Məhkəmə qərarları › İş №2(105)-758/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-758/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-758/2024 22.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakı ilə, Zəngilan Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, e-2(034)-558/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alınmış mallara görə 881.21 manat ödənilməmiş hissə, 88.79 manat cərimə borcu olmaqla, cəmi 970 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh mallar almış və nəticədə 970 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 1922.64 manat (yəni 24 ay x 80.11 manat + 0 manat ilkin ödəniş) Amerıcano – X2-Yataq-Çarpayı-Bazalı Matrstandart üçün ümumilikdə, 970 manat olmaqla, ondan 881.21 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 88.79 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1041.43 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış ilə xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Zəngilan Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, e-2(034)-558/2023 nömrəli qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 881.21 manat ödənilməmiş hissə, 20 manat cərimə borcu olmaqla, cəmi 901.21 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1922.64 manat olan Americano–Yumsaq, Themza Yasin-Yataq-Çarpayı-Bazalı Matr-Standartdan ibarət malları cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 80.11 manat olmaqla, 24 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Bununla da MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1041.43 manat təşkil edir. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən göründüyü kimi, cavabdehin aldığı əşyalara görə İddiaçı MMC-yə xx.xx.2021ci il tarixli müqaviləyə əsasən 881.21 manat ödənilməmiş hissə, 88.79 manat cərimə borcu olmaqla, cəmi 970 manat məbləğində borcu yaranmışdır. MMC-nin xx.xx.2021-ci il tarxli müqaviləyə əsasən ödənilməmiş 881.21 manat məbləğində borc üçün tələb etdiyi 88.79 manat məbləğində cərimə borcu tənasübsüz surətdə yüksəkdir. Odur ki, məhkəmə MMCnin tələb etdiyi xx.xx.2021-ci il tarixli müqavilə üzrə 88.21 manat dəbbə pulu azaldılaraq 20 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir.

6. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxmış, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 600, 601, MPM-in 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(105)-758/2024 nömrəli qərardadı ilə mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, e-2(034)-558/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxılması qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, e-2(034)-558/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Şikayətin dəlilləri:

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən işin bütün faktiki hallarını araşdırmamış, yataq carpayı-divanın yararsız olmasını, iddiaçının nümayəndələrinin gəlib həmin divandakı nasazlıqları aradan qaldırmaları üçün apardıqlarını, bir müddət nasazlığı aradan qaldırmayaraq həmin divanı yenidən qaytardıqlarını, həmin kredit müqaviləsi üzrə məbləğın yarısından coxunu ödədiyini nəzərə almamış, nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Hesab edir ki, cavabdehə qarşı tələb hüququna malik olan kreditor müqavilədən irəli gələn hüquqlarını tələb edərkən öz hərəkətləri ilə şüurlu şəkildə onun həddindən artıq əlverişsiz şəraitə düşməsinə, müflis olmasına şərait yaratmışdir. Məhkəmə iclasında iştirak etmədiyi üçün bir ilə yaxın ödəniş etdiyini, divanın yararsız olmasını bildirmək imkanından məhum olmuş və məhkəmə mühüm əhəmiyyəti olan bütün bu faktiki halların aydınlaşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. İddiaçı təşkilat tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 2021-ci ilin dekabr ayında divan almış, bundan təxminən bir ay sonra həmin divanın qüsurlu olduğu məlum olmuşdur. Belə ki, açılıb-bağlanma funksiyasına malik olan həmin divanı açdığı zaman bir hissəsi diskdən ayrılmış və yerə düşmüşdür. Mebelin vəziyyətinə dair görüntülər məhkəməyə təqdim etdiyi diskdə öz əksini tapmışdır. Hadisə baş verdikdən sonra servislə 6060 nömrəsi vasitəsilə əlaqə saxlamış, servisin əməkdaşları gəlmiş və bildirmişlər ki, bu məhsulda saxlama mexanizmi yoxdur. Bundan sonra divanı təhvil almış və on üç gün müddətində servisdə saxlamışlar. Daha sonra mebel təhvil verilmiş və onun hələ də qüsurlu olduğu məlum olmuşdur. Belə ki, açıldıqda bir hissə yenə ayrılıb yerə düşmüşdür. Bu məsələ ilə bağlı bir neçə dəfə baş ofisə getmiş, zəng vasitəsilə müraciət etmişdir. Buna görə də özü usta gətirib, divanı təmir etdirmiş və 100 manat ödəmişdir. Buna görə də Zəngilan Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(034)-558/2023 qətnaməsinin ləğv edilməsi və iddanın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, hadisə bilavasitə mebeldən istifadə qaydalarının pozulması nəticəsində baş vermişdir. Əməkdaşlar tərəfindən məhsul quraşdırılıb təhvil veriləndə cavabdehə divandan istifadə qaydaları izah olunmuşdur. Həmçinin cavabdeh mebelin qüsurlu olması ilə əlaqədar müraciət edəndə ona mebelin fabrik qüsurlu olmadığı və hadisənin istifadə qaydalarının pozulması nəticəsində baş verdiyini bildirmişdirlər. Bununla yanaşı servis və tədarükçü tərəfindən iki dəfə istisna hal kimi xidmət göstərildiyi üçün sənədləşmə olmamışdır. Hazırda güzəşt olaraq, zəmanət üçün ödənilməli olan 91,44 manat məbləği güzəşt etməklə, apellyasiya şikayətinin həmin hissədə təmin edilməsinə etiraz etmirlər. Digər hissədə isə apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş edir.

İşdə olan sübutlar

13. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1922.64 manat olan amerıcano–yumsaq, themza yasin-yataqçarpayı-bazalı matr-standart cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 80.11 manat olmaqla, 24 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.

14. İddia ərizəsinə əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən göründüyü kimi, cavabdehin aldığı əşyalara görə İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 881.21 manat ödənilməmiş hissə, 88.79 manat cərimə borcu olmaqla, cəmi 970 manat məbləğində borcu yaranmışdır.

15. İş materiallarına əlavə edilmiş videogörüntüdən görünür ki, iddiaçı alınmış divanda qüsurları qeyd etməklə, alınmış malın keyfiyyətindən narazılıq edir.

16. Servis rəyindən görünür ki, Cavabdeh Mehdiqulu oğlu divanın mexanizmində qüsurun olmasını, şurupların açılıb tökülməsi il bağlı iddiaçıya müraciət etmiş, onun müraciətinə əsasən divana baxış keçirilmiş və müştəri məmnuniyyətinə əssən zəmanətlə təmir edilmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 582.2. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 614.1. Pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. 624.1. Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: 624.1.1. keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.1.2. alış qiyməti mütənasib surətdə azaldılsın; 624.1.3. malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; 624.1.4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin.

18. Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

19. Məhkəmə kollegiyası tərəfindən Zəngilan Rayon Məhkəməsinin 31 oktyabr 2023cü il tarixli, e-2(034)-558/2023 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, e-2(034)-558/2023 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 689,77 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.

21. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1922.64 manat olan mebel dəstləri cavabdeh tərəfindən alınmış, lakin alınmış mebellərdən divanda müəyyən qüsurlar olmuş, həmin qüsur iddiaçı tərəfindən bir dəfə aradan qaldırılsa da, yenidən meydana çıxmış və cavabdeh öz imkanları vasitəsi ilə həmin qüsur aradan qaldırmışdır. Halbuki, iddiaçı tərəfindən iki illik qarantiya müddəti müəyyən edilməklə, 91,44 manat ödəniş hesablanmışdır. İddiaçının nümayəndəsi də məhkəmə iclasında apellyasiya şikayətini həmin hissədə qəbul etməklə, məbləğin həmin hissədə azaldılmasına etiraz etməmişdir. Həmçinin, cavabdehin öhdəliyi lazımınca icra etməməsi alınmış malın lazımı keyfiyyətdə olmaması, yaranmış qüsurun isə satıcı tərəfindən aradan qaldırılmaması ilə bağlı olmuşdur ki, iddiaçı tərəfindən öhdəliyin icra edilməməsinə görə əlavə cərimə məbləğləri tələb etməsi də əsassız olmuşdur. Buna görə də alınmış malın dəyərinin ödənilməməsinə görə hesablanmış cərimə, qarantiya üçün ödənilmiş 91,44 manat haqq və maldakı qüsurun aradan qaldırılması üçün cavabdeh tərəfindən çəkilmiş xərc nəzərə alınaraq, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 689,77 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, e-2(034)-558/2023 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 689,77 (altı yüz səksən doqquz manat, 77 qəpik) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar