tam ödədi, satıcı isə həmin məbləği almaq üçün dövlət notariusdan bank çekini qəbul etdi. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın kserosurətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində istifadəsində olan 0,159 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 20 kv.m yaşayış, 25,52 kv.m köməkçi sahədən ibarət 137 V nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə Əzimi Eynullanın adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmışdır. Sumqayıt şəhəri, 4 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli etibarnamənin kserosurətindən görünür ki, etibar edən Azimi Einollah etibar edilənə Cavabdeh Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında 0,159 ha olan torpaq sahəsində yerləşən 1 otaqlı 137 V nömrəli bağ evinə sərəncam verməyi və etibarnamədə nəzərdə tutulmuş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar diqər hərəkətləri etməyi etibar edir. Cavabdeh tərəfindən Sumqayıt şəhəri, 4 saylı Notariat Kontoruna təqdim etdiyi xx.xx.2018-ci il tarixli ərizəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi,ev 137 V ünvanında yerləşən bağ evinin sahibi Azimi Einollahı tanıyıram, subaydır, ailəli deyil. Gələcəkdə bu barədə hər hansı bir mübahisə yaranarsa, onun həllini və məsuliyyətini öz üzərinə götürür. Sumqayıt şəhəri, 4 saylı notariat kontoru təsdiq edilmiş xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin kserosurətindən görünür ki, hədiyyə verən - Azimi Einollah hədiyyə alan X17 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 167.1 kv.m. olan bağ evinin tam mülkiyyət üzrə ona məxsus hissəsini “hədiyyə alanın” mülkiyyətinə verir. İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Konsulluq şöbəsi tərəfindən verilmiş və tərcümə edilmiş şəxsiyyət sənədinin kserosurətindən görünür ki, xx.xx.1956-ci il tarixdə doğulmuş X26 evlidir. Həyyat yoldaşı - Rugayyeh. Nikah tarixi xx.xx.1979.Uşaqlarının adı- Zəhra, Rza, Leyla, Əli və Abbas.Ölüm tarixi xx.xx.2018 İran İslam Respublikası, Tehran şəhəri 1271 №-li X32 tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli tərcümə olunmuş etibarnamədən görünür ki, etibar edən Zahra Azimi, Reza Azimi, Roghıeh Hassanzadeh, Leila Azimi etibar edilənə Ali Azimiyə Azərbaycan Respublikasında məhkəmə orqanlarına müraciət etməyi və etibarnamədə nəzərdə tutulmuş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar diqər hərəkətləri etməyi etibar edir. Tehran şəhərində fəaliyyət göstərən həkim Mohammad Fotouhi tərəfindən verilmiş və tərcümə olunmuş arayışdan görünür ki, Eynollah Azimi X41 diaqnozu ilə xx.xx.2017-ci il tarixində cərrahiyyə əməliyyətından sonra müalicə üçün ona müraciət edib, kimoterapiya və radioterapiya ilə müalicəsi davam etdi, ancaq xəstənin üzərində müalicələr təsir göstərmədi və bir neçə dəfə müalicənin təkrarından sonra xx xxx 2018-ci il tarixində ağciyər infeksiyasi və kəskin nəfəs darlığı, eyni halda şüurunun aradabir dayanması diaqnozu ilə Arad xəstəxanasına yerləşdirilmişdir. Ancaq müalicələr təsir etməyib və xx xxx 2018-ci il tarixində kəskin nəfəs çatışmamağı səbəbi ilə xəstəxanada vəfat etmişdir. İran İslam Respublikası Ədliyyə Nazirliyi Ölkənin Əmlak və X9 Yanında VVAQ İdarəsi tərəfindən verilmiş X5 tərcümə olunmuş kserosurətindən görünür ki, xx.xx.1956-cı il tarixdə anadan olunmuş Eynollah Azimi və xx.xx.1961-ci il tarixdə anadan olunmuş İddiaçı2 xx.xx.1979-cu ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında 931 reyestr nömrəsi verilmişdir. İran İslam Respublikası Daxili İşlər Nazirliyi VVADQ İdarəsi tərəfindən verilmiş X10 tərcümə olunmuş kserosurətindən görünür ki, xx.xx.1956-cı il tarixdə anadan olunmuş Eynollah Azimi xx.xx.2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 374244 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ünvan 4 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda göstərilir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 137 V nömrəli bağ evi X12 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli xx xxx 2018-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Hazırki işdə etibarnamənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcüd deyil. Azərbaycan Respublikası MM-in 324.3-cü maddəsinə əsasən, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqdir. Etibarnamə birtərəfli əqdir. Qanunvericilikdə etibarnamə verilməsi müqabilində digər tərəfin hər hansı öhdəliyi öz üzərinə götürülməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MM-nin 327-ci maddəsinə əsasən birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. «Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsinin Plenumu x xxxx 2016-cı il tarixli qərarında göstərilir ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir.Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Belə olan halda nəzərə alınmalıdır ki, etibarnamə verilərkən təmsil edilənin bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və təmsilçinin özünün maraqları daxilində deyil, təmsil edilənin maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinə əsasən notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər.Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır.Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda, onun səlahiyyəti yoxlanılmalıdır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 40-ci maddəsinə əsasən hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs müraciət etdikdə notarius və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər notariat hərəkətləri aparmaqdan imtina etməlidir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 46-ci maddəsinə əsasən, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. İş materiallarından görünür ki, Azimi Einollah xx.xx.1979-cu il tarixdə Rugayyeh ilə ailə qurmuş və həmin nikahdan onların uşaqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1-cı maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. İş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixdə Azimi X1 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 167.1 kv.m. olan bağ evinin bağışlayarkən xx.xx.1979-cu il tarixdən nikahda olan Rugayyehin notariat qaydasında təsdiq edilmiş razılığı alınmamışdır. Cavabdeh Sumqayıt şəhəri, 4 saylı notariat kontoruna təqdim etdiyi xx.xx.2018-ci il tarixli ərizəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən bağ evinin sahibi Azimi Einollahı tanıyır, subaydır, ailəli deyil. Gələcəkdə bu barədə hər hansı bir mübahisə yaranarsa, onun həllini və məsuliyyətini öz üzərinə götürür. Lakin iş materiallarından görünür ki, Azimi Einollah evlidir və onun uşaqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.3-cü maddəsinə əsasən şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. İddia ərizəsində iddiaçılar Eynollah Aziminin xx.xx.2017-ci il tarixli etibarnaməni məhz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346-cu maddəsində nəzərdə tutulmuş halların təsiri altında verilməsini təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlanma müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. İş materiallarından görünür ki, hədiyyə verən Azimi Einollah tək ona mənsub əmlakı deyil, öz arvadı Rugayyeh birgə nikah dövründə əldə edilmiş və birgə mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən bağ evini hədiyyəalana bağışlamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Hec kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər.Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edib, Azimi Einollaha məxsus ünvan 1-nin X15 bağışlanması haqqında Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda bağlanmış xx xxxxx 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilərək, həmin müqaviləyə əsasən X12 adına ünvan 1-yə dair verilmiş çıxarışın ləğv edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmiş, apelyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(028)-346/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar