Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-76/2023 01.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Fərəcova Səadət Bəhmən qızının nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh2, Sumqayıt "Asan xidmət" mərkəzi notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras almış əmlaka payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(060)-5358/2021-020 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Fərəcova Səadət Bəhmən qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddianın təmin edilməsi, Sumqayıt Asan Xidmət mərkəzinin Notariat ofisində Fərəcov Xəyyam Çingiz oğlunun adına xx.xx.2017-ci il tarixində 2V-790 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, xx.xx.2017-ci il tarixində 2V-790 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş ******* reyestr nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi, Fərəcov Çingiz Heydər oğlundan miras qalmış ünvan 1, 35 saylı mənzilə İddiaçı 1/3 hissədə miras payının müəyyən edilməsi qət edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Fərəcova Səadət Bəhmən qızı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Asan Xidmət mərkəzinin Notariat ofisində Fərəcov Xəyyam Çingiz oğlunun adına xx.xx.2017-ci il tarixində 2V-790 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş ******* reyestr nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi, Fərəcov Çingiz Heydər oğlundan miras qalmış ünvan 1, 35 saylı mənzilə dair İddiaçı miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum Fərəcov Çingiz Heydər oğlu ilə 07 noyabr 2006-cı il tarixində rəsmi nikha daxil olmuşlar və uzun müddət ünvan 1 ünvanında yerləşən 35 saylı mənzildə birgə yaşamış və təsərrüfatı birgə idarə etmişlər. 09 yanvar 2017-ci il tarixində Fərəcov Çingiz Heydər oğlu vəfat etmişdir. İddiaçının həyat yoldaşı Fərəcov Çingiz Heydər oğlu vəfat etdikdən sonra mərhumun birinci nikahdan olan övladları Fərəcov Xəyyam Çingiz oğlu və Cavabdeh2 mərhumun həyat yoldaşına qarşı aqressiv davranaraq uzun müddət yaşadıqları evdən qanunsuz məcburi çıxartmışlar. Ardınca gizlində ona və notariusa xəbər vermədən mərhumun miras əmlakına qanun üzrə vərəsəlik şəhadətnaməsi alaraq mənzili mülkiyyətlərinə keçirtmişlər. Mərhumun övladlarının qanunsuz real təzyiq və hədə-qorxu davranışlarından uzun müddət iddiaçı notariusa müraciət edib qanun üzrə ona düşəcək payı istəyə bilməmişdir. Həm də iddiaçı övladların mütəmadi dedikləri məlumata etibar edib hesab etmişdir ki, ümumiyyətlə vərəsəlik açılmamış və miras qəbul edilməmişdir. 15 fevral 2021-ci il tarixində Fərəcov Xəyyam Çingiz oğlu vəfat etdikdən sonra iddiaçı birgə nikahdan olan mənzilə qanun üzrə vərəsəlik payını almaq üçün notariusa müraciət etmişdir. Lakin, ona məlum olmuşdur ki, mərhumun övladları ona xəbər vermədən və notariusa yalan məlumat verərək mənzilə dair qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə almışlar, sonra mənzili Fərəcov Xəyyam Çingiz oğlu mülkiyyətinə keçirtmişdir. Cavabdeh Notarius öz növbəsində qanun üzrə vərəsələrin siyahısını müəyyən etməmiş, araşdırma aparmadan yalnız mərhumun övladlarının verdikləri məlumatla kifayətlənərək qısa zamanda övladlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bununla da iddiaçının konstituon və bir sıra mülki hüquqları kobud və qanunsuz şəkildə pozularaq onun həm qanunla vərəsəlik hüquqlarını realizə etmə imkanı, həm də qanunla ona düşən əmlak payı əldə etmək imkanı faktiki və hüquqi olaraq qanunsuz şəkildə itirilmişdir. Həmin vəziyyətdən sui-istifadə edən Fərəcov Xəyyam Çingiz oğlunun həyat yoldaşı Fərəcova Səadət notariat kontoruna müraciət edib eynilə notariusa yalan məlumat verərək mənzilə tam hüquqla vərəsəlik payı tələb edərək ərizə vermişdir. AZ-İ № 277902 saylı 07 noyabr 2006-cı il tarixli nikah haqqında şəhadətnaməyə əsasən aydın olur ki İddiaçı və miras qoyan Fərəcov Çingiz həqiqətən 07 noyabr 2006-cı il tarixindən rəsmi nikahda olmuşlar. İddiaçının mərhumdan boşanması ilə bağlı heç bir rəsmi və qeyri-rəsmi məlumat yoxdur. Yəni, həqiqətən iddiaçı uzun müddət miras açılmış mənzildə miras qoyanla öldüyü günədək birgə yaşamışdır. İddiaçı tərəfindən təkrar alınmış AZ-İİ 092347 saylı 13 yanvar 2017-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən aydın olur ki, iddiaçının həyat yoldaşı Fərəcov Çingiz 09 yanvar 2017-ci il tarixində vəfat edib. Cavabdeh Sumqayıt Regional Asan xidmət mərkəzində notariat kontorundan 27 aprel 2021-ci il tarixində əldə edilmiş vərəsəlik dosyesində olan sənədlərdən aydın olur ki, həqiqətən iddiaçının vərəsəlik işindən heç bir məlumatı olmayıb. Belə ki, vərəsəlik dosyesinin üstündə qeyd edilib ki, vərəsəlik hüququ əldə etmə prosesi 12 sentyabr 2017-ci il tarixində başlanılıb və 12 sentyabr 2017-ci il tarixində vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 12 sentyabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Fərəcov Xəyyama atası Fərəcov Çingiz Heydər oğluna məxsus qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, bina 2, 35 saylı mənzil 1/1 hissədə pay, tam şəkildə verilib. Asan xidmət mərkəzində Günay Bank ASC-nin 12 sentyabr 2017-ci il tarixli mədaxil qəbzindən aydın olur ki, həmin gün Fərəcov Xəyyam vərəsəlik işi ilə bağlı dövlət rüsumu ödənişi etmişdir. İlkin alınmış AZ-İ № 847868 saylı 13 yanvar 2017-ci il tarixli ölüm haqqında şəhadətnamədən aydın olur ki, övladlar miras əmlakı qəbul etmək üçün iddiaçıdan gizli şəkildə şəhadətnamə almışdırlar. İlkin alınmış AZ-İ № 077272 saylı 17 fevral 2004-cü il tarixli ölüm haqqında şəhadətnamədən aydın olur ki, miras qoyanın övladları birinci nikahda olan öz doğma analarının vəfatı ilə bağlı rəsmi məlumatı notariusa təqdim ediblər. Miras qoyanın ikinci nikahı barədə heç bir məlumat verməmişlər. 04 aprel 2017-ci il tarixli 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 04 aprel 2017-ci il tarixli 26 və 35 № arayışlarda qeyd edilib ki, mərhum Fərəcov Çingiz vəfat etdiyi tarixədək göstərilən ünvanda öz ailə üzvləri ilə birgə yaşamışlar və qeydiyyatda olmuşlar. Ailə üzvü kimi yalnız övladları qeyd edilib. Lakin, iddiaçı barədə heç bir məlumat yoxdur. 04 aprel 2017-ci il tarixində notariusda vərəsə kimi qeyd edilən Cavabdeh2 özünə düşən paydan qardaşı Fərəcov Xəyyamın xeyrinə imtina edib. 06 aprel 2017-ci il tarixli ərizədə Fərəcov Xəyyam Çingiz oğlu Sumqayıt Asan xidmət Mərkəzində Notariat kontorunda rəsmi qeyd edib ki, miras qoyanın AR MM-in 159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrin olub-olmaması barədə məlumat verməyinin zəruriliyi notarus tərəfindən ona izah edilib. Göstərilən əmlaka qanun üzrə vəsələlik hüququ haqqında şəhadətnamə verilməsi üçün AR MM-nin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələr yoxdur. İmzası ilə təsdiq edib. 14 may 2004-cü il tarixində qeydə alınmış 16035 № ilə reyestr kitabında qeydə alınmış qeydiyyat vəsiqəsindən aydın olur ki, ünvan 1, 35 saylı mənzil Fərəcov Çingizin mülkiyyətindədir. 12 sentyabr 2017- ci il tarixli Daşınmaz Əmlakın yüklülüyünə dair Arayışdan məlum olur ki, mənzilin mülkiyyətçisi yalnız Fərəcov Çingiz Heydər oğludur, vərəsələrdən heç kimin mənzilə dair hüquqları dövlət qeydiyyatına alınmayıb. 12 sentyabr 2017-ci il tarixli cavabdehin AR Əmlak məsələləri Dövlət komitəsinin DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə ünvanladığı müraciətdən aydın olur ki, qeyd edilən mənzilə dair Fərəcov Xəyyam Çingiz oğluna verilmiş 12 sentyabr 2017-ci il tarixli 2V-790 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş vərəsəlik hüququ əsasında şəhadətnaməni daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün göndərilib. № ******* 29 sentyabr 2017-ci il tarixli AR Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRXnin Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan məlum olur ki, mübahisə edilən mənzil tam hüquq üzrə yalnız vərəsə Fərəcov Xəyyam Çingiz oğluna mülkiyyətinə keçmişdir. Qeyd edilən rəsmi sənədlərdən və vərəsəlik dosyesindən aşkar görünür ki, notariat kontoru tərəfindən 1 gün ərzində heç bir araşdırma aparmadan, həqiqi vərəsələri, onların paylarını müəyyən etmədən vərəsə Fərəcov Xəyyama qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib. Vərəsələr iddiaçı barədə məlumatı gizlətməklə yanaşı, həm də rəsmi sənədlərə saxta məlumatları yazdırıb notariat kontoruna təqdim etməklə miras əmlakı qanunsuz şəkildə ələ keçirtmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Fərəcova Səadət Bəhmən qızı Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum miras qoyan Fərəcov Çingiz Heydər oğlunun xx.xx.2017-ci il tarixdə vəfat etməsindən məlumatı olmuşdur. Lakin, həmin vaxtlar vərəsə olması ilə bağlı notariat kontoruna müraciət etməmişdir. Göründüyü kimi, həmin vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdiyi gündən 4 il 6 ay vaxt keçmişdir. Lakin, məhkəmə qətnaməsində müddət məsələsinə toxunulmamışdır. Bununla bağlı vəsatət vermişdir. İddiaçı vərəsəlik işi açılan zamanı notariat kontoruna müraciət etməmişdir bu mübahisəsiz haldır. İddiaçı 09 yanvar 2017-ci il tarixdə vəfat etmiş əri Fərəcov Çingiz Heydər oğlundan miras qalan ünvan 1, 35 saylı mənzildə yaşamadığına görə faktiki də mirası qəbul etməmişdir. Bunu məhkəmədə dindirilmiş şahid də təstiq etmişdir. X2 ifadə verərkən bildirmişdir ki, İddiaçı həmin ünvanda yalnız 2009-cu ildə bir dəfə görmüşdür, Çingizin yas mərasimində Mətanət olmamışdır. İddiaçı miras əmlakın faktiki qəbul etməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir, əksinə məhkəməyə təqdim etdiyi MİS-nin arayışından görünür ki, İddiaçı ünvan 1, 35 saylı mənzildə qeydiyyatda olmayıb və orada yaşamayıb. Həmin mənzildə X5 2016-cı ildə gəlin gəlmiş və orada bu günədək yaşayır. Mülki iş materiallarından göründüyü kimi İddiaçı miras əmlakı nə faktiki sahiblik etməmiş, nə də miras əmlakı faktiki idarə etməmişdir. Məhkəmə həmin Konstitusiya Məhkəməsinin qərarına istinad etsə də iddiaçının miras əmlakın faktiki qəbul etməsinin hansı halla müəyyət etdiyini, hansı sübuta söykəndiyini göstərməmişdir, formal olaraq qeyd etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Fərəcova Səadət Bəhmən qızının nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən şahid X9 ifadəsində bildirmişdir ki, atası Bakı Əlillər Cəmiyyətinin sədri olmuş və həmin binaya köçən ilk şəxslər olmuşlar. Onun Xəyyamla əvvəldən münasibəti yaxşı olmuş, buna səbəb Xəyyamın rəhmətlik anasının da Zaqatala bölgəsindən olmasıdır. O, həmçinin göstərmişdir ki, həmin binanın ikinci mərtəbəsində özləri, üçüncü mərtəbəsində onlar qalmışdır. İddiaçı bircə dəfə 2009cu ildə o da binanın qarşısında görmüşdür. İddiaçı o evdə yaşamamışdır. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdeh Sumqayıt "Asan xidmət" mərkəzi notariat ofisinə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar iş materialllarında olan sübutlarla və tərəflərin izahatları ilə öz təsdiqini tapması ilə əsaslandırmışdır. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan müstəqil tələb irəli sürməyən üçüncü şəxs Fərəcova Səadət Bəhmən qızı qətnamədən apellyasiya şikayəti vermişdir. İşdən göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilin ilkin olaraq mərhum Fərəcov Çingiz Heydər oğlunun mülkiyyətində olması, onunla iddiaçı arasında 07 noyabr 2006-cı il tarixdə rəsmi nikah bağlanması və mərhum Çingiz Fərəcovun 09 yanvar 2017-ci il tarixdə vəfat etməsi işin mübahisəsiz halıdır. İşin mübahisə olunmayan digər halı isə ondan ibarətdir ki, iddiaçının mərhum Çingiz Fərəcovla olan nikahından övladı olmamış, Xəyyam Fərəcov və Cavabdeh2 mərhum ərinin əvvəlki nikahdan olan övladlarıdır və Xəyyam Fərəcov xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Hazırkı iş üzrə iddia tələbi qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsızlığı, onun əsasında verilmiş çıxarışın ləğvi və miras qalmış əmlakda payın müəyyən edilməsi barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1272, 140-cı maddələri təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı tələbinin əsası kimi mərhum əri Çingiz Fərəcovun ölümündən sonra onun övladlarının ona qarşı aqressiv davranaraq uzun müddət yaşadıqları evdən qanunsuz məcburi çıxarılması, ardınca gizlində ona və notariusa xəbər vermədən mərhumun miras əmlakına qanun üzrə vərəsəlik şəhadətnaməsi alaraq əmlaka mülkiyyət hüququ əldə etməsidir. İddianı təmin edən aşağı instansiya məhkəməsi isə iddiaçının miras əmlakı faktiki olaraq qəbul etməsi, onun mərhum Çingiz Fərəcovla 11 il rəsmi nikahda olması, şahid qismində ifadə verən miras əmlakın yerləşdiyi binada yaşayan qonşusunun da onu tanıması və onu həmin ünvanda görməsi, mirasın qəbulu üçün notariat ofisinə müraciət etməməsinin mərhumun oğlu Xəyyam Fərəcovdan qorxması, onun tərəfindən təzyiqlərə məruz qalması, eləcə də şəhadətnamənin verilməsi zamanı qanunvericiliyin tələblərinə (mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görməməsi) əməl edilməməsinə əsaslanaraq xx.xx.2017-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi qənaətinə gəlmişdir. Qeyd etmək lazımdır ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. İddia etmək hüququ məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İddianın təmin edilməsi hüququ isə iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddiaçı hazırki tələbində ərindən miras qalmış əmlaka dair verilmiş vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız sayılmasını tələb edir. İddiaçının bu tələb üzrə subyektiv hüququnun olması üçün təkcə ərinin qanun üzrə vərəsə sayılması kifayət etmir. Çünki mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Mülki Məcəllənin 1243.1-ci maddəsi də mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsənin qəbul etməsini tələb edir. Azərbaycan Respublikası konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİİ, İV və V hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 19 fevral 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat miras qoymağı, bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir (Konstitusiya Məhkəməsainin “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarı). Buna görə də iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ, onun mirası qəbul etməsindən asılıdır. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə mirasın qəbul edilməsinin iki üsulu müəyyən edilmişdir, bunlardan birinci üsul vərəsənin mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi (formal), ikincisi isə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi (qeyri-formal). Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Nəzərə alınmalıdır ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Lakin hazırkı işdə iddiaçının mərhum əri Çingiz Fərəcovdan miras qalmış əmlakı qəbul etməsi görünmür. Əksinə iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı mirasın açıldığı 2017-ci ildən mərhumun oğlu Xəyyam Fərəcovun ölümünə qədər (xx.xx.2021-ci il tarixə) keçən müddət ərzində qəbul etməsinə yönələn heç bir hərəkət etməmişdir. İddiaçı bunu Xəyyamın onu təzyiqlərə məruz qoyması ilə əsaslandırmağa çalışsa da, lakin bunu təsdiq edən hər hansı tutarlı sübutlar məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı həmçinin birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini sözügedən qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində təmin edərkən Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülübötürülməməsi məsələsini lazımı qiymət verməmişdir. Belə ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İşdən göründüyü kimi iddiaçı mərhum əri Çingiz Fərəcovdan miras qalmış (2017-ci ildən xəbərdar olsa da) əmlakı qəbul etməyə yönələn hərəkətləri etməmiş və bununla da istər subyektiv vərəsəlik hüququnu, istərsə də mirasın qəbul faktını rəsmiləşdirən şəhadətnamənin etibarsızlığını mübahisələndirmək üçün nəzərdə tutulmuş bu hüququnu itirmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəmə müraciət edərkən Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq (kəsici) müddəti də ötürmüşdür. İddiaçının həmin şəhadətnamənin mövcudluğundan gec xəbər tutması barədə iddia ərizəsində göstərdiyi dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ərizəsində qeyd etdiyi bu halı müddətdən yayınmaq məqsədi daşıyır. Halbuki, iddiaçı mənzillə hüquq və mənafelərinin müdafiəsi üçün gələcəkdə yaranan biləcək pozuntuların qarşısının alınmasına ağlabatan sayıqlıq, diqqət və sair göstərməli olduğu halda bunu etməmiş və həmin şəhadətnamənin qeydiyyata alınmasının hansı vaxtdan bəlli olmasını təsdiq edən tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Halbuki, ərizəsində mərhumun övladlarının qanunsuz real təzyiq və hədə qorxu davranışlarını qeyd etsə də, bununla bağlı müvafiq orqana müraciət etməsinə mane olan halları təsdiq edən sübutlar təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası iddiaçının ərizəsində göstərdiyi bu dəlillərini də əsaslı hesab etmir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Asan Xidmət mərkəzinin Notariat ofisində Fərəcov Xəyyam Çingiz oğlunun adına xx.xx.2017-ci il tarixində 2V-790 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində iddia tələbi təmin edilə bilməz. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd olunmalıdır ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dölət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində müəyyən edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir ("xxxx" ASC-nin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarı). Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə etdiyini güman edən şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Məhkəmə kollegiyası iddiaçının şəhadətnamə əsasında verilmiş ******* reyestr nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi hissəsində gəldikdə isə qeyd edir ki, həmin çıxarışın verilməsinə səbəb olan şəhadətnamə etibarsız hesab edilmədiyindən, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Məhkəmə kollegiyası iddia tələbinin Fərəcov Çingiz Heydər oğlundan miras qalmış ünvan 1, 35 saylı mənzilə dair İddiaçı miras payının müəyyən edilməsi hissəsinə gəldikdə isə qeyd edir ki, mübahisəli mənzillə bağlı mərhum Xəyyam Fərəcovun adına verilmiş vərəsəlik şəhadətnaməsi və onun əsasında verilmiş çıxarış qüvvədə olduğundan və sonuncunun ölümü ilə ona münasibətdə miras əmlaka vərəsəlik açıldığından, ünvan 1, 35 saylı mənzilə dair iddiaçının miras payı müəyyən edilə bilməz. Məhkəmə kollegiyası həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs Fərəcova Səadət Bəhmən qızının iddiaçının iddia müddətinin ötürülmüş hesab edilməsi barədə ərizəsi ilə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət– şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020ci il 12 mart tarixli Qərarı) Bu mənada məhkəmə kollegiyası hesab edir ki, kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Fərəcova Səadət Bəhmən qızının apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Fərəcova Səadət Bəhmən qızının apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh2, Sumqayıt "Asan xidmət" mərkəzi notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras almış əmlaka payların müəyyən edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-76/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-76/2023
01.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver