Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-759/2023 29.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X1 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-5566/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 6699556 saylı xx.xx.2022-ci il tarixli akta əsasən Cavabdeh əməkdaşları tərəfindən İddiaçı (abonent kimi R.T.Şükürovun) Mehdiabad qəsəbəsindəki evində, qaz xəttinə yeni sayğac quraşdırılmışdır. xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii X3nın pozulması haqqında” aktlara əsasən iki akt üzrə İddiaçı (abonent kimi R.T.Şükürovun) Mehdiabad qəsəbəsindəki evində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi, həmin sayğaca müdaxilə edildiyi aşkar edilmiş, həmin aktlar üzrə abonentə ümumilikdə 2039,04 manat borc hesablanmışdır. **********00640 saylı abonentin (R.T.Şükürov) saldo məlumatlarına əsasən 2022-ci ilin yanvar və mart aylarında iki akta əsasən abonentə 2039,04 manat borc hesablanmışdır. AZ-İ 320541 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə ölmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ”Azəriqaz” İB Bakı Regional Qazın Satışı Departamentinin Abşeron SX tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və bu akt əsasında hesablanmış 2039 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, ailəsi uzun illərdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, İ.Qayıbov küçəsində yerləşən fərdi evdə yaşayır. Vaxtı ilə bu evə qaz xətti çəkilmiş və abonent kimi həyat yoldaşı-X4 **********00640 abonent kodu ilə qeydə alınmışdır. Məsuliyyətli abonent kimi istehlak etdikləri təbii qaza dair bütün ödənişlər bugünki günədək vaxtında ödənilir. 2022-ci ilin iyul ayında qaz sayğacında olan nasazlığa görə Bakı Regional Qazın Satışı Departamentinin Abşeron SX-nin əməkdaşları ünvanda olmuşlar və tələb olunan qaydada, sayğacı onların iştirakı ilə dəyişdirib problemi aradan qaldırmışlar. Bundan bir müddət sonra onlara bildirmişlər ki, sayğacdan kənar qaz xətti aşkar edilib və bununla əlaqədar akt tərtib edilərək 2039 manat borc yazılmışdır. Bu aktın tərtibi ilə əlaqədar heç bir məlumatları olmamışdır. Bu səbəbdən idarəyə gedib həmin aktın təqdim edilməsini tələb etmişdir. Təqdim edilən aktla tanış olub müəyyən etmişdir ki, guya qaz idarəsinin əməkdaşları 25 fevral 2022-ci ildə onların evində olmuşlar və sayğacdan kənar qaz xətti aşkar edərək, bu barədə xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib etmişlər. Həmin sənədi istehlakçının nümayəndəsi Şükürov Rəhimə təqdim etsələr də, o, aktı imzalamaqdan imtina etmişdir. Qaz idarəsinin əməkdaşları bu sənədi Rəhim Şükürova necə və hansı qaydada təqdim etdikləri naməlumdur. X4 2008-ci ildə vəfat etmişdir və onun aktı imzalamaqdan imtina etməsi mümkün deyildir. Göründüyü kimi, qaz idarəsinin əməkdaşları onlara bildirmədən, vəfat etmiş abonentin adını çəkməklə, saxta akt yazıb daxilinə saxta məlumatlar yazmışlar ki, bu səbəbdən, aktın surətini təqdim etməkdən çəkinmişlər. Faktiki hallar ondan ibarətdir ki, həyətyanı sahənin o biri başında yerləşən hissənin qonşu küçəyə çıxışı vardır. Səs-küyə ora yaxınlaşıb aydınlaşdırmışdır ki, həmin küçə ilə qaz xətti çəkilir və onu görən qaz işçiləri, “sasok” (başlıq) lazım olub-olmamasını soruşanda bildirmişdir ki, istifadə üçün qaz xətti var, lakin həyətyanı sahənin aşağısında yerləşən hissədə gələcəkdə ev inşa edilərsə, yəqini lazım olacaq. Bu səbəbdən qaz işçiləri əlavə bir “sasok” qoyub ağzını tələb olunan qaydada plomblamışlar. Hal-hazırda həmin “sasok” ağzı plomblanmış şəkildə durur, lakin onun əlavə xətt kimi qələmə verilməsi üçün “sasokun” plombu açılmalıdır. İkincisi, bu başlığa hər hansı bir boru, şlank birləşdirilərək evə qədər uzadılmalı və hər hansı bir istilik cihazına birləşdirilməlidir. Bu hallar baş vermədiyindən akt ləğv olunmalı, onun əsasında hesablanmış borc silinməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-5566/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********00640) dair hesablanmış 1814,04 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Məlahət Abbasova) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, aktlar əsasında itirilmiş təbii qazın bərpa olunması mexanizmi məqbul deyildir. Belə ki, iddiaçının tərtib etdiyi xx.xx.2022ci il tarixli və xx.xx.2022-ci il tarixli tələbnamələrdə abonentin 60 və 90 gün müddətində gün ərzində 24 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, İddiaçı Birliyə xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 126 manat (4,2 x 10 x 30 = 1260 kub.metr) və xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 99 manat (5,5 x 6 x 30 = 990 kub.metr) ziyan vurması məlum olur. Beləliklə, iş materiallarından sayğacdan kənar qoşulma nəticəsində abonentin 2 akt üzrə ümumilikdə 225 manat zərər vurması müəyyən olunur, yəni bu məbləğdə borcu müvafiq qurum düzgün hesablamışdır. Ümumilikdə 2039,04 manat cərimə tətbiq olunması nəzərə alındıqda isə cavabdeh tərəfindən abonentə 1814,04 (2039,04-225) manat borcun əsassız hesablandığı müəyyən olunur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “X3”nın 6.5, 3.2.7, 4.9, 3.1.3-cü bəndləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 442, Mülki Prosessual Məcəllənin 14.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 2(012)- 5566/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, məhkəmənin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh İB-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı öz izahatında sağacdan kənar xəttin mövcudluğunu təsdiq etmiş, lakin qeyri-qanuni qazdan istifadə etmədiyini bildirərək, apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymis ziyana görə məsuliyyət daşıyır. Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3” Bənd 2.2.2. İstehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh İB Abşeron Rayon Məhkəməsinin 2(012)-5566/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsini mübahisələndirmişir. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin 2(012)-5566/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlsə də, silinməli olan məbləği 1814,04 manat həddində müəyyən etməklə səhvə yol vermişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı evinə baxış keçirilərkən həmin ünvanda sayğacdan kənar qeyri-qanuni xətti aşkar edərək, müxtəlif tarixli aktlar tərtib edilmiş və həmin aktlar əsasında zərər hesablanmışdır. Qeyd olunmalıdır ki, iddiaçı sağacdan kənar qeyri-qanuni xəttin mövcudluğunu məhkəmə iclasında təsdiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalanan qaydalara uyğun olaraq Cavabdeh İB tərəfindən ilk dəfə kənar xətt aşkar olunduqda onu ləğv etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin Cavabdeh İB xx.xx.2022-ci il tarixli, ******* aktı tərtib etdikdən sonra kənar xətti ləğv etməmiş, xx.xx.2022-ci il tarixdə eyni məsələ ilə bağlı ******* saylı ikinci aktı tərtib etmişdir. Məhkəmə kollegiyası xx.xx.2022-ci il tarixli, ******* saylı aktı qanunsuz hesab edərək, həmin akt əsasında hesablanmış borcu əsassız sayır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-5566/2022 nömrəli qətnaməsi dəyişdirilməli, İddiaçı yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********00640) dair xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 950,40 manat məbləğində borc silinməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 2(012)-5566/2022 nömrəli qətnaməsi dəyişdirilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00640) hesablanmış 950,40 (doqquz yüz əlli manat qırx qəpik) manat məbləğində borc silinsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-759/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-759/2023
29.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver